Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zəngəzur dəhlizi etimad və sülh üçün vasitə ola bilər

Zəngəzur dəhlizi etimad və sülh üçün vasitə ola bilər

05.03.2024 [10:10]

Ermənistan özünü bundan məhrum etməmək üçün layihəyə əngəl törətməməlidir

44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra regionda yeni reallıqlar yaranıb. Yeni reallıqların  əsas istiqamətlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz Avropa ilə Asiya arasında iqtisadi-ticarət əlaqələrini daha da genişləndirməklə yanaşı,  geosiyasi əhəmiyyət də  daşıyır. Bu amilin Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasına da müsbət təsir göstərməsi mümkündür.

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi bütün regiona fayda gətirəcək

Yeri gəlmişkən, Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Avrasiyada əməkdaşlığın yeni dinamikası” panel müzakirəsində çıxışı zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov bildirib ki, Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər: “Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, nəinki Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada bilər, həm də İrəvanın regionda iqtisadi təcridinə son qoya bilər. Bundan əlavə, bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə, Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və onlara fayda gətirəcək”.

Ermənistanın məqsədi nədir?

Məlumdur ki, dünyanın aparıcı dövlətləri də bu layihəni dəstəkləyir. Lakin rəsmi İrəvanın qeyri-konstruktiv mövqe tutması səbəbindən layihənin reallaşması bir qədər gecikir. Aydındır ki, Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Həmin bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır.

Regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Elçin Əmirbəyov da çıxışında bu məsələyə toxunaraq deyib: “Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropa ilə birləşdirə bilər”. Üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvanın nəhayət bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcəyinə ümidvar olduğunu söyləyən E.Əmirbəyov bildirib ki, əks təqdirdə, arzulanan qovşağın regional dalan kimi qalmaq riski var.

Zəngəzur dəhlizi reallaşmasa, Ermənistan dalan olaraq qalacaq

Dünyanın aparıcı dövlətləri və müvafiq beynəlxalq təşkilatlar da hesab edir ki, bu layihə Avropa ilə Asiya arasında ticarət əlaqələrini daha da genişləndirəcək. Hazırda dünyada baş verən mürəkkəb proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisindən gedən ticarət yolları üçün risk yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi təhlükəsiz marşrut kimi daha etibarlıdır. Digər tərəfdən, bu dəhliz Avropa ilə Asiya arasında məsafə baxımdan daha yaxın və tariflərə görə də sərfəli hesab edilir. Azərbaycanın son illərdə Xəzərdə qurduğu müasir Ələt Beynəlxalq Ticarət limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan beynəlxalq hava limanlarının yaradacağı imkanlarını da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək. Bütün bunlar isə  respublikamızın perspektivdə etibarlı tranzit ölkəsi kimi böyük həcmlərdə gəlirlər qazanmasına səbəb olacaq.

Bütövlükdə, Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir imkandır. Nəzərə almaq lazımdır ki, Ermənistan da  Zəngəzur dəhlizi vasitəsilə iqtisadi dividentlər qazana bilər. Lakin rəsmi İrəvan dəhlizin özü üçün nə qədər əhəmiyyətli olduğunu anlamır. Bu səbəbdən də ermənilər bu mövzuda əsassız və qeyri-ciddi bəyanatlar verirlər. Paşinyanın ortaya atdığı “Sülh kəsişməsi layihəsi” isə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Nəzərə almaq lazımdır ki, indiyədək Ermənistan işğalçı siyasəti səbəbindən beynəlxalq və regioanl layihələrdən kənarda qalıb. Bu gün isə rəsmi İrəvan Azərbaycanın konstruktiv təkliflərini qəbul etməli, Zəngəzur dəhlizi vasitəsilə “Azərbaycandan Azərbaycana”, yəni ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişə razılıq verməlidir. Qalan məsələlərdə isə gömrük və sərhəd-keçid məsələləri yerinə yetirilməlidir. Bununla bağlı beynəlxalq təcrübə mövcuddur. Ona görə də, rəsmi İrəvan cılız iddialarından əl çəkməli və qazana biləcəyi iqtisadi dividentlərdən özünü məhrum etməməlidir. Əks təqdirdə, yalnız  Azərbaycanla  İran arasında  razılaşdırılmış layihə icra olunacaq. Ermənistan isə dalan dövlət olaraq qalacaq.

Nardar Bayramlı

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31