Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Parisin ekosid siyasəti

Parisin ekosid siyasəti

08.01.2024 [10:46]

Gözümüzün önündə iki fərqli nümunə var - Azərbaycan və Fransa nümunələri. Hazırda dünyada nüfuzu getdikcə artan Azərbaycan, həmçinin Fransanın da daxil olduğu Avropa İttifaqı (Aİ) məkanı ilə əməkdaşlığın genişlənməsinə böyük önəm verir.  Xatırladaq ki, Aİ-nin 9 üzv dövləti ilə respublikamız arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna yer alır. Fransaya gəldikdə, bu ölkənin Azərbaycana münasibətdə hansısa bir xoş məram ortaya qoyduğunu demək çətindir. Əksinə Azərbaycanın müstəqil dövlət kimi milli maraqlarını qətiyyətlə qorumasını, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini sinirə bilməyən Emmanuel Makron iqtidarı ümumavropa maraqlarına qarşı çıxaraq ölkəmizə münasibətdə, necə deyərlər, bütün cəbhə boyunca savaş açıb. Bu savaşın hansısa bir obyektiv əsaslandırması yoxdur, sadəcə, qərəzdən və kor erməni sevdasından qaynaqlanır.

Natəvanın heykəlinə qarşı növbəti hörmətsizlik

Fransanın respublikamıza münasibətdə ən müxtəlif məsələlərdə nümayiş etdirdiyi siyasi qərəz bir qayda olaraq iflasa uğrayır. Güclü dövlət olan Azərbaycan öz yolu ilə gedir və E.Makron iqtidarının çabalamaları bir nəticə vermir. Bundan qeyzlənən Fransa hakimiyyəti indi də ekosid siyasətinə rəvac verib. Söhbət bu ölkənin Evian-le-Ba şəhərindəki “Azərbaycan parkı”na və burada ucaldılan Natəvanın abidəsinə rasist mahiyyət daşıyan münasibətdən gedir. Son günlərdə parka və abidəyə vandal münasibətlə bağlı yeni xəbərlər yayılıb. Verilən məlumata görə, Natəvanın heykəlinin üzərinə qırmızı boya atılıb. Sonradan abidənin mühafizəsi məqsədilə onun üzərinə qoruyucu örtük çəkilib.

Evian-le-Ba şəhərindəki “Azərbaycan parkı”na və Natəvanın heykəlinə qarşı belə hörmətsizlik ondan xəbər verir ki, E.Makron hakimiyyəti ölkəmizə qarşı açıq qərəzçilik siyasətini indi də mədəniyyət və incəsənət müstəvisinə transfer edib. Natəvan bir şairədir, özündən sonra şeirlərini yadigar qoyub. “Azərbaycan parkı” isə şəhər sakinlərinin və turistlərin istirahət məkanıdır. Digər bir məqam: Heykəldə Natəvan Fransanın hər halda sözdə böyük önəm verdiyi dəyər əsasında - azad qadın obrazında təqdim olunub. Budurmu E.Makron hakimiyyətinin Fransanın dəyərlərinə hörməti? Bir şairənin heykəlinə qarşı edilən vandallıq indiki Fransanın tarixi ənənələrindən nə qədər uzaq düşdüyünü təcəssüm etdirir ki, bunun da məsuliyyəti ilk növbədə hakimiyyətin üzərinə düşür. Hasil olan qənaət ondan ibarətdir ki, prezident E.Makron Fransanın ənənələrinin davam etməsi, zənginləşdirilməsi qayğısına, ümumiyyətlə, qalmayıb, əksinə ümumbəşəri səciyyə daşıyan dəyərlərə arxa çevirib.

Fransanın “Le Messager” nəşrinin məlumatına görə, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə “Azərbaycan parkı”na aid bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.Eyni zamanda, Natəvanın parkdakı abidəsinin götürülməsi məsələsi də gündəmə gəlib. Qəribədir ki, məsələ ilə bağlı hələlik nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və Fransanın ev sahibliyi etdiyi UNESCO reaksiya verib.

Əslində, Evian-le-Ba şəhərində “Azərbaycan parkı”nın salınması və burada Natəvanın heykəlinin ucaldılması zamanında hər iki tərəfdən ifadə olunan xoş niyyətin ifadəsi idi. 2015-ci ildə isə Fransanın Evian-le-Ba şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində 2017-ci ildə Evian-le-Ba şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi baş tutub. Bununla yanaşı, parkda Natəvanla fransız yazıçısı  Aleksandr Dümanın zamanında baş tutmuş görüşü nəzərə alınmaqla şairənin  heykəli ucaldılıb.

Azərbaycanın özünü çox gözlətməyən sərt cavabı

Milli maraqlarını qətiyyətlə qoruyan Azərbaycan heç bir kənar gücün, o cümlədən də Fransanın diktələrini həmişə rədd edib və bundan sonra da belə davranacaq. O cümlədən ölkəmizin Evian-le-Ba şəhərində “Azərbaycan parkı”na və Natəvanın heykəlinə qarşı edilən hörmətsizliyə sərt cavabı özünü çox gözlətməyib. Belə ki, 28 dekabr 2023-cü il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Təəssüf doğuran haldır ki, məhz Fransanın qərəzli yanaşması səbəbindən xoş niyyətə əsaslanan “qardaşlaşmış şəhərlər” ideyası iflasa uğrayıb. Bəyanatda oxuyuruq: “Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır”.

Sənəddə Evian şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşı səsləndirilən qərəzli və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edilib və “Azərbaycan parkı” ilə bağlı qərar birmənalı şəkildə pislənib. Eyni zamanda, Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan parkı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilib. Həmçinin bildirilib ki,  İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adını daşısın.

MÜBARİZ

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31