Şah İsmayıl Xətai: imtina etmək, yoxsa tarixin gizlin və gerçəklərinə baxmaq
26.08.2026 [09:25]
Türkiyə ədəbiyyatında və tarixşünaslığında Sultan Səlim Şama gedir, kəramətlər göstərir. Muhyiddin Arabinin məzarını tapdırır və onu ziyarətgah yapır. Amma Şah İsmayıl Bağdada gəlir və neçə-neçə övliyanın məzarını dağıtdırır. Axı ən azı tarixi həqiqətlər də təsbit edir ki, Kərbəladakı İmam Hüseyn türbəsi, Nəcəfdə Həzrət Əli məscidi, Kazimiyyədə Museyi Kazim türbəsi və s. Səfəvilər dövrünün yadigarı, Səfəvi dövrü Təbriz memarların əsərləridir. Azərbaycan cəmiyyəti bu barədə ətraflı bilgilərlə ilk dəfə 1985-ci ildə Cəfər Qiyasinin hamının böyük maraqla oxuduğu “Yaxın-uzaq ellərdə” adlı qiymətli araşdırması ilə xəbərdar oldu. Cəfər Qiyasi yazırdı ki, “Bu nəhəng ərazinin (söhbət Şah İsmayılın qurduğu dövlətin ərazisindən gedirdi - A.T.) çoxəsrlik tikinti mədəniyyəti “İran” və “Ərəb” adları altında təqdim olunurdu. Ancaq tarixi, maddi dəlillər öz gerçək yerini tutduqca, araşdırmalarda səthiliyi genişlik və dərinlik əvəz etdikcə bu məqsədli tendensiyanın daşı-daş üstündə qalmır”. Qiyasi kitabın növbəti səhifələrində bildirirdi ki, “XVI yüzildə Bağdad, Samarra, Kərbəla və Nəcəfdə Azərbaycan Səfəvi dövlətinin saray memarlarının başçılığı ilə bir-birindən təntənəli binalar ucaldılmışdır. Bu işdə Şah İsmayıl xüsusilə fərqlənmişdir”.
Səfəvilik bizim klassik irsimizə daxil deyilmi? İran, yoxsa Azərbaycan? Milli dövlət
Bəzən belə bir fikir irəli sürülür ki, səfəviliyin bizim milli mirasa dəxli yoxdur, bunlardan miras ala biləcək yeganə tərəf müasir İrandır. Əgər belədirsə, o zaman haqlı sual doğur: Bugünkü İranda Səfəvi doktrini varmı? Varsa o özünü nədə təzahür etdirir? Bugünkü İran ideolojisində mürşidi-kamil institutu varmı? Şah İsmayılın şərab içdiyini deyirlər. Tutaq ki, içib. Bugünkü İran təsəvvürlərində şərab içən şeyx modeli varmı? İndiki İran ideologiyasının hansı elementində səfəviliyin nişanəsini görürük? Təzahürü nədir? Səfəvi təriqətinin qurucusu Şeyx Səfiəddin Ərdəbili idi. Bugünkü İran ideologiyasında Ərdəbilinin hansı təlimi ehkam kimi qəbul olunur? Yaxud Səfəvi İsmayılın cəm meydanına kişi və qadınlar bir yerdə girirdi. Bunu hansı İran modelində görürük? Zənən dərvişlər səfəviyyənin elementidir və İran modelində bu, heç yoxdur.
Hələ Xətaini bir tərəfə qoyaq, məncə, səfəvilik həm də səfəviyə türk deyəcək qədər türk oğlu türk olan Şah Abbas deməkdir. Bəzi kitablarda Şah Abbasın idarəetmə sistemini farslara buraxdığını yazırlar. Amma bütün bu faktların yanlış olduğunu Faruq Sümər “Səfəvi dövlətinin quruluşu və yüksəlişində Anadolu türklərinin rolu” əsərində güclü dəlillərlə isbat etmişdir.
Onu da əlavə edim ki, doğrudur, müsbət cavab verməsə də, hər halda Brokkelman bu sualı qaldırıbsa, deməli, Şah İsmayılın qurduğu dövlətin milli dövlət olub-olmaması çoxdan bəri elmdə, xüsusən, Avropa elmində dartışılan məsələlərdəndir. XVI yüzildə milliyyət anlayışının hələ məchul olmasına rəğmən Xətainin qurduğu dövlət XX yüzil elmi fikrində belə bir sual yarada bilibsə, bunun özü də milli tariximiz baxımından mühüm hadisə hesab olunmalıdır.
“Səfəviliyin bizim milli mirasa dəxli yoxdur” deyən bəzi siyasilərimizin rahatsızlığı anlaşılandır. 1979-cu ildə Xomeyni hakimiyyətə gələndən sonra görkəmli türk alimi Mehmet Saray “Türk-İran münasibətlərində şiəliyin rolu” adlı kitab yazmışdı. Türkiyə istiqamətində eyni narahatlığı o da nəinki yazırdı, hətta mən deyərdim ki, təlqin edirdi. Amma zaman göstərdi ki, Mehmet Sarayın həyəcanları əbəs imiş. Çünki bugünkü molla hökuməti səfəvi sistemini tanımır. Səfəvi sufi sistemidir. Orda vilayəti-fəqih deyil, mürşidi-kamil postu var.
Molla hökuməti Məhəmmədəli Şah Qacarın mirasıdır
Molla hökuməti institutu da, hətta istilah olaraq, 1979-cu ildə yaradılmayıb. O, son Qacarların, daha doğrusu, 1907-ci ildə Məhəmmədəli Şahın zamanında dövriyyəyə girib. İlk dəfə buna Əli bəy Hüseynzadə “Məcnun və Leylayi-İslam” məqaləsində diqqət yetirib: “İran üçün ən təhlükəlisi seyid və molla hökumətidir. Osmanlı türkləri ələlümum qədimdən bəri tutduqları din və məzhəbdən ayrılmadıqları halda, İran mollaları ikidə, birdə yeni məzhəblər ixtirasına qalxışaraq molla hökumətinin dəxi təəddüdünə çalışırlar... Mollaların böylə yeni-yeni məzahib ixtira etmələrinə gəlincə bunun başlıca baisi əjdəhanın ağzından fəvəran edən atəşdir. Zərdüştin azərkədəsi İranda hənuz sönməmişdir. İran torpağını hər nərədə qazsanız, altından atəşpərəstlərin külü ilə əxgəri (közü) zühur edər”. Molla hökuməti ilə də Səttar xan mübarizə aparıb. Məhz onlar, yəni Şeyx Fəzlullahların təmsil etdiyi molla hökuməti İrandakı polis sisteminin Yefrem Davityanın timsalında ermənilərin əlinə keçməsinə, nəhayət, minillik türk hakimiyyətinin 1924-cü ildə farslar - pəhləvilər tərəfindən mənimsənilməsinə səbəb olub. Bunun nə səfəvilərə, nə də əfşarlara dəxli var. Pəhləviləri də 55 il sonra yenə də həmin mollalar devirdi. Bunun isə həm səfəvilərə, həm də əfşarlara dəxli çoxdur. Səfəvilər heç bir halda molla hökuməti qurmayıb. Səfəvilər Şah Abbas zamanında hikməti-hökumət sistemini təsis edib. Səfəvi ideologiyası fərqli bir anlayışdır. Orda həm də batini bir sirr var. Bu batini sirr barədə təəssüf ki, bizim müasir alimlərimiz araşdırmalar aparmayıblar. Bəlkə də yanılıram, bəlkə də bilmədiyim hansısa araşdırma var. Mən təkcə Bəzzazın “Səfvətüs-Səfa” əsərini, bir də bu batini sirlər barədə Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanında yazılanları oxumuşam. Fərman Kərimzadəni isə şəxsən tanıyırdım. Çox yaxın münasibətimiz var idi və səfəviyyə barədə ən üstün bilik xəzinəsi onun yaddaşındaydı.
Məhərrəmlik təziyələrində baş yarmaq ənənəsinin təməli Səfəvilər dövründə deyil, çox sonralar Qarabağ xanlığında qoyulub
Məhərrəmlik təziyələrində başyarmaq ənənəsini də səfəvilərlə bağlayırlar. Guya bu adət Azərbaycana İrandan, özü də məhz səfəvilər dövründə gəlib. Yanlış yanaşmadır. Təhrifdir və bunu təsdiq edəcək hər hansı bir qaynaq yoxdur. Söhbət Aşura təziyədarlığından getmir, bu mərasimlərdə başyarmaq kimi bidət, ziyanlı adətdən gedir. Baş yarmaq bidəti İrandan bura deyil, burdan, Qarabağdan İrana sirayət edib. Məhərrəmlik ayinlərində - Aşura günü baş yarmaq kimi əməllərin məhz Azərbaycana, daha doğrusu, Qarabağa bağlı siyasi qaynağı var. İdeya Qarabağ xanının vəziri Molla Pənah Vaqifə məxsusdur. Bu, ən azı, 1770-ci illərə təsadüf edir. “Şəbehgərdanlıq”ın tarixini tədqiq edən Yusif Vəzir Çəmənzəminli bu günə qədər populyar olmayan, təəssüf ki, heç bir kitabına da daxil edilməyən “Şəbehgərdanlıq” məqaləsində yazırdı ki, “Bizlərdə Aşura büsatını... şairimiz Molla Pənah Vaqifə isnad edirlər. Ələmdarların Qarabağda məruf olduğunu və oradan da bir çox yerlərə sirayət etdiyini nəzərə alsaq, Molla Pənah Vaqifə isnad olanların bir qədər doğru olduğu meydana çıxar... Zatən xalq arasında da belə bir rəvayət var: “Bir gün İbrahim xan Şuşa şəhərində bir neçə adamı ölümə məhkum edir. Müqəssirlərin bağışlanması haqqında xanın eşikağası Molla Pənaha müraciət edirlər. Şair müqəssirlərin qohumlarına ağ kəfənlər geyib başlarını xəncər ilə yara-yara xanın dərbadına (sarayına) gəlmələrini tövsiyə edir. O biri sabah ağköynəklilərin zikri xanı yuxudan oyadır, xan balkona çıxır və həyətdəki fəcih mənzərəni gördükdə Molla Pənahdan izahat tələb edir. Şair tarixi vəqəni anlatdıqda xan qəşş eləyir və sonra dustaqların azad olunmasını əmr eləyir”. O zamandan başlayaraq “ağköynək dəstəsi” aşura günləri xan sarayına gəlib zikr deyə-deyə başlarını yararlar. Dustaqları bu vasitə ilə bağışlatmaq sonralar da Qarabağda bir adət olmuşdu...”
Sonralar bu adət tarixi qaynağını itirərək davam etdirildi. Deməli, baş yarmaq, zəncir vurmaq adəti ellikcə olan bir fanatizmin deyil, konkret bir siyasi situasiyanın yadigarıdır və bunun Kərbəla hadisəsi ilə, yaxud səfəvilərlə heç bir əlaqəsi yoxdur. Yəni bunlar ki, əhli-beyt yolunda, hətta canlarına da qəsd edirlər, İbrahim xan onları necə əfv etməsin?! Ağköynəklər haqqında, baş yarmağın səbəbi barədə yeganə qaynaq Çəmənzəminlinin yazdığıdır və bundan da başqa hansısa mənbəyə təsadüf olunmur.
İrs və varis: Füzuli və Xətai Kərbəla vaqeəsi barədə ilk türkdilli əsəri isə Füzuli Osmanlı sultanı Qanuni Süleymanın təşviqi ilə yazıb.
Kərbəla vaqeəsinin bədii təsviri bizim ədəbiyyatımızda Füzulinin “Hədiqətüs-süəda” əsəri ilə başlayıb. Və hamının bildiyi kimi, Füzuli bu əsəri Sultan Səlimin oğluna - Süleyman Qanuniyə hədiyyə etmişdi.
Necə ki, “Bəngü Badə” əsərini də Xətaiyə ithaf edib, əsərin “Başəd in mədhi-padşahi-zaman” qismində “zamanəsinin padşahı” adlandırdığı, varlının da, kasıbın da, yəni cəmiyyətin bütün təbəqələrinin razı qaldığı Şah İsmayıl Xətaini “Allah onun mülkünü əbədi etsin” deyib vəsf etmişdi:
Məclisəfruzi-bəzmgahi-Xəlil,
Cəmi-əyyam, Şah İsmayil.
Ondan asudədir ğəniyyü gəda,
Xəllədəllahu mülkəhu əbəda.
Ol ki cəmi-mey olalı bünyad,
Qədəh ondandır, ol qədəhdən şad.
Füzuli və Xətai elə iç-içədirlər ki, onları ayırmaq, fərqləndirmək belə bəzən çətin olur. Xətai “Ta düşübən eşqinə, hicrində mən zarəm hənuz” deyəndə Füzuli “Oldu aləm şad səndən mən əsiri-qəm hənuz” deyirdi...
Yaxud Füzulinin Kərbəlada öydüyünü Aşıq Qurbani Təbrizdə, ya Qarabağda vəsf edirdi. Özü də necə:
Gözəl şahim şeyx oğludu,
Şah Xətayi, Şah Xətayi!
Şahi-mərdana bağlıdı,
Şah Xətayi, Şah Xətayi!
Bu dünyada bir haqq divan,
O dünyada cənnətməkan,
Qoy var olsun türki zəban,
Şah Xətayi, Şah Xətayi!
Qurbani tək qul pənahı,
Qibleyi-aləmin mahı,
Ol cahanın qibləgahı,
Şah Xətayi, Şah Xətayi!
Bu şeirlərin yazıldığı coğrafiya bizim deyilsə, bəs kimindir, Füzulinin və Qurbaninin eyni dildə zamanın şahı, cahanın qibləgahı adlandırdıqları hökmdar bizim deyisə, bəs kimin hökmdarıdır?.. Bunlar səfəvinin timsalında Azərbaycanın kültür mirası deyilsə, bəs kimin kültür mirasıdır? Müasir İranınmı, yoxsa müasir Azərbaycanınmı? Məncə, Azərbaycanın. Hətta təməlində 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyəti dayanan Azərbaycanın.
P.S. Əli bəy Hüseynzadənin “Müxtəsər Bioqrafik Məlumat” yazısında dönə-dönə oxusam da, mənə qaranlıq qalan bir məqam var. Özü də texniki səhv deyil. Mən onu Əli bəy Hüseynzadənin əlyazmasında oxumuş və ilk dəfə 2008-ci ildə “Əli bəy Hüseynzadə” kitabımda təqdim etmişəm: 1918-ci ildə Gəncədə Azərbaycan dövlətinin qurulmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə yazırdı: “Burada türk ordusu sayəsində yenidən istiqlalını qazanmaqda olan Azərbaycanın münəvvərlərilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs və təşəkkül etməsi işlərində çalışdıq”. Yenidən istiqlalını qazanmaqda olan Azərbaycan deyərkən Hüseynzadə nəyi nəzərdə tuturdu? Əvvəlki istiqlal hansı idi?
Azər TURAN
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59

