Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanın prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirib

Azərbaycanın prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirib

06.01.2018 [10:48]

Yanvarın 5-də Baş Prokurorluqda 2017-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi nəticəsində 2017-ci ildə dünyada mövcud siyasi, iqtisadi böhranlara baxmayaraq, ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, həyata keçirilən ciddi və hərtərəfli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilib, iqtisadi sabitlik təmin edilib, ölkəmizin gələcək inkişafı üçün perspektivlər açılıb.
Bildirilib ki, ötən il ölkəmizin hərtərəfli inkişafının parlaq gələcəyinə təminat verən qərarların qəbul edilməsi, regionda sabitliyə, xalqımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcək, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi, “Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi, paytaxt Bakının və respublikamızın digər guşələrinin ideal məkan sayılaraq mötəbər beynəlxalq iqtisadi, humanitar forumlara, dünya miqyaslı idman yarışlarına - Formula-1 Azərbaycan Qran-Prisinə, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi və bütövlükdə mövcud ictimai-siyasi sabitliyin qorunması, əhalinin güzəranının yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi kimi mühüm hadisələrlə yadda qalıb.
Müşavirədə ötən il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisənin - Azərbaycanın mədəniyyətinin təbliğinə, xalqlar arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə, milli irsin, milli özünüdərkin və azərbaycançılıq ideyalarının qorunmasına əvəzsiz töhfələr verən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyinatı xüsusi vurğulanıb.
Qeyd olunub ki, 2017-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Xalqımızın və dövlətimizin tarixində çox əlamətdar hadisələrdən biri olan işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin əzəli torpaqlarımıza qayıtma əzmini daha da artırıb.
Diqqətə çatdırılıb ki, 2017-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. İctimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər hüquq mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri, ilk növbədə, Prezident İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqların və mənfi təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.
Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi prokurorluq orqanlarının ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizəsi ötən dövrlərdə olduğu kimi, 2017-ci ildə də uğurla davam etdirilib.
Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olan bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib.
Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkarlanan nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması ötən il də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.
Əməliyyat müşavirəsində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə konkret tapşırıqlar verilib. Həmçinin prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2017-ci ilin nəticələrinə görə artım müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlər görülüb. Xüsusi vurğulanıb ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq, baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbullarda qaldırılan məsələlərin yerindəcə həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər görülüb.
Müşavirədə baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, baş prokurorun müavini Namiq Əsgərov “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli Qanununun qəbulu ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələrin vaxtında və səmərəli icrasının təmin olunması, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2017-ci ilin iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə ətraflı məlumat veriblər.
Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq, əvvəlki illərdə törədilən və bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə edilərək təqsirkar şəxslərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunub. Habelə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.
Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının rəhbərlərindən tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkarlanan mənfi təzahürlərə qarşı mübarizə qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.
Eyni zamanda, 2017-ci il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməsi və nəticələrin Baş Prokurorluğun idarə və şöbələrində müzakirə olunması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirib ki, 2018-ci ildə də Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında öz səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31