Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəhəri dərman, sancması təhlükəli...

Zəhəri dərman, sancması təhlükəli...

16.05.2024 [11:10]

İlan sancmaları zamanı nə etməli?

Lamiyə

Havalar isindikcə torpağın alt qatında “mürgüləyən” ilanlar da digər canlılar kimi gün işığına ehtiyac duyur. Əlbəttə, təbiətin və canlıların insan həyatı üçün ciddi əhəmiyyət daşıması haqqında məlumat yetərincədir. Amma bu gün zəhərindən müxtəlif dərman preparatları hazırlanan, tibbin loqosuna çevrilən ilan sancmalarından söz açacağıq. Zəhəri dərman olsa da, ilan sancmaları zamanı insan ölüm təhlükəsi ilə üz-üzə qalır...

Son illərin statistikasına nəzər yetirsək görərik ki, ilan sancmalarından zərər çəkənlərin sayı artmaqdadır. Zərərçəkənlərin sayı artırsa, deməli bu sürünənlərin də sayı durmadan artır. Bu artıma səbəb nədir? Məlum olduğu kimi, dünyada baş verən iqlim dəyişiklikləri ölkəmizdən də yan keçmir. İlanların sayının artmasına başlıca səbəblərdən biri də qlobal istiləşmə nəticəsində quraqlığın artmasıdır. İlanlar, əsasən, quraq ərazi sevən canlılardır. Digər bir səbəb kimi isə Bakıda aparılan inşaat işlərini göstərmək olar. Dərin təməllər qazıldıqca, torpağın alt qatlarından çıxan ilanlar ətrafa səpələnən qum-torpaq sahələrində rahatlıqla hərəkət edə bilir. Adətən, şəhərdən uzaq yerlərdə görməyə alışdığımız zəhərli ilan və əqrəblər artıq böyük şəhərlərdə, paytaxtda da ara-sıra peyda olur.

Xatırladaq ki, ötən ilin may ayında ilanlar Bakının mərkəzində, hətta insanların sıx olduğu yerlərdə də görünmüşdü. İlanların sayının artması paytaxt sakinlərinin ciddi narahatlığına səbəb olur. Xüsusən, bu canlılar metronun “Elmlər Akademiyası”, Mətbuat prospekti, Nizami rayon və dənizkənarı bulvar ərazisində çoxluq təşkil etmişdi ki, araşdırma apardıqda həmin ərazilərdə geniş inşaat işlərinin şahidi olduq.

Bu il ilan sancması hallarına rast gəlinibmi?

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova “Yeni Azərbaycan”a bildirib ki, il başlayandan bu günə qədər ilan sancma hadisəsi ilə bağlı şöbəyə 7 xəstə daxil olub. Onlardan 3-ü ağır, 4-ü isə orta ağır vəziyyətdədir və ölüm halı qeydə alınmayıb. Toksikoloq zərərçəkənlər arasında azyaşlı olmadığını söyləyib. Amma orta yaşlı və ahıllarda bu cür xoşagəlməz və ciddi fəsadları ehtimal oluna bilən ilan sancmaları halları müşahidə olunub. Belə ki, ötən ay 69 yaşlı Qax sakini Vaqif Aydınovu həyətindəki hovuzu təmizləyərkən ilan sancmışdı. Zərərçəkmiş dərhal xəstəxanaya çatdırıldığına görə həyatını xilas etmək mümkün olub.

Yay mövsümünün gəlişi ilə əlaqədar təəssüf ki, ilansancma halları bu il də qaçılmazdır. Bəs bu hal baş verərsə, hansı ilkin müdaxilə edilməlidir?

Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev qəzetimizə açıqlayıb ki, zəhərli həşərat sancması zamanı ilkin tibb yardım göstərilməsi məsələsi çox vacibdir: “Təəssüf ki, əhali arasında bu mövzu ilə bağlı maarifləndirici tədbirlər görülsə də, çox zaman zərərçəkənin özü və yaxınlarının bəzi yanlış müdaxilələri ciddi fəsadlara gətirib çıxarır. Birinci təlimat budur ki, sancma zamanı xəsarət alan hissə az hərəkət etdirilməlidir. Çünki nə qədər çox hərəkət edilsə, zəhər olduğu bölgədən bədənin digər orqanlara doğru yayılacaq. Həmin yerə soyuq sarğı qoymaq, sıxmamaq və dərhal həkimə müraciət etmək lazımdır. Həkim gələnə qədər isə ev şəraitində ağrıkəsici preparatlar qəbul etmək olar. İlan sancmasından sonrakı 12 saat ərzində xəstə toksikologiya mərkəzinə çatdırılsa, orada ona yardım edilə bilər”. Həkim ilan sancmalarına qarşı vurulan zərdablardan da söz açıb. O deyib ki, zərdab yalnız xəstəxanalarda vurula bilər: “Bu zərdab xüsusi zülal - at qanından düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anafiliktik şok yaranır və xəstə dünyasını dəyişə bilər. Bundan əlavə, heç zərdab da tam qorunma üsulu deyil. Belə hallarda digər müalicə üsulları mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq olar”.

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31