Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dədə Şəmşir nurunun, ruhunun daşıyıcısı Qənbər Şəmşiroğlu - 85

Dədə Şəmşir nurunun, ruhunun daşıyıcısı Qənbər Şəmşiroğlu - 85

16.11.2018 [10:05]

Vətəni, xalqı üçün yaşayan, yaradan ağsaqqal ziyalılarımızdan biri də Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı Qənbər Şəmşiroğludur.
Qənbər müəllim 1933-cü il noyabr ayının 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya gəlib. O, Yanşaq kənd orta məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə bir il kəndli-gənclər kursunda işləyib, 1951-ci ildə isə ikiillik Ağdam Dövlət Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-1958-ci illərdə Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya Məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya Məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-1974-cü illərdə Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-1991-ci illərdə Gədəbəy RİK-in sədri, 1991-1992-ci illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ildə Azərittifaqda baş müşavir, 1993-1994-cü illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib. Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər müəllim “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalları ilə təltif edilmişdir.
Qənbər müəllimin sədirlik etdiyi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 29 yanvar 2010-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Onun rəhbərlik etdiyi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçiribdir. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği”, “Ustadnamələr - milli dəyərlərimizin əlifbasını birgə oxuyaq” və “Azərbaycan-Türkiyə milli birliyinin simvolu - ozan-aşıq sənəti” və sair onlarla layihələri həyata keçirmişdir. Layihələr çərçivəsində milli folklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ edilmiş, bukletlər şəklində çap edilib vətəndaşlara paylanmış və bunun əsasında qısametrajlı filimlər hazırlanmışdır.
Qənbər müəllimin birbaşa rəhbərliyi ilə təşkilat Ulu öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı mütəmadi olaraq silsilə təbirlər həyata keçirmişdir. Təşkilat həmçinin Qənbər Şəmşiroğlunun təşəbbüsü əsasında Azərbaycan şair və yazıçılarının, elm və ədəbiyyat xadimlərinin kitablarını nəşr etdirib ictimaiyyətə təqdim etmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü, onlarla kitabın müəllifidir: “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Oğul gərək oğul olsun”, “Bütövləşmək istədim”, “Qənbər Şəmşiroğlu-75: Ömrün işıqlı anları”, “Tale oxşarlığı”, “Qənbər Şəmşiroğlu: Dostlar unutmaz məni”, “Əmioğluların əməlləri”, “Bir də görüşərik...”, “Kəlbəcər: ömrüm, həyatım”, “Sxojest sudeb” - “Oxşar talelər” (rus dilində), “Prodelki rodstvenniçkov” - “Qohumların əməlləri” (rus dilində), “Trisks of relatives” - “Qohumların əməlləri” (ingilis dilində), “Salehli səfərlər”, “Hələ yerindədir, vurur ürəyim”, “Caninin etirafı”, “Bir də görüşərdik”. Həmçinin Qənbər müəllimin iki kitabı İran İslam Respublikasında nəşr olunmuşdur. Qənbər müəllimin nəzm, nəsr əsərlərindən başqa, müxtəlif illərdə müxtəlif mətbuat orqanlarında bir-birindən maraqlı onlarla elmi-publisistik, ədəbi-bədii yazıları dərc olunub. Həmin mətbuat orqanlarına “Dünya” qəzetini, “Yeni bəşər” qəzetini, “Yenilik” qəzetini, “525-ci qəzet”i və başqa qəzet və jurnalları nümunə göstərmək olar.
Ulu babam Miskin Abdal
Qurban böyük dərya-kamal
“Şəmşiroğlu” - deyib hər hal;
Ünvanımı gəzdirirəm!
Ünvanımı gəzdirirəm - yazan Qənbər müəllim Dədə Şəmşir dünyasını dəyişəndən (1980) sonra ulu babası, XVI əsrin sufi şairi, övliya Miskin Abdal ocağının, o mənəvi ocağın davamı olan Dədə Şəmşir yurdunun varisi, Miskinli Ocağının ağsaqqalı oldu.
Dastan məclisində, el məclisində
Söz sərrafı olan dədəmi gəzdim...
Onun ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri - qoşmalar, qəzəllər, gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili vardır:
Xalısı var, xalçası var, xalı var,
Bəzənibdi çəmən, çiçəyə dağlar.
Meh tərpədib, sığallayıb telini,
Oxşayır qənirsiz göyçəyə dağlar.
Qənbər müəllim həm öz övladlarına, həm də cəmiyyətimizdə layiqli yerini tutmaq istəyən gənclərimizə böyük qayğı və diqqət göstərmiş, əsl ağsaqqal nəsihəti vermişdir. Hörmətli ziyalımız Qənbər müəllim Qənbər Şəmşiroğlu imzası ilə bu gün də yazıb-yaratmaqdadır. Qənbər müəllimin müəllifi olduğu bir çox şeirlər kitablarını nümunə göstərmək olar.
Yurd həsrətini daima qəlbində daşıyan, həyatın min bir çətinliyinə sinə gərən Qənbər Şəmşiroğlu öz yaradıcılığında təpədən-dırnağa vətənin haqq aşiqidir. Bir zaman zirvəsindən atla keçdiyi dağların indi yurdunun qabağına çəkilən divar olduğunu duyan qəlbində hər addımında o torpaqlara qovuşmaq ümidini itirməmişdir.
Şahdağdan üz tutub
Murova baxdım,
Bu dağdan o dağa salamlarım var.
Kəpəzin o üzü gözəl diyarda,
Düşmən tapdağında
qalanlarım var.
Qənbər müəllim ömrünün bu ahıl, müdrik çağında bizlər üçün böyük mənəvi sərvət yaratmışdır. Bizlərin əsas işi isə Qənbər müəllim kimi ağsaqqallarımızı, ziyalılarımızı dərindən öyrənmək və onun irsinə bir azərbaycanlı kimi sahib çıxmaqdır.
Qənbər müəllim bu gün öz kamillik yaşında da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir, respublikamızda həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, qayğıya ehtiyacı olan insanlara maddi, mənəvi yardımçı olur.
Azərbaycanın sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə Qənbər müəllimin əməyi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib, o, 18 oktyabr 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Əzizimiz Qənbər müəllim, bu gün Sizin 85 yaşınız tamam olur. Sizi səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayırıq. Arzu edirik ki, inşallah, gələn ad gününüzü doğma torpağımızda, dədə Şəmşir ocağında, Kəlbəcərimizdə keçirək.
Rübabə Şirinova
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31