Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dini ənənələrə söykənən bayram - Qurban bayramı 

Dini ənənələrə söykənən bayram - Qurban bayramı 

24.06.2023 [11:24]

Yeganə BAYRAMOVA

İyunun 28-i və 29-da dünya müsəlmanları Qurban bayramını qeyd edəcək Qurban bayramının əsas mahiyyəti birlik, bərabərlik və paylaşmaq ənənəsinə söykənir. Bu gündə Allah yolunda kəsilmiş qurbanların əti paylanır, imkansız insanlara baş çəkilir, ziyarət olunurlar0. Adətən üç gün davam edən mərasimlərdə qoç, keçi, dana və ya dəvə qurban kəsilir. Qurbanın mühüm bir hissəsi kasıblara paylanılır. Hamıya bərabər pay verilir və bu zaman qurban kəsənin özü də bərabər pay götürə bilər. Adətə görə, yoxsullar və imkansızlar bayram günü ac qalmasınlar deyə onlar mərasimlərə dəvət olunurlar.

İsmayıl qurbanı...

Qurban bayramının bəlli tarixi hələ İslamın təşəkkül tapmasından xeyli öncəyə dayanır. Qədim dövrlərdə qurban vermək günahdan təmizlənmək, qəzəblənmiş Tanrı və ya tanrıların könlünü almaq, hansısa diləyi yerinə yetirmək və s. üçün nəzərdə tutulurdu. Qurban kəsiminin ritual olaraq dəyişməsi isə İbrahim peyğəmbər və oğlu İsmayıl peyğəmbərin adı ilə bağlıdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə onun imanını yoxlamaq üçün oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl mömin, qəlbində Yaradana sevgi olan dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır olduğunu göstərir. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşan zaman Allah qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Hansı heyvanları qurban kəsmək olar?

İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət görülmür.

Həcc qurbanı...

Qurban ibadətinin üç növü var. Onlar udhiyyə qurbanı (yəni, qurban bayramında kəsilən qurban), nəzir və ya adaq qurbanı, əqiqə qurbanı və həcclə əlaqəli olaraq kəsilən həcc qurbanlarıdır. Qurban kəsməyin hökmünün nə olmasından asılı olmayaraq, qurban hikməti, məqsədi və hökmü səbəbi ilə İslamda rəmz olmuş mühüm bir ibadətdir.

Qurban kəsmək əvəzinə pul vermək...

Qurban kəsməyərək əvəzi olan vəsaiti kasıblara paylayanlar qurban kəsmiş sayılmaz. Onlar sadəcə, yoxsul və imkansızlara yardım, ya da gərəkli hesab edilən işə görə yardımla köməyin savabını qazanarlar.

Qurban bayramı bizim üçün nədir?

Qurban bayramı müsəlman aləmində təkcə dini ayin kimi icra və qeyd olunmur. Azərbaycanda bu, həm də milli adət-ənənələrimizin tərkib hissəsinə çevrilib. Qurban bayramında nişanlı qızlara oğlan evi tərəfindən qurban əti göndərilər, ya da qurbanlıq gətirilər. Gəlinin bel bağı kimi qırmızı lent qurbanlıq qoyunun boynuna bağlanır, nişanlı qızın ayağı altında kəsilir. Eyni mərasim toylarımızda da icra olunur. Qurban bayramı gününə təsadüf etməsə də, əksər toylarda gəlinin ayağı altında qurbanlıq heyvan kəsilir. İnsanlar əhd edib, niyyət tutar, arzu-diləklərinin Tanrı dərgahında qəbul olunması üçün Allah yolunda qurbanlar kəsərlər...

138 ünvanda qurbanlıq heyvanların satışı təmin olunacaq...

Qeyd edək ki, bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirləri təmin edilir. Bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim ediləcək. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31