Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xaricdən gələn həkimlər...

Xaricdən gələn həkimlər...

17.02.2022 [10:51]

Yaxud cəhənnəmə biletin bər-bəzəkli reklamı

İlhamə

Özümüzünkülərin nəyi əskikdir?

İllərlə uşaq həsrətilə yanıb-tutuşan tanıdığım bir ailə çox bahalı özəl klinikalardan birində (çünki bizdə inam var, bahalıdırsa, deməli, yaxşıdır) süni mayalanma yolu ilə övlad sahibi olmağa qərar verdi və İrandan gəlmiş həkimə üz tutdular. Hamiləliyin 6-cı ayında xanım özünü narahat hiss etməyə başlamışdı. Gəncədəki klinikaya əməliyyata getmiş həkim tanışıma eləcə telefonla məsləhət verir, hər şeyin normal olduğunu deyirdi. Başqa bir ginekoloqla görüşməyi də qadağan eləmişdi. Bir neçə gün sonra qadın uşağını itirdi, həkim isə yox idi. Dedilər, həkimin müqavilə müddəti bitib, çıxıb gedib vətəninə. Pasiyentin səhhətində problem yarandığını bilə-bilə qəsdən etinasızlıq göstərmişdi, bunun da iki səbəbi ola bilərdi. Ya klinika qadağan edib ki, ziyan görməsin, ya da həkim öz nüfuzuna kölgə salmaq istəməmişdi. (Bu arada özəl klinikaların çox ağır xəstələr bir neçə gün reanimasiyada saxladıqdan sonra ümidi kəsincə dövlət xəstəxanalarına yönləndirməsinin də şahidi olmuşuq. Bir çox dövlət xəstəxanalarının adı buna görə bədnam olur)

Buna bənzər hallar dəfələrlə baş verib. Xarici həkim cərrahiyyə əməliyyatından dərhal sonra xaricə gedir, pasient qalır taleyin ümidinə. Belə vəziyyətdə xəstə və yaxınları hara müraciət edəcəklərini, kimdən yardım istəməli olduqlarını bilmirlər. Başqa həkimin əməliyyat etdiyi xəstəyə isə digər cərrahlar həvəslə yanaşmırlar.

“Xaricdən həkim gəlməsin” demək olmaz. Hər xəstənin həkim seçmək hüququ var. Bizdə elə sahələr var ki, o sahə üzrə təcrübə azdır, çətin xəstəliklərin müayinə və müalicəsi üçün aparatlar yetərsizdir və s. Xaricdə tətbiq olunan müalicə üsulunun və ya əməliyyatın ölkədə hələlik həyata keçirilmədiyi halda bunun tətbiqini işə salmaq üçün xaricdən həkim çağırıla, təcrübə mübadiləsi məqsədilə dövlət səviyyəsində xarici ölkələrdən həkimlər dəvət edilə bilər.

Amma... Hər hansı özəl klinikanın özünü statuslu göstərmək üçün göstəriş xətrinə istənilən həkimi dəvət edib, ondan kommersiya maraqları üçün istifadə etməsi, özünü alman, fransız və s. klinikası adlandırması, xaricdə yaşayan məşhur bir həkimin adından istifadə etməsi nə dərəcədə düzgündür? Bu, aldatmaq  sayılmazmı? Həm də o halda ki,  dəvət olunan həkimlər öz ölkəsində aparıcı mütəxəssis kimi tanınmırlarsa...

Dəfələrlə Səhiyyə Nazirliyinin xüsusi komissiyasının yoxlamaları nəticəsində  məlum olub ki, reklam olunan xarici həkimlərin professionallıqları, təltifləri, adları ilə bağlı deyilənlər təriflərdən yalnız biri həqiqətdir - onun xarici dövlətdən gəlməsi...

Azərbaycanda fəaliyyət göstərən xarici həkimlərin dəqiq statistikası məlum deyil. Amma o məlumdur ki, əcnəbi həkimlərin sayı göründüyündən daha çoxdur.

Azərbaycanda 693 özəl tibb müəssisəsi qeydiyyatdan keçib.

Həmin klinikaların rəsmi veb-saytlarına baxanda, ən az 10 xarici həkimin xidmət göstərdiyi görünür. Ölkəmizə həkimlər əsasən, Türkiyə, İran, Rusiya, Gürcüstan, bəzən də Hindistan və Almaniyadan dəvət olunurlar. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2018-ci ildə cəmi 33 tibb işçisinə burada üç, altı ay və bir il müddətində işləmək hüququ verilib. Eyni zamanda, onların ödədiyi dövlət rüsumu müvafiq olaraq 350, 600 və 1000 manat təşkil edir.

Xaricdən gələn həkimlər həmişə yüksək peşəkarlardırlar? Uzman, falan-filan deməklə deyil, hansı pasiyent xəstəxanaya girəndə öz həkimindən diplom və ya sertifikat tələb edir ki? Uzaq başı həkim divara çərçivələdib hansısa bir diplom və ya sertifikat şəkli asır. Saxtadır, doğrudur onu da bir Allah bilir, bir də Səhiyyə Nazirliyi. Təxminən 10 il öncə bizim öz yerli həkimlərimizin də bir çoxları öz ixtisasları üzrə deyil, daha “gəlirli”, pullu  profillərə uyğun kurs keçirdilər. Bir neçə ay ixtisasartırma keçəndən sonra anastizioloq dönüb olurdu məsələn, mama-ginekoloq. Qanunla ləğv olunsa da, özəl klinikalarda ümumi cərrah və ya digər sahədə işləyən həkimlər var ki, özlərini plastik cərrah kimi təqdim edərək plastik əməliyyatlar keçirirlər. Gözəllik salonlarında, estetik mərkəzlərdə özünə həkim deyən o qədər yalançı mütəxəssis var, saymaqla bitməz. Bu qanunsuzluğa göz yumulur...

Dərd təzə deyil, köhnədir. Amma hələ çarəsi tapılmayıb. Bir neçə il öncə sabiq səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin orqanı olan qəzetə müsahibəsində “qanunvericiliyə zidd olaraq gəlmə həkimlər özəl klinikalarda praktika ilə məşğul olurlar, əməliyyat edirlər və çıxıb gedirlər. Səhiyyə Nazirliyi isə bu barədə yalnız ya reklamlardan xəbər tutur, ya da bu şübhə doğuran “qastrolçu həkim” pasiyentin sağlamlığına zərər vuranda. Sonuncu halda məlum olur ki, həkim artıq əlçatmazdır, klinika isə “çiyinlərini çəkir” ki, həkim bacardığını elədi” demişdi.

Qanun nə deyir?

Xaricdən mütəxəssis dəvət etmək istəyən klinikalar həmin həkimin diplomunu Təhsil Nazirliyinə təqdim etməlidir. Təhsil Nazirliyinin araşdırma və arayışından sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, xüsusilə də Dövlət Miqrasiya Xidmətinə məlumat verilməlidir. Bundan sonra Səhiyyə Nazirliyinin komissiyası tərəfindən şəhadətnamə verilir. Amma yayınma hallarının olduğunu heç nazirlik də gizlətmir.

Azərbaycana dəvət edilmiş əcnəbi həkimlər Azərbaycan vətəndaşının sağlamlığına zərər vurduğu halda dəymiş zərər “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 57-ci maddəsinə əsasən ödənilməlidir: “Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir”.

Yeni ayrıseçkilik

Son günlər səsləndirilən bir təklif də həkimlər arasında narahatlıq yaradıb. Xaricdə oxuyub gələn həkimlərə daha çox maaş verilməsi məsələsi gündəmə atılıb. Bu isə narazılığa səbəb olacaq.

Həkim Şahin Məmmədov bu barədə “Yeni Azərbaycan”a bildirib.

“Fikir atıblar ortaya ki, görək həkimlərin buna reaksiyası nə olacaq. Əlbəttə, yaxşı qarşılanmayacaq. Çünki xarici diplomu olmasa da, xaricdə dəfələrlə kursda olmuş, öz üzərində daim çalışan yaxşı həkimlərimiz var, heç də xarici diplomu olan həkimdən zəif deyillər. Həkimlər arasında bu cür ayrıseçkilik yaratmaq düzgün deyil. Bunun əks təsiri kimi həkimlər xarici diplom üçün xaricə üz tutacaqlar ki, gələcəkdə Azərbaycanda yaxşı maaş alaram, gedəcəklər və çoxu qayıtmayacaq. Yəni xaricdən həkimləri guya Azərbaycana qaytarmağa cəhd edirlər, hansı ki, xaricdə uğur qazanmış həkimlərdən bura o maaşa qayıdan olmayacaq, hətta bu cür tədbir əks effekt də verə bilər”.

Azərbaycanlı xəstələrin daha çox xarici mütəxəssislərə üz tutmasının bir səbəbi də xaricilərin özünü təqdim etmək bacarığıdır. Hər xəstə daha gülərüz, daha çox inam verən həkimə üz tutur. Bizim həkimlərin bir çoxunda xəstə ilə xoş münasibət qurmaq problemi var. Yerli həkimlərin bəziləri hətta xəstəni qorxudur, xəstənin bu təsir altında müalicə almağa məcbur olacağını düşünür. Yenə söhbət gəlib durur  “pulun başında”, bax, belə-belə səbəblərlə can bazarı yaşanır.

Müdriklər deyir ki, dünyanı dəyişmək istəyirsənsə, öncə özündən başla. Öz düşüncələrini dəyiş. Diqqət etsək, görərik ki, dəyişməli olan çox düşüncəmiz var.

Paylaş:
Baxılıb: 948 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31