Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Praktik əhəmiyyətli vəsait

Praktik əhəmiyyətli vəsait

16.08.2018 [08:47]

Uzun illər ali və orta ixtisas təhsil müəssisələrində tədris-tədqiqat işləri ilə məşğul olan Həsən və Sara Bayramovların bu yaxınlarda Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurasının qərarı ilə “Uşaq birlikləri rəhbərləri işinin metodikası” adlı metodiki vəsaiti çap olunmuşdur. Vəsaitdə qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin təhsil, sosial məşğulluq, səhiyyə və gənclər siyasəti, ölkədə gedən proseslərdə gənclərin həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi məktəbi idarəetmə prosesində iştiraklarının metodikasından bəhs edilir.
Azərbaycan Respublikasında bu sahədə işlərin uğurla davam etdirilməsi, göstərilən istiqamətlər üzrə inkişaf proqramlarının və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbulu Uşaq və Gənclər hərəkatının formalaşmasına, bu yaşda olanların təlim-tərbiyəsinə təkan vermişdir. Bir tərəfdən, yeni tipli uşaq birlikləri yaranaraq inkişaf etmiş, digər tərəfdən də, onların maddi-texniki və təşkilati-metodiki imkanları güclənmişdir. Təbii ki, bu işlər tərbiyə qurumu olaraq yeni tipli liberal cəmiyyət quruculuğunu zənginləşdirməklə, yeniyetmələrin vətəndaş tərbiyəsi prosesinə stimul verməkdədir.
Ona görə də təhsil şəbəkəsində bu qurumların əhəmiyyəti, onlarla işin metodikası getdikcə yüksək qiymətləndirilməkdədir.
Ümumtəhsil müəssisələrində də onlarla işin metodikasının öyrənilməsi çox vacib olmaqla, uşaq birlikləri rəhbərləri, məktəb psixoloq-voleoloqları üçün nəzərdə tutulmuş bu metodik tövsiyə həm onlarla işin elmi-praktik hazırlığını təmin etmək, həm də gələcəkdə ümumtəhsil məktəblərində uşaq birlikləri menecer-metodistləri vəzifəsinə hazırlaşanlar üçün çox əhəmiyyətlidir.
Məktəbi idarəetmənin mühüm bir vəsiləsi olan uşaq birliyi rəhbərləri ilə iş, onların fəaliyyətinin metodikası, prosesin sosial, psixoloji, pedaqoji, ictimai aspektləri bu sahədə çalışanların işlərinə yeni məna verməkdədir. Üstəlik, virtual informasiyanın məktəbyaşlı uşaqlara da ciddi təsir göstərdiyi bir vaxtda vəsait çox aktual əhəmiyyət daşıyır.
Vəsaitdə göstərildiyi kimi, uşaqlar həm məktəbdə, həm də ondan kənarda öz maraq dairələrinə görə birləşirlər. Uşaq birlikləri şəraitində uşağın sosiallaşması məsələsinin həllinə yönəlmiş tərbiyəvi iş şəxsiyyətin formalaşmasının digər amilləri ilə qarşılıqlı əlaqədə keçirilsə də, öz məqsədi, məzmunu və strukturu etibarı ilə onlardan xeyli fərqlənir. Sosial münasibətlər dinamikdir. Bu, uşaqların müvəqqəti birliklərdə intensiv ünsiyyəti zamanı daha çox meydana çıxır.
Uşaq birlikləri ilə işin metodikasının sosiallaşması prizmasından yanaşsaq, hər hansı birliyin məqsədini iki aspektdə nəzərdən keçirmək olar: uşaqların öz qarşılarına qoyduğu məqsəd, uşaq birliklərinin işində iştirak edən böyüklərin qarşıya qoyduğu məqsəd.
Uşaqların könüllü birliyi yalnız o zaman mümkün olar ki, onlar bu işdə maraqlı həyat perspektivlərini, öz tələbatlarının təmin olunması imkanlarını görə bilsinlər. Ən vacibi odur ki, birliklər uşaqların fəaliyyətinin sosial əhəmiyyətini yüksəldə bilsinlər.
Uşaq birlikəri müasir dövrdə hər cür informasiya axınlarının tüğyan etdiyi bir zamanda təlim-tərbiyə prosesini koordinasiya baxımından da çox vacibdir. Onlar şagird şəxsiyyətinə ikitərəfli təsir göstərir. Bir tərəfdən, uşağın məqsəd, maraq və tələbatlarının təmin olunmasına şərait yaradır. Digər tərəfdən, öz tələbatlarını məhdudlaşdırma, ictimai normaları, dəyərləri, sosial proqramları korrektə yolu ilə şəxsiyyətin daxili imkanlarının seçimi baş verir.
Beləliklə, müxtəlif uşaq birlikləri uşağın daxili aləminin təşəkkülünə, onlarda ümumi mədəniyyətin, yeni dəyərlərin formalaşmasına imkan yaradır, uşağın sosial inkişafını stimullaşdırır. Bu prosesdə uşaq birliyi rəhbərinin qarşılaşdığı ən mühüm çətinliklərdən biri uşaqların intellektual və psixoloji hazırlıqlarının təmin edilməsidir ki, burada da təlim-tərbiyə prosesində psixoloji biliklərin roluna xüsusi diqqət yetirilməsi vacibdir. Böyüyən nəslin milli-mənəvi ruhda tərbiyə olunması bütün dövrlərdə xalqların diqqət mərkəzində olmuşdur. Lakin zaman-zaman bu tələblər müxtəlif amillərin təsiri altında dəyişmiş, bir vaxtlar öyrədilən, təbliğ və tələb olunan keyfiyyətlər sonralar qəbul olunmamışdır.
Müəlliflərin də qeyd etdiyi kimi, müasir dövrdə şəxsiyyətin tərbiyəsi daha mürəkkəb bir problemdir. Bir tərəfdən, insanların biliyi, erudisiyası, intellektual səviyyəsi yüksəlmiş, dünyagörüşü, maraqlarının sferası genişlənmişdir. Digər tərəfdən də, son vaxtlara qədər bəyənilən, qəbul edilən bir çox keyfiyyətlər bu gün yaramır, hətta zərərli hesab olunur.
Müasir dövrdə tərbiyə məsələləri daha çox sosial mühitin təsiri kontekstində araşdırılır. Hətta müasir psixoanalitiklər də ictimai mühitin şəxsiyyətin formalaşmasına təsirini etiraf edirlər. Əlbəttə, ayrı-ayrı psixoloqların şəxsiyyətin formalaşmasına dair fikirləri müxtəlif ola bilər, lakin şəxsiyyətin formalaşmasında həyat təcrübəsinin və mühitin rolunu hamı yekdilliklə qəbul edir. Bununla bağlı olaraq psixoloji tədqiqatların mühüm hissəsi uşaq psixikasının sosiallaşmasına həsr olunmuşdur. Başqa sözlə desək, uşaq ictimai mühitin təsiri altında ictimai davranış formalarını, ideologiyanı, mədəni davranış qaydalarını mənimsəyərək fərddən, bioloji varlıqdan cəmiyyət üzvünə çevrilir. Şəxsiyyətin sosial mahiyyətini insanın tərbiyə aldığı və iştirak etdiyi ictimai quruluş, mədəniyyət müəyyənləşdirir.
Tərbiyə işində, şəxsiyyətin formalaşdırılmasında yoldaşlarının, kollektiv üzvlərinin təsiri sozsüzdür. Lakin o, düzgün istiqamətləndirildikdə daha çox səmərə verir.
Bu baxımdan, məktəbdə uşaq birliyi rəhbərinin əmək funksiyası da ciddi məsələdir. O, uşaq ictimai birlikləri və təşkilatlarının fəaliyyətini təşkil edir. Uşaq birlikləri təşkilatının rəhbəri iş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir. Öz işini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur. Təşəbbüslərə yaradıcı yanaşır, yeniyetmələrin qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır.
Vəsaitdə uşaq birlikləri və onların tipologiyası haqqında, uşaq təşkilatları və onların fəaliyyət istiqamətləri, uşaq birliklərində metodik işin təşkili və işgüzar tədris oyunları, uşaq birliyi rəhbərləri və ümumtəhsil müəssisələrində şagird özünüidarəsi fəaliyyətinin əlaqələndirilməsi, uşaq birliyi rəhbərləri və uşaq hüquqları, “Uşaq Hüquqları Konvensiyası”, “Azərbaycan Uşaqlar Birliyi”, “SOS Uşaq Kəndi Proqramı”, “Azərbaycan Skautlar Assosiasiyası”, “Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları”, “Respublika Uşaq Birliyi Təşkilatı Rəhbərləri Məktəbi” məsələlərindən bəhs edilməklə bu sahədə çalışanlar gərəkli pedaqoji ədəbiyyat əldə etmiş olurlar. Digər mühüm məqam uşaq birliyi rəhbərləri üçün sonda sözlüyün verilməsidir. Bununla müxtəlif ixtisas sahibi uşaq birlikləri rəhbərləri vacib pedaqoji-psixoloji və sosial-hüquqi terminlərlə, onların açması ilə nəzəri-praktik biliklərini zənginləşdirirlər.
Hümeyir Əhmədov
Təhsil İnstitutunun şöbə müdiri,
pedaqoji elmlər doktoru, professor

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31