Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Avropa Xəbər Akademiyasının proqram direktoru Azərbaycanın aparıcı KİV-ləri üçün vebinar keçirib

Avropa Xəbər Akademiyasının proqram direktoru Azərbaycanın aparıcı KİV-ləri üçün vebinar keçirib

28.08.2020 [08:57]

Avqustun 27-də Avropa Xəbər Akademiyasının proqram direktoru, “BBC Worldwide” regional nümayəndəliyinin rəhbəri Sergey Stanovkin Azərbaycanın aparıcı KİV-ləri üçün “Müasir media” mövzusunda vebinar keçirib.
AZƏRTAC xəbər verir ki, vebinarın 30-a yaxın iştirakçısı KİV sahəsində beynəlxalq iş təcrübəsi, informasiya texnologiyaları ilə bağlı yeniliklərlə tanış olublar. Bu da öz növbəsində onlarda artıq mövcud olan, həm öz ölkələrində, həm də xaricdə informasiyanın hazırlanması və təhlili, eləcə də onları kommunikasiya təsirli məqsədli qruplara təqdimetmə bacarıqlarının yaxşılaşdırılmasına kömək edəcək.
Vebinarda müzakirə olunan mövzuların diapazonu çox geniş idi. Media resurslarında kommersiya maraqlarını və redaksiya müstəqilliyini necə birləşdirməli? Həm KİV-lərin auditoriyasını, həm də reklamçıları cəlb edən kontentin təqdim edilməsində köhnə formatlardan necə istifadə etmək və yeni formatlar yaratmaq? Videokontentin digər formatlara münasibətdə mövcud olan üstünlüklərindən necə istifadə etmək? Vebinarda bu və digər suallara iştirakçılar əsaslı cavablar alıblar.
Sergey Stanovkin qeyd edib ki, bu gün auditoriyanın diqqətini cəlb etmək uğrunda, sadəcə, ayrı-ayrı telekanallar deyil, medianın müxtəlif formatları - televiziya və internet, çap və elektron KİV-lər rəqabət aparır. Bu, həm beynəlxalq, həm milli, həm də regional səviyyədə baş verir. Beynəlxalq, milli və regional səviyyədə kütləvi informasiya vasitələri arasında rəqabət daim bir çox istiqamətlərdə - auditoriyanın həcmi və keyfiyyəti, investorlar və reklam büdcələri, yeni layihələr, istedadlar və təcrübəli kadrlar, regionda, ölkədə və dünyada rəğbət, dövlət orqanları və ictimai təşkilatlar, reytinqli agentliklər və analitiklərin diqqəti uğrunda aparılır. KİV-lərin uğurlu inkişafına təminat- mediaplatformanın formalaşdırılması üçün hazırlanmış sistem (redaksiya planı, yayım şəbəkəsi və məqsədli auditoriyanın seqmentləşdirilməsi), müvəffəqiyyətin amili isə güclü brendin mövcud olmasıdır.
AZƏRTAC-ın Rus dilində informasiya baş redaksiyasının tərcümə bölməsinin müdiri Nazim Xıdırov, əsasən internetdə çox vaxt siyasi və ya kommersiya məqsədlərlə yayımlanan feyk xəbərlərlə mübarizənin müasir media məkanı üçün aktual problemlərdən biri olduğunu vurğulayaraq, bununla əlaqədar “BBC Worldwide” regional nümayəndəliyinin rəhbərinin mövqeyi ilə maraqlanıb. S.Stanovkin qeyd edib ki, mövcud vəziyyətdə rəsmi və ya tanınmış KİV-lər etibarı qoruyub saxlamalıdır. “Jurnalistlər feyk xəbərlərin və ya dezinformasiyanın qurbanı olmamaq üçün profilaktik tədbirlər görməlidir. Onlar materiallarında istifadə etmək və ya istinad etmək istədikləri onlayn kontenti mütləq yoxlamalıdırlar. Hər şeydən əvvəl, informasiya, video və ya fotonun ilkin mənbəyini tapmaq, müəlliflə, yaxud onları dərc edən şəxslə əlaqə yaratmaq lazımdır. İlkin mənbənin yoxlanmasından başqa, kontentin həqiqiliyinin yoxlanması üçün bir neçə üsul mövcuddur. Görüntünün əks axtarışı və geolokasiya alətləri, eləcə də jurnalist araşdırmasının ənənəvi üsulları - bütün bunlar informasiyanın yoxlanması zamanı zəruridir”, - deyə S.Stanovkin vurğulayıb.
AZƏRTAC-ın müxbirləri Əziz Məmmədov və Günay Kazımovanın çap mətbuatının gələcəyi barədə suallarını cavablandıran Sergey Stanovkin deyib: “Faiz münasibətində məqsədli auditoriyanın cədvəlinə görə Böyük Britaniyada informasiya mənbəyi olan qəzetlərdən bu gün yetkin əhalinin cəmi 9 faizi və gənclərin 3 faizi istifadə edir. Elektron kütləvi informasiya vasitələrinin sayının artması, elektronika və texnologiyalar əsri səbəbindən, bu vasitələrə əsasən gənclər müraciət edir. Bununla əlaqədar olaraq bəzi qəzet nəşrləri və jurnallar onlayn formata keçir”.
Onun sözlərinə görə, auditoriyanın hər bir təbəqəsi üçün informasiya məhsulunun hazırlanması müəyyən xüsusiyyətə malikdir: “Çox vaxt KİV-lər auditoriyanı ayırmırlar, bunun nəticəsi olaraq “informasiya xidməti”nin keyfiyyəti aşağı düşür. Müasir dünyada auditoriya bu və ya digər KİV-i seçə, eləcə də bu və ya digər KİV-ə üstünlük verə bilər. Misal üçün, dünyanın bəzi ölkələrində televiziya internetdən geri qalır. Auditoriyanı həm maraqlar, həm coğrafiya, hətta davranış profili üzrə bölmək imkanına malik olan internet - KİV-lər, bəzən daha hərəkətsiz KİV-lər qismində çıxış edən telekanallara münasibətdə rəqabət qazanır”.
Sergey Stanovkin, həmçinin qeyd edib ki, KİV-lərin inkişafı böyük yol keçib. Radio və televiziyanın meydana gəlməsi ilə çap mətbuatının sıradan çıxmasını öncədən söyləməyə kimsə cəsarət etmirdisə, artıq internetin meydana gəlməsi ilə televiziyanın bizim gündəlik həyatımızdan “getməsi”nin tərəfdarları getdikcə çoxalır. O, çıxışını bu sözlərlə bitirib: “Həqiqət ondadır ki, zamanla KİV-lərin hər bir növü təzə “gələnlər”lə uğurlu rəqabət aparmaq üçün müəyyən dəyişikliklərə məruz qalır. Öz tamaşaçılarınızla, bölgənizlə və ölkənizlə eyni həyatı necə yaşamalı? Prioritet sahələri necə unutmamalı və əhəmiyyətli informasiya səbəblərini necə nəzərdən qaçırmamalı? Qərəzsiz olaraq həssas mövzuları necə müasirləşdirməli? Regional və milli auditoriyaya əhəmiyyətli beynəlxalq hadisələri necə təqdim etməli? Redaksiya planı çərçivəsində qalarkən, eyni zamanda, izləyicilərin maraqlarını necə izləmək olar? “Xəbərlərin ssenariyə malik olmadıqları” məlumdursa, KİV-lərin illik redaksiya planı lazımdırmı? Bu suallara KİV-lər cavab verməlidirlər ki, maksimum uğurlu xüsusi kommunikasiya layihəsini planlaşdırıb həyata keçirə bilsinlər”.

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31