Xəyanətə qurban getmiş Laçın...
19.05.2026 [10:52]
Bir güllə belə atılmadan azad edilmiş rayon özünün yeni inkişaf mərhələsini yaşayır
1990-cı illərin əvvəlində yenicə müstəqillik əldə etmiş Azərbaycan çətin sınaqlarla üz-üzə qaldı. Bir tərəfdən erməni işğalı, digər tərəfdən isə daxili qarşıdurmalar ölkənin kövrək olan müstəqilliyini təhlükə qarşısında qoymuşdu. Hakimiyyətdə olan qüvvələrlə həmin dövrdə hakimiyyətə gəlmək üçün bütün xəyanətələrə getməyə hazır olan AXC-Müsavat birliyi nə dövlət, nə Vətən haqqında düşünmürdülər - onların yeganə məqsədi satqınlıq və xəyanət nəticəsində hakimiyyəti əldə etmək idi.
1992-ci ilin mayı isə Azərbaycanın müasir tarixinə xəyanətlərin və faciələrin əks olunduğu zaman kimi düşdü. Bu zamanda hakimiyyət savaşı, səriştəsiz insanların kreslo davası ard-arda ağır itkilərə yol açırdı. Məhz bu hakimiyyət çəkişməsinin və xəyanətin acı nəticəsi kimi mayın 18-də Azərbaycanın şərq qapısı, ən mühüm strateji əhəmiyyətli rayonlarından biri - Laçın rayonu ermənilər tərəfindən işğal olundu. İşğal nəticəsində yüzlərlə insan şəhid edildi, girov götürüldü, əlil oldu.
Hakimiyyət hərisliyi...
Həmin dövrün acı mənzərəsinə diqqət yetirdikdə bir daha məlum olur ki, həmin “siyasi qüvvələrin” yalnız bir amalı vardı - hakimiyyət hərisliyi. Laçının işğalı xəyanətin və hakimiyyət hərisliyinin ortaya çıxardığı nəticə idi. Qeyd edək ki, 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı həmin dövrdə mövcud hakimiyyəti devirərək iqtidarı ələ almağa çalışan Azərbaycan Xalq Cəbhəsi üçün mühüm fürsətə çevrildi. O dövrdə Azərbaycan prezidenti olan Ayaz Mütəllibov AXC-nin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa verdi. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. Müdafiə naziri vəzifəsi isə AXC-nin tələbi ilə bu qurumun üzvü olan Rəhim Qazıyevə verildi. Məhz həmin dövrdən başlayaraq AXC ölkədəki vəziyyəti sabotaj etməklə hakimiyyətə yiyələnməyə çalışırdı. AXC-yə başçılıq edən şəxslər ətraflarında yaratdıqları silahlı dəstələrdən quldurluq məqsədi ilə istifadə edir, onları cəbhədən geri çəkir və hətta bəzi regionlarda talançılıq ilə də məşğul olurdular. Bu isə 1992-ci il mayın 8-də Şuşanın işğalına yol açdı. Hərbi gücü əlində saxlayan AXC iqtidara gəlmək üçün strateji əhəmiyyət daşıyan şəhəri ermənilərə təslim etdi.
Şuşanın işğalının ardından isə ölkədəki siyasi vəziyyət daha kəskin hal aldı - böhran bütün istiqamətlərdə hiss olunurdu. 1992-ci il mayın 14-də Azərbaycan Ali Soveti yenidən iclas keçirdi və Ayaz Mütəllibov yenidən öz vəzifəsinə bərpa edildi. Vəzifəsinə bərpa edilmiş Mütəllibov isə Bakıda iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq etdi. Amma Mütəllibov bərpa olunduğu vəzifəsində çox da qala bilmədi - onun prezident səlahiyyətlərinin bərpa edilməsini dövlət çevrilişi hesab edən AXC bu dəfə silahlı çevrilişə əl atdı. “AXC batalyonu” adlanan silahlı dəstələr 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkildi. AXC rəhbərlərinin başçılıq etdiyi qoşunlar, xüsusilə Laçın alayının çoxlu sayda əsgəri mövqelərindən geri çəkilərək Bakıya gətirildilər. AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücum başladı. 15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonla Bakıya girdi. Silahlı dəstələr atəş aça-aça, eyni zamanda tanklar və zirehli maşınlar Milli Məclisin binasını mühasirəyə aldı. Ardınca silahlı dəstələr televiziyaya basqın etdi. Atışmada bir neçə adam həyatını itirdi, xəsarət aldı. Mütəllibov isə yenidən devrildi. Ayaz Mütəllibov çevrilişin növbəti günü Qala aviabazasından Moskvaya yola düşdü. Silahlı çevrilişdən sonra AXC hakimiyyətə yiyələndi. Amma bu siyasi hərislik daha böyük faciələrə yol açdı - mayın 18-də Laçın işğal edildi. Beləliklə, AXC-nin hakimiyyət hərisliyi Azərbaycan üçün 30 illik bir faciəyə yol açdı...
Maşın göndərməyənlər təyyarə göndərdilər...
Çox uzaq olmayan bu tarixi görən, yaşayan insanlar indi də o acı günləri unuda bilmir. Ermənilərin təslim edilmiş Şuşaya necə gülə-gülə, sevinərək girmələri, hətta bu hədiyyəyə görə Elçibəyə təşəkkür etmələri yaddaşlardan silinməyib.”Şuşa işğal olunsa başıma güllə çaxacağam” deyənlər daha sonra Laçının ermənilərə təslim olunmasına vəsilə oldular.
Həmin dövrdə də bütövlükdə xalqımız dərk edirdi ki, ölkəni bu ağır vəziyyətdən yalnız bir şəxs qurtara bilər - Ulu öndər Heydər Əliyev. Lakin qısqanclıq, hakimiyyət hərisliyi onlar üçün bir nömrəli amala çevrilmişdi. Sonlaralar AXC-Müsavat hakimiyyətinin nümayəndəsi Tofiq Qasımov deyirdi ki, guya Heydər Əliyevi axtarıb tapa bilməyib, onunla əlaqə saxlaya bilməyiblər. Amma bəlli idi ki, onlar Heydər Əliyevə müraciət etmək istəmirdilər. Sonda isə... Heydər Əliyevin arxasınca bir maşın göndərməyənlər, özlərini xilas etmək üçün təyyarə göndərdilər...
Azad LAÇIN...
... Laçının azadlığına gedən yol isə 2020-ci ilin payızında başladı. Həmin il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi - Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bununla da 27 il işğal altında olan Laçın rayonu dekabrın 1-də qəsbkarlardan azad olundu, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil oldu və orada üçrəngli şanlı bayrağımız ucaldıldı - bir güllə belə atılmadan, bir şəhid verilmədən Laçın öz azadlığına qovuşdu. 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonuna ilk səfər etdilər. Dövlət başçısı rayonun Güləbird kəndində Azərbaycan bayrağını ucaltdı. Prezident İlham Əliyevin 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına əsasən, hər il ölkəmizdə 26 avqust - Laçın Şəhəri günü kimi təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci il avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tvitter səhifəsində (indiki “X” sosial şəbəkəsi) elan edib. Bu gün Laçın yenidən qurulur, inkişaf edir. Rayonda ən yeni standartlara uyğun şəkildə infrastruktur qurulur. Artıq onlarla ailə Laçın şəhərinə, Sus və Zabux kəndlərinə və digər yaşayış məskənlərinə köçürülüblər. Böyük qayıdışın ən mühüm bir mərhələsi məhz Laçın rayonunun payına düşür - çünki Qarabağa ilk qayıdış həm də elə Laçın rayonundan başlayıb. Bu gün Laçın özünün əsl sakinlərini ağuşuna alaraq yeni inkişaf mərhələsini yaşayır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

