Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şəhərdə kənd ab-havası

Şəhərdə kənd ab-havası

20.02.2019 [10:00]

Ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarının satıldığı ünvan - “Kənddən Şəhərə”
Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icrası ölkəmizdə bütün sahələrin inkişafına təkan verib. Və bu inkişafdan kənd təsərrüfatına da pay düşüb. Məhz bunun nəticəsidir ki, ölkəmizdə aqrar sahədə də uğurlar əldə edilib. Eyni zamanda, Azərbaycanda ərzaq təhlükəsizliyinin, həmçinin əhalinin ekoloji cəhətdən təmiz yerli ərzaq məhsulları ilə təmini istiqamətində atılan addımlar öz bəhrəsini verir. Bu istiqamətdə növbəti addım isə ötən il dekabrın 25-də atılıb. Məlum olduğu kimi, həmin tarixdə Dövlət Aqrar Ticarət Şirkətinin Bakı şəhəri, Nizami küçəsi 154B ünvanında “Kənddən Şəhərə” - ilk yerli fermer və qida məhsullarının satış mərkəzi istifadəyə verilib. Bəs, artıq iki aydır paytaxt sakinlərinə xidmət göstərən bu satış mərkəzini başqalarından fərqləndirən cəhətlər nədir? Ötən müddət alıcı marağı baxımından hansı nəticəyə gəlməyə əsas verir? Bu və digər suallara cavab tapmaq məqsədilə sözügedən ünvana yollandıq.
Həm alış-veriş et, həm də dincəl
Öncə onu deyək ki, bura gələn alıcılar ilk olaraq gülərüz satıcılarla qarşılaşır, təmiz və rahat bir məkanda alış-veriş imkanı əldə edirlər. Üstəlik, əgər siz yorğunsunuzsa, “Kənddən Şəhərə” layihəsinin müəllifləri bunu da düşünüblər. Belə ki, mağazanın bir hissəsində ayrılmış istirahət yerində oturub dincinizi ala, ağız dadınıza və cibinizə uyğun şirniyyatlar, həmçinin çay sifariş edərək, yorğunluğunuzu çıxara bilərsiniz. Digər tərəfdən, alıcılar alış-veriş edərkən satış mərkəzinin rəhbər heyəti ilə də görüşmək imkanı əldə edirlər. Çünki rəhbər heyət də, demək olar ki, günün bütün vaxtlarında satıcıların alıcılara necə xidmət etməsini müşahidə etmək, alıcıların nədən razı, nədən narazı olmasını öyrənmək üçün satış mərkəzində olurlar.
Elə suallarımıza cavab almaq üçün müraciət etdiyimiz Dövlət Aqrar Ticarət Şirkətinin direktor müavini, layihənin koordinatoru Sərxan Sərxanovla də piştaxta yanında qarşılaşdıq. Bu satış mərkəzini fərqləndirən cəhətlərlə bağlı sualı cavablandıran Sərxan Sərxanov dedi ki, “Kənddən Şəhərə” layihəsi müasir yarmarka konsepsiyası üzərində qurulub: “Belə ki, “Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir”.
Müsahibimizin sözlərinə görə, hər gün axşam saat 22.00-dək fəaliyyət göstərən satış mərkəzində ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə etmək olar. Burada həm xammal, həm də emal olunmuş formada yalnız yerli qida məhsullarının satışı həyata keçirilir: “Satış mərkəzində fermerlər, yerli qida istehsalçıları üçün hər bir şərait yaradılıb. Onlar məhsullarını bizdə ödənişsiz qeydiyyatdan keçirirlər, Qida Təhlükəsizliyi Agentliyinə uyğun lazımi sənədləri təqdim edirlər və satış bu mərkəzdə həyata keçirilir”.
Burada satılan bütün məhsulların Qida Təhlükəsizliyi Agentliyinin yoxlamasından keçməsi barədə məqama gəlincə, qurum rəsmisi bildirdi ki, bununla bağlı hər hansı kiçik şübhə belə ola bilməz: “Dekabrda keçirdiyimiz “Kənddən Şəhərə” yarmarkası zamanı ilk diqqət etdiyimiz məsələ məhz qida təhlükəsizliyi idi. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərirdi və bütün məhsullar bu laboratoriyalarda yoxlanırdı. Hazırda isə satış mərkəzinə gətirilən məhsullar, o cumlədən ət məhsulları Qida Təhlükəsizliyi Agentliyinin bütün yoxlamalarından keçəndən sonra satışa çıxarılır”.
“Kənddən Şəhərə”ni seçən alıcı həm qiymətdə, həm də kefiyyətdə qazanır
Onu da bildirək ki, burada keyfiyyətlə yanaşı, qiymət məsələsinə də xüsusi diqqət yetirilir. Yəni Sərxan müəllimin vurğuladığı kimi, satış mərkəzi sakinlərə sərfəli qiymətlə yüksəkkeyfiyyətli məhsullar təklif edir: “Məsələn, bizdə ət yerli bazarlardan qat-qat ucuzdur. Eyni zamanda, quş ətləri də yerli bazara nisbətən ucuzdur. Heç bir süni qiymət artımı yoxdur və ola da bilməz. Beləliklə, “Kənddən Şəhərə”ni seçən alıcı həm qiymətdə, həm də kefiyyətdə qazanır”.
Paytaxt sakinləri üçün Novruz yarmarkası təşkil ediləcək
Sərxan Sərxanov onu da bildirdi ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, həmçinin süni qiymət artımının qarşısını almaq məqsədilə dekabrda kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib: “Bu yarmarka ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilib. Növbəti yarmarka isə Novruz bayramı ərəfəsində təşkil ediləcək. Novruz bayramından 1 həftə qabaq başlayacaq yarmarka bayramın ilk günlərində də davam edəcək. Birinci yarmarkada olduğu kimi, bu dəfə də fermerlərin özləri öz məhsullarını alıcılara təqdim edəcəklər”.
Qurum rəsmisinin sözlərinə görə, yarmarkada istehsal etdiyi məhsulu satacaq fermerlərdən heç bir iştirak haqqı tələb olunmur: “Əvvəlki yarmarkada olduğu kimi, bu dəfə də istiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcəklər. Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər”.
Alıcıları daha hansı yeniliklər gözləyir?
Yeri gəlmişkən, “Kənddən Şəhərə” satış mərkəzi alıcılar üçün bir sıra yeniliklər də nəzərdə tutub: “Öncə onu deyim ki, bu il ərzində Bakının müxtəlif ərazilərində, həmçinin şəhərətrafı qəsəbələrdə yeni “Kənddən Şəhərə” satış mərkəzlərinin açılması nəzərdə tutulur. Eyni zamanda, alıcıların satış mərkəzində kənd ab-havasını tam yaşamaları üçün burada təndir də quraşdırılıb. Yəni bura gələn alıcı təndirdən yeni çıxan isti çörək, həmçinin yenicə bişmiş qutab, ləvəngi ala bilər. Bir sözlə, bura gələn alıcı özünü sanki kənddə hiss edəcək”.
Digər bir yenilik isə alıcılar üçün nəzərdə tutulan güzəşt kartları ilə bağlıdır. Artıq bu kartların hazırlanması istiqamətində işlər gedir və qısa müddət ərzində həmin kartlar alıcılara təqdim olunacaq: “Bundan başqa, gələcəkdə müştəriləri polietilen torbalardan çəkindirib, parça torbalardan istifadə etmələri üçün də addımlar atmağı düşünürük. Onu da deyim ki, parça torbalar artıq bizdə satışda da var və müştərilər bu torbalardan istifadəyə böyük maraq göstərirlər”.
Müsahibim sonda “Təbii ki, biz yeni təkliflərə, yeni istəklərə açığıq. Hər zaman müştəriləri dinləməyə hazırıq. Buyurub, təkliflərini versinlər” - sözlərini də əlavə etdi.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31