Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Dünyanı Vanda görüşdürürük”

“Dünyanı Vanda görüşdürürük”

19.10.2018 [08:53]

Və yaxud 9-cu Van Doğu Anadolu Turizm və Səyahət Sərgisi haqqında bəzi qeydlər
Dünya müxtəlifliyi, rəngarəngliyi ilə gözəldir. Sentyabrın 27-də Vanda təşkil olunan sərgini də qardaş Türkiyənin bölgələrinin özünəməxsusluğunu, dünyanın rəngarəngliyini bir araya gətirən və bununla da iştirakçılarda zəngin təəssüratlar yaradan unikal bir tədbir kimi səciyyələndirmək mümkündür. Sərgidəki pavilyonları gəzib dolaşarkən coğrafi sərhədlərlə bir-birilərindən ayrılan ölkələri və insanları birləşdirən çox güclü ümumi cəhətlərin olduğu barədə düşüncələrə dalır, eyni zamanda, orada elə ilk andaca nəzərə çarpan dil, geyim, ənənə, özünüifadə, məişət fərqliliyindən vəcdə gəldiyimi gizlətmirdim. Sərgidə müxtəlif xalqları və mədəniyyətləri təmsil edən iştirakçılarla təmaslardan aldığım zövqü, keçirdiyim hissləri bütün dolğunluğu ilə ifadə etmək isə, həqiqətən, çox çətindir.

Məlumat üçün bildirim ki, “Dünyanı Vanda görüşdürürük” devizi ilə keçirilən 9-cu Van Doğu Anadolu Turizm və Səyahət Sərgisinə ümumilikdə 6 ölkəni və Türkiyənin ayrı-ayrı bölgələrini təmsil edən 115 qurum qatılmışdı. Açılış mərasimində çıxış edən sözügedən sərginin təşkilatçısı Ajans Asiya Fuarçılıq təşkilatının idarə heyətinin sədri Süleyman Gülər bildirdi ki, bu, öz miqyası baxımından Türkiyənin üçüncü ən böyük sərgisidir. Vurğulandı ki, belə bir sərginin təşkilində məqsəd Türkiyənin Van bölgəsində turizmin inkişafına dəstək vermək, bu bölgənin turizm potensialını dünyaya nümayiş etdirərək, turistlərin diqqətini buraya yönəltməkdir.
Açılış mərasimində həmçinin Van valisi Murat Zorluoğlu, Van Yüzüncü Yıl Universitetinin rektoru Peyami Battal, Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulahat Arvas və digərləri çıxış edərək sərginin keçirilməsinin əhəmiyyətindən danışdılar. Van valisi Murat Zorluoğlu çıxışında qeyd etdi ki, Van bölgəsində mövcud olan Van qalası, Van gölü, Van gölündə yerləşən Akdamar adası özündə min illik tarix yaşadır. Onun bildirdiyinə görə, bölgədəki tarixi abidələr ciddi şəkildə mühafizə olunur. Həmin abidələrdə indiyədək zəruri bərpa işləri görülüb, onların tarixi siması qorunaraq saxlanılıb.
Bununla belə, hazırda bölgənin turizm imkanlarının artırılması ilə bağlı yeni işlərin görülməsinə də ehtiyac duyulur. Murat Zorluoğlu dedi ki, məhz bunu nəzərə alaraq dövlət təşkilatları və özəl sektorun nümayəndələri bir-birinə dəstək göstərib bölgənin turizm imkanlarının genişlənməsinə öz töhfələrini verməlidirlər.
Açılış mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulahat Arvas isə 2017-ci ildə Van bölgəsinə 1 milyon nəfərdən artıq turistin gəldiyini bildirdi. Lakin 2018-ci ildə isə bölgəyə gələn turistlərin sayında 15 faiz azalma baş verib. Bu da bölgədə turizmin inkişafı ilə bağlı işlərin gücləndirilməsinin zəruriliyini gündəmə gətirib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Tanıtma genel müdür yardımçısı Cengiz Aydın isə Türkiyənin turistlər üçün önəmli bir məkan olduğunu bildirib.

 

 

“Akdamardan Sarı gəlinədək erməni yalanı” kitabı Vanda böyük maraqla qarşılandı
Onu da qeyd edim ki, sərgi yalnız buraya təşrif gətirən ziyarətçilərin sayının və ayrı-ayrı pavilyonlarda nümayiş etdirilən məhsulların çeşidinin çox olması ilə diqqəti çəkmirdi. Bütövlükdə tədbir yerli mətbuatın və xarici KİV-lərin diqqət mərkəzində idi. Sərgini işıqlandırmaq üçün Van bölgəsinə xarici kütləvi informasiya vasitələrinin jurnalistləri də ezam olunmuşdu.
Yuxarıda vurğuladığım kimi, sərgiyə qatılan hər qurum təmsil etdiyi ölkəni və yaxud bölgəni daha dolğun və fərqli şəkildə təqdim etməyə çalışırdı. Müxtəlif çeşidli və fərqli dada malik nemətlərdən dadmadan pavilyonların qarşısından keçmək mümkün deyildi. Yaxınlaşıb hal-əhval, hansı ölkəni və yaxud Türkiyənin hansı bölgəsini təmsil etdiklərini soruşmaq ayrı-ayrı pavilyonlarda qonaqları ayaqüstə qarşılayıb yola salan iştirakçılara sanki dünyanı bağışlayırdı. Sərgidə yaşanan özəlliklər, yəqin ki, buraya gələnlərin yaddaşından uzun illər boyu silinməyəcək.
Yeri gəlmişkən, tədbir çərçivəsində Van valisi Murat Zorluoğlu ilə görüşərək ona “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun “Akdamardan Sarı gəlinədək erməni yalanı” kitabını təqdim etdim. Kitabı böyük maraqla qarşılayan vali bu kimi araşdırmaların aparılmasının tarixi əhəmiyyətini vurğuladı, kitabın bu mövzu ilə bağlı ermənilərin saxta iddialarının ifşa edilməsi baxımından əsaslı mənbə rolu oynadığını bildirdi. Yaxınlıqda olan digər iştirakçılar da azərbaycanlı müəllifin əsərinə böyük maraq göstərdilər. Hər bir iştirakçı bu kitabı əldə etmək istəyini dilə gətirdi. Mən təəssüfümü ifadə edərək bildirdim ki, hamının istəyini yerinə yetirə bilməyəcəyəm, çünki Vana kitabın məhdud sayda nüsxəsini aparmışdım.

“Bir millət, iki dövlət” kəlamının hər kəsdə sonsuz qürur doğurduğu şəhər - Van
Sərgi çərçivəsində həmçinin iştirakçılar Vanın zəngin turizm potensialı, eləcə də buradakı tarixi əhəmiyyətə malik abidələrlə yaxından tanış olmaq imkanı qazandılar. Əvvəlcədən deyim ki, Van şəhəri elə ilk gündən, ilk tanışlıqdan bizi özünə möhkəm tellərlə bağladı və hər birimizdə böyük rəğbət hissi oyatdı. Bunun bir səbəbi Vanın küçələrinin təmizliyi, genişliyi və səliqəliliyi idisə, digər səbəbi də şəhər sakinlərinin bizə göstərdiyi isti münasibət idi. Onlar Azərbaycandan gəldiyimi bildikdə mənə daha xoş və daha doğma insan kimi münasibət bəsləyirdilər. Vanda Ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının hər kəsdə sonsuz iftixar hissi doğurduğunun şahidi oldum. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xalqı tərəfindən çox sevilməsini duymaq, hiss etmək məni qürurlandıran digər bir məqam idi. “Biz İlham Əliyevi çok severiz, O, bizim en büyük qardaşımız, dostumuzdur”, - deyirdilər Van sakinləri hər görüşümüzdə. Əslində, Van sakinlərinin azərbaycanlılara qarşı belə böyük rəğbətinin səbəbi bəllidir - bu hərarət, sevgi Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq münasibətlərindən qaynaqlanır. Heç şübhəsiz ki, ortaq kökə, ortaq dilə və eyni dinə mənsub olmağımız bizi birləşdirən ən böyük dəyərlərdəndir. Bu gün bu iki ölkə arasındakı münasibətlər görkəmli dövlət xadimi, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün söyləmiş olduğu “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Bir sözlə, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədə, ən yüksək səviyyədədir.
Yalnız bir balıq növünün yaşadığı Van gölü
Van şəhərinin göz oxşayan mənzərəsini yerli sakinlərin dəniz adlandırdığı, dağların arasında yerləşən Van gölünün valehedici gözəlliyi tamamlayır. Soda-karbonat tərkibli şəffaf mavi suyu sağlamlıq üçün çox faydalı olan Van gölünün ətrafında yaxın illərdə istirahət mərkəzlərinin inşa edilməsi planlaşdırılır. Van gölü ilə bağlı diqqətimizi çəkən maraqlı məlumatlardan biri də o oldu ki, bu göldə yalnız bir balıq növü, İnci kefal adlandırılan balıq yaşayır.
Daha sonra ekskursiyamız Səlcuqların Anadoluda son izləri hesab olunan Gevaşda yerləşən Səlcuqlu məzarlığı və Halime Hatun türbəsi ilə tanışlıqla davam etdi. XII əsrdə Halime Hatun günbəzi Melik İzettin tərəfindən qızının xatirəsi üçün tikdirilib. 1940-cı ildə Gevaşa təyin olunan bir kaymakam tərəfindən buradan yol çəkilmiş, bu da tarixi abidəyə ciddi ziyan vurmuşdur. Abidə 2006-cı ildə bərpa edilib. Bildirim ki, bu məzarlıqda Səlcuqlularla yanaşı, Osmanlıların da qəbirləri var və burada ümumən 60 min qəbir üst-üstədir.
Sonra şəhər mərkəzindən 60 km uzaqlıqda yerləşən Van Akdamar adasına yollandıq. Məlumat üçün qeyd edim ki, bu adada ən qədim abidə Urartular dövründən qalma kilsədir. Kilsənin üzərində Adəm və Həvvanın cənnətdən qovulması, İbrahim, İsa, Yunus və bir çox peyğəmbərlər haqqında dini, tarixi rəvayətlərin rəsmləri daş qabartma üsulu ilə işlənmişdir. Adətən, bu rəsmlərin yanında eyni üsulla, eyni dəstxətlə yazılar olur. Lakin buradakı sonradan cızılmış yazılar diqqətimi çəkdi. Tarixi uzun illər olsa belə, bu yazı işarələrinin kilsənin yarandığı tarixdə cızılmadığı açıq şəkildə nəzərə çarpırdı.

 


Bu da böyük intizarla gözlədiyim Van qalası
Səfər çərçivəsində Urartu mədəniyyətinin paytaxtı olan Tuşpa şəhərinə yola düşdük. Tarixi mənbələrdən bəlli olduğu kimi, 1800 metr uzunluğunda olan Van qalası Lutiprinin oğlu Sarduri tərəfindən VIII-IX əsrlərdə şəhəri qorumaq deyil, şəhərə nəzarət və idarə edə bilmək məqsədi ilə inşa edilmişdir. Qalanın girişində daş üzərində “Mən Lutipri oğlu Sarduri kralların kralı böyük kral” deyə kralın özünü öyən kitabə var. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Vanın, demək olar, bütün tarixi yerlərində daş üzərində yazılar assurluların Çivi hərfləri ilə yazılıb. Urartuların möhtəşəm memarlıq və qaya sənətinin ustalığını sübut edən bu qala hər bir düşünülmüş elementi ilə insanı heyrətə gətirir. Qala daşlarında müxtəlif vaxtlarda bərpa olunduğuna görə 3 dövrün izləri var. Bunların arasında Urartular tərəfindən ilk dəfə hörülən nəhəng qala daşlarını, sonrakı mərhələdə Osmanlılar dövründə, daha sonra isə hazırkı dövrdə aparılan bərpa zamanı yaranan izləri fərqləndirmək mümkündür. Qalanın hər tərəfindən böyük Van şəhərinin mənzərəsi görünür, cənub tərəfində isə dağılmış Tuşpa şəhərinin qalıqları, Səlcuq və Osmanlılardan qalma məscidlər var. Həqiqətən də, qala şəhəri bütünlüklə nəzarətdə saxlaya biləcək qədər hündürlükdə və mərkəzdə yerləşir.
Burada qalanın qayalarına oyulmuş bir neçə məzar var. Qalanın şimal tərəfində isə ana qayaya oyulmuş Urartu kralı 1-ci Argiştinin məzarlığı yerləşir. Məzarda 1 böyük salon və salona açılan 4 otaq var. Bu məzarlığı Urartu kralı özü və yaxınları üçün hazırlatmışdır. Məzarlığın girişində böyük bir daş üzərində Urartu krallığının ən böyük və uzun kitabəsində Urartu kralı səltənətini sürdüyü dövrdə siyasi işləri, səfər və döyüşləri, inşa etdirdiyi yerləri qeyd edərək həyatının tarixçəsini yazdırmışdır. Çağdaşlarından fəqli olaraq assurlardakı kimi Urartu krallığı dövründə də heç bir kitabə yazılarında, rəsmlərdə dəhşətverici döyüş səhnələrindən söz açılmamış, rəsmlər cızılmamış və Urartu sənətində bu şeylərə yer verilməmişdir.
Bu vahiməli məzarı tərk edərək qalanın ən yüksək yerində XVI əsrdə inşa olunmuş Osmanlılara aid məscidə gəldik. 3 il öncə yenidən bərpa edilmiş məscidə yerli əhali cümə namazını qılmaq üçün yığılır.
Səfər zamanı bir şeyə də əmin olduq ki, bu torpaqlarda yüzilliklər ərzində türk xalqına məxsus adət-ənənələr və zəngin mədəniyyət formalaşıb. Yeri gəlmişkən, səfərimiz həftəsonuna düşdüyü üçün toylar çox idi. Yeni evlənənlər qalanı ziyarət edərək burada şəkillər çəkdirirlər. Qeyd edim ki, gənclər öz toylarına milli geyimlərdə gəlməyə üstünlük verirlər. Bu geyimlər al-əlvan və rəngarəng olması ilə diqqəti cəlb edir.
Növbəti gün isə məşhur Van Kedi villasına yola düşdük. Yüzüncü Yıl Universitetinin ərazisində yerləşən 2 mərtəbəli böyük bir villada nəsli kəsilməkdə olan Van pişikləri xüsusi qoruma altındadır. Rəngləri ağ, gözlərinin rəngi fərqli olan bu pişiklər suda üzməyi çox sevir. Buna görə də onların yaşadığı yerdə kiçik bir hovuz da var. İnsanlara çox sevgi ilə yanaşan pişiklərə turistlər tərəfindən xüsusi maraq göstərilir.

Hoşap qalasında Naxçıvan izi...
Növbəti səfərimiz Hoşap qalasına oldu. Yüksək bir qayanın üzərində qartal yuvası kimi görünən bu qala bölgəyə nəzarət edilməsi üçün Mahmudi Suleyman tərəfindən 1643-cü ildə inşa edilmişdir. Özündə Naxçıvanın izini də yaşadan bu qalanın nəhəng dəmir qapısı original olaraq dövrümüzə qədər olduğu kimi qalmışdır. Qeyd edək ki, Evliya Çelebi “Səyahətnamə”sində qala qapılarına, oradakı Naxçıvan izinə işarə edərək belə yazıb: “Osmanlı ülkesinde kale kapıları hep ağaç üzerine demir kaplı kapılardır ki, ateş etsen ağaç yanar, demirler dökülür. Ama bu Hoşap kalesi kapısının her kanadı üç yüz kantar Nahçıvan demirindendir. Hiç ağaç kısmı yoktur”.
Əfsanəyə görə, bu möhtəşəm qalanın memarının əlləri kəsilmişdir ki, bir daha belə bir qala yarada bilməsin. Qalanın ən üst tərəfində gözətçi qülləsi, yanında harem yerləşir. Məscid, zindan, təndir, sarnıc, hamamı ilə tam bir saray ansanbılı yaratmışlar. Qala XIX əsrdə tərk edildiyinə görə günümüzədək daha sağlam halda qalıb.
Vandakı tarixi qalalardan biri də kral 2-ci Sarduri tərəfindən 734-764-cü illərdə dini və iqtisadi məqsədlə inşa edilmiş Çavuştəpə qalasıdır. 2 məbədi olduğu üçün önəmli sayılır. Burada saray, emalatxanalar, şərab və ərzaqlar üçün küplərin saxlanıldığı xüsusi yerlər və çox sayda taxıl anbarları vardır. Bu qalanın həm dini baxımdan, həm də hücumlardan qorunmaq üçün strateji önəmi var. Andezit daşlardan birinin üzərindəki kitabədə “Daha öncə burada heç nə qurulmadı. Mən krallıq vəzifəsinə keçdikdə burada tanrı Haldi və tanrı İrmuşiniyə məbəd tikdirdim. Hoşap çayından kanal açdırdım. Tarla, bağ-bağçalar yaratdım. Yeni bir şəhər qurdum”, - yazılıb.

 


“Şeytan körpüsü”ndən keçmək hər igidin işi deyil...
Səyahətimizin növbəti günü Muradiyyə şəlaləsinə idi yolumuz. Məlumat üçün bildirim ki, adını Osmanlı padşahı 4-cü Muraddan alan Muradiyyə şəlaləsi 50 metr hündürlükdədir. Hər mövsümdə turistlərin böyük marağına səbəb olan bu şəlalənin ətrafında istirahət üçün hazırda tikinti işləri gedir.
Daha sonra Bendimahi çayı üzərindəki XIX əsrlərdə uçurumun üzərində andezit daşlarla tikilən Şeytan körpüsündən keçdik. Ətraf kəndlərə getmək üçün yeganə keçid olan bu körpü dar olduğundan çoxlu sayda insan körpünü keçərkən həlak olduğuna görə xalq arasında körpünün adı “Şeytan körpüsü” deyə qalıb.

 Akdamarda gizlənən tarixi həqiqətlər
Səfərimizin ən yaddaqalan məqamı isə Akdamar kilsəsi ilə bağlı oldu. Akdamardakı kilsə ilə tanışlığımız barədə yuxarıda qismən də olsa söhbət açdım. İndi isə bildirim ki, səfər çərçivəsində ermənilər tərəfindən ziyarətçilərə bu kilsə ilə bağlı uydurulmuş və heç bir əsası olmayan rəvayətin gerçəklik kimi təqdim edilməsinin şahidi oldum və buna etiraz etdim. Xatırladım ki, Akdamar kilsəsinin uydurulmuş rəvayətinə görə, guya bir müsəlman kilsə keşişinin Tamar adlı qızına aşiq olub. Qız hər gecə şam yandırar, gənc şam yanan tərəfə üzər və görüşərmişlər. Bunu başa düşən keşiş şamı tufanlı bir gecədə yandırır. Sevgisinə sadiq olan gənc firtınaya baxmayaraq, bu dəfə də sulara baş vurur. Yorulub göldə batan gənc “Ah Tamar” deyə qızı səsləyir. Elə o zamandan da adanın və kilsənin adı Akdamar qalır.
Lakin təbii ki, bu rəvayətin heç bir elmi əsası yoxdur. Onu da deyim ki, Milli Məclisin deputatı Hikmət Babaoğlunun “Akdamardan Sarı gəlinədək erməni yalanı” kitabını illər öncə oxumuşdum. Orada qeyd olunur ki, Akdamar sözü ak, bəyaz, nur, işıq sözündəndir: “Damar isə insanın bədənini dolaşaraq ona həyat verən yoldur. Akdamar işıq yolu, süd yoludur. Südün də rənginin ağ olduğunu nəzərə alsaq, hələ şamanizm dövründən tanrıçı türklərə bəlli olan süd yolu bu gün türklərin samanyolu dediyi o kosmik fəza ilə əlaqədardır. Yəni bu kilsə kainata bağlanmaq, kosmik əlaqəyə girmək, işıqlı yola qovuşmaq üçün türklərin tikdiyi bir ibadətgahdır. Akdamar bu anlamda yozulmalıdır və bu bir daha sübut edir ki, Akdamar qıpçaqlarındır. Və qədim türk torpaqlarında yerləşən bu adada IX əsrdə inşa edilən kilsəyə ermənilərin iddia etməsi heç cür başa düşülən deyil”.
Beləliklə, millət vəkilinin sözügedən kitabda təsvir etdiyi bu tarixi abidəni öz gözlərimlə görmək xoşbəxtliyi mənə nəsib olmuşdu. Bu tarixi kilsədə erməni saxtakarlığının izlərini müşahidə etmək isə adamda məyusluq yaradırdı. Elə bu məyusluq fonunda da Akdamar adasında kilsəni ziyarət edərkən arxeoloq rəhbərimizə verdiyim “Axı yazılar sanki sonradan daşların üzərinə oyulub, deyilmi?” sualına “Bəli, elədir” cavabını aldım. Bütün məbədlərin üzərində işləmələrə uyğun yerlərdə kitabələr yazılmışdır. Sonradan yazılan yazı saxta sayılmırmı? Elə bu məqamda da yenə Hikmət Babaoğlunun kitabından bir sitatı xatırlatdım: “Ermənilər öz tarixlərini deyil, hər zaman yaşadıqları coğrafiyanın tarixini hay tarixi kimi qələmə veriblər”.
Hikmət Babaoğlunun qeyd etdiyi kimi, bu kilsə alban kilsələrinin eynisidir. Uzərindəki işləmələrdə isə türk tarixini göstərən rəsmlər var. Sual yaranır: Niyə erməni öz kilsəsində türkün rəsmlərindən istifadə etsin? Xatırlatmaq istəyirəm ki, əcdadlarımız olan Türk xalqlarının bir qismi İslamı qəbul etməzdən öncə qıpçaq xristian türkləri olub. Akdamar kilsəsi də IX-X əsrlərdə xristian qıpçaq türklərinin Şərqi Anadoluda yaratdıqları mədəniyyət nümunəsidir. Kilsə üzərində kral Gökokun başında şiş papağı ilə hələ Oğuz Xaqanından bəri taxta oturan bütün türk hökmdarlarının oturduğu şəkildə bardaş qurub oturmuş rəsmi vardır.
Son olaraq bir vacib məqamı xatırlatmaq istəyirəm ki, Van torpaqlarında bizim izlərimiz çoxdur və bu izlər tarixdən silinməsin, saxtalaşdırılmasın deyə daim o izlərə doğru getməliyik. Hər bir azərbaycanlı mütləq ilk fürsətdə Vana, Akdamara getməli və öz yaddaşını təzələməlidir. Biz ermənilər tərəfindən saxtalaşdırılmış tarixin əsl izlərini qoruyub saxlamağa çalışmalıyıq. Van sakinləri isə öz qardaş Azərbaycan türklərini qonaq olaraq yox, doğma qardaşları kimi qarşılayırlar. Dadlı mətbəxə, bol nemətlərə, tarixdən gələn milli adət-ənənələrə malik, təkrarsız abidələrini qoruyub saxlamağı bacararaq inkişaf edən, müasirləşən qədim türk şəhəri Van sizləri gözləyir.
Sevinc MƏMMƏDƏLİ
Bakı-Van-Bakı

 

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31