Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şəhid vərəsələrinə birdəfəlik ödəmə verilməsi şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğının növbəti təzahürüdür

Şəhid vərəsələrinə birdəfəlik ödəmə verilməsi şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğının növbəti təzahürüdür

20.12.2018 [10:03]

Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il də ən azı 800 mənzilin verilməsi nəzərdə tutulur
Məlumdur ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan, o cümlədən müharibə əlilləri, şəhid ailələri, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli əsas prioritetlərdən biridir. Bu gün qeyd olunan istiqamətlərdə mühüm addımlar atılır, həmin təbəqələrdən olan ailələrə, vətəndaşlara xüsusi diqqət və qayğı göstərilir. Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə təqaüdlər verilir, həmin ailələr evlə, maşınla təmin edilir, onların sosial rifah halının yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Bu günə qədər 290 minədək köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu il 20 min məcburi köçkünə (5800 ailə), ötən il isə 12 min məcburi köçkünə yeni evlər verilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər ötən il mənzil və fərdi evlə təmin olunub. Eləcə də Prezident İlham Əliyevin 2018-ci il 2 avqust tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına imkan yaradıb. Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir.
Bundan başqa, Qarabağ müharibəsi əlilləri dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. 2018-ci ilin noyabrına qədər ümumilikdə müharibə əlillərinə 6 144, o cümlədən cari ildə 265 avtomobil verilib. 2017-ci ildə əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib. İl ərzində dövlət vəsaiti hesabına 1800-2000 nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. Onlara orta hesabla 6500-7000 reabilitasiya vasitəsi (əlil arabası, eşitmə aparatı, ortopedik ayaqqabı və digər) verilir. İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir.
Bununla yanaşı, ölkəmizdə şəhid ailələrinə 242 manat məbləğində aylıq Prezident təqaüdü verilir. Eyni zamanda, Milli Qəhrəmanlara və ya həlak olanların ailələrinə aylıq 1500 manat Prezident təqaüdü ödənilir. Milli Qəhrəman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir. Müvafiq kateqoriyadan olan insanların əmək pensiyasına hər ay müəyyən həcmdə vəsait əlavə olunur. Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Bundan başqa, şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət ödənilir. Eləcə də şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da dövlətimizin bu qəbildən olan insanlara, ailələrə diqqət və qayğısının bariz nümunəsidir. Xatırladaq ki, Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Müvafiq sənədlər əsasında hazırlanan siyahılar üzrə vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 10 minə yaxındır. Yuxarıda qeyd olunan kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə ödənilməkdən ötrü cari il üçün 58 milyon, 2019-cu il üçün isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb.
Bəhs olunan Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının növbəti nümunəsidir və şəhid ailələri bu addımı olduqca yüksək qiymətləndirir, dövlət başçısının imzaladığı bəhs olunan Fərman əsasında bu günlərdə on bir min manat məbləğində birdəfəlik ödəmə alan vərəsələr ölkəmizdə şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər. “Yeni Azərbaycan” qəzetinə açıqlama verən şəhid Əziz İsgəndərovun vərəsəsi Hüseyn İsgəndərov ölkəmizdə şəhidlərin xatirəsinin hər zaman əziz tutulduğunu, dövlətimizin şəhidlərə və onların ailələrinə daima diqqət göstərdiyini bildirib. Şəhid atası vurğulayıb ki, bu günlərdə on bir min manat məbləğində birdəfəlik ödəmə alıb. Prosesin olduqca şəffaf şəkildə həyata keçirildiyini diqqətə çatdıran H.İsgəndərov bu diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib: “Oğlum Əziz İsgəndərov hər zaman bütün varlığı ilə Vətəninə, dövlətinə, xalqına bağlı bir gənc idi. Ermənilərin ölkəmizə təcavüzü zamanı oğlum Əziz Belarus Respublikasında hərbi xidmət keçirdi. Hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətəni qorumaq üçün cəbhəyə yollanan Əziz İsgəndərov Xocavənd rayonunda çoxsaylı döyüşlərdə iştirak edib. 1994-cü il iyunun 17-də şəhid olub. Dövlət başçısının Fərmanına əsasən on bir min manat məbləğində birdəfəlik ödəmə aldıq və ailəmiz adından hörmətli Prezidentimiz İlham Əliyevə minnətdarlıq edirəm”.
Şəhid hərbi qulluqçu Mirbəşir Bağır oğlu İbrahimovun atası Bağır İbrahimov deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizə göstərilən ehtiram çox yüksək qiymətə layiqdir: “Oğlum Mirbəşir İbrahimov 1974-cü ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycanın çətin dövrlərində Vətən torpağı uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Füzuli rayonunda şəhid olub. Onun vətən qarşısında xidmətlərinə görə valideynlərinə, ailə üzvlərinə dövlətimiz tərəfindən diqqət göstərilməsi bizi qürurlandırır. Ölkəmizdə şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.
Şəhid atası Bağır İbrahimov şəhid hərbi qulluqçuların vərəsələri üçün nəzərdə tutulan on bir min manat məbləğindəki birdəfəlik ödəməni heç bir çətinlik çəkmədən aldığını bildirib: “Birdəfəlik ödəmə alan vərəsələr siyahısında olduğumuzu dəqiqləşdirdik və sonra sənədləri müvafiq olaraq təqdim etdim. Qısa müddət ərzində, heç bir maneə və çətinliklə üzləşmədən həmin yardımı aldım”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31