Naxçıvandan Türküstana...
19.05.2026 [11:30]
TDT-nin 16 illik tarixi uğurlara köklənib
Yeni qlobal nizamda özünə mühüm yer tutmuş, qısa müddətdə beynəlxalq aləmdə tanınmış, vacib iqtisadi-ticari layihələrin coğrafi keçid xəttini özündə birləşdirən Türk Dövlətləri Təşkilatı (TDT) ciddi addımları ilə seçilir. Dünya miqyasında ən önəmli geostrateji və geocoğrafi məkanlardan biri kimi tanınan və qəbul olunan Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya regionunun əlaqələndirilmiş siyasi-iqtisadi planları TDT-nin inkişafına xüsusi dəstək verməkdədir. Xüsusilə, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra bölgədə formalaşan yeni reallıqlar mühüm ticari çağırışları aktuallaşdırıb - bu fonda TDT-nin cəlbediciliyi daha parlaq şəkildə diqqəti cəlb edir.
TDT qısa zaman kəsiyində regionun ən nüfuzlu siyasi və iqtisadi platformalarından birinə çevrilməyi bacarıb. Uzun illər ərzində dövlətlərin mədəni və tarixi bağlar üzərində qurulan əməkdaşlığı bu gün TDT müstəvisində real siyasi, iqtisadi və təhlükəsizlik mexanizminə çevrilib. Təşkilatın fəaliyyət istiqamətləri təkcə türk dövlətləri arasında əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də yeni dövrün regional inteqrasiya modelinə çevrilmək iddiasını ortaya qoyur. Artıq TDT regional güc olmaqla yanaşı, qlobal əməkdaşlıq formatlarının formalaşmasında da aktiv rol oynayır. Bu reallıq həm təşkilatın struktur baxımından çevik, həm də siyasi baxımdan dayanıqlı mexanizmlərə malik olduğunu göstərir. Xüsusilə son illərdə keçirilən görüşlərdə koordinasiyalı fəaliyyətin qurulması, qarşılıqlı əlaqələrin gücləndirilməsi və regional proseslərə vahid mövqe ilə yanaşılması təşkilatın praktiki təsir imkanlarını əyani şəkildə artırır.
TDT-nin Türküstan Zirvəsi...
Mayın 15-də Qazaxıstanın və bütün türk sivilizasiyasının ən qədim şəhərlərindən biri olan Türküstanda Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Qeyd edək ki, Türküstan şəhəri xüsusi rəmzi məna daşıyır və Türk dünyasının möhkəmlənməsində yeni bir mərhələnin başlanğıcına çevrilməsi gözlənilir. Qazaxıstanın Türküstan şəhəri türk xalqlarının tarixi yaddaşında mühüm yer tutur. Türküstan əsrlər boyu mənəvi birlik, mədəni mübadilə və türk xalqları arasında ortaq sivilizasiya kimliyinin formalaşması məkanı olaraq qalıb. Bu gün həmin tarixi rəmz yeni siyasi və strateji meyar qazanır. Türküstanda Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün keçirilməsi üzv ölkələrin inteqrasiyanı təkcə praqmatik maraqlar üzərində deyil, həm də dərin mədəni və tarixi təməl üzərində qurmaq istəyini vurğulayır.
TDT-nin qeyri-rəsmi Zirvə görüşləri türk dövlətləri arasında siyasi etimadın, strateji koordinasiyanın və ortaq gündəliyin hazırlanmasının gücləndirilməsi nöqteyi-nəzərindən təsirli bir mexanizm olduğunu artıq sübut edib. Məhz bu kontekstdə Türküstanda keçirilən Zirvə görüşü də Türk dünyasının birliyinin, qarşılıqlı əlaqəsinin və ortaq gələcəyinin gücləndirilməsinə yönəlmiş kursun davamı kimi müstəsna əhəmiyyətə malikdir. Bu kurs iki il əvvəl Azərbaycanın mədəniyyət paytaxtı Şuşada effektiv şəkildə müəyyən edilib.
Türküstan Bəyannaməsi...
Türküstan Sammitinin yekunu olaraq Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Türküstan Bəyannaməsi imzalanıb. Bəyannamədə TDT ölkələrinin liderləri Azərbaycanın TDT-yə sədrlik etməsinə dəstək ifadə edərək ölkənin sədrlik dövrü üçün müəyyən etdiyi prioritetləri yüksək qiymətləndiriblər. Sənədə əsasən, imzaçılar 2025-ci il oktyabrın 7-də “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş Qəbələ sammitinin uğurla həyata keçirilməsini yüksək qiymətləndiriblər. “Azərbaycan Respublikasının cari sədrliyinə və onun müəyyən etdiyi prioritetlərə dəstəyimizi ifadə edirik, həmçinin Azərbaycanın sədrliyinin TDT-nin üzv dövlətlər arasında əməkdaşlığın səmərəli platforması kimi daha da gücləndirilməsinə töhfə verəcəyinə əminliyimizi bildiririk”, - bəyannamədə deyilir.
Sammit iştirakçıları, həmçinin Türkiyəni 2026-cı il martın 7-də İstanbulda TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşlərinin və 2026-cı il aprelin 18-də 5-ci Antalya Diplomatik Forumu çərçivəsində keçirilən görüşlərin uğurla təşkili münasibətilə təbrik ediblər. Liderlər bu görüşlərin nəticələrini alqışlayıb və onların daha müntəzəm şəkildə təşkilinin vacibliyini vurğulayıblar.
Bundan başqa, imzaçılar rəqəmsal mühitdə vətəndaşların hüquqlarının müdafiəsinə dair normaları özündə əks etdirən Qazaxıstanın yeni Konstitusiyasının qəbul edilməsini alqışlayıblar ki, bu da ölkənin rəqəmsal dövrün müasir çağırışlarına cavab vermək və gələcək inkişaf üçün davamlı hüquqi baza yaratmaq öhdəliyini əks etdirir.
“Dövlət başçıları Rəqəmsal İqtisadiyyat sahəsində Tərəfdaşlıq Sazişinin (DEPA), türk böyük dil modelinin inkişafı üzrə Anlaşma Memorandumunun imzalanmasını, eləcə də “Rəqəmsal İpək Yolu” layihəsinin davam edən icrasını müsbət qiymətləndiriblər ki, bunlar birlikdə türk dünyasında texnoloji əməkdaşlığın və rəqəmsal qarşılıqlı əlaqənin gücləndirilməsinə töhfə verir”, - sənəddə deyilir.
Dövlət başçıları 2025-ci il noyabrın 17-28-də Bakıda keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyaların İnkişafı üzrə Dünya Konfransının (WTDC-25) uğurunu qlobal rəqəmsal transformasiyanın irəliləməsinə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və inklüziv və davamlı rəqəmsal inkişafın təşviqinə mühüm töhfə kimi xüsusilə vurğulayıblar.
Naxçıvandan başlanan yol...
2021-ci ilə qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanan təşkilatın fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bu təşkilat 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın yaranmasında əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. 2021-ci ilin noyabrın 12-də Türkiyənin İstanbul şəhərində baş tutan Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib. Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan və Türkmənistan isə qurumda müşahidəçi dövlət statusunda çıxış edirlər. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır və TDT-nin çağırışları, regional predmetlər, real siyasi vəziyyət müzakirə olunur.
2009-cu ildən bəri Zirvə görüşlərinin beşi Azərbaycanda, dördü Türkiyədə, üçü Qazaxıstanda, üçü Qırğızıstanda, biri isə Özbəkistanda keçirilib.
Özbəkistanın üzv olması ilə...
2019-cu ildən sonra Türk Dövlətləri Təşkilatının güclənməsinin əsas amillərindən biri də Özbəkistanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi idi. Bölgənin ən çox əhalisi olan ölkəsinin üzvlüyü təşkilata yeni stimul verdi və onun siyasi çəkisini artırdı. 2022-ci il Səmərqənd Zirvə görüşü Türk Dövlətləri Təşkilatının institusional güclənməsinin rəmzinə çevrildi. Özbəkistanın təşəbbüsü ilə Türkdilli Dövlətlər Şurasının adı dəyişdirildi və onun beynəlxalq statusu artırıldı. Daşkənd, həmçinin üzv ölkələrin inteqrasiyasını dərinləşdirməyə yönəlmiş “Türk dünyası - 2040” strategiyasını təşviq edir.
Xüsusi vurğulanmalıdır ki, qısa zamanda özünü iqtisadi-siyasi konsepsiyası, ideoloji əsasları olan və ən əsası suveren, milli mənafeyə söykənən prinsiplərə malik təşkilat kimi sübut etməyi bacaran Türk Dövlətləri Təşkilatının əldə etdiyi uğurlar saymaqla bitməz. Bu inkişaf tendensiyasında maddi nailiyyətlərdən daha çox mənəvi nailiyyətlər göz oxşayır - vahid Türk dünyası ailəsi prinsiplərinin inkişaf etdirilməsi, qarşılıqlı maraqların qorunması üçün gücün və imkanların səfərbər olunması, fərqli cəhətlərin və ya coğrafyaların oturuşmuş siyasi birliklərinə qarşı bütün aspektlərdə müqavimətin yaradılması kimi prioritet hədəflər TDT-nin ali qurum statusunu daha da möhkəmləndirir.
Bakı Türk birliyinin rəmzi mərkəzinə çevrilib...
Qeyd olunduğu kimi, Türk Dövlətləri Təşkilatı artıq regional əməkdaşlıq çərçivəsindən çıxaraq qlobal güc mərkəzinə çevrilmək yolunda real və davamlı addımlar atır. Bu yüksəlişin mərkəzində isə Azərbaycanın strateji liderliyi, iqtisadi təşəbbüsləri və siyasi qətiyyəti dayanır. Azərbaycanın təşəbbüsləri ilə formalaşan yeni reallıqlar - Şuşa, Qarabağ və Qəbələ bəyannamələri, enerji və nəqliyyat layihələri, müdafiə koordinasiyası türk dünyasının bütöv geosiyasi xəritəsini yenidən formalaşdırır. TDT artıq gələcəyin siyasi modeli kimi xarakterizə olunur: bərabərhüquqlu tərəfdaşlıq, iqtisadi dayanıqlıq, ortaq təhlükəsizlik və mədəni birliyin vəhdəti. Bu vəhdətin mərkəzində isə Azərbaycan dayanır - tarixini, gücünü və vizyonunu türk dünyasının sabahına çevirən ölkə kimi.
Azərbaycan Türk dünyasının müasir institusionallaşmasının əsas memarı kimi TDT çərçivəsində yeni əməkdaşlıq formatları, strateji təşəbbüslər və humanitar layihələr irəli sürür. Qarabağ Bəyannaməsi TDT daxilində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, birgə infrastruktur və investisiya layihələrinin dəstəklənməsi, enerji, rəqəmsallaşma və iqlim siyasəti sahələrində əməkdaşlıq, Türk dünyasının mədəni və humanitar birliyinin gücləndirilməsi, üzv dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsi və TDT-nin regional təşkilat kimi beynəlxalq rolunun artırılması baxımından olduqca mühüm sənəd kimi təşkilatın gələcək yol xəritəsinə çevrilib.
Türkoloji qurultayın 100 ili...
Türk dünyasını birləşdirən ən mühüm amillər sırasında heç şübhəsiz ortaq dil, mədəniyyət və dəyərlərimiz ön sıralarda gəlir. Bu istiqamətdə də Azərbaycan hər zaman aparıcı və təşəbbüskar rol oynayıb. Bu fakt ötən il TDT-nin Qəbələ Zirvə Sammitində bir daha ortaya qoyuldu. Belə ki, Sammitdəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir: “Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm”.
Vurğulayaq ki, Azərbaycan Prezidenti ötən ilin oktyabrın 22-də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin imzaladağı bu Sərəncam Türk dünyasının ortaq kimliyinin yenidən bərpasına çağırışdır. Azərbaycan bu çağırışı XXI əsrin reallıqları fonunda gerçəkləşdirmək üçün həm ideoloji, həm elmi, həm də mədəni əsaslar yaradır. Türk dünyasının humanitar paytaxtı kimi Bakı bu gün dilin, ədəbiyyatın, incəsənətin və təhsil inteqrasiyasının yeni mərkəzinə çevrilib. Məhz bu mənəvi dayaqlar siyasi və iqtisadi əməkdaşlığa dərin mənalar qazandırır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

