Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 31 avqust Qubadlının işğalı günüdür

31 avqust Qubadlının işğalı günüdür

29.08.2020 [00:26]

Azərbaycanın digər işğal edilmiş ərazilərində olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən xalqımıza məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir

Avqustun 31-də Azərbaycanın dilbər guşələrindən olan Qubadlı rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalından 27 il ötür. Erməni qəsbkarlarına qarşı əsl mətanətlə sinə gərən Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də işğala məruz qalıb. Xüsusi olaraq vurğulamaq lazımdır ki, digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir.

Xatırladaq ki, Qubadlı rayon olaraq 1933-cü ildə inzibati status əldə edib. 1963-cü ildə ərazisi Zəngilan rayonu ilə birləşdirilsə də, bir il keçməmiş yenidən ayrıca rayon adı alıb. Hazırda işğal altında olan rayonun 93 kəndi və bir şəhəri var. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Bunlarla yanaşı, rayonda 31 süd-əmtəə ferması, 2 üzümün ilkin emalı və yağ-pendir emalı zavodu vardı. Ümumilikdə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi. Eyni zamanda, işğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Rayonda yaşı qədim dövrlərə söykənən bir çox tarixi yerlər də vardı.

1993-cü il avqustun 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi və əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular. Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlükdə işğal edildi. Qeyd edək ki, torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid olub. Yüz nəfərə qədər insan itkin düşüb və girov götürülüb. Yüzlərlə döyüşçü və mülki əhali yaralanıb, əlil olub. Əhalinin yurd-yuvası talanıb, 94 kənd və Qubadlı şəhəri yerlə yeksan edilib. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qubadlının qaçqın düşmüş, öz ev-eşiyindən didərgin salınmış əhalisi 27 ildir ki, respublikamızın 41 şəhər və rayonunda məskunlaşıb. Dövlətimiz hər zaman əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görür. Eyni zamanda, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qaçqın və məcburi köçkünlərimizə dövlət qayğısı siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev hər zaman digər qaçqın və məcburi köçkün soydaşlarımız kimi qubadlılıların da problemlərinin həlli ilə yaxından maraqlanır, onların sosial vəziyyətlərinin yüksəldilməsi, yaşayış təminatının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır. Qubadlılılar əmindirlər ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində doğma torpaqlarımız tezliklə işğaldan azad ediləcək.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31