Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tarixi sülh fürsəti

Tarixi sülh fürsəti

23.12.2023 [11:20]

Azərbaycan və Türkiyənin sülh təşəbbüslərinə adekvat cavab veriləcəkmi?

Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də  böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və  ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə  bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük  Vətən müharibəsində erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı  Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. İqtidar və müxalifət partiyalarını təmsil etməsindən asılı olmayaraq bütün siyasi qüvvələr də Azərbaycanın yanında oldular. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyənin siyasi dəstəyi sayəsində bir çox dövlətlər qarışa bilmədi. Bu amil bizim qələbə qazanmağımıza çox böyük təsir göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu.

Bu il sentyabr ayında  ordumuzun Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirləri zamanı da Türkiyə birmənalı olaraq dövlətimizə dəstək verdi. Regionda birgə addımlar atılır. Beləliklə, regionda baş verən proseslər daim Türkiyənin diqqətindədir və qardaş ölkə hər zaman birmənalı olaraq Azərbaycanı dəstəkləyir.  Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 21-də Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında tarixi sülh fürsəti daha da güclənib. O qeyd edib ki, Türkiyə iki ölkə arasında etimadı artıran konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir. Xatırladaq ki, bu yaxınlarda Hakan Fidan Azərbaycana səfəri zamanı da qeyd etmişdi ki, Azərbaycanla Ermənistan arasında normallaşma yönündə müzakirələri dəstəkləyirik və bu sahədə üzərimizə düşən hansı vəzifələr varsa, yerinə yetirməyə hazırıq. Türkiyənin XİN başçısı söyləmişdi ki, indi bir sülh sazişi ilə bölgədə rifah və inkişaf başlamalıdır: “Biz artıq bölgədə savaşa, qarşıdurmaya yer olmadığını düşünürük. Türkiyə iki ölkə arasında sülh danışıqlarını hər zaman dəstəkləyir. Azərbaycanla Ermənistanın münasibətləri normallaşarsa, Türkiyənin də Ermənistanla münasibətləri dərhal normallaşacaq. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını hər zaman dəstəkləyir”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə demişdi ki, Türkiyənin masada olması Ermənistanın özü üçün də əlverişli olardı.

Beləliklə, Türkiyə-Azərbaycan münasibətləri həm də uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsidir. Hər iki qardaş ölkə bölgədə sülhün təmin olunmasına çalışır və Şuşa Bəyannaməsindən irəli gələn məsələləri həyata keçirməkdədir. Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanla Türkiyənin sülh çağırışlarına adekvat cavab verməlidir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31