Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Hüquq guşəsi: oxucu soruşur”

“Hüquq guşəsi: oxucu soruşur”

14.04.2021 [08:21]

Oxucuların suallarını Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, “Ədalət” Vəkil Bürosunun rəhbəri, vəkil Muxtar Mustafayev cavablandırır.
Oxucu soruşur:
- Son vaxtlar bizim internet təminatımızda problemlər ortaya çıxır. İnternet təminatı həyata keçirən şirkətdən soruşanda bunu gah profilaktik işlərlə, gah da hava şəraiti ilə əlaqələndirir. Mövcud qanunvericiliyə görə, internet provayderləri ilə istehlakçılar (abunəçilər) arasında bu məsələlər necə tənzimlənir?
Hüquqşünas cavablandırır:
- Qeyd edilən münasibətlər Mülki Məcəllənin müqavilədən irəli gələn öhdəliklərlə bağlı müddəaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarla tənzimlənir.
Məlum olduğu kimi, internet təminatı abunəçi ilə provayder arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
“Telekommunikasiya haqqında” Qanunun 33.1.2-ci maddəsinə əsasən, “abunəçi ilə bağlanan müqaviləyə əsasən, üzərinə düşən vəzifələri yerinə yetirmək”, 33.1.3-cü maddəsinə əsasən, “istehlakçıların hüquqlarını pozmamaq” operatorların və provayderlərin vəzifələrinə aid edilir.
Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, telekommunikasiya haqqında qanunvericiliyə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) qanunvericiliyin tələblərini pozmuş şəxslər barədə öz səlahiyyətləri çərçivəsində tədbirlər görür.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdirlər.
Qanunun 5.1-ci maddəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
Həmin Qanunun 9-cu maddəsinin 3-cü bəndinə əsasən, icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.
Həmin Qanunun 21-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Provayder yalnız o halda qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətdən azad edilə bilər ki, xidmət göstərilməsində olan fasilələrin və ya qüsurların onun təqsiri üzündən baş verməsini və ya qarşısı alınmaz qüvvənin (fors-major halı) təsirindən baş verdiyini sübut edə bilsin.
Yuxarıda qeyd edilənlərə əsasən, internet xidmətləri müqavilədə göstərilən keyfiyyətdən aşağı olduğu təqdirdə, istehlakçı:
- provayderə mövcud qüsurları göstərməklə, onların aradan qaldırılmasını və keyfiyyətsiz xidmət üçün ödənişin müvafiq müddət üçün azaldılmasını tələb edə bilər;
- müvafiq şikayət ərizəsi ilə bu sahədə dövlət nəzarətini həyata keçirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edə bilər;
- istehlakçıya dəymiş zərərin (o cümlədən mənəvi zərərin) əvəzinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldıra bilər.
Bu zaman nəzərə almaq lazımdır ki, göstərilən xidmətin keyfiyyətsiz olmasının sübut olunması üçün mümkün qədər sübut bazası (videoçəkiliş, bir neçə nəfərin iştirakı ilə akt tərtib edilməsi və s.) toplanmalıdır.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31