Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qış sərt keçəcək...

Qış sərt keçəcək...

22.11.2023 [11:30]

Bakı qışa hazırdır?

Bu il Azərbaycanda qış ötən illərlə müqayisədə sərt keçəcək. Belə ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyindəki müvafiq qurumlar tərəfindən proqnozlar verilib. Eyni zamanda, qış aylarının sərt keçəcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) aidiyyəti üzrə müvafiq müşavirələr keçirilib.

Müşavirələrin əsas məqsədi rayonların müvafiq xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirəsidir. Ardıcıl olaraq bir neçə dəfə keçirilən bu müşavirələr qışın sərt keçəcəyi barədə müzakirələrin başlamasına səbəb olub.

Nazirliyin məlumatında qeyd olunub: “Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Son günlər ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar”.

Həmçinin qeyd edilib ki, qışa hazırlıqla bağlı Bakının rayonlarında küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb. Bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi də qərara alınıb.

Aidiyyəti qurumlar qış mövsümünə hazırlıqla bağlı bütün zəruri tədbirlərin görüldüyünü bildirirlər. Amma qışda, xüsusən də qarlı, şaxtalı havalarda paytaxt sakinləri bir sıra problemlərlə üzləşirlər. Onların kommunal xidmətlərlə, xüsusən də, istilik və elektrik təchizatı ilə bağlı şikayətləri artır. Əsasən də şəhərətrafı ərazilərdə yaşayanlar bu kimi problemlərlə üzləşirlər.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib: “Qış aylarında abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə öncədən komissiya yaradılıb, elektrik şəbəkələri üzrə tədbirlər planı tərtib olunub. Müxtəlif gücdə transformator məntəqəsi və yarımstansiyada elektrik avadanlıqlarının, elektrik verilişi xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Əlavə olaraq, Bakıda və regionlarda müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılıb. Ölkə üzrə bütün elektrik şəbəkələri qış üçün material və avadanlıq ehtiyatı ilə, həmçinin maşın-mexanizmlə təmin olunub”.

Havalar soyuduqca ölkə əhalisinin əsas hissəsi istilik sistemini qazla təmin etdiyi üçün qaz təchizatı ilə bağlı mövsümi qayğılar da başlayır. Qışın sərt soyuğunda əhalinin mavi yanacaqsız qalmaması üçün “Azəriqaz” nə kimi işlər görüb?

Bütün fors-major hallarına hazırıq...

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, qış aylarında əhalinin təbii qaz ilə təmin edilməsində problem yaşanmasın deyə bütün zəruri tədbirlər görülür: “Tərəfimizdən ikipilləli yoxlama prosesləri həyata keçirilir ki, qışda sızma halları baş verməsin. Yeraltı boru xətlərinin bir hissəsi yerüstü dayaqlar üzərinə qaldırılıb. Eyni zamanda, korroziyaya uğrayan hissələr yeni borularla əvəz edilib, boyanma prosesi həyata keçirilib. Lakin fors-major hallar, təbii fəlakətlər nəticəsində müəyyən hadisələr baş verə bilər. Həmçinin, avtomobillərin qaz xətlərinə toxunması səbəbindən müəyyən problemlər baş verə bilir ki, bu da lokal xarakterli qəzalar sayılır. Əməkdaşlarımız qış mövsümündə də gücləndirilmiş iş rejimində çalışırlar. Çağrı mərkəzimiz 24 saat əhalinin zənglərinə operativ qaydada cavab verir və problemlərin qısa zamanda həll olunması üçün zəruri addımlar atır. “Azəriqaz” bütün fors-major hallara hazırlıqlıdır. Birliyimiz tərəfindən bu problemlərin qısa zamanda da olmasa, maksimum tez həll edilməsi üçün addımlar atılacaq”.

10 km-dən çox istilik xətləri yenilənib

“Azəristiliktəchizat” ASC-dən bildirilib ki, qışda mənzillərin isidilməsində problem yaşanmaması üçün müvafiq tədbirlər görülüb: “2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunan tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinə baxış keçirilib. O cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət-ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının, dayanıqlığının təmin edilməsi məqsədi ilə 1000 km-dən çox istilik xətləri hidravlik təzyiqə yoxlanılıb. 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib. Görülən işlər çərçivəsində 1260 ədəd qazan aqreqatı, 486 dəst istilik-mübadilə aparatları, 3200 ədəd nasos, 3340 ədəd mühərrik, 16 mindən çox müxtəlif diametrli siyirtmələr, 561 ədəd elektrik avadanlığı, nəzarət-ölçü cihazları və avtomatika avadanlığı, həmçinin digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib. 2023-2024-cü illər payız-qış mövsümündə 49 mindən çox qurğu və avadanlıqların, nəzarət-ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub”.

“Azərsu” qışa tam hazırdır...

“Azərsu” ASC İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, qurum qış mövsümünə hazırlıqla bağlı işləri yekunlaşdırıb. Səhmdar cəmiyyətə məxsus bütün qurğu və xətlər yoxlanılıb, qışa tam hazır vəziyyətə gətirilib: “Qışa hazırlıqla bağlı sentyabr ayından başlayaraq kanalizasiya kollektorlarının, yağış barmaqlıqlarının, kanalizasiya baxış quyularının təmizlənməsi, yuyulması işlərini həyata keçirmişik. Kanalizasiya-nasos stansiyalarının, oradakı aqreqatların, nasosların hamısının vəziyyətini yoxlamışıq. Su təchizatı ilə bağlı qışda elə bir problemimiz yaşanmır. Yalnız müəyyən şaxtalı günlərdə donma ehtimalı ola bilər. Bu məsələ də bizim mərkəzləşmiş şəbəkə qurularkən əvvəlcədən nəzərə alınıb. Xətlərin hamısı torpağın 90 santimetr və ya 1 metr daha dərininə basdırılır ki, burda donma ehtimalı demək olar ki, olmur. Həmin günlərdə qarşılaşacağımız müraciətlər daha çox həyət evlərindən, vətəndaşların yaratdığı fərdi şəbəkələrdən olur. Ümumilikdə deyə bilərik ki, qışa tam hazırıq”.

Yağış, qar yağan kimi paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaranır. Xüsusən qarlı havalarda yollarda hərəkət demək olar ki, dayanır. Yolların buzlu olması səbəbində? minik avtomobillərinin hərəkəti məhdudlaşır, insanlar saatlarla tıxacda qalırlar.

Sürücülər də hazırlıq işləri görməlidirlər...

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qabaqlayıcı tədbirlərin icrasına oktyabr ayından başlanıldığını deyir: “Tədbirlər planı hazırlanır, qərargah yaradılır və artıq noyabr ayının əvvəlindən payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərinə başlanılır. Duz-qum ehtiyatının toplanması, texniki təchizatın hazır vəziyyətə gətirilməsi və yanacaq-sürtkü ehtiyatının toplanması kimi işlər artıq noyabrın sonlarında başa çatır. Qarın yağması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsinə hazırıq. Amma bu o demək deyil ki, yollarda hər hansı bir problem yaranmayacaq. Çalışırıq ki, yaranan problemlər qısa müddət ərzində aradan qaldırılsın. Burada ikinci bir nüans ondan ibarətdir ki, sürücülərimiz də qış fəslinə hazır olmalıdırlar. İdarə etdikləri nəqliyyat vasitələri qış fəslinə uyğun təchiz olunmalıdır. Əks halda, görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, problemlər yaranacaq, bu da digər sürücülərə mane olacaq. Bütün bunlar tıxacın yaranmasına və bizim texnikaların işinə problem yaratmış olacaq. Ona görə də sürücülərimiz də hazırlıq işləri görməlidirlər”.

Y.BAYRAMOVA

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31