Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beyrutda ikinci dəfə...

Beyrutda ikinci dəfə...

01.09.2023 [10:20]

Son üç ildə səfirliklərimizə 6 dəfə hücum edilib

Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi ermənipərəst şəbəkənin açıq məğlubiyyəti ilə nəticələnir. Bütün müstəvilərdə geri oturdulan, həm hərb meydanında, həm də danışıqlar masası arxasında məğlub edilən ermənilər yenidən təxribata əl atır, xarici ölkələrdəki səfirliklərimizə qarşı hücumlar təşkil edirlər. Bu dəfə Azərbaycanın Livandakı səfirliyinə qarşı təxribatçı əməllər törədilib.

Livan XİN-ə nota göndərilib...

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar. Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.

Vyana konvensiyasına əsasən...

Xüsusi vurğulanmalıdır ki, xarici ölkələrdə ermənilər tərəfindən törədilən bu kimi hadisələr azərbaycanlılara qarşı düşmənçiliyin təşviqi deməkdir.  Ermənilərin son illərdə intensivləşdirdiyi bu kimi hücumlara qarşı beynəlxalq aləmin səssiz davranış nümayiş etdirməsi onları daha da cəsarətləndirir. Beynəlxalq aləmin susqunluğu ermənilərin açıq şəkildə terror əməllərinə əl atmasına, hətta diplomatik korpusların işçilərinə qarşı belə təhdid yaratmasına yol açır. Bu isə yolverilməzdir. Xüsusi olaraq vurğulanmalıdır ki, bu kimi halların baş verdiyi ölkələr səfirliklərin, diplomatik nümayəndəliklərin mühafizəsinin təmin olunmasında beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirləri daha da artırmalıdır. Vyana Konvensiyası diplomatik korpusların imtiyazlarını, toxunulmazlıqlarını müəyyən edən beynəlxalq aktdır və səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bəzi ölkələr ermənilərin səfirliklərimizə hücum etmələrinə göz yumurlar, Vyana Konvensiyasının tələblərinə əməl etmirlər ki, bu da yolverilməzdir. 2020-ci ildən bu yana bu kimi hücumlar daha da artıb. Bu, beynəlxalq cinayətdir, beynəlxalq diplomatiya hüququnun pozulmasıdır.

Fransadakı səfirliyimiz tez-tez “hədəfə” düşür...

Qeyd edildiyi kim, son illərdə bu hallara daha çox təsadüf olunur. Vətən müharibəsindən sonrakı dövrdə səfirliyimizə edilmiş ilk hücum “Şuşa İli” çərçivəsində 16 iyun 2022-ci ildə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən “ERE TV” telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı “Qarabağa gedən yol” adlı filmin ilkin nümayişi zamanı baş vermişdi. Filmin nümayişi zamanı Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan FRA Nor Seround assosiasiyasının bir qrup üzvü Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışmışdı. Onlar “Şuşa Azərbaycan deyil”, “Qarabağ bizimdir” kimi təxribatçı şüarlar səsləndirərək, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışmışdılar. Səfirlik tərəfindən fransız polisinə müraciət edildikdən sonra onların bu cəhdlərinin qarşısı alınmışdı və fransız polisi təxribatçı dəstənin əsas üzvünü saxlamışdı.

Londondakı səfirliyimizə edilən hücum...

Azərbaycan səfirliyinə ikinci hücum isə 2022-ci il avqustun 5-də Böyük Britaniyanın paytaxtı Londonda qeydə alınmışdı. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdı. Səfirliyin binasına daxil olan radikallar binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndirmişdilər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılmışdı. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almamışdı. Yasir əl-Həbibin rəhbərlik etdiyi “Mehdinin Xidmətçiləri” təşkilatının bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilmişdi.

Beyrutda, Parisdə və Tehranda...

2022-ci il sentyabrın 16-da isə Livandakı Azərbaycan səfirliyinə hücum olmuşdu. Ermənilərdən ibarət izdiham Beyrutdakı Azərbaycan diplomatik nümayəndəliyinə soxulmağa cəhd göstərmişdi.

2022-ci il sentyabrın 18-də isə radikal ermənilər tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə hücum edilmişdi. Ermənilər diplomatik korpusun binasına yaxınlaşaraq səfirliyə ziyan vurmağa çalışmışdılar. Səfirliyin mühafizəsini Fransa polisi həyata keçirməli olduğu halda, diplomatik korpusun əməkdaşı ölümlə üz-üzə qalaraq, gözü dönmüş radikal ermənilərin binaya daxil olmasına imkan verməmişdi.

Bu il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilmişdi. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirmişdi. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanmışdılar.

SADİQ

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31