Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlar əldə olunub

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlar əldə olunub

02.07.2019 [09:44]

Ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycan Respublikası demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu olaraq müəyyənləşdirib. Lakin müstəqilliyin ilk illərində bu istiqamətdə ciddi addım atılmayıb. Belə ki, 1991-93-cü illərdə sovet dövrünün hüquq sistemi və qanunları ilə respublikanı idarə etmək istəyən təsadüfən hakimiyyətə yiyələnmiş təcrübəsiz şəxslərin yarıtmaz fəaliyyəti, o cümlədən ölkədə hökm sürən xaos, hakimiyyətsizlik və torpaqlarımızın işğala məruz qalması Azərbaycanda hüquqi-demokratik cəmiyyət və dövlət quruculuğu prosesinin başlanmasına imkan verməyib. Üstəlik, hüquqi dövlətin qurulması yönündə islahatların aparılması üçün zəruri olan ictimai-siyasi sabitlik mövcud olmayıb.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi islahatların əsas istiqamətini müəyyən etdi
Məhz belə ağır şəraitdə 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və dövlət quruculuğu prosesini həyata keçirməyə başladı. Bundan sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox ciddi səyləri ilə müstəqil Azərbaycan dövlətinin dünya birliyində layiqli yer tutması, sürətli və dinamik inkişafı üçün mükəmməl siyasi və iqtisadi konsepsiyalar işlənib hazırlandı, demokratik, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar zəruri qanunvericilik bazası yaradıldı.
12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Ümummilli Liderin rəhbərliyi altında hazırlanan Konstitusiyada xalqın hakimiyyətin yeganə mənbəyi olması, insan hüquq və azadlıqlarının qorunması müddəalarının öz əksini tapması sonradan ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən etdi.
Təsadüfi deyil ki, Ulu Öndərin rəhbərlik etdiyi komissiya tərəfındən hazırlanan müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması Azərbaycanın tarixi inkişafının yeni mərhələsi adlandırılır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də həmin tarixi hadisəni yüksək dəyərləndirir. Onun sözlərinə görə, Konstitusiyada yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar öz əksini tapıb: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoyub. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini özünün gələcək inkişaf yolu kimi seçib”.
Onu da xatırladaq ki, hüquqi islahatların həyata keçirilməsi, qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası da yaradılıb. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatların prioritetlərini müəyyən edib.
Hüquqi islahatların əsasını qanunun aliliyi, ümumbəşəri demokratik prinsiplər təşkil edir
Bundan əlavə, hüquqi islahatların aparılması, habelə ölkəmizin Avropa təsisatlarına inteqrasiyası məqsədilə 8 iyun 1996-cı il tarixində Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı qəbul olunub. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası’’nın müddəaları nəzərə alınmaqla yeni qanunlar hazırlanıb.
1997-ci ildə qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında” Qanun və sonradan qanuna edilən dəyişikliklər insanların konstitusion hüquqlarının müdafiəsi ilə bağlı fərdi şikayətlərə baxılması, Konstitusiyanın müdafiəsi üzrə digər səlahiyyətlər verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Demokratik hüquqi dövlət quruculuğu prinsiplərinə uyğun olaraq prokurorluğun səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə prokurorluqda da islahatlar həyata keçirilib. 1999-cu ildə qəbul edilən “Prokurorluq haqqında” Qanunu bu qəbildən hesab etmək olar. Hüquqi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərdən biri də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbul olunmasıdır.
1999-cu ildə “Polis haqqında” Qanun qəbul edilməsi də insan hüquq və azadlıqlarının təmin edilməsi və polisin fəaliyyətinin tənzimlənməsi baxımından önəmlidir. Bu kontekstdə cəzaçəkmə müəssisələri, istintaq təcridxanalarının Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeçiliyinə verilməsi və penitensiar sistemdə aparılan digər islahatlar da təqdirəlayiq haldır.
Azərbaycanda aparılan hüquqi islahatlar çərçivəsində 2001-ci ildə Azərbaycan Rəspublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu yaradılması da mühüm əhəmiyyətə malikdir.
Onu da qeyd edək ki, xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda aparılan hüquqi islahatların əsasını ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri təşkil edir.
Hüquqi dövlət quruculuğu Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir
Hüquqi dövlət quruculuğu prosesi hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir. Ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafı nəzərə alaraq, Avropanın siyasi, iqtisadi və hüquqi məkanına inteqrasiyanı dövlət siyasətinin prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas olan məhkəmə-hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti mühüm təşəbbüslərlə çıxış edib.
Bundan əlavə, 2004-cü il yanvarın 13-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul edilib. Dövlət Proqramı normativ-hüquqi aktların qəbul edilməsi, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, o cümlədən iqtisadi və sosial sahədə bir çox tədbirlərin və beynəlxalq əməkdaşlığın hayata keçirilməsini və s. məsələləri nəzərdə tutur. Bu məqsədlə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılıb.
Qeyd etmək lazımdır ki, Avropa Şurasına üzv olduqdan sonra Azərbaycanın Konstitusiyasına, bir sıra qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi, insan hüquq va azadlıqlarının müdafiəsi sahəsində yeni qanunların qəbulu, onları həyata keçirəcək yeni institutların təsisi, məhkəmə və digər aidiyyəti orqanların fəaliyyətinin təkmilləşdirilməsi və digər islahatların davam etdirilməsini şərtləndirib.
Xatırladaq ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı 3 dəfə xalq səsverməsi olub. İlk referendum 24 avqust 2002-ci il, ikinci referendum 18 mart 2009-cu il, üçüncü referendum isə 26 sentyabr 2016-cı il tarixlərində keçirilib.
vətəndaş cəmiyyəti hüquqi dövlətin əsaslarından biridir
Bu gün Azərbaycan cəmiyyəti sürətlə inkişaf edir. Ekspertlərin fikrincə, dövlət və vətəndaş cəmiyyəti bir-birindən müstəqil olaraq mövcud ola bilməz. Hüquqi dövlətin əsas prinsipləri də açıq və inkişaf etmiş vətəndaş cəmiyyəti ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərməkdir. Birmənalı şəkildə demək olar ki, müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusu da Ulu Öndər Heydər Əliyevdir. Onun sayəsində Azərbaycan vətəndaş müharibəsindən vətəndaş cəmiyyəti quruculuğuna doğru çətin və şərəfli yol keçib. Ümummilli Liderin təşəbbüsü ilə 13 iyun 2000-ci ildə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun qəbul edilib. Müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib. Prezident İlham Əliyevin Sərəncamı ilə QHT-lərə dövlət dəstəyi Konsepsiyasının qəbul olunması, Milli QHT Forumu, Azərbaycan Respublikasının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və digər milli donor qurumlarının yaradılması ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələdir.
Azərbaycan Respublikasının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyevin qənətinə görə, Azərbaycanda QHT-lər vətəndaş cəmiyyətinin aktorları qismində çıxış edir və onlar cəmiyyətin hər bir fərdinin səsi olaraq hökumətin fəaliyyətinə nəzarət edir. Onun sözlərinə görə, eyni zamanda qanunverici orqan və QHT-lər arasında əməkdaşlıq hakimiyyətin fəaliyyətinin effektivliyinin təmin edilməsi baxımından böyük önəm daşıdığı üçün vətəndaş cəmiyyətinin potensialını yüksək dəyərləndirmək lazımdır.
Onu da qeyd edək ki, Azərbaycanda QHT-lərin yaranması prosesi 1980-ci illərin sonlarında başlayıb. Dağlıq Qarabağ problemi ortaya atılan dövrdən bəzi ziyalılar müxtəlif təşkilatlar və xeyriyyə cəmiyyətləri təsis ediblər. 1989-cu ildə “Qarabağa Xalq Yardımı Komitəsi” və Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradılıb. Amma müasir və beynəlxalq standartlara əsasən fəaliyyət göstərən QHT-lər yalnız Azərbaycanın ilk Konstitusiyasının qəbulundan sonra yaradılıb. Hazırda Azərbaycanda 4300-dən çox QHT mövcuddur.
Beləliklə, birmənalı şəkildə qeyd etmək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına təkan verib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Bu baxımdan, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması davamlı proses olduğundan Azərbaycanda hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatların bu sahədə inkişafı təmin edəcəyinə şübhə yoxdur.
Qaşqay ZİYƏDDİNOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31