Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MƏTBUAT TARİXİMİZDƏ “SOVET ERMƏNİSTANI” QƏZETİ

MƏTBUAT TARİXİMİZDƏ “SOVET ERMƏNİSTANI” QƏZETİ

24.07.2024 [10:44]

Əvvəli ötən saylarımızda...

Yazıçı Nurəddin Babayev ömrünün 50-ci müdrik çağını yaşayan qəzetə təbrikini belə təsvir edərək yazır: “Sovet Ermənistanı”nın səhifələrində çıxış etmək, belə bir şən gündə sizi və sizin sevimli qəzetinizi təbrik etmək mənim üçün xoşdur. Ona görə xoşdur ki, mən hər şeydən əvvəl qəzetçiyəm. Qəzet mənim üçün bir günlük ömrü olan adi kağız parçası deyildir. Mənim əqidəmə görə qəzet oxucu üçün tədbirli bir dost, tələbkar bir müəllim, mehriban bir müsahib, ağıllı bir məsləhətçidir. Elə bu səbəbdən də həmişə qəzetdən söz düşəndə mən onu bir insana bənzədirəm. Qəzet də insan kimi günlərin bir günündə doğulur, yaşayır, kamala dolur. Onun həqiqi və şirin sözü səni valeh edir, tənqidi və məzəmməti səni düşündürür!.

“Sovet Ermənistanı” qəzetinin Azərbaycanda yaşayan oxucuları ona adi bir respublika qəzeti kimi baxırlar. Ermənistanda yaşayan azərbaycanlı zəhmətkeşlərin iqtisadi və mədəni cəbhədəki bütün qələbələrindən “Sovet Ermənistanı” vasitəslə xəbər tuturuq. “Sovet Ermənistanı” qəzetinin 50 illik bayramı bizim də bayramımızdır. Məhz Azərbaycan

jurnalistləri adından sevimli qəzetimizi, onun oxucularını təbrik edərkən demək istərdik ki, əlli yaş qəzet üçün kamillik dövrüdür. O, hər bir dövrdə, hər bir zamanda ən gözəl arzu və istəklərinin tərcümanı kimi yaşasın, var olsun”.

İrəvanda yaşayıb-yaradan, ədəbi-mədəni mühitin aparıcı simalarından olan şair, ictimai xadim, vaxtilə qəzetdə ədəbi işçi kimi çalışan Hidayət “Sovet Ermənistanı” qəzetinin əlli illik yubileyinə ithaf etdiyi “Sənin ömrün” adlı şeirində bu mətbuat orqanının keçdiyi keşməkeşli yola poetik təsvir verməklə həm də bu barədə aydın təsəvvür yaradır.

“Qızıl şəfəq” boylananda

üfüqlərdən yurdumuza,

Ulduz-ulduz doğulmusan.

“Rəncbər” dərdli,

“Zəngi” səsli

Bəstəkarım sən olmusan.

Sənin eşqin, sənin ömrün daim gənclik yaşındadır!

Sənin ömrün

mübarizlər sırasında!

Sənin ömrün

bir az kədər, bir az qəzəb -

İllər ötür, dəyişirik nəsil-nəsil,

Sən qalırsan.

Bir nəslin yox, neçə nəslin

Zəhmətini, əməlini,

arzusunu, istəyini

Zaman-zaman yaşadırsan.

Əslində, həmin dövrdə Hidayət “Rəncbər” dərdli, “Zəngi” səsli kimi dərin siyasi məna kəsb edən sözləri cəsarətlə şeirə gətirib, poetik ifadə vasitələrinə çevirmək tendensiyası hətta açıq mahiyyət kəsb edir. Həm də Hidayəti jurnalist kimi səciyyələndirən xüsusiyyətlərindən biri də bu idi ki, o, çoxlarının deyə bilmədiyi, görə bilmədiyi, deməyə cəsarəti çatmadığı fikirləri özünəməxsus müdriklik, mərdanəliklə ucadan deyə bilirdi. O, qəzetdə işlədiyi dövrdə hər zaman milli varlığımızın ən önəmli məsələlərini gündəmə gətirmişdir. Qəlbi xalqına xidmət amalı ilə döyünən gənc jurnalist “Sovet Ermənistanı” qəzetində əmək fəaliyyətinə başladığı gündən milli mətbuatımızın cəfakeşinə dönüb, onun keçdiyi yolu, onu yaradanların müqəddəs milli məramını öyrənməyə çalışmış, bu ənənələrdən bəhrələnərək onu jurnalistikada, mətbuatda yaşadırdı.   

Qəzetin 50 illik yubileyi münasibəti ilə 1953-cü illərdə Bakıya köçmüş və burada yaşayıb-yaradan bir qrup İrəvan ziyalıları 1946-1947-ci illərdə qəzetin məsul redaktoru olmuş biologiya elmləri doktoru, professor Rəhim Allahverdiyev, 1940-cı illərdə qəzetin ədəbi işçisi və məsul katibi müavini vəzifəsində çalışmış filologiya elmləri doktoru, professor Mirəli Seyidov, 1954-cü illərdə qəzetin redkasiyasında təbliğat və təşviqat şöbəsində ədəbi işçi vəzifəsində işləmiş filologiya elmləri doktoru, professor Teymur Əhmədov, 1960-cı illərdə qəzetin Basarkeçər üzrə bölgə müxbiri işləmiş tarix elmləri doktoru, professor Səfiyar Musayev və başqaları öz doğma “Sovet Ermənistanı” qəzetini 50 illik yubileyini böyük iftixar hissi ilə təbrik edib onun Qərbi Azərbaycanda Azərbaycan ictimai, ədəbi-mədəni mühitində oynadığı müstəsna rolunun əhəmiyyətini dəyərləndirərək yazırdılar: “Sevimli qəzetimiz, sən xalqımızın mənəvi həyatında, inkişafında iqtisadi və mədəni yüksəlişində çox böyük işlər görmüşsən. Sən Ermənistanda yaşayan azərbaycanlıların əmək qəhrəmanlıqlarının tərənnümçüsü, mənəvi tərəqqisinin bayraqdarı olmuşsan. Əziz qəzetimiz, biz əminik ki, sən bundan sonra da qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəksən. Doğma “Sovet Ermənistanı”mız, biz yarım əsrlik yubileyin günündə Bakıdan salam göndərir, sənə, sənin əməkdaşlarına, bizim köhnə qələm dostlarımıza, müxbirlərə, qəzetin bütün oxucularına yeni müvəffəqiyyətlər və can sağlığı arzulayırıq”.

Qəzetə belə yüksək ictimai dəyərin verilməsində sözsüz ki, onun fədakar və peşəkar kollektivinin də böyük zəhməti vardır. Ümumiyyətlə, hər nömrəsi ensiklopedik xarakter daşıyan Qərbi Azərbaycanda ana dilində yerli mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinin 50 illik yubileyi nəinki qəzet əməkdaşlarının, eyni zamanda, respublikada yaşayan bütün yaradıcı insanların bayramına çevrilmiş, mətbuat tariximizdə böyük əhəmiyyəti ilə yadda qalmışdır.

Qəzetin erməni şovinizmi əhatəsində basqı altında fəaliyyət göstərməsinə baxmayaraq, Qərbi Azərbaycanda milli mətbuatımızın şələçilərinin yetirmələri anadilli qəzetçilik ənənəsinin təcrübəsini, milli yaddaşın qorunması ilə bağlı səylərini “Sovet Ermənistanı” qəzetinin fəaliyyətində davam etdirmək üçün fədakarlıq göstərmişlər. Böyük inkişaf yolu keçən “Sovet Ermənistanı” qəzeti 1981-ci ilin dekabrında özünün 60 illik yubileyini qeyd edir. Qəzetin 30, ya 50-ci yubiley illəri ilə bağlı buraxılan xüsusi nömrələri rəngli və nəfis tərtibatı ilə seçildiyi halda, qəzetin 60 illik yubileyi ilə əlaqədar çıxan nömrəsində isə bu müşahidə edilmir.

Yubileylə əlaqədar olaraq qəzetin üç əməkdaşı jurnalistika və poliqrafiya sahəsindəki xidmətlərinə görə Sadıqov Nüsrət Məhərrəm oğlu (şöbə müdiri), Qəmbərova Züleyxa Əkbər qızı (makinaçı), Hüseynov Vidadi Həbib oğlu (linotipçi) fəxri fərmanla təltif edilmişdir.

 “Sovet Ermənistanı” qəzetində uzun illər çalışan, istedadlı jurnalist, bu mətbu orqanın veteranlarından olan Lətif Hüseynov “Qəzetə bağlı ömür”, Ermənistan Ali Sovetinin deputatı olmuş Qənirə Zeynalova “Dostluğun aynası”, qəzetin oxucusu Mustafa Xəlilov “Xoş xəbərlər müjdəçisi”, əmək veteranı Əsgər İbrahimovun “İlk günlərdən oxuyuram” adlı məqalələrində 60 il ərzində qəzetə verdikləri qiymətlə həyatımızın güzgüsü sayılan bu mətbu orqana olan istək və arzularını ifadə etmişlər.

Bu mənada, görkəmli akademik Budaq Budaqov “Sovet Ermənistanı” qəzeti ilə bağlı müsahibələrinin birində yazırdı: “Sovet Ermənistanı” ilə dostluğum məktəb yaşlarından başlayır. Poçtalyonun yoluna çıxdığım o günləri yaxşı xatırlayıram. Aspirant olduğum vaxtlarda onun səhifələrində müxtəlif səpkili yazılarım dərc olunub. “Sovet Ermənistanı” mənim ən çox sevdiyim mətbuat orqanlarındandır”. 

Bu qəzetin adı “Sovet Ermənistanı” olsa da, amalı xalqına, soydaşlarımıza sədaqətlə xidmət idi. Belə siqlətinə görə idi ki, bu qəzeti Qərbi Azərbaycanda hamı sevirdi. Bütün oxucular onu hər gün səbirsizliklə gözləyirdilər.

 “Sovet Ermənistanı” qəzetində yazılar çoxşaxəli, müxtəlif məzmunlu idi. Azərbaycanda yaşayıb-yaradan şair və yazıçılar, elm, incəsənət, ictimai-siyasi xadimlər, rəhbər vəzifələrdə çalışan məmurlar da “Sovet Ermənistanı” qəzeti ilə əməkdaşlıq edirdilər. Qəzetdə dərc olunan şair və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Gülhüseyn Hüseynoğlu, Mirvarid Dilbazi, Qasım Qasımzadə, Nəbi Xəzri, Rəsul Rza, Xəlil Rza, Nigar Rəfibəyli, İlyas Əfəndiyev, Cabir Novruz, Qabil, Mehdi Hüseyn, Zeynal Xəlil, Şəmşad Rza, Əliağa Kürçaylı, Hüseyn Razi, Müzəffər Nəsirli və onlarla başqalarının adlarını çəkə bilərik. Görkəmli ədəbiyyatşünas alimlərdən Kamal Talıbzadə, Mikayıl Rəfili, Həmid Araslı, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Əkbər İrəvanlı, Kövsər Tarverdiyeva, Pənah Xəlilov, Cəlal Abdullayev, Bağır Bağırov, İnayət Bektaşi və başqaları “Sovet Ermənistanı” qəzetində mövcud dövr ədəbiyyatın qarşısında duran problemlərdən, yazıçı və şairlərimizin yaradıcılığından bəhs edən dəyərli məqalələrlə çıxış etmişlər.

“Sovet Ermənistanı” qəzeti incəsənət məsələlərinə, mədəniyyət tədbirlərinin daim işıqlandırılmasına xüsusi diqqət yetirmişdir.          

Müxtəlif illərdə mədəniyyət və incəsənət xadimlərindən Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Səid Rüstəmov, Şövkət Ələkbərova, Qulu Əsgərov, Sara Qədimova, Firəngiz Əhmədova, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Cövdət Hacıyev, Səyavuş Aslan, Nəsibə Zeynalova və başqalarının İrəvana etdikləri qastrol səfərləri qəzetin səhifələrində işıqlandırılmışdır. Ümumiyyətlə, Azərbaycan ziyalılarının görkəmli nümayəndələrinin, elm və incəsənət xadimlərinin əksəriyyətinin İrəvana etdikləri səfərləri və onların hər gəlişi və görüşlərini “Sovet Ermənistanı” qəzeti böyük şövqlə işıqlandırırdı. Azərbaycan ziyalılarının, sənət adamlarının hər gəlişi nəinki İrəvan ədəbi ictimaiyyətində, sadə azərbaycanlılarda belə böyük maraq doğurduğundan hər bir görüş böyük bir izdihama çevrilirdi. Müxtəlif illərdə İrəvanda səfərdə olmuş Azərbaycanın ədəbiyyatı, mədəniyyəti və incəsənətinin görkəmli nümayəndələrindən Məmməd Rahim, Novruz Gəncəli, Məmməd Aslan, Xəlil Rza, Cavad Cavadlı, Xalidə Hasilova, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Aybəniz Vəkilova, Bəkir Nəbiyev, Cövdət Hacıyev, Lütfiyar İmanov, Sara Qədimova və onlarla başqaları “Sovet Ermənistanı” qəzeti redaksiyasının qonağı olmuş, maraqlı söhbətlər və müzakirələr aparmışdılar. Qəzet Azərbaycanda yaşayan ziyalılar arasında ünsiyyət yaranmasında, ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynamışdır. Bir sözlə, “Sovet Ermənistanı” qəzeti Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların mədəniyyət mərkəzinə, ziyalıların baş qərargahına çevrilmişdir.    

Bununla yanaşı, müxtəlif dövrlərdə ayrı-ayrı adlarla nəşr olunan “Sovet Ermənistanı” qəzeti Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasında, onların qarşılaşdıqları problemlərin həll edilməsində çox böyük rol oynamış, bir növ soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni mərkəzinə çevrilmişdir.

Bir sıra problemlərə, maneələrə baxmayaraq, müxtəlif illərdə “Sovet Ermənistanı” qəzetinə redaktor funksiyasını yerinə yetirmiş Cəfər Vəlibəyov (1939-1945); 1947; 1949-1959), Salman Rəhimov (1942), Rəhim Allahverdiyev (1945-1947), Rza Vəlibəyov (1948-1949), Həbib Həsənov (1960-1973), Məhərrəm Bayramov (1974-1981), Cahangir Əliyev (1982-1984), Zərbəli Qurbanov (1985-1988), İsrafil Məmmədovun (1988-1989), hər birinin özünəməxsus xidməti bu gün də böyük minnətdarlıqla yad edilir.

1989-cu ilin əvvəllərinə qədər fəaliyyət göstərən, erməni şovinizmi əhatəsində son dərəcə gərgin, mübariz tarixi bir yol keçmiş, Azərbaycan milli mətbuatı tarixində parlaq bir səhifə təşkil edən “Sovet Ermənistanı” qəzeti siyasi təbliğatçılıq funksiyasından daha çox Qərbi Azərbaycanda xalqımızın milli maraqlarının ifadə olunmasına uğurla xidmət göstərmişdir.

Cəlal Allahverdiyev 

filologiya üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 364 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31