Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qlobal silahlanma: Kim nə qədər qazanır?

Qlobal silahlanma: Kim nə qədər qazanır?

19.05.2026 [10:35]

Hazırda müharibə, silahlanma mövzuları dünya gündəminin mərkəzinə keçib. Bu da onunla bağlıdır ki, Yaxın Şərqdə və Şərqi Avropada uzanan müharibələr regional və qlobal səviyyədə təhlükəsizliyə təhdidləri heç vaxt olmadığı qədər artırıb. İndi hamı o reallığı qəbul edir ki, izlənilən geosiyasi reallıqlar fonunda heç bir dövlət müharibələrdən təsirlənmək risklərindən kənarda deyil.

Yaranmış vəziyyət qarşıya ölkələrin müdafiə sistemlərini müasir, daha innovativ silahlarla möhkəmlətməklə bağlı yeni çağırışlar çıxarıb. Bu isə o anlama gəlir ki, ayrı-ayrı ölkələrin silahlanmaya daha böyük həcmdə büdcə ayırmaları fonunda hərbi texnika ixracatçılarının gəlirləri sürətlə artır. Bəs qlobal silahlanma yarışında əlini qızdıran hansı ölkələrdir və kim nə qədər qazanır?

Son 5 ildə silah ticarətində rekord artım

“Stockholm International Peace Research Institute” (SIPRI) tərəfindən dərc edilən qlobal silah ticarətinin vəziyyətinə dair yeni hesabatda son beş ilin statistikası öz əksini tapıb. Hesabatdan aydın olur ki,  2021-2025-ci illərdə dövlətlər arasında əsas silah növlərinin ixracı və idxalının həcmi 2016-2020-ci illərlə müqayisədə 9,2 faiz artıb. Bu sahədə alışları üç dəfədən çox artıran Avropa ölkələri ən böyük silah alıcısı regionuna çevrilib. Belə ki, son 5 ildə qoca qitəyə silah idxalı 210 faiz artıb.  Hesabatda bildirilir ki, 2021-2025-ci illərdə Avropa ölkələri müdafiə xərclərini artıraraq silah idxalındakı paylarını 12 faizdən 33 faizə qaldırıblar. Siyahıda əvvəllər lider olan Asiya və Okeaniya ölkələri 31 faizlə ikinci, Yaxın Şərq isə 26 faizlə üçüncü yerdə qərarlaşıb. Məlumatda vurğulanıb ki, Avropaya idxal olunan silahların böyük hissəsi Amerika Birləşmiş Ştatları tərəfindən təmin olunur.

Hazırda qlobal silah ixracında liderlik Amerika Birləşmiş Ştatlarına məxsusdur. Fransa 9,8 faizlə ikinci yerdə qərarlaşıb. Bu ölkə xüsusilə də “Rafale” qırıcısının satışından böyük həcmdə gəlir əldə edir. Silah satışında Rusiyanın payı isə Ukraynaya qarşı 2022-ci ildə başladığı müharibədən sonra 21 faizdən 6,8 faizə qədər azalıb. Hesabata görə, Avropa ölkələrinin ümumi silah ixracı qlobal bazarın 28 faizini təşkil edir ki, bu da Rusiyanın payından dörd dəfə, Çinin payından isə təxminən beş dəfə çoxdur.

Qlobal silah bazarında Avropa ölkələrinin silah ixracından bəhs edərkən burada bəzi dövlətlərin ehtiyatlı davranmaları və silah satışını məqsədli şəkildə azaltmaları da diqqətdən kənarda qalmır.  Bu tendensiya son illərdə Avropanı bürüyən Rusiya ilə ehtimal olunan yeni müharibə xofu ilə əlaqədardır. Rusiya belə bir hücüm planını inkar etsə də, bu, Avropa paytaxtları üçün təsəlli sayılmır və onlar istehsalı artırmaqla daha çox dərəcədə yerli anbarları doldurmaq qayğısına qalırlar. Almaniyanın davranışları buna əyani sübutdur. Bu ölkənin İqtisadiyyat Nazirliyi hökumətin ötən ilin 8 dekabr tarixinədək 8,40 milyard avro dəyərində silah və hərbi material satışına icazə verdiyini açıqlayıb. Müqayisə üçün bildirək ki, Almaniyanıın silah ixracı 2023-cü ildə 12,15 milyard avro, 2024-cü ildə isə 13,33 milyard avro ilə rekord səviyyəyə çatmışdı. 2025-ci ildə isə bu göstəricidə nəzərəçarpacaq azalma qeydə alınıb. Almaniya, həmçinin Kiyevə silah tədarükünü qənaətlə həyata keçirib. Belə ki, Berlin administrasiyası 2025-ci ildə Ukraynaya yalnız 1,14 milyard avro dəyərində silah və hərbi texnika satışına icazə verib. Halbuki 2024-cü ildə Almaniyanın Ukraynaya silah ixracı 8,15 milyard avro təşkil etmişdi. Xristian Birlik (CDU/CSU) və Sosial Demokrat Partiyanın (SPD) yaratdığı və 2025-ci ilin may ayında fəaliyyətə başlayan yeni Almaniya hökuməti cari il ərzində ümumilikdə 5,39 milyard avro dəyərində silah və hərbi material satışına razılıq verib.

Qlobal silah satışı bazarında rəqabət mühitinin dəyişməsi də diqqətdən kənarda qalmır.  Belə ki, ABŞ, Rusiya və Almaniya kimi ənənəvi silah ixrac edən ölkələrlə yanaşı, Çin, Cənubi Koreya və Türkiyə kimi ölkələrin hərbi sənayeləri də sürətlə inkişaf edir və həmin ölkələr beynəlxalq bazarda daha çox söz sahibi olurlar. Türkiyə son 10 ildə ilk on qlobal ixracatçı sırasına daxil olub. Qardaş ölkənin silah sənayesi xüsusən də pilotsuz uçuş aparatlarının istehsalında 2024-cü ildə əvvəlki ilə nisbətən yeni rekorda imza atıb və  ixracın həcmi 80 faiz artıb.

2021-2025-ci illərdə əsas silah növlərinin beş ən böyük ixracatçısı ABŞ, Fransa, Rusiya, Almaniya və Çin olub. Həmin dövrdə ən böyük beş alıcı ölkə isə Ukrayna, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər və Pakistan olub.

Ölkələr üzrə sifarişlər fərqlidir

Ekspertlərin dəyərləndirmələrinə görə 2026-cı ildə  Avropa məkanında hərbi sifarişlərin və müdafiə xərclərinin sürətlə artması qaçılmaz görünür. Ölkələr üzrə sifarişlər də fərqlidir. Siyahının başında 43 milyard avroluq tələblə Polşa yer alır. Onu 16 milyard avrodan çox tələb irəli sürən Fransa, Rumıniya və Macarıstan izləyir. Böyük ölkələrdən biri olan İtaliya isə 14,9 milyard avroluq tələblə siyahının 10 milyardlıq sərhədini keçən son ölkə kimi qeyd olunur. Qalan 14 ölkə isə belə sıralanır: Belçika (8,34), Litva (6,38), Portuqaliya (5,84), Latviya (5,68), Bolqarıstan (3,26), Estoniya (2,66), Slovakiya (2,32), Çexiya (2,06), Xorvatiya (1,7), Cənubi Kipr (1,18). Finlandiya və İspaniya isə bir milyard avro həddindədir. Bir milyardın altında yalnız iki ölkə var: Yunanıstan (790 milyon) və Danimarka (50 milyon).

Sənədə əsasən, qlobal silah axınındakı artım 2011-2015-ci illərdən bəri ən böyük artım hesab olunur. Əksər hallarda bu artım Ukrayna və digər Avropa ölkələrinə silah tədarükünün çoxalması ilə bağlıdır. Çünki 2021-2025-ci illərdə Ukraynanın payı ümumi həcmin 9,7 faizini təşkil edib.

900 milyardlıq sifariş...

Supergüc dövlət olan Amerika Birləşmiş Ştatları dünya  üzrə ən böyük müdafiə büdcəsinə malik olduğu kimi, silah satışında da hegemonluq edir. Pentaqonun və Ağ Evin məlumatına görə, xarici tərəfdaşların ABŞ-dan ümumi silah sifarişləri 900 milyard dollara çatıb, lakin müttəfiqlər artıq ödənilmiş tədarüklər üçün bir neçə il gözləmək məcburiyyətində qalıblar.

Bildirilib ki, qlobal silah satışlarının 43 faizi ABŞ-ın payına düşür.  Hazırkı portfel 190 ölkə və region üçün 16.000-dən çox sifarişdən ibarətdir.

ABŞ-ın silah ixracı coğrafiyasına həm ənənəvi dost ölkələr, həm də yeniləri daxildir. Məsələn, Tayvan və ABŞ ümumi dəyəri 208,77 milyard Tayvan dollarından (təxminən 6,6 milyard ABŞ dolları) çox olan altı böyük silah alışı müqaviləsi imzalayıblar. Müqavilələr cari ilin aprel ayında imzalanıb. Əldə edilən razılaşmaların bir hissəsi olaraq, ABŞ Tayvana 123,5 milyard Tayvan dollar (3,9 milyard ABŞ dolları) dəyərində HIMARS raket sistemləri, 73,89 milyard Tayvan dolları (2,3 milyard ABŞ dolları) dəyərində “M109A7 Paladin” özüyeriyən artilleriya qurğuları və quru qüvvələri üçün 5,32 milyard Tayvan dolları (168 milyon ABŞ dolları) dəyərində əlavə raket vasitələri satacaq.

Digər üç müqavilə hərbi donanma üçün 5,13 milyard Tayvan dolları (162 milyon ABŞ dolları) dəyərində raket silahlarının tədarükünü, 910,45 milyon Tayvan dolları (29 milyon ABŞ dolları) dəyərində Tayvan-Amerika birgə iri çaplı sursat istehsalını və s. əhatə edir.

ABŞ həmçinin  Almaniyaya radar izləmə stansiyaları, MK-41 dəniz əsaslı raket buraxılış sistemləri və naviqasiya və elektron müharibə sistemləri daxil olmaqla bir neçə növ hərbi texnika satışını təsdiqləyib. Bu barədə dövlət departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, dəyəri 11,9 milyard dollar olan və donanma üçün elektronika və silahları əhatə edən bu müqavilə Almaniyanın “Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün qüvvə” kimi təhlükəsizliyini gücləndirəcək. Müqavilənin əsas podratçıları Lockheed Martin və RTX olacaq.

Eyni zamanda, ABŞ Dövlət Departamenti İsrailə ümumi dəyəri 6,5 milyard dolları aşan genişmiqyaslı silah satışına rəsmi icazə verib. Pentaqona tabe olan Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi (DSCA) yazılı açıqlama yayaraq, sözügedən satışların ABŞ Konqresinə rəsmi şəkildə bildirildiyini açıqlayıb.

Məlumata görə, ABŞ İsrailə 3,8 milyard dollar dəyərində 30 “Apache” helikopteri, eləcə də bu hava vasitələrində istifadə olunan müxtəlif ehtiyat hissələri və döyüş sursatlarının satışını təsdiqləyib.

Bundan əlavə, Dövlət Departamenti təxminən 2 milyard dollar məbləğində Birgə Yüngül Taktiki Avtomobillər (JLTV) və əlaqədar avadanlıqların da İsrailə tədarükünə razılıq verib. Satış paketinə daxil olan digər müqavilə çərçivəsində isə təxminən 740 milyon dollar dəyərində “Namer” zirehli personal daşıyıcıları üçün güc sistemləri və inteqrasiya olunmuş logistik dəstək avadanlıqları təsdiqlənib. Rəsmi açıqlamada bildirilib ki, bu satış İsrail quru qoşunlarının əməliyyat zamanı hərəkət qabiliyyətini artıracaq və ölkənin mövcud və gələcək təhlükələrə qarşı müdafiə imkanlarını gücləndirəcək.

Tarixin ən böyük silah satışı müqaviləsi

ABŞ və Səudiyyə Ərəbistanı arasında silah satışı üzrə tarixin ən böyük müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dollar dəyərində silah tədarükü həyata keçirəcək. Ağ Evdən verilən məlumata görə, tarixi razılaşma Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi heyətlərin Ər-Riyadda yerləşən Yemame Sarayında keçirilən görüşü zamanı rəsmiləşib.

Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdə müxtəlif növ silah satışı həyata keçirdiyi yeganə ölkə deyil. Tramp administrasiyası Yaxın Şərqdəki müttəfiqlərinə ümumilikdə 23 milyard dollar dəyərində silah satışını təsdiqləyib. “The Wall Street Journal”ın yaydığı məlumata görə, paketə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və İordaniyaya hərbi texnika tədarükü daxildir. ABŞ Dövlət Departamenti daha əvvəl BƏƏ üçün hava hücumundan müdafiə sistemləri və bombalar, həmçinin Küveyt üçün müvafiq avadanlıqlar daxil olmaqla 16 milyard dollarlıq satışın təsdiqləndiyini açıqlamışdı.

Nəşr mənbələrə istinadla bildirir ki, qeyd olunan məbləğdən əlavə, ABŞ administrasiyası BƏƏ-yə təxminən 7 milyard dollar dəyərində silah satışını da təsdiqləyib. Bu paketə təxminən 5,6 milyard dollar dəyərində “Patriot” sistemləri üçün PAC-3 raketləri, eləcə də təxminən 1,32 milyard dollar dəyərində “CH-47 Chinook” helikopterləri daxildir.

Həmçinin vurğulanır ki, ABŞ administrasiyası bəzi iri hərbi texnika tədarükünü Konqresin təsdiqindən yan keçirmək üçün silah nəzarəti qanunvericiliyində nəzərdə tutulan fövqəladə hallar mexanizmlərindən istifadə edir. Bu çərçivədə, o cümlədən Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi raketdən müdafiə sistemi üçün təxminən 4,5 milyard dollar dəyərində avadanlığın ixracı həyata keçirilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31