Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zərdab rayonu öz inkişafının yeni mərhələsini yaşayır

Zərdab rayonu öz inkişafının yeni mərhələsini yaşayır

11.07.2020 [11:13]

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonda aqrar sektor inkişaf edir, abadlıq-quruculuq işləri uğurla davam etdirilir, müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə olunur

 

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın əldə etdiyi inkişaf dinamikası ölkəmizin bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə etməsini şərtləndirib. İstər regional, istərsə də qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısı qismində çıxış edən ölkəmizin qısa zaman kəsiyində qazandığı nailiyyətlərin əsasında uğurlu siyasət dayanır. Azərbaycanın iqtisadi inkişafından bəhs edərkən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına xüsusi toxunmaq lazımdır. Qeyd edək ki, ilk dəfə 2004-cü ilin fevralın 11-də Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə qəbul edilən və 2004-2008-ci illəri əhatə edən müvafiq  Dövlət Proqramının uğurlu icrası daha sonra 2009-2013, 2014-2018, 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının da qəbulunu şərtləndirdi.

Beləliklə, ötən müddətdə dərin konseptual əsaslarla, bölgələrin potensialı və ənənələri nəzərə alınmaqla hazırlanan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində respublikamızda hərtərəfli inkişaf təmin edilib, bütün ölkə üzrə yeni müsbət reallıqlar yaranıb.

Hazırda ölkəmizin çoxşaxəli inkişafı, quruculuq-abadlıq işləri paytaxt Bakı, digər iri şəhərlərlə yanaşı, bölgələri, kənd yaşayış yerlərini də əhatə edir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Bu məqamda vurğulamaq gərəkdir ki, adıçəkilən Dövlət proqramlarının uğurlu icrası nəticəsində son 16 ildə bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da bütün dünyada rekord göstəricidir. O cümlədən bəhs olunan dövrdə ölkəmizdə sənaye istehsalı 2,7, kənd təsərrüfatı 2, xarici ticarət dövriyyəsi 6,4, ixrac 7,6, qeyri-neft ixracı 5,2 dəfə artıb. Respublikamız 2004-cü ildən bəri özünün valyuta ehtiyatlarını 27 dəfə artırmağa nail olub. 2003-cü ildə ölkəmizin valyuta ehtiyatları cəmi 1,8 milyard dollara bərabər idisə, hazırda isə valyuta ehtiyatlarımız 52 milyard dollara çatıb. Bəhs olunan dövrdə ölkə miqyasında təxminən 2 milyon yeni iş yeri yaradılıb və işsizlik 5 faizədək aşağı düşüb. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə enib. Son 16 ildə respublikamızda orta əməkhaqqı 11, orta pensiya 8 dəfə artırılıb. 300 mindən çox məcburi köçkünə, 7 minə yaxın şəhid ailəsinə evlər, mənzillər verilib.

 

Müvafiq Dövlət proqramlarının uğurlu icrası nəticəsində bölgələrimizin siması günü-gündən yenilənir və daha da müasirləşir

 

Vurğulandığı kimi, hazırda regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən sayca 4-cü Dövlət Proqramının uğurla icra olunması bölgələrin tərəqqisində əsaslı rol oynamaqdadır. Bu il fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Prezident İlham Əliyev bildirib ki, dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır: "Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır".

Bildirmək yerinə düşər ki, müvafiq Dövlət proqramlarının uğurlu icrası nəticəsində bölgələrimizin siması günü-gündən müasirləşir, yenilənir. Yeni yolların çəkilməsi, müvafiq infrastrukturların yenilənməsi, aqrar sahədə aparılan islahatlar kiçik və orta sahibkarlığın inkişafında, bölgələrdə fermer təsərrüfatlarının formalaşmasında əsaslı rol oynayıb.

Bu gün ənənəvi, ixrac potensialı yüksək olan, o cümlədən yeni innovasiyaya söykənən kənd təsərrüfatı sahələrinə göstərilən diqqət və qayğı bölgələrdə vətəndaşların sosial rifahının yüksəldilməsi ilə yanaşı yeni iş yerlərinin açılmasına da təkan verib. Dövlət tərəfindən yerli sahibkarlara subsidiyaların verilməsi, kənd təsərrüfatına marağın artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməsi aqrar sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb.

 

Zərdab rayonu yüksək inkişaf tempi əldə edib

 

Yeri gəlmişkən, əldə olunan bu nailiyyətlər ayrı-ayrı bölgələrimizin də timsalında öz əksini tapmaqdadır. Məsələn, öz inkişafının yeni mərhələsini yaşayan və günü-gündən gözəlləşən Zərdab rayonunda son dövrlərdə mühüm quruculuq işləri aparılıb, rayonda yüksək inkişaf tempi əldə olunub. Bu rayon ölkəmizdə kənd təsərrüfatının inkişafında özünəməxsus rola malikdir. Müvafiq yerli icra strukturlarının yerli sahibkarların problemləri ilə yaxından maraqlanması, yaxın əməkdaşlığın qurulması, o cümlədən kənd təsərrüfatı ilə məşğul olan insanların öz məhsullarını rahat şəkildə satması üçün yaradılan şərait Zərdabın müasir inkişafında əsaslı rol oynamaqdadır. Qeyd edək ki, cari ildə yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə bağlı bir sıra problemlərin ortaya çıxmasına baxmayaraq, Zərdab rayonunda ötən dövr ərzində mühüm nailiyyətlərə imza atılıb.

 

Rayonda tikinti-quruculuq işləri uğurla davam etdirilir

 

Qeyd etmək yerinə düşər ki, Zərdab rayonunda geniş quruculuq-abadlıq işləri həyata keçirilir və bunun nəticəsi olaraq vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülür. Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, Zərdabın mərkəzində yerləşən və xalqımızın Ümummili Lideri Heydər Əliyevin adını daşıyan parka yeni su xətti çəkilib. Bu isə parkın yaşıllaşdırılmasına, orada əkilən ağacların və dekorativ kolların parka daha yüksək gözəllik verməsinə imkan yaradır. 

Azərbaycan milli mətbuatının banisi Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkı da yenidən qurularaq rayon sakinlərinin istifadəsinə verilib. Parkda müasir memarlıq üslubunda giriş qapısı quraşdırılıb, fontan kompleksi inşa edilib. Bundan başqa, Həsən bəy Zərdabinin parkdakı heykəlinin postamenti və ətrafı yüksək keyfiyyətli mərmər tavalarla üzlənib. Parkın ərazisində uşaq əyləncə mərkəzi tikilib ki, bu da kiçik yaşlı rayon sakinlərinin mənalı istirahətinə imkan verir. Qeyd edək ki, parkda ağ lay tavalarla üzlənmiş və müasir metal məhəccərlərlə haşiyələnmiş hasar inşa edilib, parkın işıqlanma sistemi yenidən işlənilib və müxtəlif növ müasir işiqlandırıcılar quraşdırılıb. Bütün bunlarla yanaşı, parkda yeni yaşıllıq zolaqları da yaradılıb ki, oraya müxtəlif növ ağac və gül kolları əkilib. Parkda müxtəlif növ kölgənəcəklər, dekorativ oturacaqlar və tullantı qabları da quraşdırılıb. Ümumiyyətlə parkın tikintisində mərmərdən, tometdən, ağ lay tavalardan və digər materiallardan istifadə olunub, yerə asfalt örtük döşənib.

Bildirmək yerinə düşər ki, son dövrlərdə Zərdab rayonunda sosial-iaşə obyektlərinin, məktəb, bağça və xəstəxanaların, tibbi məntəqələrinin tkiliməsi və ya əsaslı şəkildə təmir olunması yönündə də əsaslı addımlar atılmaqdadır. Hazırda Heydər Əliyev Fondunun vəsaiti hesabına 120 yerlik 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri işləri davam etdirilir. Bundan başqa, Məlikumudlu kənd həkim və İsaqbağı kənd tibb məntəqələri də tikilib kənd sakinlərinin istifadəsinə verilib. Xatırladaq ki, hər iki tibb məntəqəsinin tikintisinə 2019-cu ilin dekabr ayından başlanılmışdı. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən Gəlmə kənd həkim məntəqəsinin tikintisi isə davam etdirilir. 

Qeyd olunduğu kimi, rayonda yeni məktəblərin tikintisi də diqqət mərkəzində saxlanılır. Belə ki, 96 şagird yerlik Sarıqaya kənd modul tipli tam orta məktəbinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Bu məqamda vurğulayaq ki, son illərdə rayonda baramaçılığın inkişafında mühüm irəliləyişlərin olması bu sahə ilə bağlı da infrastrukturun yenilənməsini şərtləndirib. Məhz bu səbəbdən rayonun ayrı-ayrı kəndlərində yeni yığım məntəqələri tikilib istifadəyə verilməkdədir. Məsələn, rayonun Çallı kəndində yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi başa çatmaq üzrədir. Bu yığım məntəqəsinin tikilib istifadəyə verilməsi nəticəsində yerli kənd sakinləri, o cümlədən digər yaxın kəndlərin əhalisi üçün yaş barama qurudulması üçün yığım işləri olduqca asanlaşacaq. 

 

Yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl işlər aparılır

 

İcra Hakimiyyətindən verilən məlumatda deyilir ki,rayonda yol infrastrukturunun yenilənməsi də diqqət mərkəzindədir. Belə ki, Zərdab şəhərinin əsas yol xətti sayılan Heydər Əliyev prospekti yenidən qurulub. Prospektdəki piyada yolları, səkilər əsaslı şəkildə yenilənib və müasirləşdirilib. Bundan başqa, prospekt üzrə çəkilən yeni asfalt döşəməsi rayon sakinlərinə rahat gediş-gəliş üçün şərait yaradıb. Eləcə də digər küçə və prospektlərə asfalt örtükləri döşənib, yeni yaşıllıq zolaqları salınıb. Bəzi küçələrin işıqlanma sistemi yenidən qurulub. 

Eləcə də hazırda 70,5 km uzunluğunda Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması istiqamətində işlər davam etdirilməkdədir. Xatırladaq ki, bu ilin iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalanıb. Sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə müvafiq vəsait ayrılıb. Qeyd edək ki, bu yolun yenidən qurulması həmin xətt üzrə yaşayan kəndlərin sakinlərinin rahat hərəkətinə şərait yaradacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması işlərinə də start verilib. İndiyədək yolun 5 km hissəsinə asfalt örtük döşənib.

 

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurlu icrası nəticəsində Zərdab rayonu barama tədarükündə ölkə üzrə birinci yeri tutub

 

Vurğulandığı kimi, bu gün ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsulların yetişdirilməsi və bu sahələrin inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Bu mənada, ölkəmizdə baramaçılığın inkişafına verilən dövlət dəstəyi xüsusi qeyd edilməlidir. Qeyd etmək yerinə düşər ki, kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək dəyərləndirilən baramaçılığın inkişafı istiqamətində atılan mühüm addımlar nəticəsində bir sıra regionlarımızda bu sahəyə olan maraq artmaqdadır. Xatırladaq ki, hələ 2017-ci ildə keçirilən “Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə çıxış edən Prezident İlham Əliyev bu sahələr üçün dövlətin öz dəstəyini əsirgəmədiyini bildirməklə yanaşı, qarşıya konkret məqsədlər qoymuşdu. Dövlət başçısı bildirmişdi ki, əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Sözügedən müşavirədə dövlət başçısı qeyd etmişdi ki, bu sahənin inkişafı üçün dövlət öz dəstəyini əsirgəmir. Belə ki, bütün tinglər dövlət tərəfindən alınır, baramaqurdu toxumları da xaricdən gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alır.

Bununla yanaşı, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib.

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda da mühüm addımlar atılır, rayonda baramaçılığın inkişafı ildən-ilə yüksəldilir. Məsələn, 2016-cı ildə rayonda 5710 kq barama istehsal olunmuşdusa, bu rəqəm 2017-ci ildə 27 ton 55 kq-a, 2018-ci ildə 53 ton 880 kq-a çatrılıb. 2019-cu ildə isə Zərdab rayonunda 71 ton 539 kq barama tədarük edilib. Rəqəmlərdən də göründüyü kimi, son illərdə rayonda bu sahəyə marağın artması ilə yanaşı, baramaçılıqla məşğul olan kümçülərin də sayı artır. Zərdablı kümçülərin uğurlu fəaliyyətinin nəticəsidir ki, onlardan 2 nəfəri yüksək nəticələrinə görə 2-ci dərəcəli, 1 nəfər 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib. Kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək üçün əzmlə çalışıblar. 

Qeyd edək ki, 2020-ci ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik stansiyasından Zərdab rayonuna 1700 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb. Bu ilin iyulun 8-nə olan məlumata əsasən, rayon üzrə 61 ton 635 kq barama tədarük edilib. Zərdab rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, bu, ümumrespublika üzrə rayonlar arasında ən yüksək göstəricidir. Vurğulamaq yerinə düşər ki, son bir neçə ildə Zərdab rayonu barama tədarükü üzrə davamlı olaraq respublikamızda ən yüksək göstərici nümayiş etdirib. Yeri gəlmişkən, son dövrlərdə qlobal pandemiya ilə bağlı problemlərin yaşanmasına baxmayaraq, zərdablı kümçülər var gücləri ilə becərdikləri baramanın yüksək səviyyədə tədarükünə nail olublar. 

Rayonda ipəkqurdlarını bəsləmək üçün kifayət qədər yem bazası da var. Belə ki, rayonda həm yerli, həm də xarici ölkələrdən gətirilən tinglər əkilir, tut bağları salınır. Təkcə 2019-cu ildə rayon ərazisində 139 min ədəd tut tingi əkilib ki, bu da baramaçılığın inkişafında əsaslı rol oynayır.

 

Zərdabda cari ilin məhsulu üçün 2520 hektarda əkin aparılıb və bu, ötən ilin göstəricisindən 256 hektar çoxdur

 

Rayon üzrə kənd təsərrüfatının digər sahələrində də davamlı inkişaf təmin olunub. Belə ki, Zərdab rayonunda pambıq sahələrinin üçüncü kompleks becərilməsinə başlanıb və bunun üçün hər gün 800 nəfərdən çox işçi qüvvəsi, kifayət qədər texnika cəlb olunub. Qeyd edək ki, pambıqçılıq Zərdabda ənənəvi təsərrüfat sahəsidir. Rayonda cari ilin məhsulu üçün 2520 hektarda əkin aparılıb ki, bu da ötən ildəkindən 256 hektar çoxdur. Hazırda tarlalarda cərgə aralarına kultivasiya çəkilir, kətmənləmə aparılır, suvarma işləri davam etdirilir. Habelə, zərərverici olan trips və mənənəyə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Üçüncü kompleks becərmə tədbirləri hər yerdə, xüsusilə Bəyimli, İsaqbağı, Dəli-Quşçu, Pərvanlı və bir sıra digər ərazi dairələrində mütəşəkkil aparılır. Pambıqçılar yüksək məhsul üçün bütün qüvvələrini səfərbər ediblər.

 

Rayonda heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb

 

Rayonda heyvandarlıq sahəsinə də maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub. Rayonda 2020-ci il aprelin 1-nə olan məlumata görə 54765 baş iri buynuzlu, 114846 baş xırda buynuzlu heyvan var. Qeyd edilən tarixə qədər rayonda ət istehsalı 10824,0 sentner, süd istehsalı 64511,0 sentner, yumurta istehsalı 2028,0 min ədəd olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5 sentner, süd istehsalı 5 sentner, yumurta istehsalı min ədəd artıb. 

Bununla yanaşı, cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılıb. 2020-ci ilin yanvar-mart aylarında 1084 baş inək və düyələrdə süni mayalanma aparılıb, 556 baş sağlam bala alınıb ki, bunun da maldarlığın inkişafına böyük təsiri olub.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31