Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mətbuatı dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub

Azərbaycan mətbuatı dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub

02.07.2020 [09:54]

Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması bu reallığın növbəti əyani ifadəsidir
1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə bünövrəsi qoyulan Azərbaycan milli mətbuatı ötən dövr ərzində zəngin və uğurlu inkişaf yolu keçib. Müasir dövrdə Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısı, həmçinin ölkəmizdə söz və özünüifadə azadlığının təmin olunması istiqamətində atılan addımlar nəticəsində daha da inkişaf edən milli mətbuatımız mühüm uğurlar qazanıb.
Vurğulamaq yerinə düşər ki, müstəqillik dövrümüzdə milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan anarxiya, xaos, özbaşnalıqdan nəsibini alan milli mətbuatımız yalnız 1993-cü ilin iyunundan sonra Ulu Öndər Heydər Əliyevin səyi və xüsusi qayğısı nəticəsində özünün inkişaf mərhələsinə qədəm qoydu. Məhz 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahədə hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə verdi. 2000-ci ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması istiqamətində atılan mühüm addımlar kimi tarixə düşdü. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin mili mətbuatımızın inkişafına göstərdiyi qayğının nəticəsi idi ki, 2002-ci ildə “Ruh” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatı Ulu Öndərə təqdim edildi.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin mətbuata diqqət və qayğısı nəticəsində ötən 17 il ərzində milli mətbuatımızın maddi-texniki bazası daha da gücləndirilib, jurnalistlərin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Məlumat üçün bildirək ki, ölkə başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərildi, eləcə də KİV-in Azərbaycan nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Bundan başqa, Prezident İlham Əliyevin 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı, 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması ilə bağlı Fərmanı milli mətbuatımızın inkişafına göstərilən mühüm qayğılardan sayılmalıdır. Xüsusi vurğulamaq lazımdır ki, ötən dövr ərzində ölkə jurnalistləri arasında keçirilən sorğulara əsasən Prezident İlham Əliyev bir neçə dəfə “Jurnalistlərin dostu” elan edilib.
Müasir dövrdə KİV-ə diqqət və qayğıdan danışarkən 2005-ci ildən etibarən müvafiq olaraq Azərbaycanda Milil Mətbuatının yaranmasının 130, 135, 140 illik yubileylərində jurnalistlərə fəxri adların verilməsi, həmçinin mətbuat işçılərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər xüsusilə qeyd olunmalıdır. Xatırladaq ki, Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında”, eləcə də 2013-cü ildə imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi dair əlavə tədbirlər haqqında” sərəncamlarına əsasən Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün müvafiq olaraq 2 blokdan, 156 mənzildən və 3 blokdan, 255 mənzildən ibarət 17 mərtəbəli binaların tikilməsi və jurnalistlərə təqdim olunması milli mətbuata göstərilən dövlət qayğısının bariz nümunəsi idi. Bundan başqa, ölkə Prezidentinin 2017-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən jurnalistlər üçün tikilməsi nəzərdə tutulan 3-cü binanın təməli atılıb. Bütün bunlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuata dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il iyunun 30-da “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun. Sərəncamda Prezident Administrasiyasına koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb. Həmçinin Prezident Administrasiyası jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Göründüyü kimi, ölkəmizdə mili mətbuatın inkişafına qayğı davamlı xarakter daşıyır, jurnalistlərin dostu və hamisi olan Azərbaycan Prezidenti milli mətbuatımızın inkişafına xüsusi diqqət göstərir. Dövlət başçısının məlum Sərəncamında da qeyd olunduğu kimi, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.
Bütövlükdə, Azərbaycan mətbuatı dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması bu reallığın növbəti əyani ifadəsidir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31