Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın mövqeyi əsasdır…

Azərbaycanın mövqeyi əsasdır…

04.04.2024 [10:21]

ABŞ dövlət katibinin zəngi nədən xəbər verir?

Blinken Prezident İlham Əliyevə izahat verdi

30 ilə yaxın erməni işğalından əziyyət çəkmiş Azərbaycan 2020-ci ilin payızında öz gücü ilə ədaləti bərpa etdi. 44 gün davam etmiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, erməni təcavüzünü qəbul etməyən, işğal faktının qeyd-şərtsiz sona çatmasının gərəkdiyini vurğulayan beynəlxalq konvensiyaların icrasını şərtləndirdi. Beləliklə, son 4 ildə Azərbaycan apardığı uğurlu siyasi kursla həm bölgədəki separatizm meyllərini aradan qaldırdı, həm də yeni regional iqtisadi konfiqurasiya formalaşdırdı. Birinci amilin yaratdığı yeni reallıq kimi ortaya çıxmış yeni iqtisadi-siyasi konfiqurasiya isə Azərbaycanın xarici siyasət kursu ilə eyni istiqamətə köklənib – əməkdaşlığı, iqtisadi inkişafı və normal münasibətlərin qurulmasını özündə ehtiva edir. Ümumiyyətlə, Azərbaycan hər zaman ikitərəfli və çoxtərəfli əlaqələrin maksimal şəkildə vertikallaşdıırlımasının tərəfdarı kimi çıxış edib. Qlobal məkanda yeni enerji təhcizatçısı kimi qısa zamanda şöhrət qazanan ölkəmiz xüsusilə Avropanın enerji təhlükəsizliyində əsası rol oynayır.

Təəssüfləndirici haldır ki, Azərbaycanın apardığı bu açıq, şəffaf və qarşılıqlı maraqlara əsaslanan siyasət Qərb tərəfindən adekvat cavablandırılmır. Bölgədə destruktiv təhdid olaraq xarakterizə edilən Ermənistanı silahlandırmaq, yeni müharibələr üçün stimullaşdırmaq yolunu seçən Qərb hətta bu addımlarının "təbliğini" etməkdən də çəkinmir. Aprelin 5-də Brüsseldə baş tutacağı ehtimal edilən Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü bu mənada böyük narahatlıqlara yol açır. Azərbaycan dövləti və ictimaiyyəti haqlı olaraq bu görüşü regionun gələcəyi üçün təhlükə sayır və yaranma ehtimalı böyük olan yeni "hərbi pakt"ın regional inkişafa mühüm mənfi təsirlər göstərəcəyini ortaya qoyur.  

Qərbin birtərəfli addımları təhdid yaradır…

Qeyd edildiyi kimi, Azərbaycan dövləti hər zaman Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Xüsusilə, Fransanın Ermənistanı silahlandırmaqla bağlı apardığı açıq və təhdid xarakterli siyasi kursunun regionda yeni eskalasiyalara yol açma təhlükəsi formalaşdırdığı vurğulanıb. Halbuki post-müharibə dövründə Azərbaycan açıq sülh təklifləri ilə çıxış edib və Ermənistanla münasibətlərin normallaşması prinsipləri təklifini səsləndirib. Təəssüf ki, Azərbaycanın bu xoşməramlı mövqeyi öz maraqları üçün Ermənistanı "dəstəkləyən" bəzi güclər tərəfindən manipulyasiyaya məruz qoyulub. Məsələn, Aİ-nin "mülki missiya" adı altında regiona göndərdiyi kəşfiyyat qrupunun fəaliyyəti buna ən real misaldır.

İndiki halda isə, ABŞ və Aİ-nin açıq "dəstək kampaniyası" ilə çıxış etməsi haqlı etiraz yaradır. Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də baş tutacaq toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb.

Göründüyü kimi, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Bu konfrans  isə öz növbəsində, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Beləliklə, Cənubi Qafqaz regionunun aparıcı siyasi-iqtisadi aktoru olan Azərbaycan açıq şəkildə bu görüşün bölgədə qeyri-adekvat durum yaradacağını bildirir və Ermənistanı yeni münaqişəyə həvəsləndirəcəyini vurğulayır. Bu isə yolverilməzdir. 30 ildən sonra bölgədə yaranan sabit və ədalətli mənzərənin yenidən pozulması, Ermənistanın havadarlarının əli ilə yenidən fərqli arzulara düşməsi, təxribatxarakterli planlar hazırlaması Cənubi Qafqazdakı sabitliyi təhlükə qarşısında qoyur. Bu isə öz növbəsində bölgədə reallaşmış və reallaşması nəzərdə tutulan qlobal layihələr üçün mühüm təhdiddir.

Azərbaycanın qlobal siyasi məkandakı yeri…

Vurğulandığı kimi, Azərbaycan regional lider kimi bu "görüş"lə bağlı mövqeyi aydındır. Eyni zamanda, öz maraqları xatirinə Ermənistanı "dəstəkləyən" ABŞ-Ai cütlüyü də anlayır ki, indiki dövrdə Azərbaycanın mövqeyini nəzərə almadan bölgə ilə bağlı hər hansı bir hərəkətlənmə mümkün ola bilməz. ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi bu reallığı aydın şəkildə ortaya qoyur. Bəlli olduğu kimi, hazırda prezident Baydenin mövcud vəziyyətində dövləti faktiki idarə edən Blinken Azərbaycanın dövlət başçısına zəng edərək mövqelərini izah etməyə çalışıb. Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Bu məqam ilk olaraq özündə Azərbaycanın son illərdə qlobal müstəvidə qazandığı yeri bir daha müəyyənləşdirir – ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng edərək ölkəsinin mövqeləri ilə bağlı izah verməsi Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. Bu, ölkəmizin başçısının qlobal məkanda müstəqil Lider kimi oynadığı rolu, dövlətinin maraqlarını hər zaman xüsusi qətiyyətlə qoruduğunun açıq nümunəsidir.

5 aprel görüşü Cənubi Qafqazda gərginliyin yaranmasına gətirib çıxaracaq

Bəli, Prezident İlham Əliyev hər zaman cəsarətlə və milli maraqlara söykənən şərtlər əsasında xalqının və dövlətinin mənafeyini qoruyur. Telefon danışığı zamanı Prezident İlham Əliyev öz qənaətini söyləyib. Bildirib ki, Onun qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Vurğulandığı kimi, nəzərdə tutulan bu görüş yalnız Azərbaycanın deyil, ümumilikdə regionətrafı dövlətlərin də milli maraqları ilə səsləşmir. Qeyri-inklüziv xarakterli bu "görüş" Qərb arzularının daşıyıcısı kimi meydana çıxır. Amma bütövlükdə Cənubi Qafqazdakı mövcud sabit durumu təhlükə qarşısında qoyur. Ən aktual səbəblər isə:

- Bu hal regionun ticari maraqlarının, yeni rəqəmsal daşımacılıq imkanlarının hədəfə alınmasıdır;

- Müstəqil xarici siyasət kursu yürüdən dövlətlərə qarşı siyasi sabotajdır;

- Şərq-Qərb tranziti üzrə formalaşdırılan yeni iqtisadi münasibətlərin rentabelliyinin düşürülməsi cəhdidir;

- Ticari aortanın işinə mane olmaq üçün atılan addımlardır.

Beləliklə, ABŞ və Aİ-nin planı ilə ortaya çıxacaq bu “hərbi pakt” bütün region üçün təhdid yaradır.

Fransız yalanı…

Telefon danışığı zamanı dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Prezident İlham Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib. Dövlətimizin başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu vurğulayıb.

Vurğulandığı kimi, Azərbaycan regionda sülhün və əməkdaşlığın inkişafını hədəfləyib. Bunun nəticəsidir ki, sülh proses i məhz Azərbaycan tərəfindən irəli sürülüb. Azərbaycan bölgənin ümumi yeni inkişaf tempini yaradır, hətta daha da gücləndirir. Bunun üçün münbit zəmin formalaşmaqdadır. Lokal antiterror tədbirlərinin uğurla yekunlaşması Cənubi Qafqaz - Mərkəzi Asiya - Kiçik Asiya ticarət xəttinin sülh və sabitliyin hökm sürdüyü ərazilərdən keçəcəyinə dəlalət edir. Eyni zamanda, real geosiyasi mahiyyət yeni perspektivlər formalaşdırır. Azərabycanın apardığı siyasi xətin nəticəsidir ki, Ermənistan ilə münasibətlərin normallaşması prosesi bir neçə addım daha da qabağa daşınıb – bu, İrəvan üçün də yeni iqtisadi üfüqlər formalaşdırır. Ölkəmizin apardığı siyasət geosiyasi coğrafiyamızda nəzərdə tutulan bölgəsəl və qlobal layihələrin reallaşması üçün ortada hər hansı bir problemin olmadığını üzə çıxarır. Ermənistanın konstruktiv mövqeyə gəlişi isə qlobal nəqliyyat xəttlərinin şaxələndirilməsi üçün zəmin yaradacaq. Beləliklə, Azərbaycanı yalan "ittihamlarla" hədəfə alan Fransa bir daha qərəzini, müharibə arzusunu ortaya qoymuş olur.

ABŞ və Aİ-nin oyuncağı…

Təəssüfləndirici haldır ki, 5 aprel "görüş"ünün əsas  mahiyyətini "Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyi" ilə pərdələməyə çalışan Qərb bu məsələdə öz gündəliyini irəli aparmaqda israrlıdır. Ssenari isə bəllidir – bu görüşün "nəticəsi" Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur. Ermənistanın tutduğu mövqe isə Cənubi Qafqazın hazırki siyasi-ictimai aurası ilə eynilik təşkil etmir. Başqa sözlə, Azərbaycanın yaratdığı yeni reallıqlarda müstəqil siyasi-iqtisadi subyekt kimi təqdim olunan Cənubi Qafqazın bir hissəsi sayılan Ermənistan yenə kimlərinsə əlində oyuncaq olmaqda “israrlıdır”. Necə ki, tarixən başqa-başqa güclərin əlində alətə çevrilərək Cənubi Qafqaz üçün “dəyənək”dən başqa mahiyyət kəsb etmədiyi kimi. Ermənistan 30 il ərzində regionda Rusiyanın platsdarmı olub, indi isə Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir.

Təəssüf ki, Ermənistan tarixin bütün dönəmlərində ayrı-ayrı güclərin oyuncağı kimi istifadə olunub, indi də olunur. ABŞ və Avropanın Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq istəyi bunun açıq təcəssümüdür. Ötən əsrin 80-ci illərin sonunda məhz Ermənistanın əli ilə başlanan münaqişə, SSRİ-yə qarşı siyasətdə Qərbdəki erməni lobbisinin Qərblə müttəfiqliyi bu gün fərqli donda ortaya çıxır. Bu dəfə artıq hədəf nə SSRİ, nə də Azərbaycandır - hədəf Ermənistanın özünə də yeni inkişaf mərhələsi qazandıracaq qlobal layihələrə nəzarət arzusudur. Amma bu arzunun yerinə yetməsi üçün “alət” dəyişməyib - Ermənistan yenə də başqalarının “arzusunun ifadəçisi” olmaqda davam edir.

Vətən müharibəsi qlobal güclərin oyununu pozdu…

Göründüyü kimi, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Bu oyunların "planı" isə hələ XXI əsrin əvvələrindən cızılmışdı - 2020-ci il Vətən müharibəsi böyük güclərin bu məqsədli və korporativ maraqlara əsaslanan planını pozdu – çünki əvvəlki status kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyunun "qaydaları" Prezident İlham Əliyev pozdu. Regionda yeni reallıq və yeni situasiya formalaşdırıldı. Bu gün bu yeni reallıqla Qərb və Ermənistanın havadarları barışmaq istəmir.

Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi-hərbi, eləcə də iqtisadi reallıqlar Cənubi Qafqaza özünün geosiyasi, geocoğrafi üstünlüklərini iqtisadi dividendə çevirmək şansı qazandırıb. Bu mərhələ Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi qeyd edilir. Qarabağda keçirilən lokal antiterror tədbirləri, separatçı xuntanın fəaliyyətinə son verilməsi isə regionun iqtisadi imkanlarını şaxələndirir. Azərbaycan bölgəyə xarici sərmayənin cəlb olunması istiqamətində fəal iş aparır. Bu fakt həm də qarşılıqlı inteqrasiyanı gücləndirən amilə çevrilmək imkanına malikdir. Sadalanan məsələlər olduqca böyük əhəmiyyət daşıyır və göründüyü kimi, Qərb bu sabitliyin və inkişafın təşəkkül tapmasında maraqlı deyil. Fransanın “patronajlığı” ilə Aİ-nin, eləcə də ABŞ-ın son dövrlərdə ölkəmizə qarşı yönəldilən aqressiya və təzyiq kampaniyaları onların planlarının pozulduğunu deməyə əsas verir. Məhz qeyd edilən “ünvanlar”ın “ideya müəllifi” olduğu bəzi məsələlər - silahlandırma, “mülki missiya” adı altında kəşfiyyat qruplarının İrəvana yönləndirilməsi, “qaçqın” görüntüsü ilə maliyyə trafikinin daha da artırılması Qərbin Cənubi Qafqaz üzərindən oynamağa çalışdığı çirkin oyunları ifşa edir.

Tehran açıq etirazla çıxış etməlidir

Vurğulandığı kimi, Qərbin bu hərəkətlənməsi yalnız Azərbaycana qarşı xarakter daşımır – bütövlükdə regionun maraqlarını təhdid edir. Bütün bu proseslər Qərbin açıq düşmən kimi gördüyü İranın susqunluğu şəraitində baş verir. İran sanki sərhədlərində ABŞ və Aİ-nin hərbi bazasınln qurulduğunu görmür və ya görməzdən gəlir. Təsadüfi deyil ki, regiona yönəlik təhdidlərlə bağlı bir müddət öncə İran tərəfi öz narahatlığını dilə gətirmişdi. İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə erməni həmkarı Suren Papikyan arasındakı görüşdə Aştiani açıq şəkildə bildirmişdi ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. M. R. Aştiani vurğulamışdı ki, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir. Göründüyü kimi, İran özü də etiraf edir ki, Ermənistanın “əməkdaşlıq” pərdəsi altında ABŞ və ya Aİ-nin hərbi gücünü bölgəyə yerləşdirməsi Tehranın planlarına uyğun deyil. Bəli, İran bu məsələdə xüsusilə ehtiyatlı davranmalıdır. Perspektivdə həmin bölgəyə yerləşdirilən qüvvələrin məhz rəsmi Tehran üçün rəqiblərinin cızdığı yeni planlar olma ehtimalı da formalaşa bilər. Bu gün İrana qarşı aktiv sanksiyalar və embarqolar tətbiq edən Aİ, ABŞ, kollektiv Qərb onsuz da “mülki missiya” adı altında onun sərhədlərinin kənarında kəşfiyyat işləri aparır. Yeni dönəmdə Ermənistanın “hərbi pakt” üzərindən ABŞ və Aİ-ni leqal şəkildə öz sərhədləri daxilinə buraxması isə Tehrana qarşı hərbi planların aktiv fazaya qədəm qoymasını belə mümkün edə bilər. Burada ən diqqətçəkən məqam isə İranın maraqlarının təhlükə qarşısında olduğu bir məqamda İranın Ermənistandakı səfirinin Fransa səfiri ilə birgə Qərbi və Paşinyan rejimini tərənnüm etməklə məşğul olmasıdır. Axı qeyri-region dövlətlərinin regiona müdaxiləsi İran üçün həmişə “qırmızı xətt” sayılıb. Necə olur ki, İranın səfiri özünü Qərbin maraqlarının ifadəçisi kimi aparır. Bu, həm də İranın maraqlarına xəyanət deyilmi?

Gürcüstan mövqeyini bildirməli, Rusiya isə susmamalıdır…

Eyni zamanda, Qərbin region üçün Ermənistan üzərindən hesabladığı "perspektiv" Cənubi Qafqazda Ukrayna xətti kimi ikinci cəbhə və yeni ayırıcı xətlər yaratmağa hədəflənib. Bu məsələ olduqca ciddi mahiyyət daşıyır və bütün bölgə bu məsələdə mövqeyini açıq şəkildə bildirməyə məcburdur – eyni zamanda, qərbpərəst siyasət yürüdən Gürcüstan da öz mövqeyini bəlli etməlidir. Azərbaycan ilə strateji əlaqələrə malik, Orta Dəhlizin əsas seqmenntlərindən sayılan, regional layihələrlə özünün də maraqları təhlükə qarşısına düşən Gürcüstan regionda Azərbaycanla birlikdə olmalıdır.

Bu məsələnin reallaşması eyni zamanda, Rusiyanın regiondakı maraqlarını təhdid altına salır. Proseslər sonda Ermənistandakı Rusiya hərbi bazasının çıxarılması ilə nəticələnə bilər, Moskva isə baş verənlərə hələ də ciddi reaksiya göstərmir. Axı, 32 ildən sonra Ermənistanın Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərməsi də məhz bu planın tərkib hissəsidir. Rusiya Ermənistanda gedən proseslərlə heç vaxt barışmamalıdır. Vaxt isə Kremlin əleyhinə işləyir. Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya nəticədə Ukraynanı itirdi və indiki vəziyyətə düşməli oldu. Ermənistanla bağlı məsələyə də eyni "susqunluqla" yanaşması Rusiyanın özünün milli maraqları üçün böyük təhdiddir.

Ermənistan siyasi-hərbi iflasın eşiyindədir…

Ermənistan isə ikinci Ukrayna və ya Suriya olmağın bir addımındadır. Regionda hazırda ən zəif halqa sayılan İrəvan anlamalıdır ki, "çətiri altına girməyə çalışdığı" Qərbə çox da arxayın olmamalıdır. ABŞ-da mümkün və gözlənilən yeni siyasi situasiyanın formalaşması Cənubi Qafqazı ümumiyyətlə unutduracaq - Makron isə daima hər yerdə uduzmaqda davam edəcək.

Bu, Ermənistan üçün yolun sonu ola bilər. İlk növbədə Ermənistan bundan öncə ABŞ-ın və ya Aİ-nin təhriki ilə yerləşdiyi bölgələrdə qeyri-konstruktiv mövqe tutan ölkələrdən nümunə götürsün - onların düşdüyü vəziyyət, yaşadıqları göz önündədir. İndiyə qədər ABŞ və ya Aİ heç bir dövlətə səmimi şəkildə “dəstək” verməyib - bu “dəstəyin” altında korporativ maraqlar gizlənib. Ermənistan Əfqanıstan və Suriya kimi barıt çəlləyinə, terrorçuların, narkotrafikin cəmləşdiyi məkana çevriləcək. Azərbaycan regionda öz problemini həll edib,  ərazi bütövlüyü və suverenliyini təmin edib. Azərbaycan heç bir halda Ermənistanın yenidən qalxmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər. Rəsmi İrəvan başa düşməlidir ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi aktoru kimi qəbul olunur və sülhün imzalanması Ermənistanın da regional və qlobal əməkdaşlıq platformalarında iştirakını təmin edəcək. ABŞ və ya Aİ ilə yeni “hərbi pakta” girmək isə İrəvana dağıntı və sarsıntı, aclıq və səfalət, iqtisadi geriləmə və sosial böhran vəd edir...

Pərviz İSMAYILOV

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31