Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Peyvənddən gözləntimiz ondan ibarət olmalıdır ki, virusa yoluxsaq da, ağırlaşma halları ilə üzləşməyək”

“Peyvənddən gözləntimiz ondan ibarət olmalıdır ki, virusa yoluxsaq da, ağırlaşma halları ilə üzləşməyək”

10.04.2021 [08:33]

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da iki aydan artıqdır ki, əhalinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənməsi prosesi aparılır. Peyvənd vurulması ilk vaxtlarla müqayisədə indi daha sürətlə gedir. Statistika göstərir ki, ölkəmiz peyvəndləmə səviyyəsinə görə MDB ölkələri arasında liderdir. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib.

Qeyd edək ki, Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdəndir. COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib.

“İndiyədək Azərbaycanda istifadə edilən Çinin “Sinovac” şirkətinin “CoronaVAC” vaksini ənənəvi metodlar əsasında, yəni ənənəvi texnologiya ilə hazırlanmış inaktiv peyvənddir. Bir çox ölkələrdə həmin vaksindən istifadə edilir. “CoronaVAC” vaksinini vurdurmaqdan çəkinmək lazım deyil. Əsas olan odur ki, virusa yoluxanda belə ağırlaşma olmasın, xəstəxana şəraitində müalicə olunmağa və reanimasiyaya düşməyə ehtiyac yaranmasın”.

Bu fikirləri qəzetimizə açıqlamasında “Yeni həyat” klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Şöbə müdirinin sözlərinə görə, bu bəladan qurtulmağımız və normal həyata qayıtmağımız üçün kütləvi immunitetin yaranması vacibdir. Onun qısa müddətdə formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür: “Peyvənddən gözləntimiz ondan ibarət olmalıdır ki, virusa yoluxsaq da, ağırlaşma halları ilə üzləşməyək, ağciyərlərin tutulma ehtimalı, süni nəfəs aparatına qoşulmağa ehtiyac yaranmasın və ölüm sayı azalmış olsun. Buna nail olsaq, COVID qorxunc xəstəlik olmayacaq. “CoronaVac” peyvəndinin də effektivliyi bundan ibarətdir”.

E.Qasımov bildirib ki, aprelin 4-də ölkəmizə İngiltərə və İsveçin birgə hazırladığı “AstraZeneca” peyvəndi gətirilib: “Sonrakı günlərdə “Sputnik V”, “Pfizer-BioNTech” və “Moderna” peyvəndlərinin gətirilməsi də nəzərdə tutulub. Bütün peyvəndlər ölkəmizə gətirilərək 8-10 milyon əhalinin peyvəndlənməsi üçün tədbirlər görülür”.

“Unutmayaq ki, risk qrupunda olanların infeksiyanı ağır keçirmək ehtimalı böyükdür. Yaş risk faktorudur və yaşı çox olanlar özlərini qorumalıdırlar. Hətta xəstəliyi yüngül keçirən gənclər də öz valideynlərini qorumaq qayğısına qalmalıdırlar”, - deyə E.Qasımov vurğulayıb.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31