Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər

Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər

04.05.2019 [10:12]

Fəsli Nəbiyev: Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən ardıcıl tədbirlər məhz bu məqsədə xidmət edir
Məlum olduğu kimi, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycanda da gənclər cəmiyyətin bütün sferalarında aktiv iştirak edirlər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin inkişafına töhfə verməsini təmin etməkdir. Bu baxımdan, gəncliyin müasir dövrün tələbləri səviyyəsində, vətənpərvərlik ruhunda yetişməsi daim dövlətin diqqət mərkəzində saxlanılır.
Azərbaycanda yüksək intellektli gənc nəsil formalaşıb
Prezident İlham Əliyev tərəfindən imzalanmış Dövlət proqramlarının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verib. Bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların iqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi baxımından xeyli iş görülüb. Həmçinin gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakı gücləndirilib, onların müstəqil fəaliyyəti üçün zəruri infrastruktur inkişaf etdirilib. Bütövlükdə, Azərbaycanda yüksək intellektli gənc nəsil formalaşıb. Bu gün öz bilik və bacarığı ilə ölkəmizdə, eləcə də dünyada Azərbaycanın adını yüksək tutan gənclərimiz var.
“Yeni Azərbaycan” qəzeti olaraq bu gündən başladığımız “Azərbaycan gəncinin tribunası” adlı rubrika da ölkəmizin ictimai-siyasi həyatında, elm, təhsil, iqtisadiyyat, idman sahələrində fəallıqları ilə seçilən gənclərimizin ictimaiyyətə tanıdılması məqsədi daşıyır. Rubrikamızın ilk qonağı isə Fəsli Nəbi oğlu Nəbiyevdir. Qeyd edək ki, Fəsli Nəbiyev 17 iyun 1997-ci ildə Bakı şəhərində anadan olub. 2003-2013-cü illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta təhsilini aldıqdan sonra 2013-cü ildə Xəzər Universitetinin politologiya ixtisasına qəbul olub. O, 2017-ci ildə isə ADA Universitetində “Dövlət İdarəçiliyi” ixtisası üzrə magistr proqramına daxil olub və hal-hazırda II kursda təhsil alır. Fəsli Nəbiyev ictimai-siyasi proseslərdə fəal gənc kimi həmişə iştirak edir. Bu fəallığın nəticəsidir ki, 2017-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulan Fəsli 2018-ci ildən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri və təşkilatın təlimatçısı vəzifəsində fəaliyyət göstərir.
Tələbəlikdən ictimai fəaliyyətə başlayan Fəsli Nəbiyev bir sıra beynəlxalq tədbirlərin iştirakçısıdır
O, ictimai fəaliyyətinin aktiv dövrünə bakalavr təhsilinin 3-cü kursunda başlayıb. Belə ki, həmin dövrdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “MilliMUN” adlı beynəlxalq konfransda iştirak edib və bu konfransda fəal iştirakına görə “Ən yaxşı nümayəndə” mükafatı ilə təltif edilib. “Bu konfransda iştirak etmək mənim üçün gələcək hədəflərimi müəyyənləşdirməkdə önəmli rol oynayıb. Çünki həmin konfransda iştirak etdikdən sonra mən öz üzərimdə daha çox işləməyə başladım və bunun kimi bir neçə beynəlxalq tədbirlərə qatıldım. 2017-ci ildə NATO Azərbaycan Məktəbinin Yay sessiyasında iştirak etmək üçün müraciət etdim və qəbul edildim. Burada da fəal iştirakıma görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən diplomla mükafatlandırıldım. Bakalavr təhsilimin sonlarına yaxın artıq magistr təhsili haqqında düşünürdüm və qarşımda həm xaricdə, həm də öz ölkəmizdə təhsil almaq üçün imkanlar var idi. Lakin iştirak etdiyim layihələrdə ADA Universitetinin tələbələrinin fəallığını görmək məndə həmin təhsil ocağında biliyə yiyələnmək istəyi yaratdı və mən oraya qəbul oldum. Eyni zamanda, bakalavr təhsilim politologiya ixtisası olduğundan, qərara gəldim ki, ilk təcrübə kursumu məhz Yeni Azərbaycan Partiyasında keçim”, - deyən F.Nəbiyev bununla bağlı YAP Binəqədi rayon təşkilatına müraciət edib və təcrübə kursuna daxil olub. Təcrübə müddətində bir sıra tədbirlərin və layihələrin həyata keçirilməsində yaxından iştirak edən, bakalavr təhsilində aldığı bilikləri praktiki cəhətdən reallaşdırmaq imkanı əldə edən bu gənc ADA Universitetində təhsil aldığı müddətdə də burada keçirilən layihələrdə yaxından iştirak edib. “Ötən il ADA Universiteti tərəfindən təşkil edilən beynəlxalq 4-cü Avropa İttifaqı Yay Məktəbində iştirak etdim və burada fəal iştirakıma görə mükafatlandırıldım. Bununla yanaşı, Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibi olaraq, fondun maliyyə dəstəyi ilə “Vətən sizə əmanətdir” adlı layihəni həyata keçirmişəm”, - deyə o vurğulayıb.
Dövlət başçısının tövsiyələrinə əməl etmək gənclər üçün başlıca vəzifədir
Hal-hazırda F.Nəbiyevin rəhbərlik etdiyi YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyi gənclərin intellektual səviyyəsinin artırılması, onlara vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin mənimsənilməsi, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün ardıcıl layihələr həyata keçirir. Bunlardan ən önəmlisi Ulu Öndər Heydər Əliyevin irsinin araşdırılması, öyrənilməsi və təbliğ edilməsi, həmçinin Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlara, ölkəmizin hərtərəfli inkişafına hədəflənmiş fəaliyyətinə həsr olunmuş ideoloji işlərin aparılması, gənclərin maarifləndirilməsi üçün həyata keçirilən layihələrdir.
Fəsli Nəbiyev həmçinin deyib ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir: “Buna paralel olaraq gənclərin intellektual potensialının artırılması, onların keyfiyyətli təhsil alması da diqqət mərkəzindədir. Çünki qloballaşma şəraitində ölkələrin inkişafını təmin edən mühüm faktorlardan biri biliyə əsaslanan iqtisadiyyatın inkişafı, eləcə də cəmiyyətin intellektual səviyyəsinin mütəmadi olaraq artırılmasıdır. Bu məsələdə, şübhəsiz ki, proqressiv və dinamik qüvvə olan gənclərin üzərinə böyük öhdəlik və məsuliyyət düşür. Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb və dövlət tərəfindən bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qeyd edib ki, gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir”, - deyən dövlətimizin başçısı tövsiyə etdi ki, Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Gənclərimiz ölkə Prezidentinin tövsiyələrinə, qarşıya qoyduğu vəzifələrə layiqincə əməl etməlidirlər”.
Gənclərimiz sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrə tutarlı cavab verirlər
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara imza atdığını deyən F.Nəbiyevin sözlərinə görə, çoxsaylı uğurlarımız müəyyən dairələri narahat edir: “Onlar xaricdən idarə olunurlar. Xaricdə erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən anti-azərbaycançı mərkəzlər və onların əlində alət olan “sapı özümüzdən olan baltalar” Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Bu istiqamətdə sosial şəbəkələrdən çox istifadə edirlər. Sağlam ruhlu gənclərimiz onlara tutarlı cavablar verirlər. Bilirsiniz ki, sosial şəbəkələr gənclərin həyatının bir hissəsinə çevrilib. Gənclərimiz hər zaman ayıq-sayıqdır və onlar ölkəmizin haqq səsini müdafiə edirlər, anti-azərbaycançı mərkəzlərin, radikal müxalifətin böhtanlarına, yaydıqları dezinformasiyalara qarşı faktlarla cavab verirlər. Bu dairələr yalan məlumatlarla, qarayaxma kampaniyası ilə ictimai rəyi manipulyasiya etmək istəyirlər. Amma gənclərimiz ayıq-sayıqlığı ilə bunun qarşısını alırlar”.
F.Nəbiyev hesab edir ki, Azərbaycan cəmiyyəti yetkin cəmiyyətdir və gənclər cəmiyyətimizin aparıcı qüvvəsidir. Ona görə də gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31