Zəfər tariximizin Ağdam səhifəsi - Milli qürurun əbədiləşən salnaməsi

Zəfər tariximizin Ağdam səhifəsi - Milli qürurun əbədiləşən salnaməsi

 

Azərbaycan torpaqlarının işğal altında qalması uzun illər xalqımızın ən böyük ağrılarından biri olmuşdur. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmışdır. Bu faciənin ən ağır nəticələrini yaşayan bölgələrdən biri də Qarabağın qədim yaşayış məskənlərindən olan Ağdam idi. 1993-cü il iyulun 23-də Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun tarixində ağır və faciəli bir dövrün başlanğıcı olmuşdur. Bir vaxtlar Qarabağın ən böyük, abad və inkişaf etmiş şəhərlərindən biri kimi tanınan Ağdam xarabalığa çevrilmiş, tarixi-mədəni irsimizə ciddi zərər vurulmuş, şəhərin sakinləri doğma ocaqlarından didərgin düşmüşlər. Ağdamın dağıdılmış mənzərəsi işğalın və vandalizmin acı simvollarından birinə çevrilmişdi. Lakin bütün bu illər ərzində ağdamlıların doğma yurda qayıtmaq ümidi, Azərbaycan xalqının torpaqlarımızı azad etmək əzmi heç zaman sönməmişdir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik strategiyası, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi və hərbi potensialının artırılması gələcək Zəfərin mühüm təməllərini formalaşdırmışdır. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan regionun güclü dövlətlərindən birinə çevrilmiş, müasir və qüdrətli ordu quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş qabiliyyətini və hərbi üstünlüyünü nümayiş etdirmiş, xalqımızda qələbəyə olan inamı daha da gücləndirmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixində yeni bir qəhrəmanlıq salnaməsi yazmışdır. Müharibənin ilk günlərindən etibarən Azərbaycan əsgəri böyük şücaət, peşəkarlıq və misilsiz döyüş əzmi nümayiş etdirmiş, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərimiz işğaldan azad edilmişdir. Azərbaycan xalqı dövlət, ordu və xalq birliyinin nə qədər böyük gücə malik olduğunu bütün dünyaya göstərmişdir. Arxa cəbhədə hər bir vətəndaşın nümayiş etdirdiyi həmrəylik, ön cəbhədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq tarixi Qələbəmizin əsas mənəvi dayaqlarından olmuşdur. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Vətən müharibəsi başa çatmış, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təsbit edilmişdir. Beləliklə, noyabrın 20-də Ağdam rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad edilərək Azərbaycanın nəzarətinə qaytarılmışdır. Ağdamın azad olunması 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mühüm siyasi nəticələrindən biri idi. Bu hadisə yalnız bir rayonun geri qaytarılması deyil, illərlə doğma yurd həsrəti çəkən minlərlə insanın qayıdış ümidinin yenidən gerçəkləşməsi demək idi. Ağdamın azad edilməsi ilə onun küçələrində yenidən Azərbaycan bayrağının dalğalanacağı, həyatın bərpa olunacağı və şəhərin öz tarixi simasına qovuşacağı günlərin başlanğıcı qoyuldu.

Ağdamın Azərbaycan tarixi və mədəniyyətində özünəməxsus yeri vardır. Qarabağın mühüm iqtisadi, mədəni və ictimai mərkəzlərindən biri olan bu şəhər uzun illər özünəməxsus memarlığı, təhsil ocaqları, sənaye müəssisələri və zəngin mədəni həyatı ilə seçilmişdir. İşğal nəticəsində şəhərin böyük hissəsinin dağıdılması, tarixi abidələrin və mədəniyyət nümunələrinin məhv edilməsi Ağdamın simasını dəyişsə də, onun xalqımızın yaddaşındakı yerini dəyişə bilməmişdir. Ağdamın azad olunması ilə yalnız torpaqlarımızın işğalına son qoyulmadı, həm də tarixi yaddaşımıza vurulmuş ağır yaranın sağalması istiqamətində mühüm mərhələ başlandı.

Ağdamın azad olunmasının dövlət səviyyəsində əbədiləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı təsis edilmişdir. Bu medal Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının xidmətlərinə verilən yüksək dövlət qiymətinin ifadəsidir. Medalın təsvirində “AĞDAM” və “20 NOYABR 2020” sözlərinin əks olunması həmin tarixi günün milli yaddaşımızda xüsusi yerini bir daha təsdiqləyir. Bu təltif yalnız hərbi xidmətin qiymətləndirilməsi deyil, həm də Ağdamın azadlığı uğrunda mübarizə aparmış qəhrəmanların adlarının tarixə həkk olunmasıdır.

Zəfərin dövlət səviyyəsində əbədiləşdirilməsi istiqamətində atılan digər mühüm addımlardan biri də Zəfər Gününün təsis edilməsi və hər il təntənəli şəkildə qeyd olunmasıdır. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən ilk Zəfər paradı xalqımızın tarixi Qələbəsinin möhtəşəm təntənəsinə çevrilmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı Azərbaycan-Türkiyə qardaşlığının, strateji müttəfiqliyinin və sarsılmaz birliyinin dünyaya nümayişi olmuşdur. Həmin parad Azərbaycan Ordusunun gücünü, müasir hərbi imkanlarını və qalib xalqın qürurunu nümayiş etdirməklə yanaşı, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın da ifadəsi idi.

Zəfərimizin əbədiləşdirilməsi yalnız bayram tədbirləri və dövlət təltifləri ilə məhdudlaşmır. Bu tarixi Qələbənin ən böyük təsdiqi işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yaşayış məntəqələri salınır, yollar, körpülər, hava limanları, məktəblər, xəstəxanalar, elektrik və kommunikasiya infrastrukturu inşa edilir. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Şuşanın tarixi-mədəni simasının bərpası, Ağdamda yeni şəhərsalma layihələrinin həyata keçirilməsi bu quruculuq siyasətinin mühüm nəticələridir.

Ağdamın yenidən qurulması isə xüsusi məna daşıyır. Uzun illər işğalın dağıdıcı nəticələrinə məruz qalmış şəhər bu gün müasir şəhərsalma prinsipləri əsasında yenidən inşa edilir. Ağdam Sənaye Parkının yaradılması, yaşayış və sosial infrastruktur layihələrinin həyata keçirilməsi, yeni yolların çəkilməsi, təhsil və səhiyyə müəssisələrinin tikilməsi şəhərin gələcək inkişafının möhkəm əsaslarını formalaşdırır. Bir zamanlar dağıntıları ilə işğalın simvoluna çevrilmiş Ağdam bu gün quruculuğun, dirçəlişin və Böyük Qayıdışın rəmzinə çevrilir. Doğma yurdlarından ayrı düşmüş sakinlərin mərhələli şəkildə öz evlərinə qayıtması isə tarixi Qələbəmizin ən böyük mənəvi nəticələrindən biridir.

Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qəhrəman Azərbaycan Ordusu! Şəhidlərimizin əziz xatirəsi daim uca olsun!

 

Fatimə Həsənova

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının fəalı,

Naxçıvan Dövlət Universitetinin tələbəsi