Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Aşura günündə evdə ibadət edən vətəndaşlar özlərinin, ailələrinin və bütövlükdə əhalinin təhlükəsizliyini qorumuş olacaqlar

Aşura günündə evdə ibadət edən vətəndaşlar özlərinin, ailələrinin və bütövlükdə əhalinin təhlükəsizliyini qorumuş olacaqlar

27.08.2020 [09:00]

Ekspertlərin fikrincə, Məhərrəm ayında kütləvi dini mərasimlərin təşkili ölkədə yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə əldə edilmiş uğurlara zərbə vura bilər
Məlum olduğu kimi, Azərbaycan dövləti yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir. Bunların sırasında COVID-19 infeksiyasına yoluxma riskini artıran kütləvi toplaşmaların qarşısının alınması xüsusi yer tutur. Belə ki, hazırda məscidlərdə də dini ayinlərin keçirilməsinə, müvəqqəti olaraq icazə verilmir.
Yeri gəlmişkən, bildirək ki, Məhərrəm ayı və Aşura günü bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının bununla bağlı müraciətində də bildirildiyi kimi, Aşura günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkəmizdə yeni növ koronavirus infeksiyasının yenidən yayılmasına yol aça bilər. Ümumiyyətlə, xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Bu səbəbdən, hətta İslamın vacib şərtlərindən biri olan Həcc ziyarəti dayandırılıb.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Kamilə Əliyeva deyib ki, pandemiya dövrünə təsadüf edən Məhərrəm ayında kütləvi dini mərasimlərin keçirilməsi yoluxmaların sayının artmasına səbəb ola bilər.
Onun sözlərinə görə, bu gün vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunması dövlətin və dövlət başçısının qarşısında dayanan prioritet məsələdir: “Məhərrəm ayında, xüsusilə də, Aşura günündə kütləvi dini mərasimlərin keçirilməsinə qətiyyən yol verilə bilməz. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın da qərarı var. Çünki pandemiya dövründə Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması vətəndaşlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Belə ki, bu halda COVID-19-a kütləvi yoluxma ehtimalı çox yüksək olacaq”.
K.Əliyeva bildirib ki, insan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür: “İstər dini baxımdan, istər hüquqi cəhətdən insanların sağlamlığının qorunması əsas götürülür. Buna görə də Aşura günündə evdə ibadət edən vətəndaşlar özlərinin, ailələrinin və ümumilikdə əhalinin təhlükəsizliyini qorumuş olacaqlar”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə deyib ki, Azərbaycan dövləti hər zaman dini-mənəvi dəyərlərə diqqət və qayğı göstərib: “Ölkədə 2 mindən artıq məscid fəaliyyət göstərir. Hər il Məhərrəmlik mərasimləri, digər müqəddəs günlərlə bağlı ayinlər və dini bayramlar yüksək səviyyədə qeyd olunur. Amma yaşadığımız qlobal problemlə əlaqədar olaraq bu il məscidlərdə dini ayinlərin icrasına məhdudiyyətlər qoyulub”.
Deputatın sözlərinə görə, Aşura günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura bilər: “Kütləvi toplaşma yoluxma ilə bağlı vəziyyətin pisləşməsinə, xüsusi karantin rejimininin uzadılmasına və ya sərtləşdirilməsinə səbəb ola bilər”.
“Ölkəmizdəki hazırkı epidemioloji vəziyyətə uyğun olaraq vətəndaşlardan kütləviliyə yol verilməməsi xahiş olunur. Əks halda ölkəmiz arzuolunmaz nəticələrlə üzləşə, son günlər virusla mübarizədə əldə etdiyimiz müsbət nəticələri bir neçə gündə itirə bilərik. Ona görə də, Məhərrəm ayında da diqqətli olmalı, özümüzü qorumalı, dövlətin və aidiyyəti qurumların tövsiyələrinə və karantin qaydalarına əməl etməliyik. Ümid edirik ki, həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq, dini mərasim və tədbirlərini növbəti illərdə davam etdirəcək”, - deyə C.Məmmədov bildirib.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31