Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İlham Tumas: Əsgərlərimizin hərəsi bir qəhrəman idi

İlham Tumas: Əsgərlərimizin hərəsi bir qəhrəman idi

05.02.2021 [09:31]

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük müharibə tariximizin şərəfli qəhrəmanlıq səhifələrindəndir. Bu döyüşlərdə həmkarlarımız, jurnalistlər də fəal iştirak ediblər. Vətənin azadlığı uğrunda əlində silah müsəlləh əsgərə çevrilmiş jurnalistlərimizin döyüş yolu isə olduqca maraqlıdır. Beləliklə, növbəti müsahibimiz Vətən müharibəsinin iştirakçısı, jurnalist, baş leytenant İlham Tumasdır.
- İlham müəllim, 44 günlük Vətən müharibəsində əldə silah torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlərdə iştirak etmisiniz. İstərdik ki, döyüş yolunuzla bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz...
- Ehtiyatda olan baş leytenant kimi ötən il sentyabrın 21-də Azərbaycanın Silahlı Qüvvələrinin tərkibində toplanışa çağırıldım və sentyabrın 27-də Vətən müharibəsi başladı. Mən xidmət etdiyim hərbi bölmənin tərkibində Füzuli, Xocavənd, Cəbrayıl və Xankəndi-Şuşa yolu istiqamətində döyüşlərdə öz xidməti borcumu yerinə yetirmişəm.
- Döyüşdə qələbəni təmin edən əsas amillərdən biri psixoloji hazırlıqdır. Bu mənada, əsgərlər arasında ruh yüksəkliyi necə idi?
- Mən iki taborda zabit kimi xidmət etmişəm və hər iki taborda da yalnız səfərbərlikdən gələn uşaqlarla birlikdə olmuşam. Ruh halını bir kəlmə ilə izah edərdim ki, əsgərlər, zabitlər döyüşə gedəndə sevinirdilər. Döyüş dövründə əsgərlərimizin hərəsi bir qəhrəman idi.
- Qarabağ mövzusu sizin jurnalist yaradıcılığınızda da xüsusi xətlə keçir. Belə deyək, İlham Tumasın işğaldan azad edilmiş torpaqlarla ilk görüşü hansı təəssüratı yaradırdı?
- Bu böyük və kədərli bir hiss, mənzərə idi. Döyüş yolumuzun keçdiyi ərazilərdə bütün kəndlər xarabalığı xatırladırdı. Ümumiyyətlə, işğal edilmiş ərazilərimizdə ermənilər yaşamamışdı. İnşallah həmin əraziləri hamımız birgə quracağıq, abadlaşdıracağıq və orada həyat yenidən bərpa olunacaq. Biz dərk etməliyik ki, qələbə qazanmışıq, Artıq bundan sonrakı məsələlər siyasi məsələlərdir. Hazırda daha məsuliyyətli bir dönəmdəyik. Gərək hər birimiz sözümüzə, əməlimizə, davranışımıza, fikirlərimizə diqqət edək. Əsasən də sosial şəbəkələrdə düşməni sevindirəcək səhvlər etməməliyik, məsuliyyətsiz görüntülərə, fikirlərə yer ayırmamalıyıq. Bir sözlə, biz müharibə dönəmindəkindən daha məsuliyyətli olmalıyıq.
- Əslən Cəbrayıl rayonundansınız. Cəbrayılın düşməndən azad edilməsi sizdə hansı hissi yaratdı?
- Mənim üçün Vətənin düşməndən azad olunmuş hər qarışı eynidir. Müharibə vaxtı dostlar hərdən zəng edirdilər ki, get Tumas Ata dağını ziyarət elə, cavab verirdim ki, qardaş mən turist deyiləm axı istədiyim yerə gedim, istədiyim ərazini ziyarət edim. Mən hərbçiyəm. Mənə harada deyirlər orada xidmət edirəm. Hərbçi əmrə tabe olmalı və intizamlı olmalıdır. Təbii ki, istəyirdim ki, gedim Cəbrayılın Qazanzəmi kəndini görüm. Ora ilə bağlı mənim uşaqlıq xatirələrim var. Çox istəyərdim ki, Tumas Ata dağını ziyarət edim. Qismət olmadı. İnşallah qismət olar və biz oralara qədəm basarıq, oranı ziyarət edərik.
- Qələbə xəbərini necə qarşıladınız?
- Qələbə xəbərini xidmət etdiyim hərbi bölmə ilə Şuşa-Xankəndi yoluna nəzarət edən zaman aldım. Həmin vaxt ermənilərin yaşadığı kəndin yaxınlığında idim. Gecə həmin ərazini minaatanlardan, snayperlərdən qoruyurduq. Saat təxminən gecə 4 radələri idi. Yağış yağırdı. Gördüm əsgərlərimiz qışqırır, sevinir. Dedilər ki, artıq qələbə qazandıq və ermənilər kapitulyasiya aktı imzaladı. Təsəvvür edin ki, biz qələbəmizə sevinirdik, qarşımızdakı erməni postları da sevinirdi. Məğlub ölkənin ordusu öz məğlubiyyətinə sevinirdi. Bu bəlkə də absurd görünə bilər, amma belə idi. Onlar anlayırdılar ki, bu torpaq onların deyil və istəyirdilər ki, bu məsələ bitsin. Bitdi də. Bizim qələbəmizlə bitdi.
- Qeyd etdiyim kimi, müharibə mövzusu sizin yaradıcılığınızda xüsusi yer tutur. “Poladın 7 anı” sənədli filminin, “Müharibə, casusluq, kəşfiyyat” kitabının müəllifisiniz. II Qarabağ müharibəsi ilə bağlı hər hansı bir yaradıcılıq planınız varmı?
- Mən iki müharibə gördüm və bunu yaşadım. Hərdən içindəkiləri itirdiyin dostlarla bölüşmək arzusu yaranır və mən belə məqamlarda rəhmətlik dostum, “Murov qartalı” Raquf Orucovun məzarına üz tuturam. Mən Raquf Orucovla, Polad Həşimovla 1996-2000-ci illərdə Murovdağ istiqamətində eyni hərbi hissədə xidmət etmişəm. Qələbəni, bu gözəl günləri dostlarsız yaşamaq çox çətindir. Kaş ki, bu qələbəni çox istəyən şəhidlərimiz bizim yanımızda olardı. Allah hər bir şəhidimizə rəhmət etsin! Yaradıcılıqla bağlı isə hər hansı bir planım yoxdur. 44 günlük müharibə mənim bir az qocalıq yaşıma düşdü. Hərdən bu mənada cavanlara qibtə edirdim. Amma çox şirin, çox gözəl, çox dadlı bir müharibə oldu. Şükürlər olsun ki, qələbə qazandıq!!!
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31