Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MƏTBUAT TARİXİMİZDƏ “SOVET ERMƏNİSTANI” QƏZETİ

MƏTBUAT TARİXİMİZDƏ “SOVET ERMƏNİSTANI” QƏZETİ

23.07.2024 [10:30]

Əvvəli ötən sayımızda…

“Sovet Ermənistanı” qəzetinin təşəbbüsü ilə respublikanın sənaye, nəqliyyat, müəssisə, kolxoz və sovxozlarında sosializm yarışlarının genişləndirilməsinə, qabaqcılların mütərəqqi iş üsullarının geniş yayılmasına xüsusi diqqət yetirilirdi. Azərbaycan Respublikasının sənaye işçilərinin - Gümrü toxucuları ilə Gəncə toxucularının, İrəvan maşınqayırma zavodları ilə Bakı maşınqayırma zavodlarının, Qərbi Azərbaycan xalçaçıları ilə Azərbaycan xalçaçıları, Gümrü dəmiryolçuları ilə Kutaisi paravozçuları, Zəngibasar-Naxçıvan, Qəmərli-Şərur, Sisian-Cəbrayıl, Basarkeçər-Gədəbəy, Üçmiədzin-Abşeron, Axta-Yardımlı və digər rayon zəhmətkeşləri arasında sosializm yarışı təşkil edilmişdi. Qəzet yarış barədə, bu yarışların gedişi və əldə olunan nəticələr haqqında vaxtaşırı yazılar dərc edirdi.

“Sovet Ermənistanı” qəzeti ötən əsrin 50-ci illərinədək çətin şəraitdə fəaliyyət göstərmişdir. Ötən əsrin ikinci yarısından başlayaraq qəzetdə bir sıra sahələrdə yeniləşmə sahələrinə ciddi diqqət yetirilmişdir. Qəzetin ilk dəfə olaraq 1954-cü il yanvarın 17-dən 12-ci nömrəsindən etibarən gündəlik böyük formatda nəşri təmin edilmişdir. Amma belə bir xoş dövr uzun sürməmiş, bir müddətdən sonra qəzet yenidən həftədə dörd dəfə böyük formatda 4 səhifə həcmində öz fəaliyyətini davam etdirmişdir. 

Fəhlə-kəndli müxbirlərinin formalaşması və onların fəallığının artırılması məqsədi ilə müntəzəm olaraq fəhlə-kəndli müxbirlərinin qurultayları keçirilirdi. 1956-cı il noyabr ayının 30-da Ermənistan Ali Sovetinin iclaslar salonunda Ermənistan fəhlə-kəndli müxbirlərinin qurultayı keçirilmişdir. Qəzetin 1956-cı il 141-ci nömrəsində həmin qurultayın çağırılması və gedişinə dair “Ermənistan fəhlə və kəndli müxbirlərinin qurultayı” sərlövhəli yazıda ətraflı məlumat verilmişdir. Həmin məlumatdan aydın olur ki, noyabr ayının 30-da çağırılan və iki gün davam edən qurultayda partiya və ictimai təşkilatlardan, fəhlə-kəndli müxbiri, qəzet, jurnal və radio işçilərindən 518 nəfər nümayəndə qismində iştirak etmişdir. Qurultayda 7 nəfər azərbaycanlı nümayəndə də iştirak edirdi ki, bunlardan da “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyovu, qəzetin Gümrü bölgəsi üzrə müxbiri Əli Mirzəyevi, Keşişkənd bölgəsi üzrə müxbiri Ağa Ağayevi, Basarkeçər rayonundan Qəşəm Aslanovu, Üçmüədzindən Aydın Vəliyevi, Qafandan Həsən Hüseynovu, Sisiandan Həsən Məhərrəmovu göstərmək olar. Qurultayda keçmiş İttifaq respublikalarının tanınmış mətbuat nümayəndələri, o cümlədən Bakıdan “Kommunist” qəzetinin redaktoru Xasay Vəzirov da iştirak etmişdir. Həmin qurultayda ermənidilli mətbuat orqanlarının uğurları qeyd edildiyi halda, Qərbi Azərbaycanda yeganə milli mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti isə müxbirlər hərəkatına lazımi diqqət yetirilməməkdə, fəhlə və kolxozçuların qəzet səhifələrində çox az çıxış etdikləri bəhanə gətirilərək qərəzli tənqid hədəfinə çevrilmişdir. Əslində qəzetin tənqid hədəfinə çevrilməsinə heç bir əsas yox idi. Birincisi erməni şovinist dairələri və müvafiq qurumları tərəfindən müxtəlif dövrü nəşrlərə yaradılan əlverişli şərait Azərbaycan dilində çıxan bu mərkəzi mətbuat orqanına yaradılmamışdır. Digər tərəfdən isə qəzet öz imkanları daxilində mövcud dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini təmin edirdi.

1959-cu ildə jurnalistlərin vahid bir təşkilatda birləşməsi məqsədi ilə SSRİ Jurnalistlər İttifaqı yaradıldı. Bu baxımdan keçmiş İttifaq respublikalarında da jurnalistlər ittifaqları təşkil edilməyə başladı. 1959-cu il aprelin 6-da Qərbi Azərbaycan jurnalistlərinin birinci təsis qurultayı keçirildi. Qurultayda 280 nəfərdən artıq mətbuat nümayəndəsi təmsil olunmuşdur. Qurultayda bir çox respublikalardan, o cümlədən Azərbaycan Jurnalistlər İttifaqından “Bakı” axşam qəzetinin şöbə müdiri Sabir Məmmədov da iştirak və çıxış etmişdir. Azərbaycanlı nümayəndələrdən “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyov, Basarkeçər rayon unda çıxan “Bolşevik uğrunda” qəzetinin redaktoru İsmayıl Əliyev də çıxış etmişdir. Qurultayda Qərbi Azərbaycanın mətbuat cəbhəsindəki vəziyyəti təhlil edilmişdir. “Sovet Ermənistanı” qəzetində qurultayın gedişi barədə geniş məlumat verilmişdir. Qərbi Azərbaycanda medianın inkişaf istiqamətləri göstərilmiş və 

jurnalistlərə tövsiyələr verilmişdir. Gənc jurnalistlərin ideya səviyyəsini, onların yaradıcılıq təşəbbüsünü inkişaf etdirmək, jurnalistikanın problemləri onun forma, üslub janrlarını genişləndirmək və bu sahəyə dair bir sıra məsələlər Jurnalistlər İttifaqının qarşısında duran ən mühüm vəzifə idi.     

1957-ci ildə Qərbi Azərbaycanda 10 respublika qəzeti nəşr edilirdi ki, bunların da birdəfəlik tirajı 204500 nüsxə, bundan başqa 4 şəhər, 29 rayon qəzeti, 8 çoxtirajlı qəzet, 11 jurnal çıxırdı ki, bunların da birdəfəlik tirajı 58000 nüsxə təşkil edirdi. Respublikada Azərbaycan dilində cəmi bir gündəlik mərkəzi qəzet və iki rayon qəzeti nəşr edilirdi. Qərbi Azərbaycanda mətbuatın inkişafı üçün böyük imkanlar yaradıldığı, ilbəil yeni qəzet və jurnallar çap edildiyi halda Azərbaycan dilli yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti və cəmi 4-5 rayonda çap edilən bölgə qəzetlərinin Azərbaycan şöbələri bu qayğılardan məhrum idi. Ermənistanın müvafiq qurumları tərəfindən Rusiyanın Moskva, Sankt-Peterburq, Kiyev şəhərinin universitetlərində peşəkar jurnalistika və mətbuat məsələləri üzrə yüksək ixtisaslı elmi kadrlar hazırlamaq, hətta keçmiş İttifaqın nüfuzlu qəzetlərinin redaksiyalarında təcrübə keçmək üçün erməni millətindən olan gənclər göndərildiyi halda, bir nəfər də olsun azərbaycanlı nə təhsil almağa, nə də bu məqsədlə ezamiyyətə göndərilmirdi. Bu ayrı-seçkilik mətbuat işçilərinin təltif edilməsində də özünü göstərirdi. Məsələn, 1962-ci il 5 may “Pravda” qəzetinin 50 illiyi və mətbuat günü ilə bağlı Qərbi Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbuat, nəşriyyat, radio və televiziya işçilərinin bir qrupu SSRİ orden və medalları ilə təltif edildiyi halda, onlardan yalnız bir nəfər azərbaycanlı, “Sovet Ermənistanı” qəzetinin redaktor müavini S.Şərifov “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Ermənilərdən isə bir nəfəri “Lenin” ordeni, 4-ü “Şərəf” nişanı, 18-i Əmək igidliyinə görə, 14-ü Əməkdə 

fərqlənməyə görə medalı ilə təltif edilmişdir. Fəxri fərmanla təltif edilmiş 117 nəfərdən isə 3 nəfəri azərbaycanlı idi. Bunlardan Əliyeva Lətifə Rəcəb qızı (“Sovet Ermənistanı” qəzetinin korrektoru), Əsgərov Rza İbrahim oğlu (“Sovet Ermənistanı” qəzetinin mədəniyyət və məişət şöbəsinin müdiri), Məmmədov İsrafil Süleyman oğlunu (“Sovet Ermənistanı” qəzetinin partiya həyatı şöbəsinin müdiri) qeyd etmək olar.

Azərbaycan dilində çıxan əvvəlki nəşrlərdə mövcud olan problemlər hələ 1964-cü illərdə “Sovet Ermənistanı” qəzetində də yaşanmaqda davam edirdi. Belə ki, redaksiyanın daimi binası olmadığı üçün yenə də ünvanlar tez-tez dəyişirdi. Qəzetdə mövcud olan bir sıra problemlərə baxmayaraq, azərbaycanlı oxucular öz doğma qəzetləri ilə təmaslarını daha da gücləndirirdilər. Həmin dövrdə qəzet və jurnalların nəşrinin ilbəil genişlənməsi, oxucuların mətbuata olan marağını daha da artırırdı. Böyük inkişaf yolu keçən qəzetin tarixində 1971-ci il yeni bir mərhələnin başlanğıcını qoyur. Qəzetin 1971-ci il 4 səhifədən ibarət böyük formatda çıxan 126-cı yubiley nömrəsi rəngli və nəfis tərtibatı ilə seçilir. Yubiley nömrəsində “Sovet Ermənistanı” qəzetinin nəşrə başladığı vaxtdan onun fəaliyyətində aktiv iştirak edən müxbir və əməkdaşlarının fotoşəkillərinin verilməsi həmin illərdə qəzetin keçdiyi inkişaf yolu haqqında geniş təsəvvür yaradır. Qəzetin ilk səhifəsində Ermənistan KP MK-nın, Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyəti və Ermənistan SSR Nazirlər Sovetinin təbrik məktubu dərc edilib. Təbrik məktubunda deyilir: “Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyəti və Ermənistan SSR Nazirlər Soveti “Sovet Ermənistanı” qəzetinin redaksiyasını, müəlliflər kollektivini, bütün oxucularını qəzetin 50 illiyi münasibətilə səmimiyyətlə təbrik edir və salamlayırlar, fəhlə-kəndli müxbirlərinə öz şərəfli vəzifələrini yerinə yetirməkdə yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırlar”. Bolşevizm və kommunizm bayrağı arxasında bu cür saxta və yalançı təbrikin səsləndirilməsi əslində Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinə qarşı edilən haqsızlıqları ört-basdır etməkdən ötrü gözəl vasitə idi. Qəzetin bu münasibətlə çıxan xüsusi nömrəsində “Sovet Ermənistanı” qəzetinin nəşri tarixi ilə bağlı məlumatlar, qəzetin baş redaktorunun və əsas yaradıcı heyətinə mənsub, eyni zamanda keçmiş əməkdaşların xatirələri, fikir və düşüncələri yer almışdır.   

1971-ci ildə “Sovet Ermənistanı” qəzeti özünün 50 illik yubileyini mətbuat, radio və televiziya işçiləri, fəhlə-kəndli müxbirləri, İrəvan şəhər ictimaiyyətinin tanınmış nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur. Qəzetin redaktoru Həbib Həsənov “Sovet Ermənistanı” qəzetinin bu dövr ərzində keçdiyi yarıməsrlik şərəfli yolu haqqında məruzə etmiş, qəzetin Qərbi Azərbaycanda Azərbaycan ictimai, ədəbi-mədəni həyatında oynadığı rolun əhəmiyyətini qeyd etmişdir. Keçmiş SSRİ Ali Sovetinin deputatı İsa Alıyev çıxışında yaradıcı kollektivə uğurlar arzulamışdır. Qəzetin 50 illik yubileyində Azərbaycan, Gürcüstan və başqa respublikalardan gəlmiş qonaqlar, aparıcı mətbuat orqanlarının nümayəndələri, qəzet və jurnalların redaktorları, elm və mədəniyyət xadimləri iştirak etmişdir. Bakıda Azərbaycan dilində çıxan “Kommunist” qəzetinin redaktoru Ağababa Rzayev, Gürcüstanda çıxan “Saxalxo qanatleba” qəzetinin redaktoru A.Mşevelidze və başqaları yubiliyarı təbrik etmişdilər. Qərbi Azərbaycan salnaməsini öz səhifələrində tarixə çevirən “Sovet Ermənistanı” qəzetinin tarixində yubiley ili xüsusilə yaddaqalan olub. Yubiley münasibətilə 1971-ci ildə qəzet SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanına əsasən “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Bu fərman 50 illik fəaliyyəti dövründə qəzetə və onun əməkdaşlarına verilən ən yüksək qiymət idi. “Sovet Ermənistanı” qəzetinin 22 oktyabr 1971-ci il tarixli 50 illik yubiley nömrəsi nəfis tərtibatı və rəngarəng informasiya zənginliyi ilə seçilir. Yubiley münasibəti ilə “Sovet Ermənistanı” qəzetinin jurnalistlərindən və əməkdaşlarından bir qrupuna uzun illər qəzetdə səmərəli fəaliyyətinə görə qəzetin redaktoru Həbib Həsənov, məsul katibi İsrafil Məmmədov, qəzetin keçmiş redaktoru Cəfər Vəlibəyov, şöbə müdiri Rza Əsgərov Əməkdar jurnalist adına layiq görülmüş, şöbə müdiri Əsgər Əsgərov, şöbə müdiri Cəlil Hüseynov, şöbə müdiri Tofiq Məmmədov, xüsusi müxbirlər Abdulla İbrahimov, Dadaş Orucəliyev, böyük ədəbi işçi Sabirə Qurbanova, korrektor Məmməd Əkbərov, linotipçi Məhərrəm Sultanov, makinaçı Laləzar Novruzova isə fəxri fərmanla təltif edilmişdilər.

XX əsrin 30-cu illərində bir müddət qəzetin redaksiyasında işləmiş, sonralar isə uzun müddət qəzetin redaktoru vəzifəsində çalışmış Cəfər Vəlibəyov qəzetdə dərc edilmiş “Qardaşlıq rəmzi” adlı məqaləsində bu mətbu orqana verilən ictimai dəyəri bu fikirləri ilə belə yekunlaşdırır: “Sənin qəzetinin, onun qəzetinin, mənim qəzetimin, hamının sevdiyi qəzetin 50 illik yubileyi ərəfəsində “Şərəf nişanı” ordeni ilə təltif edilməsi, onun yarıməsrlik işinə verilən ən yüksək qiymətdir”.

Maraqlı faktlardan biri də Azərbaycanın görkəmli şair və yazıçılarının, elm xadimlərinin, tanınmış ziyalılarının qəzetə göndərdiyi təbrik məktublarıdır. Qəzetin yubileyi münasibəti ilə buraxılmış xüsusi nömrəsində Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun “Yaşa və çiçəkləri”, yazıçı Nurəddin Babayevin “Ürəkdən-ürəyə”, Xalq şairləri Məmməd Rahimin “Dostluq gülzarında”, Süleyman Rüstəmin “Söz gülüstanı” başlığı ilə dərc olunmuş təbrik məktublarında bu mətbu orqanın 50 ildə keçdiyi şərəfli yola qiymət verərək “Sovet Ermənistanı” qəzetinin nəinki Qərbi Azərbaycanda, eyni zamanda regionda milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin təbliğində və inkişafında böyük rol oyandığını yüksək dəyərləndirmişlər. 

Cəlal Allahverdiyev 

 filologiya üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31