Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Od çərşənbəsi - Çin olmamış duanız qalmasın

Od çərşənbəsi - Çin olmamış duanız qalmasın

01.03.2022 [10:51]

İlhamə HƏKİMOĞLU

Bu gün Od çərşənbəsidir. Boz ayı yarılayıb, bahara bir həftə də yaxınlaşırıq.

İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan sevgisini əks etdirir.

Sovet hakimiyyəti dövründə Novruzun mifoloji əsaslarını laxladıb, anlamını itirməyə çalışmışdılar. Novruzu gənc nəslə sadəcə Bahar bayramı kimi təqdim edirdilər. Buna görə də, Novruzun özündə qədim bilgiləri əks etdirən bir çox ritualları unuduldu, zaman içərisində itdi-batdı. Sovet dönəmində Su çərşənbəsindən sonra Od çərşənbəsi qeyd olunmağa başladı. Halbuki, o vaxta qədər çərşənbələrin düzümü fərqli idi. Türk sözü unutdurulduğu kimi, türkün bayramı da ciddi-cəhdlə unutduruldu. Türklər tanrının öncə suyu, sonra torpağı, daha sonra yeli, ən sonda da günəşi oyandırdığına inanırdılar. Türk dünyasının mifoloji qaynaqlarını araşdıran folklorçular ikinci çərşənbənin od deyil, Torpaq çərşənbəsi olduğunu deyirlər. Türk etnosu odu Zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.

Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub.

Od çərşənbəsində tonqalı hündür yerdə - dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmış. Həmin tonqaldan hər kəs öz evinə od apararmış. Dilimizdə özünə yer eləmiş “Od aparmağa gəlmisən?” ritorik sualı da öz kökünü bu bayramdan alır. Dünyanın hər yerində insanlar Günəşin yerdəki rəmzi kimi odu müqəddəsləşdirmişlər. Yunan əfsanələrində Prometeyin odu insanlar üçün tanrılardan oğurlamasından danışılır. Maraqlıdır ki, qədim türk və yunan mifologiyasında bir-birinə çox bənzəyən məqamlar, obrazlar, qəhrəmanlar var. Müasir dövrdə Olimp dağından Olimpiya məşəlinin götürülməsi ənənəsi bizim od aparmaq ənənəmizə bənzəmirmi. Lakin bənzərlik təkcə yunan mifologiyası ilə çərçivələnmir. Novruz ənənələrində yapon, çin mədəniyyətinin fen-şuyunu da görmək olar. Novruz bayramından öncə mütləq şəkildə ev-eşik, həyət-baca təmizlənirdi, xüsusilə yas düşən evlər mənfi enerjidən arındırılırdı. Evdəki əşyaların yerini mütləq dəyişirdilər. Evdə kəsvət qalmasın deyə. Fen-şuyu andıran bu ənənəyə bəzi obalarımızda “külə-külə” deyilirdi.

Herodot yazırdı ki, qədim türk tayfalarından olan massagetlər Günəşi yeganə Allah hesab etməklə ona qurban kəsərdilər. Elə od çərşənbələrində ulu babalarımızın Günəşə qurban aparmaları da bu inancın izlərini daşıyır.

Odun türk-mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inancına görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdildər. Elə Novruzda bayram aşının düyüsündən bir ovuz ağac koğuşuna qoymaqla ağaca təşəkkür etmək ənənəsi də öz kökünü buradan alır.

Od çərşənbəsində yandırılan odun külünü üç yerə səpib mal-qaranı, qoyun-quzunu külün üzərindən keçirərdilər. İnanca görə, Od çərşənbəsində yanan odun külünü axar suya tökərdilər. Dərd-bəla odda yanar, suda axardı.

Odun üzərindən atlanmaqla köhnə ildən qalan azar-bezarı, əziyyəti arxada qoyur, yeni ilə tərtəmiz girdiklərinə inanırdılar. Yandırılmış odun üstündən “ağırlığım, uğurluğum, dərdim, bəlam bu oda tökülsün” deyib tullanarlar.

Bəzi obalarda çərşənbə tonqalının külünü bolluq, bərəkət rəmzi olaraq əkin sahələrinə, tövləyə, toyuq hininə səpərdilər, bərəkəti çağırardılar.

Eləcə də insanlar şər qüvvələrdən qorunmaq üçün tonqalın külündən evin dörd küncünə qoyardılar.

Od çərşənbəsində qohumlar, qonşular yaslı evlərə gedib onlar üçün də “çərşənbə odu”nu yandırar, beləcə onları yasdan çıxararlar.

Şadlıq, yasdan çıxma rəmzi olaraq bar verməyən ağacların dibinə həmin günü xına basdırmaq, qırmızı parça bağlamaq adəti də mövcuddur.

 Od çərşənbəsində od yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” deyərdilər. Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalayar, həyətə keçənlərin özüylə ağırlıq, pis niyyət gətirməsinin qarşısını alardılar.

Od çərşənbəsində insanlar su ilə yuyulub-yaxalandığı kimi, odla da yuyunardı. Odun üstündən atlayar, sonra bütün bədənə tonqalın istisinin dəyməsinə çalışar, beləcə arındıqlarına inanardılar.

Od çərşənbəsinin unudulmuş adətləri arasında “Dəvə oynatma”, “Qodu-qodu” oyunları, açar falı, alma falı kimi rituallar var.

Açar falına çıxan şəxs özü ilə açar götürüb yol kənarında dayanardı. Açarı sağ ayaq altına qoyub, niyyət tutar, yoldan keçənlərin dedikləri əsasında niyyətlərinin çin olub-olmayacağını öyrənərdi. Açar niyyətin açarı, müşkül işin açılması anlamına gələrdi.

Od çərşənbəsində alma falına da baxardılar. Almanın birini nişanlayıb niyyət tutar, kiməsə həmin almaları təqdim edərdilər. Həmin adam nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə olurdu. Türk dünyasında alma xoş niyyət, murad, xoşbəxtlik anlamı verir deyə, alma falının özünü doğrultduğuna inanardılar.

“Qodu-qodu” oyununda kənd cavanları əllərində çömçə ev-ev gəzib mahnı oxuyar, bayram payı toplayardılar. “Dəvəoyunu” tamaşasında bir nəfər özünü dəvə görkəminə salır, boynuna zınqırov bağlayır, üz-gözünə his sürtür, camaatı güldürür.

“Maraloyunu” tamaşasında Maralın bala doğması motivi yazın gəlişini, həyatın yeniləşməsini simvollaşdırır. Novruz bayramında ildəyişmənin əsas simvollarından olan keçi ilə bağlı ayrıca tamaşa vardır. O, “Təkəçi mərasimi” adlanır. Bu tamaşa daha çox Cənubi Azərbaycan bölgələrində oynanılır.

Novruz, ümumilikdə paylaşmaq bayramıdır. Bəzi insanlar Novruzda Kosanın pay toplamasını xoş qarşılamır, “niyə Şaxta baba kimi bizim milli qəhrəmanımız da pay vermir?” deyirlər. Əslində, xristianlıqda payı verən yalnız Şaxta babadırsa, Novruzda hər ev pay verir, hədiyyə göndərir, bircə pay toplayan Kosa olur. Bu bayram həmrəyliyin, paylaşmanın simvoludur.

Türklər üçün od, ilk növbədə, ev, ocaq deməkdir. Atəş türk xalqlarında müqəddəsliyi, qutsallığı qoruyan varlıqdır. Əski düşüncəyə görə, atəş ocağı, ocaq evi, soyun davamını təmsil edir. Atəş tanrısı atəşi və ocağı qoruyur. Atəşə su tökülməz, ona pis söz deyilməz.

Qədim ənənələrimizə, inanclarımıza görə, yanan odun üstünə  su tökməzlər, torpağa da qaynar su tökməzdilər, tökərkən “yer əyəsi balanı götür qaç” deyərdilər. Bunun da bir əfsanəyə bağlılığı mütləq var. Gözəgörünməz varlıqların oddan, tüstüdən yarandığına dair inanış var və qaynar suyun onların balasını yandıra biləcəyindən ehtiyatlanardılar. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Bu çərşənbədə tonqal qalaya bilməsəniz belə, evdə şam yandırıb, qədimdə analarımızın, nənələrimizin oxuduqları duanı oxuyun: “Qara yerdən üstünə qonan görünməzləri oda verdim, yandırdım” deyin, özünüzü, yuvanızı bəd nəfisdən, şər qüvvələrdən arındırın.

Suyunuz aydın, Torpağınız bərəkətli, Küləyiniz hərəkətli, Odunuz hərarətli olsun. Niyyət fallarınız xoş çıxsın, çin olsun, odunuz, ocağınız gur yansın, dərdinizi, sərinizi od aparsın. Ən əsası da ürəyinizin, gözlərinizin odu, atəşi sönməsin. Alqış eləyin ki, alqış eşıdəsiniz, işıqlı dualara tuş olasınız.

Paylaş:
Baxılıb: 1068 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31