“Azərbaycanın bu qədər qüdrətli ölkə olmasından bir türk olaraq çox qürur duyuram”
05.11.2016 [09:09]
Ufuk Turganer: Uşaqlıqdan arzum peşəkar bir diplomat kimi ölkəmə və xalqıma xidmət etmək olub
Ufuk Turganer 1974-cü ildə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşa şəhərində anadan olub. 1992-1996-cı illərdə Doğu Akdeniz Universitetinin beynəlxalq əlaqələr fakültəsində təhsil alıb və oranı bitirdikdən sonra İngiltərədə Nottingham Universitetində beynəlxalq əlaqələr üzrə magistratura təhsili alıb.
1997-ci ildən ŞKTC Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə başlayan Ufuk Turganer 3 il ərzində nazirliyin müxtəlif şöbələrində işləyib və 2000-ci ildə ŞKTC-nin Brüssel təmsilçisinin köməkçisi təyin olunub. 4 il Brüsseldə diplomat kimi fəaliyyət göstərən Ufuk xanım 2004-cü ildən 2013-cü ilə kimi ŞKTC Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, 2013-2016-cı illərdə isə nazirliyin Konsulluq İşləri şöbəsinin müdiri vəzifəsində işləyib. 2016-cı il fevralın 1-dən ŞKTC-nin Bakı təmsilçisi kimi fəaliyyətə başlayıb.
Bir neçə gündən sonra, daha dəqiq desək, noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyəti müstəqilliyinin 33-cü ildönümünü qeyd edəcək. Düz 33 il əvvəl, 1983-cü il noyabrın 15-də Kipr Türk Federal Dövlətinin Məclisi “öz müqəddəratını təyinetmə” hüququndan istifadə edərək yekdilliklə Şimali Kipr Türk Cümhuriyyətinin yarandığını bəyan edib. Lakin Qərbin türk-müsəlman dünyasına qarşı haqsızlığı, məsələlərə ikili standartlardan yanaşması nəticəsində bu günə kimi ŞKTC-nin müstəqilliyi beynəlxalq birlik tərəfindən (Türkiyə istisna olmaqla - N.A) tanınmayıb. Bununla belə, Kipr türkləri dövlətçilik haqlarının dünya birliyi tərəfindən tanınması üçün öz mübarizələrini davam etdirirlər. Elə ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turganerlə müsahibəmizdə də həm 33 illik mübarizə tarixinə qısa nəzər saldıq, həm də digər məsələlərlə bağlı suallara cavab aldıq.
- Ufuk xanım, öncə sizi ŞKTC-nin elan olunmasının 33-cü ildönümü münasibətilə təbrik edirik. Təbii ki, 33 il ŞKTC üçün heç də asan keçməyib, müxtəlif çətinliklər, dünyanın haqsız hücumları ilə yadda qalıb. Bəs bütün bu çətinliklərə rəğmən, ötən 33 ildə nələrə nail oldunuz və gəlinən bugünkü nöqtə Kipr türklərini qane edirmi?
- Mən də təbrikə və bu əlamətdar gün ərəfəsində ölkəmizə ayırdığınız diqqətə görə “Yeni Azərbaycan” qəzetinə təşəkkür edirəm. Konkret sualınıza gəlincə, bəli, Kipr türkləri böyük bir mücadilə, çoxlu şəhidlər verilməsinin nəticəsində ŞKTC-ni qurdular. Eyni zamanda, ŞKTC-ni qurduqdan sonra da mücadiləmiz davam edir. Cümhuriyyətimizin dünya birliyi tərəfindən tanınmasına nail olmaq, ŞKTC-ni ayaqda tuta bilmək, özümüzün bütün imkanlarımızdan yararlanaraq xalqımıza münbit şərait yaratmaq üçün bu gün də yorulmadan mübarizə aparırıq. Yəni hələ son nöqtəyə çatmış deyilik. Ona görə də dünya birliyi Kipr probleminin ədalətli həlli, adadakı hər iki xalqın - türklərin və rumların hüquqlarının bərabər şəkildə təmin olunması üçün səy göstərməlidir. Bu, beynəlxalq aləm üçün də vacibdir. Məlum olduğu kimi, hazırda danışıqlar davam edir. Danışıqlar müsbət sonuclanarsa, iki tərəfdə eyni vaxtda referendum olacaq və sülh planı xalqa təqdim ediləcək. Yəni son söz xalqın olacaq. Ümid edirik ki, nəhayət, problem həll ediləcək. Amma yenə də xüsusi olaraq vurğulayıram ki, bu problem ədalətli, bərabər hüquqlar, Kipr türklərinin hakimiyyət haqqının və digər haqlarının rumlarla bərabər səviyyədə tanınması halında birdəfəlik həll edilə bilər.
- Siz elə bir ölkənin diplomatısınız ki, bu ölkənin haqqı hələ dünya birliyi tərəfindən tanınmayıb. Təbii ki, bunun müəyyən çətinlikləri də var və həmin çətinliklərlə üzləşərkən diplomat olduğunuza görə peşmançılıq keçirməmisiniz?
- Xeyr. Heç bir zaman peşmançılıq keçirməmişəm və bundan sonra da keçirməyəcəm. Çünki uşaqlıqdan arzum peşəkar bir diplomat kimi ölkəmə və xalqıma xidmət etmək olub. Və bunun üçün də ali təhsilimi Doğu Akdeniz Universitetinin beynəlxalq əlaqələr fakültəsində aldım. 1997-ci ildə Londondan Lefkoşaya döndükdən sonra eşitdim ki, Xarici İşlər Nazirliyində sınaq imtahanları keçirilir. Həmin sınaq imtahanlarında iştirak etdim və uğur qazandım. Beləliklə, 1997-ci ildə Xarici İşlər Nazirliyində işə başladım. Sualınızın birinci hissəsinə gəlincə, əlbəttə ki, tanınmamış bir ölkənin diplomatı kimi fəaliyyət göstərməyin çətinlikləri var və biz də vəzifəmizin icrası müddətində bunlarla üzləşirik. Ancaq işlədiyimiz ölkələrdə bacardığımız qədər bu çətinlikləri aşmağa çalışırıq. Bilirsiniz ki, Belçika, necə deyərlər, Avropa İttifaqının göbəyidir. Təbii ki, orada ŞKTC-nin diplomatı kimi fəaliyyət göstərmək çox çətindir. Lakin 8 aydır fəaliyyət göstərdiyim Azərbaycanda bu çətinlikləri hiss etmədim. İnsanların ŞKTC-yə maraq və sevgisi çox böyükdür. Bizi burada hər kəs çox mehriban, çox isti qarşıladı.
- Dediyiniz kimi, tanınmamış bir ölkənin diplomatı kimi fəaliyyət göstərmək çox çətindir. Bəs istər ŞKTC-də, istərsə də xaricdə keçirdiyiniz görüşlər, apardığınız danışıqlar zamanı bu çətinlikləri necə aşırsınız?
- Bunun üçün diplomatiya bacarığı olmalıdır. Yəni bizim kimi diplomatların durumu bəllidir. Biz bütün görüşlərdə ölkəmizin əlindən alınmış haqlarını müdafiə etməliyik. Çünki Cənubi Kiprdəki rum tərəfi bütün haqlara sahib olduğu, dövlət kimi beynəlxalq birlik tərəfindən tanındığı halda, Kipr türklərinə qarşı dünyanın acımasız davranışı davam edir. 2004-cü ildə keçirilən referendumda Annan planına dəstək verməsinə rəğmən yenə də Kipr türk tərəfi cəzalandırıldı. Avropa İttifaqı da verdiyi sözlərə əməl etmədi.
- Ufuk xanım, Azərbaycana təyinatınızı necə qarşıladınız?
- Mən buraya təyinat aldığım üçün çox xoşbəxtəm. Bura çox istəyərək gəldim. Bir diplomat üçün Azərbaycanda olmaq gerçəkdən xüsusi bir üstünlükdür. Buraya gəldiyimiz ilk andan həm ölkəniz, həm də insanlar bizi çox təsirləndirdi. Burada ikinci bir Vətəndəyik. Onun üçün burada olmaqdan çox məmnunam. Bizim üçün Azərbaycanın Şimali Kiprdən heç bir fərqi yoxdur və inşallah, çox gözəl işlər görəcəyik.
Onu da deyim ki, Bakının arxitekturasını çox bəyəndim. Burada köhnə binalarla yanaşı modern binalar da var. İçərişəhər isə ayrı bir gözəllikdir. Hər həftəsonu uşaqlarla gedirik. İnsanlarınız çox mehriban, qonaqpərvərdirlər. Azərbaycanlı qardaşlarımızla çox ortaq dəyərlərimiz var. Məsələn, bəzi sözlərimiz eynidir, adətlərimiz çox yaxındır, mətbəximizdə oxşarlıq var.
- Bəs digər şəhər və rayonlara baş çəkə bilmisinizmi?
- Bu səkkiz ay ərzində imkan edib ailəmlə Qəbələ, Quba və s. yerlərdə olmuşuq. Onu da deyim ki, Bakı kimi əyalətləriniz də çox gözəldir. İstər təbiəti, istər insanları, istərsə də quruculuq işləri əyalətləri dünya üçün maraqlı edir. Təbii ki, bütün bunlar Azərbaycanın inkişafı, qüdrətli ölkə olması ilə bağlıdır. Azərbaycanın bu qədər qüdrətli ölkə olmasından bir türk olaraq çox qürur duyuram. Buraya davamlı olaraq xaricdən dövlət adamları gəlir. Beynəlxalq tədbirlər, forumlar keçirilir. Azərbaycanın bu uğurları Türk dünyasının da bir parçası olaraq bizə - ŞKTC türklərinə də qürur verir.
- Dediniz ki, Azərbaycanın rayonları ilə tanışlığa ailənizlə getmisiniz.
- Bəli. 13 yaşında əkiz övladlarım var - bir qız, bir oğlan. Burada məktəbə gedirlər. Onlar da bura alışdılar. Uşaqlarım musiqi ilə maraqlanır, piano və kaman çalır. Anam da bizimlədir. Həyat yoldaşım isə Kiprdə işlədiyinə görə buraya tez-tez gedib-gəlir.
- Təbii ki, sizə qədər də ŞKTC ilə Azərbaycan arasında təhsil və turizm sahəsində əlaqələr mövcud olub. Maraqlıdır, sizin bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hansısa planlarınız varmı?
- Bəli, var. Öncə turizmdən başlamaq istəyirəm. Bizim istəyimiz budur ki, Azərbaycanı daha çox kiprli türklər, ŞKTC-ni isə azərbaycanlılar ziyarət etsinlər. Doğrudan da, Azərbaycan öz tarixi, təbiəti, mədəniyyəti ilə zəngin bir ölkədir. Həmçinin Şimali Kiprin də turizm baxımından özünəməxsus üstünlükləri - dənizi, zəngin mədəniyyəti, gözəl təbiəti var. Yəni turizm sahəsində qarşılıqlı olaraq addımların atılması üçün müəyyən planlarımız var. Yaxın günlərdə ŞKTC-dən bir nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfər çərçivəsində ŞKTC-nin turizm potensialının təqdimatı keçiriləcək və həmçinin buradakı turizm şirkətləri ilə danışıqlar aparılacaq. Eyni zamanda, turizmlə bağlı gələcəkdə Azərbaycandan da bir heyət ŞKTC-yə gedə bilər.
Təhsillə bağlı əlaqələrimizdə də bəlli bir nöqtəyə qədər gəlmişik. Amma hesab edirəm ki, bu sahədə əlaqələrimizin daha da inkişaf etdirilməsi lazımdır və bunun üçün planlaşdırdığımız addımlar var. Hazırda Azərbaycandan 1000-ə yaxın tələbə ŞKTC-də ali təhsil alır. Amma bu sayı artırmaq istəyirik. Bu istiqamətdə ŞKTC universitetləri ilə danışıqlar aparırıq. Çalışırıq ki, onlar azərbaycanlı gənclər üçün təhsil məsələsində daha çox güzəştlər versinlər. Yəni mənim hədəfim, məqsədim budur. Daha çox azərbaycanlı gəncin bizim ölkəmizə gəlib təhsil almasını və geri dönüb öz vətənləri üçün faydalı işlər görmələrini çox istəyirik. Eyni zamanda, Azərbaycandakı universitetlərlə ŞKTC universitetləri arasında tələbə mübadiləsi ola bilər. Yeri gəlmişkən, qəzetiniz vasitəsilə müraciət edib, demək istəyirəm ki, istər hazırda ŞKTC-də təhsil alan, istərsə də gələcəkdə təhsil almaq istəyən azərbaycanlı gənclərin hər hansı bir sualları olarsa, buyursunlar. Qapımız hər zaman açıqdır, istənilən vaxt müraciət edə bilərlər. Biz onlara əlimizdən gələn köməyi etməyə hazırıq.
- Bəs mədəni sahədə hansı addımlar nəzərdə tutulur? Bəzən deyirlər, diplomatların görə bilmədikləri işi mədəniyyət xadimləri, sənət adamları görür. Bu baxımdan iki ölkənin sənət adamlarının qarşılıqlı səfərləri, ortaq mədəniyyət tədbirləri ilə bağlı bir planınız varmı?
- Siz maraqlı və vacib bir məsələyə toxundunuz. Zatən bu məsələ üzərində də ciddi çalışırıq. Yeri gəlmişkən deyim ki, noyabrın 15-də Azərbaycan xalqına bir sürprizimiz olacaq. ŞKTC-dən bir sənətçimiz burada olacaq. Eyni zamanda, dediyiniz kimi, həm ŞKTC sənətçilərinin burada, həm də Azərbaycan sənətçilərinin ŞKTC-də mədəni tədbirləri üçün planlarımız var. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan sənətin beşiyidir. Burada gördüyüm sənət əsərləri, istər balet, istər opera, məni heyran edib.
- Siz diplomatsınız və təbii ki, daha çox beynəlxalq əlaqələrlə bağlı mövzulara maraq göstərirsiniz. Amma mənim üçün maraqlıdır. Ufuk xanım boş vaxtlarında musiqi dinləyir, yoxsa kitab oxuyur?
- Boş zamanım olduqca öncəliklə uşaqlarla vaxt keçirirəm. Evdə olmağa, klassik musiqi dinləməyə üstünlük verirəm. Təbii ki, kitablar da oxuyuram. Eyni zamanda, idmanla məşğul olmaq istəyirəm. Amma hələ ki, buna vaxtım yoxdur.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

