Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lilit əfsanəsi

Lilit əfsanəsi

15.04.2022 [10:39]

İnsanı Cənnətdən şeytan qovdurub?

İlhamə HƏKİMOĞLU

İnsan nəsli Adəm və Həvvadan yaranıbsa, o zaman onların uşaqları kiminlə evlənərək artıb çoxaldılar? Bu, ən çox verilən suala cavab olaraq, mühafizəkar dindarlar ilk insanlara bacı-qardaşlar arasında evliliyin o zaman haram buyrulmadığını desələr də, ağıl və məntiq nəyinsə düz olmadığını pıçıldayır.

Müasir ilahiyyatçıların bəziləri bildirirlər ki, Adəm və Həvva prototipdir. Allah ilk dəfə başqa insanlar, başqa irqlər də yaradıb. Həmin o irqlərin ailə qurması nəticəsində nəsil davam edib. Məhəmməd peyğəmbərin hədislərində də deyilir ki, Adəm yer üzünə göndərilmiş beşinci nəslin yaradıcısıdır.

Adəmə qədər yer üzündə müxtəlif irqlərin və ya məxluqların mövcudluğu ehtimal olunur. Bir ağdərili və ya qaradərili insandan başqa irqin yaranması mümkün deyil. Deməli, onların öz nəsli olub. Allah Adəm və Həvvanı yaratdığı kimi, başqa Adəm və Həvvaları da yaradıb. Başqa bir versiyaya görə, ilk qadın olan Lilitin cin ərindən olan uşaqları ilə Adəmin uşaqları arasında evlilik yaranıb. Bəs Lilit kimdir? Axı biz ilk qadın olaraq yalnız Həvvanı bilirdik?

Lilit haqqında məlumat ilk dəfə Talmudda verilib. Onun adı ən qədim Mesopotamiya mətnlərində də keçir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Tövratın ilk hissəsi olan “Yaradılış”ın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdı.

Yəhudilik və Xristianlıqdakı əfsanələrə görə, Lilit uzun dalğalı, alov rəngli saçları, kəhrəba rəngli gözləri, ağ dərisi və zərif bədəni olan gözəl bir varlıq idi.

Əfsanəyə görə, Adəm və Lilit kimin daha üstün olması mövzusunda yola getmədilər və heç biri geri addım atmadı. Lilit Allahın haram adını söyləməklə Cənnətdən qaçır və yer üzündə Qırmızı dəniz yaxınlığında bir mağaraya sığınır. Cinlərin Kralı ilə birlikdə olur. Gündə 100 cin uşaq dünyaya gətirir və bu uşaqlar yer üzünə şər qüvvələr kimi səpilirlər.

İnanca görə, dünyada pisliyin çox olmasının səbəbi Lilitin dünyaya gətirdiyi bu uşaqlardır. Bu arada Adəm tənhalıqdan Liliti geri qaytarması üçün Allaha yalvarmağa başlayır. Bunun üçün Tanrı Liliti Senoy, Sansenoy və Samengelof adlı üç mələklə Adəmin yanına çağırır. Lilit çağırışı rədd edir və heç vaxt geri qayıtmayacağını deyir. Bu üç mələk Lilitin cindən doğulan övladlarını məhv etməyə başlayır, Lilitin intiqamı isə daha ağır olur. O, insanı Cənnətdən qovdurmağa nail olmaqla qalmayıb, onun nəslinə ən müxtəlif formalarda ziyan vurmağa başlayır.

Lilit geri dönməyincə, Allah Həvvanı yaradır. Həvva Lilitə o qədər bənzəyir ki, Adəm Lilitin peşman olduğunu və geri qayıtdığını düşünür. (Qadınlar şeytana bənzəyir deyimi də buradan qalıb). Adəmin Həvvaya sevgisini qəbul edə bilməyən Lilit o andan etibarən Adəm nəslindən olan bütün uşaqlara zərər verməyə and içir.

Ümumi inancda bilindiyi kimi, Həvva şeytan tərəfindən aldadılmış və “qadağan olunmuş meyvə” yediyi üçün Adəm və o, Cənnətdən qovularaq yer üzünə göndərilmiş və onlar fani olmuşlar. Əfsanənin qalan hissəsi burada işə düşür. Lilit əfsanəsinə görə, Həvvanı aldadaraq “qadağan olunmuş meyvəni” yeməyə məcbur edən şeytan sevgilisi kimi maskalanan və qisas almaq istəyən Lilit idi. Lilitin Adəm övladlarını öldürmək üçün verdiyi andı yerinə yetirmək üçün onların Cənnətdən qovulmasına nail olur.

Bütün xalqların qədim əfsanələrində zahı qadınlara ziyan vuracaq bir Hal anasından söhbət gedir. Müxtəlif xalqlarda  Hal anasına müxtəlif adlar verilsə də, o, bütün millətlərin əfsanələrində yaşayır. Bu səbəblə doğuşdan sonra ana və körpə 40 gün ərzində tək buraxılmır, gecələr işıqlar söndürülmür, hamilə qadının yatağının yanına bıçaq və ya qayçı qoyulur, ananın başına qırmızı lent bağlanır və s.

Müasir dövrdə Lilit feminizmin simvoluna çevrilib. Bu adda jurnallar nəşr olunub, Həvva kimi olmaq istəməyən qadınların iştirakı ilə “Lilith Fair” adlı səyyar musiqi festivalları təşkil edilib. Lilit tarixin ilk feminist personajı hesab olunur.

Dini əfsanələrə, əslində bir qədər müasir baxışla nəzər salsaq, nə görərik? Lilitin Yer üzündə evləndiyi o cinlər kralı Misir ehramlarının üzərində təsvir edilən göylərdən gələn və insan nəslinin artmasına xidmət edən “tanrılar”dan olmasın? İnsan yer üzünə göydən endirilərkən yer üzündə göydən gəlmiş bir başqa məxluqlar - cinlər yaşayırdılar və hətta krallıq da qurmuşdular. Cin dediyimiz müasir deyimlə yadplanetlilər ola bilməzmi? İlk onlar gəlmişsə, o zaman  insan gəlmə deyilmi? Hansımız kosmosdan gəlmişik? Nə üçün Aydan gətirilmiş torpaq nümunələrindəki elementlərə insanın qanında da rast gəlinir?  Əgər Lilitin nəsli ilə qarışmışıqsa, o zaman Yer üzündə ən sadə, hətta ibtidai düşüncə səviyyəsində insanlarla yanaşı, az qala supergüclərə sahib olan müxtəlif səviyyəli insanların yaşamasına da aydınlıq gəlmirmi? Cavabsız suallar çoxdur. Dərindən düşününcə, tarixi əfsanələri fərqli baxış bucağından dərk edincə qarşımızda yaradılışımıza dair başqa mənzərə yaranır. Amma bu, artıq başqa bir araşdırmanın mövzusudur.

Paylaş:
Baxılıb: 1212 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31