Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Terrorçuluğa qarşı mübarizədə Azərbaycan təcrübəsi

Terrorçuluğa qarşı mübarizədə Azərbaycan təcrübəsi

15.02.2024 [10:40]

Bütün dünyada təqdir edilir

Nümunəvi dövlət kimi inkişaf edən Azərbaycan ardıcıllıqla həyata keçirdiyi siyasətində yaranan qlobal çağırışları nəzərə almaqla uzlaşdırılmış adekvat fəaliyyət həyata keçirir ki, bu da dünya miqyasında təqdir edilir. Ölkəmizin nümunəsi və uğurlu fəaliyyəti daha bir beynəlxalq hesabatda müsbət dəyərləndirilib. Söhbət Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə açıqlanan hesabatından gedir. Hesabatda son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə, gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr qeyd olunub.

Cəmiyyətin istəyi, dövlətin güclü siyasi iradəsi

Hazırda terrorçuluğa qarşı mübarizə dünya üzrə ən aktual çağırışlardan birinə çevrilib. Artan narahatlıqlar onunla bağlıdır ki, terrorçuluğun coğrafiyası getdikcə genişlənir və onun məzmunu daha da aqressivləşir. Biz son vaxtlarda ayrı-ayrı siyasi dairələrin, hətta bəzi hallarda dövlətlərin belə terrorizmə bu və ya digər formada dəstək verdiklərinin şahidi oluruq. Nəticələr acınacaqlıdır. Əksər hallarda isə belə bəd niyyətli əməllərin qurbanları sadə insanlar olurlar. Siyasi, iqtisadi, humanitar, kibertəhlükəsizlik və digər məzmunlu terrorizm əməllərini fərqləndirmək mümkündür.

MONEYVAL-in bəhs olunan hesabatında respublikamızın terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələri yüksək qiymətləndirilib. Hesabatda göstərilir: “MONEYVAL qeyd edir ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər. (Müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkumetmə həyata keçirilib). Eynilə beynəlxalq əməkdaşlıqda Azərbaycan yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib”.

Azərbaycanın terrorizmə qarşı mübarizəsi sistemli səciyyə daşıyır. Aparılan ardıcıl mübarizə həm cəmiyyətimizin xarakterinə və istəyinə, həm də dövlətin güclü siyasi iradəsinə əsaslanır. Ölkəmiz terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il tarixli terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilib. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan öz hava məkanını və hava limanlarını beynəlxalq anti-terror koalisiyasının üzvlərinin üzünə açıb.

Paralel şəkildə, terrorizmə qarşı mübarizə sahəsində milli qanunvericilik davamlı olaraq beynəlxalq öhdəliklərə uyğunlaşdırılır. Hazırda respublikamız terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulub. Milli qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi institusional islahatlarla dəstəklənir. Respublikamızda müvafiq sahədə əsas səlahiyyətli dövlət qurumları Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətidir. Hüquq-mühafizə qurumları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən terrorçuluğa qarşı mübarizədə preventiv və sosial xarakterli tədbirlər görülür və fəaliyyətlər uzlaşdırılır. Maliyyə Monitorinqi Xidməti ölkənin əsas maliyyə kəşfiyyatı qurumu olaraq terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində ixtisaslaşıb. Qurumun institusional əsası və funksiyaları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartlarına uyğunlaşdırılıb.

Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində də fəal iştirak edir. Ölkəmizin terrorçuluğa qarşı mübarizə sahəsində sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar arasında  BMT-nin Terrorçuluqla Mübarizə İdarəsini, ATƏT-in Transmilli Təhdidlər Departamentini, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupunu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatını və digərlərini qeyd edə bilərik.

İlk dəfə

Azərbaycanı terrorizmə qarşı sistemli mübarizə aparmağa sövq edən əsas amillərdən biri də ondan ibarətdir ki, ölkəmiz də terrordan əziyyət çəkən dövlətlər sırasında yer alır. Ermənistanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə Azərbaycanın ərazisində törədilən, minlərlə insan itkisinə səbəb olan terror fəaliyyətinə dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 1980-ci illərin sonlarından etibarən Azərbaycan ərazilərinə iddialarını irəli sürmüş və ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiq etmiş Ermənistan Azərbaycan torpaqlarında dəfələrlə terror aktları törədib. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarlarının və iştirakçılarının bir çoxu hələ də azadlıqdadırlar və qanun qarşısında cavab verməyiblər. 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində dəhşətli terror hadisələri törədildi. Sonradan istintaq nəticəsində bəlli oldu ki, bu terror hadisələrinin sifarişçiləri arasında erməni yazıçısı Z.Balayan da olub. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Silahlı Qüvvələrimizə qarşı muzdlular və əcnəbi terrorçu döyüşçülərdən istifadə edildi və xarici ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən öz xeyriyyə və qeyri-kommersiya statuslarından sui-istifadə edilərək suveren ərazilərimizdə terror fəaliyyətlərinin maliyyələşdirilməsi üçün külli miqdarda ianələr toplanıldı. Ermənistan 30 illik işğal dövründə, həmçinin ekologiyamıza, təbii sərvətlərimizə, tarixi abidələrimizə qarşı dövlət səviyyəsində terror siyasəti həyata keçirib.

Lakin Azərbaycanın çağırışları, ifadə etdiyi narahatlıqlar uzun illər ərzində beynəxalq səviyyədə nəzərə alınmayıb və adekvat tədbirlər görülməyib. Elə bəhs olunan hesabatdakı müsbət dəyərləndirmə də ölkəmiz üçün bir ilkdir. Qeyd edək ki, MONEYVAL tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması üzrə Azərbaycanda görülən işlər ilk dəfədir ki, yüksək qiymətləndirilir.

Son illər terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış cinayət işləri üzrə nəticələr üzv dövlətlərin analoji orta statistikasını əhəmiyyətli dərəcədə aşır. Diqqətəlayiq haldır ki, MONEYVAL tərəfindən son bir il ərzində göstəricilərinə görə qiymətləndirmə hesabatları dərc edilmiş ölkələr sırasında terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılmasının effektivliyi üzrə yüksək göstərici olaraq qiymətləndirilən yeganə dövlət Azərbaycan Respublikası olub.

Mürəkkəb geosiyasi məkanda olmasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər aparılan qətiyyətli işlər Azərbaycana beynəlxalq arenada investisiya və turizm üçün cəlbedici ölkə, dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, “təhlükəsizlik adası” imicini qazandırıb.

Terrorçuluğa qarşı mübarizə üzrə yeni hədəflər

Qeyd etdiyimiz kimi, Azərbaycanın terrorizmə qarşı mübarizəsi ardıcıl və sistemli səciyyə daşıyır. Bu siyasətə uyğun olaraq ölkəmiz öz hədəflərini davamlı olaraq yeniləyir. Bu günlərdə Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”ı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi, bu ərazidən aparması və tranzit keçirməsi zamanı tətbiq olunur.

Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir. Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir.

- fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31