Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Səfirlik yeni və daha təhlükəsiz məkana köçürülür

Səfirlik yeni və daha təhlükəsiz məkana köçürülür

18.05.2024 [11:00]

Bununla bağlı İran tərəfi ilə danışıqlar aparılıb

Beynəlxalq münasibətlər sisteminin aktiv oyunçularından olan Azərbaycan yerləşdiyi bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə xüsusi töhfələr verir. Ölkəmizin terrorizmə qarşı mübarizədə oynadığı mühüm rol, eyni zamanda bölgədə separatizm meyllərinin ən yüksək səviyyədə aradan qaldırılması istiqamətində apardığı siyasət bütövlükdə region üçün müsbət ştrixlər vəd etməkdədir. Xüsusilə qonşularına münasibətdə hər zaman həssas olan Azərbaycan yaranma ehtimalı olan bütün təhdid və təhlükələri istisna edir, zərərsizləşdirir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən sabit və təhlükəsiz bölgələrindən biri sayılır. 

Aparılan siyasətin ən mühüm hədəflərindən biri də bu sabitliyin və təhlükəsizliyin coğrafi arealının genişlənməsi, atılan addımların, görülən tədbirlərin effektivliyinin ortaya qoyulmasıdır. Azərbaycan hər zaman bölgəsəl əməkdaşlığın inkişaf, üçün mühüm platformalar yaradıb - xüsusilə, təhlükəsizlik məsələsində həssas davranış nümayiş etdirərək əməkdaşlığın inkişafında maraqlı olduğunu göstərib. Qarşılığında eyni münasibətin və davranışın ölkəmizə qarşı sərgilənməsi təbii arzu olaraq meydana çıxır. 

Təsadüfi deyil ki, ötən ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror hücumu ötən dövr ərzində ölkəmizin xüsusi diqqətində və nəzarətində saxlanılıb. Terror aktını həyata keçirən şəxsin zərərsizləşdirilməsi, qanun qarşısında məsuliyyət daşıması, layiq olduğu cəzaya məhkum edilməsi ilə yanaşı gələcək siyasi-diplomatik fəaliyyətin daha təhlükəsiz şəraitdə inkişafı da əsaslı prioritet kimi qarşıya qoyulub. Əlbəttə ki, yaxın dövlətlərlə, xüsusilə qonşu ölkələrlə diplomatik münasibətlər olduqca həssaslıq yaradır və bu mənada, Azərbaycanın təhlükəsizlik seqmentinin daha da gücləndirilməsi üçün irəli sürdüyü məqamlar anlaşılandır. Bu ilin yanvarında jurnalistlərə açıqlamasında Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bildirmişdi ki, Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün iki əsas məqama diqqət yetirəcəyik: “Birincisi terror aktı ilə bağlı istintaqın başa çatması və qərar qəbul edilməsidir. İkincisi səfirliyimizin tam şəkildə təhlükəsizliyinə təmin verilməsi və bizim buna arxayın olmağımızdır. Səfirlik əməkdaşlarımızın və ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar ölkəyə gətirilmişdi”.

Artıq səfirliyin fəaliyyətinin daha təhlükəsiz şəraitdə davam etdirilməsi üçün yeni addımlar atılmaqdadır. Belə ki, ötən ilin yanvarında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub. Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində Azərbaycanın gözləntiləri qarşı tərəfə çatdırılıb. Səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın sualına cavabında deyib.

O bildirib ki, aparılmış iş nəticəsində səfirliyin yeni məkanı artıq müəyyən edilib: “Hazırda həmin məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.

Beləliklə. Azərbaycan dövləti bir daha göstərir ki, bölgədə əməkdaşlığın və sülhün inkişafında maraqlıdır. Eyni zamanda, ölkəmiz təhlükəsizliyin təmini üçün bütün lazımi addımların atılmasını da labüd sayır...

SADİQ

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30