Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərb koalisiyasında “çatlar”...

Qərb koalisiyasında “çatlar”...

15.02.2022 [10:34]

Avropa ABŞ-ın müharibə ritorikasına müsbət cavab vermir

Pərviz SADAYOĞLU

Yenidən Almaniya prezidenti seçilən Frank-Valter Ştaynmayer Avropada müharibə təhlükəsinin olduğunu deyib və qitədə sülhün təmin edilməsi yollarını birgə axtarmağa çağırıb. Bu barədə alman mediası məlumat yayıb. Ştaynmayer bildirib ki, dostları qorumaq, qonşularla sülh şəraitində 30 il keçirmək Almaniya üçün uğurdur: “Amma bu günlərdə bizim bilməli olduğumuz bir məqam da var. Sülhü qorumaq heç də asan deyil. Onun üzərində işləmək lazımdır - dialoq əsasında, lazım gəldikdə təmkin, qətiyyətlə. Rusiya ilə Qərb arasında güclənən fikir ayrılığının səbəbləri haqqında müzakirə ediləcək çox məqam var. Ancaq bununla mübahisə edə bilməzsiniz: Biz Şərqi Avropada müharibə təhlükəsi vəziyyətindəyik və buna görə Rusiya məsuliyyət daşıyır”.

Almaniyanın yeni prezidenti Rusiyanın dövlət başçısı Vladimir Putinə də müraciət edib: “Avropada sülhü təmin etmək üçün bizimlə birgə yol axtarın”.

Son günlər Rusiya ilə Ukrayna arasındakı gərginliklərdə müharibə ritorikasının artması Avropanı ciddi şəkildə narahat etməkdədir. Bu narahatçılığın əsasında isə bir sıra məqamlar dayanır. İlk növbədə “müharibə dağıntılarından” kənarda dayanmağa çalışan Avropa prosesin iqtisadi fəsadlarını da müəyyənləşdirib. Bunun nəticəsidir ki, Rusiyaya qarşı olan “Qərb koalisiyası”nda qeyri-monolit ab-hava hökm sürür. Qərb mətbuatı da bununla bağlı həyəcan siqnalı səsləndirməkdədir. Təsadüfi deyil ki, Böyük Britaniyanın “Guardian” qəzeti bu mövzuya daha tez-tez müraciət edir. Qəzetin yazarı Patrik Vintur məqaləsində bildirib ki, siyasətçilər və diplomatlar bu məsələ üzərində getdikcə daha çox düşünürlər. Buna səbəb Almaniya və daha az dərəcədə Fransanın sadəcə Rusiyanın Ukraynaya qarşı hər hansısa gələcək təcavüzünə necə cavab vermək deyil, eləcə də təhlükənin yaxınlaşmasını qiymətləndirmək baxımından ABŞ və Böyük Britaniyanı kənarlaşmaqla təhdid etməsi əndişəsidir. Yazar NATO üzvləri arasında fikir ayrılıqlarını minimuma endirmək üçün bütün mümkün tədbirlərə əl atıldığını deyir. O, ABŞ prezidentinin öz müttəfiqləri ilə müntəzəm telefon danışıqları aparmasını da bununla əlaqələndirir. P.Vinturun fikrincə, fikir ayrılıqlarından tamamilə qaçmaq mümkün olmaya da bilər. Səbəb isə ortadadır: bu, Rusiyanın öhdəsindən gəlmək məsələsində Almaniya və Fransanın ingilis dünyası ilə onilliklər öncə ortaya çıxan fikir ayrılığını əks etdirir.

İngilis ekspertin fikirləri öz təsdiqini tapmaqdadır. Məsələn, ABŞ Rusiyanın Ukraynaya ən qısa müddətdə hücumunu “gözləsə” də Fransa bu fikirləri bölüşmür. Rəsmi Paris ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yaxın üç həftədə qaçılmaz işğal ehtimalı və ya hücum üçün təchiz edilmiş qoşunların artımını görmür. Bu, həm də müdafiə üzrə ən yaxşı ukraynalı ekspertlərin gəldiyi qənaətdir.

Almaniyanın isə Rusiya ilə iqtisadi əlaqələrinin son illərdə daha da möhkəmlənməsi anqlo-sakson ittifaqının baş ağrısına çevrilib. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass da Almaniyanı Rusiyadan enerji asılılığına görə açıq şəkildə tənqid edib. O, Berlinin bu yaxınlarda Estoniyaya Almaniya istehsalı olan silahları Ukraynaya ötürməkdən imtina etməsini də diqqətsiz qoymayıb. Almaniya ilə bağlı vəziyyət ABŞ-da respublikaçılar arasında daha çox qıcıqlanmaya səbəb olur ki, nəticədə “Wall Street” dərgisində “Almaniya ABŞ-ın etibarlı müttəfiqidir? Yox” başlıqlı yazı da dərc olunub. Almaniyanın “Şimal axını-2” layihəsi ilə bağlı müsbət fikirləri Qərbin Rusiya qarşısındakı birliyinin ən böyük maneələrindən sayılır.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupun?n üzvü Tahir Kərimli bildirib ki, Avropanın Rusiya-ABŞ qarşıdurmasındakı mövqeyi bəllidir. “Köhnə qitə” Rusiyanın addımlarını təqdir etməsə də, mümkün müharibə reallığından qaçmaq üçün yollar axtarışındadır. Son dövrlərdə dialoq çağırışlarının məhz Avropa paytaxtlarından səslənməsi də bu deyilənləri təsdiqləyir. Avropa dərk edir ki, müharibə riski hər bir halda Avropa üçün fəlakətlərə yol açacaq: “Rusiya ilə Ukrayna arasında mümkün hesab edilən müharibənin başlayacağı təqdirdə Avropa iqtisadiyyatına milyardlarla ziyan dəyəcək. Bu ölkələrin Rusiya ilə ikitərəfli əlaqələri kəsiləcək. Avropa ABŞ-dan daha çox asılı vəziyyətə düşəcək. Bunun üçün də hazırda Avropanın aparıcı dövlətləri bir sıra yollarla ABŞ ilə Böyük Britaniyaya qarşı dirəniş göstərir, müharibə variantını istisna edirlər. Almaniya tərəfi dəfələrlə müharibənin həll yolu olmadığını bildirib. Fransa isə hətta Rusiya paytaxtında dialoqun mümkün şərtləri haqda danışıqlar apardı. Əslində ABŞ-ın indiyə qədər aktiv hərbi əməliyyatlar aparmamasının bir səbəbi də Qərb ittifaqındakı “çatlardır”. Yaxın günlərdə bununla bağlı ABŞ ilə Avropa dövlətləri arasında yeni danışıqlar prosesi də başlaya bilər”.

ASRP sədri Əsli Kazımova isə Almaniyanın hazırki mövqeyini birmənalı olaraq iqtisadi səbəblərə əsaslandığını bildirib. Onun fikrincə, Almaniya öz dövlət maraqları baxımından bu prosesdə daha rasional mövqe nümayiş etdirməkdədir. Rəsmi Berlin Rusiya ilə arasındakı ticarət dövriyyəsini əsas gətirərək problemin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir: “Bir müddət öncə ABŞ-a səfər edən Almaniya kansleri Şolzun qarşısına belə bir şərt qoyulmuşdu ki, “Şimal axını-2”-ni kommersiya layihəsi adlandırmamalıdır. Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar elə də böyük mahiyyət kəsb etmir. Amma Rusiya Avropanın qaz təchizatını dayandırsa, böyük problemlər yaşanacaq. Hazırda Avropanın əksər dövlətləri Rusiya qazına möhtacdır. ABŞ Aİ ölkələrinin qaz təminatı məsələsini “boynuna götürməyə” çalışsa da, bunun mümkünsüzlüyü hər kəsə bəllidir. Son aylar Aİ ölkələrində təbii qazın qiymətinin yüksəlməsinin başlıca səbəbi də Rusiyadan az miqdarda təbii qaz ixracı ilə bağlıdır. Qaz anbarlarındakı doluluq faizi xeyli azalıb. Eləcə də, digər iqtisadi əlaqələr Avropa ilə Rusiyanı bir-birindən “asılı vəziyyətə” salır. Son 10 ilin statistikası göstərir ki, Fransa və Almaniyanın Rusiya ilə iqtisadi əlaqələri genişlənib. Avropa bu əlaqələrin dərinləşməsində maraqlıdır. Britaniya və ABŞ üçün isə Almaniya ilə Fransanın Rusiya ilə yaxınlaşması qəbulolunmazdır. Təbii ki, burada hər dövlət özünün hazırkı maraqlarını və gələcək strateji planlarını əsas götürür”.

Paylaş:
Baxılıb: 755 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31