Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İnsanın yaşamaq haqqı

İnsanın yaşamaq haqqı

10.02.2023 [10:05]

Heydər Əliyevin  təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsindən 25 il ötür

Mübariz ABDULLAYEV

Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. 10 fevral 1998-ci il. Həmin tarixdə Azərbaycan parlamenti ölkədə ölüm hökmünü ləğv etdi. Artıq 25 ildir ki, respublikamızda heç bir məhkum barəsində ölüm hökmü çıxarılmır.

Humanist təşəbbüs...

Respublikamızda ölüm hökmünün ləğvi təşəbbüsü ulu öndər Heydər Əliyevə məxsusdur. Sabiq Prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət ünvanlayıb. O, eləcə də Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq ölkədə ölüm hökmünün ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Bəhs olunan müraciətdə oxuyuruq: “Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Son günlər mənə ünvanlanmış minlərlə müraciət göstərir ki, xalqımız bu təşəbbüsü yekdilliklə dəstəkləyir. Şübhə etmirəm ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları da indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətlərini dərk edərək bəyanata tərəfdar çıxacaq və bu amansız cəzanın ləğv edilməsinə səs verəcəklər. Əminəm ki, ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addımdır və bütünlükdə hüquq sistemində həyata keçirilən islahatların mühüm mərhələsidir. Eyni zamanda, ölüm cəzasının ləğvi məsələsi müzakirə edilərkən Azərbaycanın mövcud reallıqları və ilk növbədə Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi nəzərə alınmalıdır. Şübhəsiz ki, müharibə zamanı hər bir dövlətin bu cəza növünü tətbiq etmək hüququ saxlanıla bilər. Bu müddəa həmçinin beynəlxalq hüquq normalarının tələblərinə uyğundur”.

Ölkədə ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə çıxış etməsi Heydər Əliyevin cəza siyasətinə ədalətli və humanist yanaşmasını ifadə edirdi. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının qorunması Ulu Öndərin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri idi. Heydər   Əliyev  1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra respublikamızda ölüm hökmünün icrasına moratorium qoyuldu.

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları və insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunması da Əsas Qanunumuzda öz əksini tapıb.

Heydər Əliyev 1995-ci ildə ölkəmizdə amnistiya institutunu da təsis etdi. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradıldı. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zamanda cəmiyyətdə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. 1996-cı ilin mayında isə Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etdi, həmçinin ölüm cəzasının ləğvini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirildi.

Bütövlükdə, 1995-2003-cü illərdə respublikamızda Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv Fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilib.

AXC-Müsavat iqtidarının 1 illik hakimiyyəti və 8 ölüm hökmünün icrası

Tarixə nəzər saldıqda görürük ki, digər keçmiş sovet respublikalarında olduğu kimi, Azərbaycanda da ölüm cəzası uzun müddət tətbiq olunub. Son dövrün təhlili göstərir ki, 1988-ci ildə ölüm cəzasına məhkum olunmuş 5, 1989-cu ildə 6, 1990-cı ildə 3 şəxs barəsində ölüm hökmləri icra edilib. Əlamətdar haldır ki, müstəqilliyimizin ilk illərində respublikamızda ölüm hökmləri icra olunmayıb. Müstəqil Azərbaycanda ölüm hökmünün üç illik fasilədən sonra bərpası AXC-Müsavat iqtidarının “xidməti”dir. Belə ki, 1993-cü ilin əvvəlində 8 nəfər barəsində ölüm hökmləri tələsik icra edilib. Ulu Öndərin bəhs olunan müraciətində vurğulandığı kimi, 1992-ci ildə müstəqillik və demokratiya şüarları ilə hakimiyyətə gələn AXC-Müsavat liderləri totalitar rejimlərə xas olan antihumanist, qeyri-insani qanunların icrasını davam etdirirdilər. Bununla da onlar əhalidə qorxu, vahimə hissi, müstəqil dövlətin gələcəyinə inamsızlıq əhval-ruhiyyəsi yaratmağa can atırdılar. Müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası, dövlət təhlükəsizliyinin təmin edilməsi və ordu quruculuğu üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruri olduğu halda ölüm hökmlərinin icrası vacib ümumdövlət tədbiri kimi ortaya atılmışdı. Prezident səlahiyyətlərini cəmi bir aya yaxın müddətdə həyata keçirmiş Ali Sovet sədri İsa Qəmbərov 1992-ci il iyunun 16-da 7 nəfərin bağışlanma haqqında vəsatətlərini, əslində buna səlahiyyəti olmadığı halda, rədd etmiş və bu barədə müvafiq fərmanlar imzalamışdır. Sabiq prezidenti Əbülfəz Əliyev isə 1993-cü il yanvarın 5-də ölüm cəzasına məhkum olunmuş 2 şəxsin vəsatətlərinin rədd edilməsinə dair fərman imzalayıb. Bundan sonra Əbülfəz Əliyev həmin şəxslərdən birinin barəsində hökmün qanuniliyinin yoxlanılmasını Azərbaycan Respublikasının prokurorluğuna tapşırmış, lakin yoxlama başa çatdırılmadan ölüm hökmü icra edilmişdir. İnsan həyatına belə laqeyd münasibət vaxtilə cəmiyyətimizdə hökm sürən hərc-mərcliyin və özbaşınalığın nəticəsidir. Bu isə öz növbəsində insan hüquqlarının və azadlıqlarının kütləvi surətdə pozulmasına gətirib çıxardıb.

1998-ci il 10 fevral tarixinədək respublikamızda 128 məhkum barələrində çıxardılmış ölüm hökmünün icra olunmasını gözləyirdi. Ölüm cəzası Bayıl həbsxanasında güllələnmə ilə icra olunurdu. Gözləri bağlı məhkumun ürəyinə vurulan bir güllə onu həyatdan, yaşamaq hüququndan məhrum edirdi. Qeyd etdiyimiz kimi, Heydər Əliyev respublikanın siyasi hakimiyyətinə qayıtdıqdan az sonra ölüm hökmlərinin icrasına moratorium qoydu. Bununla da hətta Vətən və xalq qarşısında ən ağır cinayətlər törədən, o zamankı hakimiyyətsizlikdən istifadə edib torpaqlarımızı düşmənə təslim etdirən Rəhim Qazıyev, ölkəmizi parçalamaq niyyətində olan separatçı Əlikram Hümbətov, təxribat və terror aktları törədən Elçin Əmiraslanov, dövlət çevrilişi cəhdlərinin təşkilatçıları Surət Hüseynovun və Cavadov qardaşlarının əlaltıları və qanunsuz silahlı dəstələrin azğınlaşmış üzvləri, Tarix Quliyev və bu kimi qatillər, təhlükəli canilər barəsində ölüm hökmləri icra olunmadı.

Zəfər Günü münasibətilə ən geniş amnistiya

Ulu Öndərin əsasını qoyduğu cəza siyasətinin humanistləşdirilməsini Prezident İlham Əliyev uğurla davam etdirir. Son 19 ildə  İlham Əliyev dövlət başçısı kimi 36 əfv Sərəncamı imzalayıb. Əfv barədə imzalanmış 68 Fərman və Sərəncam 8987 nəfərə şamil edilib.

Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib. Ümumilikdə isə, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub. Bir faktı qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan   şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır.1998-ci il 10 fevral tarixinədək respublikamızda 128 məhkum barələrində çıxardılmış ölüm hökmünün icra olunmasını gözləyirdi. Ölüm cəzası Bayıl həbsxanasında güllələnmə ilə icra olunurdu. Gözləri bağlı məhkumun ürəyinə vurulan bir güllə onu həyatdan, yaşamaq hüququndan məhrum edirdi...

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31