Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların yeni mərhələsi gələcək uğurları şərtləndirir

Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların yeni mərhələsi gələcək uğurları şərtləndirir

18.03.2020 [09:14]

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının yerinə yetirilməsi vətəndaşların hüquq və mənafeləri baxımından mühüm əhəmiyyət daşıyır
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin son illərdə ölkəmizin hərtərəfli inkişaf strategiyasına uyğun olaraq bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də müvafiq islahatların həyata keçirilməsi yönündə qətiyyətli addımlar atması vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. Bu addımlara ölkəmizdə məhkəmələrin fəaliyyətində insan hüquq və azadlıqlarının qorunması, ədalətlilik və şəffaflıq prinsiplərinin təmin edilməsi, vətəndaşın məhkəməyə müraciətinin və ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması ilə bağlı həyata keçirilən tədbirləri də aid etmək olar.
Əvvəlcədən qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən ölkədə aparılan hüquqi dövlət quruculuğu siyasəti Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına, insanların hüquq və azadlıqlarının təmin olunmasına, habelə ölkəmizin məhkəmə sistemində aparılan islahatların ardıcıl xarakter daşımasına öz töhfəsini verib. Təsadüfi deyil ki, həmin vaxtdan ölkənin hüquq sistemində ciddi islahatlar həyata keçirilib və bu proses hazırda da davam edir.
Heç şübhəsiz, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən məhkəmə-hüquq sistemində həyata keçirilən siyasət hüquqi dövlətin əsaslarını möhkəmləndirməyə yönəldilib. Bu dövr ərzində beynəlxalq hüquqi aktların və normaların tələblərinin əsas götürüldüyü bir sıra qanunların və yeni hüquqi sənədlərin qəbul edilməsi, dünya praktikasına əsaslanaraq yeni qurumların yaradılması ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında əvəzsiz önəmə malikdir.
Azərbaycanda son illərdə məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilib
Məhkəmə-hüquq sahəsində aparılan islahatların davamı olaraq Prezident İlham Əliyev tərəfindən 28 dekabr 2004-cü ildə təsdiq edilən “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında Məhkəmə-Hüquq Şurasının yaradılması bu kontekstdə mühüm əhəmiyyət daşıyır. 2005-ci ilin fevralından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının 15 nəfərdən ibarət tərkibinə hakimlər, hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorların və vəkillərin nümayəndələri də daxildir. Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilib. Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
Ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verən, korrupsiya hüquqpozmalarına şərait yaradan hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, səlahiyyətlərinə xitam verilməsi kimi bir sıra aktual məsələlərə ciddi yanaşır. Eyni zamanda, məhkəmə fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması, aşkarlığın və qərəzsizliyin təmin edilməsi məqsədilə ötən il Şurada “Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi”, “İnformasiya texnologiyaları və innovasiyalar” sektorları təsis edilib.
Yeri gəlmişkən, qeyd edək ki, qonşu ölkələrdə fəaliyyət göstərən analoji qurumlardan biri - Türkiyənin Hakimlər və Prokurorlar Ali Şurasıdır (HPAŞ). 1981-ci ildə yaradılan qurumda 2017-ci ildə bəzi islahatlar aparılıb. HPAŞ Türkiyə Respublikasında məhkəmə və inzibati hakimlərin, prokurorların işə qəbulu, təyini, yerinin dəyişdirilməsi, müvəqqəti səlahiyyət verilməsi, peşə fəaliyyətinə uyğunsuzluq aşkarlananda barəsində qərar qəbuletmə, intizam məsuliyyətinə cəlbetmə və ya onları işdən azadetmə səlahiyyətinə malik ali qurumdur. Xatırladaq ki, 13 üzvü olan quruma məhkəmə hakimi və prokurorlar, hüquqşünaslar və vəkillər seçilə bilər. Şuranın sədri Ədliyyə naziridir.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi barədə imzalanmış 19 yanvar 2006-cı il tarixli Fərmanla məhkəmə islahatları keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Dövlət başçısının təxminən 1 il əvvəl imzaladığı Fərman məhkəmə-hüquq sahəsində islahatların yeni mərhələsinin əsasını qoyub
Vurğulamaq yerinə düşər ki, məhkəmə-hüquq sahəsində ölkəmizdə aparılan islahatlar Azərbaycanda 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra daha geniş vüsət alıb. Belə ki, ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması və bu sənəddən irəli gələn tədbirlərin görülməsi müvafiq sahədə islahatların yeni mərhələsinin əsasını qoyub.
Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov dövlət başçısının 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyətindən danışaraq mətbuata açıqlamasında qeyd edib ki, sözügedən Fərman məhkəmə-hüquq sistemində müşahidə olunan çatışmazlıqların aradan qaldırılmasına istiqamətlənmiş proqram xarakterli sənəddir və onun qısa zamanda yerinə yetirilməsi məhkəmə-hüquq sisteminin cəmiyyətdə nüfuzunun və imicinin müsbət yöndə dəyişməsinə gətirib çıxaracaq.
A.Bağırov vurğulayıb ki, Fərmanda göstərilən tədbirlər məhkəmə fəaliyyətinin keyfiyyətinin, hakimlərin və məhkəmə işçilərinin maliyyə və sosial təminatının yaxşılaşdırılmasına və hüquqi infrastrukturun təkmilləşdirilməsinə kömək edəcək. Xüsusilə, Fərmanda sahibkarlığın dəstəklənməsi üçün maliyyə məsələləri üzrə yeni ixtisaslaşmış məhkəmənin yaradılması, məhkəmə məlumatlarının elektronlaşdırılması, hüquqi təlimlərin və məhkəmə xidmətlərinin təkmilləşdirilməsi, mütərəqqi dövlət təminatlı hüquqi yardımın göstərilməsi və onun haqqının ödənilməsi proseduru və s. nəzərdə tutulub.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmana əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması və s. məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.
Qeyd edək ki, Məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlar həm də beynəlxalq aləmdə böyük maraq doğurur, bu sahədə ölkəmizin nailiyyətləri, tətbiq olunan yeniliklər, o cümlədən hakimlərin ən şəffaf seçim proseduru, məhkəmələrin müasir infrastrukturunun yaradılması, yeni innovativ elektron sistemlərin tətbiqi sahəsində Azərbaycanın müsbət təcrübəsi digər dövlətlərə nümunə göstərilir.
Ölkədə bütün sahələrdə aparılan islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını zəruri edir
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə əlaqədar son 1 il ərzində müvafiq qurumların, o cümlədən QHT təmsilçiləri və media işçilərinin iştirakı ilə Ədliyyə Nazirliyində mühüm ictimai müzakirələr keçirilib. Müzakirələr zamanı Fərmanın tətbiqi ilə məhkəmə-hüquq sistemində islahatların sürətlə aparılması, özəl məhkəmə eksperti institutunun yaradılması, məhkəmələrdə media ilə iş üzrə spiker hakimlərin təyin edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin ekspertiza sahəsində edilən dəyişikliklər, xüsusilə özəl ekspertizanın yaranması mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Belə ki, bundan əvvəl Mülki və İnzibati Prosessual məcəllələrdə ekspertiza aparılması müddəti göstərilmirdi. Artıq ekspertiza müddəti materialın ekspertizaya daxil olduğu müddətdən başlayacaq.
Vəkillər Kollegiyasının sədri A.Bağırov deyib ki, özəl məhkəmə ekspertləri qismində alternativ seçimin olması, vəkillərə ekspertiza üçün müraciət etmək hüququnun verilməsi ədalətin təmin edilməsinə imkan yaradacaq. A.Bağırov qeyd edib ki, artıq qanunvericiliyə edilən dəyişikliyə əsasən, vəkil bilavasitə Məhkəmə Ekspertiza Mərkəzi, yaxud gələcəkdə fəaliyyət göstərəcək özəl məhkəmə eksperti ilə müqavilə bağlaya və ekspertiza üçün müraciət edə bilər.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında deyilir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Mütəxəssislər bildirirlər ki, bu Fərman müstəqil, obyektiv, qərəzsiz və şəffaf məhkəmə-hüquqi sistemin fəaliyyətinin təmin edilməsi, onun təkmilləşdirilməsi üçün məhkəmə-hüquq sistemində çatışmazlıqların aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır.
Beləliklə, məhkəmə-hüquq sisteminin inkişafı naminə görülən bütün işlər ölkəmizdə hüquq və azadlıqları təmin etmək məqsədlərinə xidmət edir və bu sahədə həyata keçirilən islahatların yeni mərhələsi gələcək uğurları şərtləndirir. Dünya təcrübəsi göstərir ki, məhkəmə-hüquq sistemində islahatlar hər zaman davam edən daimi prosesdir və ölkəmizdə də bu sahədə ardıcıl iş aparılır. Bu baxımdan, Prezident İlham Əliyevin 1 il əvvəl imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın yerinə yetirilməsi istiqamətində atılan addımlar vətəndaşların hüquq və mənafeləri baxımından mühüm əhəmiyyət daşıyır.
Qaşqay ZİYƏDDİNOĞLU
“Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə
“Məhkəmə-hüquq islahatları:
müasir çağırışlar və innovativ
təcrübələr” mövzusunda KİV
təmsilçiləri arasında keçirilən
jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür”

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31