Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəngilan şəhəri günü: Azərbaycanın tarixi Zəfərinin təcəssümü

Zəngilan şəhəri günü: Azərbaycanın tarixi Zəfərinin təcəssümü

20.10.2026 [13:47]

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

Zəngilanın müasir tarixi Azərbaycan xalqının əzmini, doğma torpağa bağlılığını və milli iradəsini əks etdirən şanlı səhifələrlə zəngindir. Zəngilan şəhərinin işğaldan azad edilməsi hərbi Zəfərin mühüm mərhələlərindən biri olmaqla yanaşı, tarixi ədalətin bərpasına və doğma torpaqlarda yeni həyatın başlanmasına yol açdı. Bu gün Zəngilanın timsalında azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının real nəticələrini nümayiş etdirir.

Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan əhalisi 67 gün ərzində tam mühasirə şəraitində düşmənə qarşı müqavimət göstərib. 1993-cü il oktyabrın 25-dən 29-dək davam edən ağır günlərdə rayon 235 şəhid və itkin verib. Sakinlər Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmağa məcbur olublar. Lakin illərlə davam edən ayrılıq doğma yurda qayıtmaq arzusunu söndürməyib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Zəngilanın taleyində yeni səhifə açdı. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi. Döyüşlər nəticəsində şəhər, rayonun dörd qəsəbəsi və 49 kəndi azadlığa qovuşdu.

Zəngilanın azad olunması strateji baxımdan da mühüm nəticələr doğurdu. Azərbaycan–İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi. Rayonun azadlığı uğrunda döyüşlərdə iştirak etmiş 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis edildi.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramı Zəngilanın inkişafında yeni mərhələ yaradıb. Burada məqsəd yalnız evlərin tikilməsi deyil, sakinlərin rahat yaşaması, işləməsi və sosial xidmətlərdən yararlanması üçün müasir şəraitin qurulmasıdır. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Qayıdan sakinlərin peşə və bacarıqlarına uyğun işlə təmin olunması da diqqət mərkəzindədir. Məşğulluq imkanlarının genişləndirilməsi doğma yurdda daimi məskunlaşmanın və sosial rifahın möhkəmlənməsinə xidmət edir.

Ağalı kəndi bu prosesin ən diqqətçəkən nümunələrindəndir. “Ağıllı kənd” konsepsiyası əsasında salınan yaşayış məntəqəsində müasir evlər, məktəb, uşaq bağçası, tibb məntəqəsi və müxtəlif sosial xidmətlər yaradılıb. 2022-ci ilin mayında ilk sakinlərin kəndə qayıtması Böyük Qayıdışın praktik mərhələyə keçməsinin mühüm göstəricisi oldu. Ağalıda ekoloji tarazlığa və enerji səmərəliliyinə xüsusi diqqət yetirilib. Həkəri çayı üzərində su elektrik stansiyası qurulub, inzibati binalarda günəş panelləri quraşdırılıb, yaşayış evlərində istilik itkisini azaltmaq üçün müasir izolyasiya materiallarından istifadə olunub. Yüksəksürətli internet, elektron xidmətlər və müasir kommunikasiya sistemləri kəndin infrastrukturunu tamamlayır. Beləliklə, Ağalı ənənəvi kənd həyatını müasir texnologiyalarla birləşdirən yaşayış məkanına çevrilib.

Zəngilan şəhərinin gələcək inkişafı planlı şəhərsalma prinsipləri əsasında həyata keçirilir. Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli qərarı ilə şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. 2026-cı ildə şəhərdə 104 mənzilli ilk yaşayış kompleksinin açılması sakinlərin qayıdışı üçün əlavə imkanlar yaradıb. İki hektardan artıq ərazini əhatə edən kompleksdə 12 bina inşa edilib. Yaşayış məntəqələrinin, yolların və kommunal sistemlərin yenidən qurulması şəhərin müasir simasının formalaşmasına xidmət edir.

XIX əsrdə inşa edilmiş Zəngilan şəhər məscidi işğal dövründə ciddi dağıntılara məruz qalıb. Azadlıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidənin qorunması və yeni məscid binasının inşası istiqamətində işlər aparılıb. Bu yanaşma şəhərin yenidən qurulması ilə yanaşı, onun mənəvi və tarixi yaddaşının yaşadılmasına da xidmət edir.

Zəngilanın coğrafi mövqeyi rayonun regional nəqliyyat qovşağına çevrilməsi üçün geniş imkanlar yaradır. Zəngilan Beynəlxalq Hava Limanı bölgənin nəqliyyat əlçatanlığını artırır, sərnişin və yük daşımaları üçün əlavə imkanlar yaradır. Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu da bölgənin iqtisadi gələcəyində mühüm yer tutur. Uzunluğu 126,3 kilometr olan avtomobil yolu yük və sərnişin daşımalarının genişləndirilməsinə, yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına və yeni iqtisadi fəaliyyət sahələrinin yaranmasına şərait yaradacaqdır. Bu layihələr Zəngilanın ticarət və logistika imkanlarını artırmaqla yanaşı, regional əlaqələrin inkişafına da töhfə verəcək.

Rayonun kənd təsərrüfatı potensialının reallaşdırılması istiqamətində “Dost Aqropark” layihəsi xüsusi diqqət çəkir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə təşəbbüsü olan aqroparkda heyvandarlıq və bitkiçilik sahələri inkişaf etdirilir. Layihənin tam həyata keçirilməsi nəticəsində yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və saxlanması, eləcə də məhsulların “Made in Qarabağ” brendi ilə xarici bazarlara çıxarılması nəzərdə tutulur.

Bu gün Zəngilanda həyata keçirilən layihələr azad edilmiş ərazilərin bərpasına kompleks yanaşmanın nəticəsidir. Yaşayış evləri, müasir infrastruktur, nəqliyyat yolları, aqrar istehsal və turizm obyektləri rayonun iqtisadi və sosial həyatının yenidən qurulmasına xidmət edir.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31