Prezident İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB 2
18.11.2022 [10:36]
Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin rəsmi foto çəkdirdilər.
Görüş iştirakçılarını salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Hörmətli Mixail Vladimiroviç, hörmətli qonaqlar. Sizi Azərbaycanda salamlamağa çox şadam. Biz sizinlə bu ilin əvvəlində görüşdük və sizin səfəriniz barədə razılığa gəldik. Çox şadam ki, Azərbaycana səfər etməyə vaxt tapmısınız. Bilirəm ki, dünən bizim Baş nazirlə görüşünüz olub. Bildiyimə görə, qarşılıqlı fəaliyyətimizə dair mühüm məsələlərin çox geniş spektrini müzakirə etmisiniz.
Bu ilin əvvəlindən Prezident Vladimir Vladimiroviç Putin ilə biz münasibətlərimizə yaxşı ton, yeni dinamika verdik və il ərzində dəfələrlə görüşdük. Dünən də ikitərəfli gündəliyə aid mühüm məsələlər barədə telefonla danışmaq imkanımız olub. Beləliklə, necə deyərlər, prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir. Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq.
Biz yükdaşımaların həcmində də yaxşı dinamika görürük. Tranzit yüklərə gəldikdə isə, mənim fikrimcə, burada rekord göstəricilərə nail oluruq. Təqribən 50-60 faiz artım var və artım perspektivi böyükdür. Həmçinin tranzit-logistika infrastrukturu məsələsində, ilk növbədə, ikitərəfli əsasda və əlbəttə, qonşu ölkələr də cəlb edilməklə qarşılıqlı əməkdaşlıq potensialını artıracağıq. Ona görə ki, Rusiya və Azərbaycan uzun illər boyu ölkələrimizdə nəqliyyat-logistika infrastrukturuna fəal surətdə sərmayə qoyublar. Nəqliyyat dəhlizlərinin, ilk növbədə, Şimal-Cənub dəhlizinin potensialının artırılması bu layihədə iştirak edən bütün ölkələrin maraqlarına uyğun olacaq, o cümlədən biznes üçün əlavə perspektivlər açacaq.
Sizin səfəriniz ərəfəsində mən bəzi statistik məlumatlara baxmışam. Sevindim ki, aviareyslərin sayı sürətlə artır. Həftədə 130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq. Bilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Əlbəttə, bu tədbir çərçivəsində əvvəlki illərdə də və əminəm ki, dünən də yeni vəzifələr müəyyən edilib. Ona görə də gündəlik yetərincə genişdir. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik. Bir daha xoş gəlmisiniz.
x x x
Rusiya Hökumətinin sədri Mixail Muşustin dedi:
- Sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Azərbaycana səfərə dəvətinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm və Hökumətin sədri qismində buraya böyük hörmətlə səfər edirəm. Bizim nümayəndə heyətini çox səmimi qəbul etdiyinizə görə də Sizə, Əli Hidayət oğlunun bütün komandasına təşəkkürümü bildirmək istəyirəm. Biz böyük nümayəndə heyəti ilə gəlmişik. Azərbaycan ilə qarşılıqlı fəaliyyətdə olan əsas regionlarımızın dörd rəhbəri gəlib. Fürsətdən istifadə edib Sizi dövlət bayramınız – Azərbaycanda dünən qeyd edilən Milli Dirçəliş Günü münasibətilə təbrik etmək, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən xoş, ən səmimi arzularını çatdırmaq istəyirəm. Siz dediniz ki, dünən axşam onunla danışmısınız.
Biz hökumət xətti ilə məhz Sizin – prezidentlərimizin qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün çox fəal iş aparırıq. Dünən Əli Hidayət oğlu Əsədov ilə biz 11-ci regionlararası forumda iştirak etdik. Forumda qarşılıqlı münasibətlərin gündəliyindəki məsələlərin hamısına toxunuldu. İlk növbədə, energetika, sənaye, nəqliyyat, mədəni-humanitar sahələrə diqqət yetirildi. Danışıqların yekunlarına əsasən, ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalandı. Nəqliyyat sahəsi çox mühüm, xüsusi sahədir. Əminik ki, birgə infrastruktur-logistika layihələri bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacaq. Burada Qərb marşrutunu – Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini ayrıca qeyd etmək istərdim. Biz 2030-cu ilə qədər bu dəhlizlə daşımaların həcmini artıraraq ildə 15 milyon tona çatdırmaq niyyətindəyik.
Mədəni-humanitar əlaqələrə ənənəvi olaraq xüsusi əhəmiyyət veririk. Siz dediyiniz kimi, diplomatik münasibətlərin qurulmasının bu il 30 illiyini qeyd edirik. Bu mühüm hadisəyə həsr edilmiş təntənəli silsilə tədbirlər keçirilib. Gələn il isə biz görkəmli sovet və Azərbaycan dövlət xadimi, Sizin atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik.
Biz dünən də qeyd etdik ki, Bakıda bizim institutların – Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Rusiyada da Azərbaycandan olan on bir mindən çox tələbə təhsil alır. İnsanlar arasında birbaşa əlaqələrin bu cür inkişafı, zəngin tarix, mədəniyyət və ənənələrlə tanışlıq bizim qarşılıqlı münasibətlərimizi möhkəmləndirəcək.
x x x
Dövlətimizin başçısı Rusiya Prezidentinin xoş arzularına görə minnətdarlığını bildirdi, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş etdi.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

