Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvər ruhda böyüməsi üçün davamlı addımlar atılır

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvər ruhda böyüməsi üçün davamlı addımlar atılır

29.06.2019 [10:49]

Hər bir cəmiyyətdə güclü milli şüurun, sağlam düşüncənin, mənəvi-psixoloji mühitin mövcudluğu öz növbəsində dövlətin mənəvi əsaslarının möhkəmliyindən xəbər verir. Dövlətin mənəvi əsaslarının davamlı etibarlılığını təmin etmək üçün isə gənc nəsil düzgün ruhda yetişdirilməli, milli-mənəvi dəyərlər yeni nəslə ötürülməlidir. Bu baxımdan ölkəmizin gələcəyi olan gənc nəslin milli və vətənpərvər ruhda formalaşması üçün davamlı addımlar atılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə Öz nitqlərində gənc nəslin düzgün tərbiyə olunmasının əhəmiyyətindən bəhs edərək, gənclərin vətənpərvər, milli ruhda tərbiyəsinin hər bir şüurlu vətəndaşın, dövlətin borcu olduğunu bildirib.
Ümumiyyətlə, ölkəyə, cəmiyyətə faydalı gənc nəslin formalaşması düzgün gənclər siyasətindən asılıdır. Bildiyimiz kimi, Azərbaycanda müasir gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Eyni zamanda Ulu Öndər tərəfindən 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman, 2002-ci ildə isə Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu imzalanıb, həmçinin 2 fevral tarixi Gənclər Günü kimi təsis olunub.
Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin böyük rolu var
Ulu Öndərin gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Belə ki, 2005-ci ildən indiyədək Azərbaycan gəncliyinin inkişafına xidmət edən üç Dövlət Proqramı qəbul edilib. Dövlət proqramları gənclərə təhsil, elm, mədəniyyət, iş, məişət, istirahət, sağlamlıq, sahibkarlıq da daxil olmaqla bütün sahələrdə dövlət dəstəyindən yararlanmağa imkan yaradıb. Eyni zamanda, son illərdə bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi, 44 Olimpiya İdman Mərkəzi tikilərək istifadəyə verilib. Minlərlə gənc dövlət hesabına dünyanın aparıcı ali məktəblərində təhsil alıb. Azərbaycanlı şagirdlər dünyanın ən mötəbər olimpiada və bilik platformalarında öz bilikləri, yaradıcı düşüncələri ilə yüksək yerlərə nail olur, Azərbaycanın adını ucaldırlar.
Bir sözlə, Azərbaycan gəncləri qarşısında bu gün böyük imkanları açılıb. Onlar dövlətin birbaşa dəstəyindən faydalanmaqla bərabər, həm də cəmiyyətin aktiv üzvləri olaraq ölkə və beynəlxalq miqyaslı layihələrdə, tədbirlərdə fəal iştirak edirlər.
Göründüyü kimi, gənclər Azərbaycanın dünyaya açılan bir pəncərəsi rolunda çıxış edirlər. Onların istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda tədbir, layihə və müsabiqələrdə iştirakının yolgöstəricisi, öz potensiallarını gerçəkləşdirmək yolunda atdıqları addımların istiqamətini müəyyən edən isə gənclərimizin vətənə, millətə, milli dəyərlərə bağlılığıdır. Başqa sözlə desək, gənclərin sahib olduqları geniş imkanlar və azadlıqlardan düzgün yararlanması, fərdi inkişaf yolunda kənar, zərərli təsirlərdən uzaq olması, öz hədəfləri uğrunda inamla irəliləməsi üçün milli şüur və vətənpərvərlik hissi mənəvi kompas rolunu oynayır.
Məlumdur ki, vətənpərvərlik hər bir milli dövlətin mövcudluğunun başlıca ideya əsasıdır. Milli ictimai şüurda vətənpərvərlik ruhunun, vətən qavrayışının güclü olduğu cəmiyyətlər dövlətin ətrafında sıx birləşir, suverenlik, ərazi bütövlüyü, siyasi, iqtisadi müstəqilliyin, mədəni identikliyin, dövlət rəmzlərinə hörmətin qorunması məsələlərində güclü milli iradə nümayiş etdirir.
Milli dövlətçiliyə dayaq olan vətənpərvərlik milləti, xalqı qloballaşmanın mənfi təsirlərindən qoruyur, dağıdıcı kosmopolitizmə, milli dövlətlərin suverenliyinin məhdudlaşdırılması cəhdlərinə qarşı sipər rolunu yerinə yetirir. Təsadüfi deyil ki, dünya dövlətlərinin vahid, yaxud məhdud sayda mərkəzdən yönləndirilməsi ideyasını dəstəkləyən ideoloqlar vətənpərvərliyi, başqa sözlə, patriotizmi bu məqsədə gedən yolda başlıca maneə olaraq görürlər.
Vətənpərvər gənclik Azərbaycan həqiqətlərinin dünyada yayılmasına öz töhfələrini verir
Azərbaycana gəlincə, vətənpərvər nəslin formalaşması, sadalanan amillə yanaşı, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətin prinsipial mövqeyinə ardıcıl ictimai dəstəyin qorunub saxlanması baxımından önəm daşıyır. Vətənpərvər gənclik dövlətin bu məsələ ilə əlaqədar siyasi, hərbi, iqtisadi, informasiya fəaliyyətinə dəstək olur, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına öz töhfələrini verir.
Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında da gənclərimizin fəallığını, ölkənin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirib: “Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.
Vətənpərvərlik duyğusu ilə yanaşı, milli şüurun güclü olduğu cəmiyyətlərdə milli dəyərlərə, mədəniyyətə bağlılıq, milli identiklik, milli birlik hissi də möhkəm olur. Belə cəmiyyətlər sanki vahid orqanizm kimi fəaliyyət göstərir, istər cəmiyyətin daxilində meydana gələn, istərsə də xaricdən qaynaqlanan dağıdıcı ünsürlərə qarşı reflektiv özünütəmizləmə və özünümüdafiə nümayiş etdirir.
Məhz şüurlu yanaşma olduqda cəmiyyətlərdə milli təəssübkeşlik hissi heç də irqi, dini zəmində radikalizmə, ayrı-seçkiliyə, münaqişələrə səbəb olmur. Şüurlu yanaşma özünə və başqalarına hörmət deməkdir.
Bu gün Azərbaycan gəncliyinin milli ruhda böyüdülməsi ölkəni hədəfə alan təhlükəli siyasi, sosial, mədəni meyillərə qarşı davamlı ictimai müqavimət formalaşdırır. Bu səbəbdən də Azərbaycan müxtəlif münaqişələrin kəskinləşdiyi qonşu regionların fonunda sabitlik adası kimi özünü göstərir.
Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti və gəncliyi sadalanan prinsiplərin hər üçünə, yəni vətənpərvərlik hissinə, milli şüura və hadisələrə yanaşmada yüksək siyasi, ictimai idraka sahibdir. Bu keyfiyyətlərin daşıyıcısı olan cəmiyyət dünyada gedən prosesləri düzgün dəyərləndirir, regional və qlobal miqyaslı hadisələrdə ölkənin yerini dəqiq müəyyənləşdirir. Siyasi, ictimai şüura sahib olan insan fərd olaraq özünün cəmiyyətdəki və dünyadakı yerini daha dolğun qavrayır, hadisələrə münasibətini düzgün formalaşdırır. Bu gün Azərbaycan vətəndaşı anlayır ki, hər bir kəsin fərdi mənafeləri Azərbaycan müstəvisində ümummilli mənafelərin tərkib hissəsidir.
Milli şüura sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli-mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən kosmopolit düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin, milli identikliyin və milli dövlətçiliyin qorunmasından ibarətdir.
Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur və yeni nəslə ötürür
Milli şüurun qorunub saxlanmasında milli dəyərlərə söykənən dövlət quruculuğunun da rolu böyükdür. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması yönündə Azərbaycanda dövlətin dəstəyi ilə xeyli işlər görülür, milli bayramlarımız dövlət səviyyəsində qeyd edilir, muzeylərimiz bərpa olunur, yeniləri yaradılır, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, milli dəyərlərə bağlılığının artırılması yönündə müsabiqələr, tədbirlər təşkil olunur.
Beləliklə, Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur və yeni nəslə ötürür, həmçinin doğma vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvərlik prizmasından yanaşır. Sadalanan prinsipləri özündə əks etdirən azərbaycançılıq ideologiyası da xalqın özünəməxsusluğunun qorunub saxlanması, son nəticədə isə yeni dünya nizamının formalaşdığı bir dövrdə milli dövlətin mövcudluğunu sürdürməsi üçün həyati əhəmiyyət daşıyır.
Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi indiki qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi xüsusi önəm daşıyır. Bunun üçün dövlət başçısının da söylədiyi kimi, gənclərimiz milli ruhda tərbiyə almalıdırlar: “Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.
Əminliklə demək olar ki, qloballaşan dünyada Azərbaycan xalqı bu mənəvi xüsusiyyəti və milli ruhu bundan sonra qoruyub saxlaya biləcək. Çünki Azərbaycan dövlətçiliyi məhz bu dəyərlər üzərində qurulub və dövlətin siyasəti də buna yönəlib.
Bütün bunlar Azərbaycanın gələcəyinə inamla baxmağa əsas verir. Prezident İlham Əliyevin Gənclər Gününə həsr olunmuş toplantıda səsləndirdiyi fikirlərdən də göründüyü kimi, ölkə gəncliyinin qarşısında müstəqilliyin qorunub saxlanması kimi vacib vəzifə dayanıb və dövlət başçısı milli ruhda böyüyən vətənpərvər gəncliyin milli dəyərlərin və milli maraqların keşiyində qətiyyətlə dayanacağına əmindir: “Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.
Zahid İLHAMOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31