Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Əkinçi" irsindən strateji mediaya: Azərbaycan mətbuatının milli intibahı

“Əkinçi" irsindən strateji mediaya: Azərbaycan mətbuatının milli intibahı

22.07.2026 [12:31]

Azərbaycan milli mətbuatının təşəkkülü və tərəqqisi fərqli tarixi dövrlərdə xalqımızın milli idrak, azadlıq təfəkkürü və dövlətçilik idealları uğrunda apardığı şərəfli mübarizə salnaməsinin ən parlaq səhifələrini təşkil edir. XIX əsrin ikinci yarısında Şərq dünyasını bürüyən maarifçilik dalğasının önündə gedən görkəmli mütəfəkkir Həsən bəy Zərdabinin misilsiz fədakar əməyi nəticəsində 1875-ci il iyulun 22-də işıq üzü görən "Əkinçi" qəzeti sadəcə bir kütləvi informasiya vasitəsi kimi fəaliyyətə başlamamış, eyni zamanda feodal buxovlarını, cəhalət mühitini və Çar Rusiyasının sərt kolonial məhdudiyyətlərini yararaq milli təfəkkürdə dərin bir intibahın təməlini qoymuşdur.

O dövrün mürəkkəb sosial-siyasi şəraitində xalqın ana dilində maariflənməsi, elm, mədəniyyət və kənd təsərrüfatı sahəsindəki yeniliklərlə tanış olması, ən əsası isə milli kimliyin qorunub saxlanılması istiqamətində "Əkinçi"nin göstərdiyi tarixi xidmətlər sonrakı nəsil ziyalılar üçün əsl örnəyə çevrilmişdir. Zərdabi irsinin alovlandırdığı bu ideoloji məşəl "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Molla Nəsrəddin" və "Füyuzat" kimi məktəb yaradan mətbu orqanların formalaşmasına güclü təkan vermiş, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın milli istiqlal ideologiyasının nəzəri-praktiki bazasını formalaşdırmışdır. Bu mətbu ənənələr 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olunmasında və dövlətçilik ideyalarının geniş xalq kütlələrinə çatdırılmasında da aparıcı rol oynamışdır.

Mətbuatımızın keçdiyi bu zəngin, məsuliyyətli və keçməkeşli yolun tarixi mahiyyətini, onun xalqın azadlıq və müstəqillik müqəddəratı ilə qırılmaz tellərlə bağlılığını Ümummilli Lider Heydər Əliyev yüksək elmi-nəzəri dəqiqliklə qiymətləndirərək bildirmişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

Ulu Öndərin bu konseptual kəlamı mətbuatın təkcə keçmiş xidmətlərini dəyərləndirməklə bitmir, onun müasir müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji sütunlarından biri kimi çıxış etdiyini tam aydınlığı ilə sübut edir. XX əsrin sonlarında müstəqilliyini bərpa edən respublikamızın ilk illərdə dərin siyasi, hərbi və sosial-iqtisadi böhranla, anarxiya, eləcə də azad sözün inkişafına mane olan inzibati senzura buxovları ilə üz-üzə qaldığı məlumdur.

Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən demokratik dövlət quruculuğu prosesi çərçivəsində söz, mətbuat və fikrini ifadə etmək azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu strateji xəttin məntiqi və tarixi nəticəsi olaraq Ulu Öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə mətbuat üzərindən senzuranın tamamilə ləğv edilməsi bütün Şərq aləmində demokratiyanın və azad fikrin təntənəsi kimi tarixə düşmüşdür. Senzuranın ləğvi ilə yanaşı, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, qəzetlərin nəşriyyat borclarının silinməsi, media subyektlərinə dövlət dəstəyi mexanizmlərinin işə salınması və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində sistemli dövlət proqramları icra olunmuşdur.

Ulu Öndərin əsasını qoyduğu bu mütərəqqi siyasi kursu müasir dövrün qlobal çağırışlarına uyğun olaraq yeni keyfiyyət mərhələsinə qaldıran Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan media məkanı tamamilə modernləşmiş və beynəlxalq standartlara inteqrasiya etmişdir. Dördüncü sənaye inqilabının gətirdiyi rəqəmsallaşma, sosial şəbəkələrin genişlənməsi və qlobal miqyasda hibrid informasiya müharibələrinin kəskinləşdiyi bir şəraitdə milli mətbuatımız operativlik, obyektivlik, məsuliyyətlilik və milli maraqların etibarlı müdafiəsi missiyasını ləyaqətlə həyata keçirir.

Dövlət başçısının təşəbbüsü ilə "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, Media İnkişafı Agentliyinin təsisi və Audio-Vizual Şuranın fəaliyyətinin təşkili Azərbaycan jurnalistikasının peşəkarlıq müstəvisində institusional inkişafına geniş üfüqlər açmışdır. Cənab Prezident İlham Əliyev müasir Azərbaycan mətbuatının cəmiyyətdəki aparıcı rolunu, onun ictimaiyyəti dürüst məlumatlandırmaq və milli maraqları qorumaq öhdəliyini belə xarakterizə etmişdir:

“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”

Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və sonrakı geostrateji reallıqlar zamanı Azərbaycan media subyektləri düşmənin psixoloji və dezinformasiya hücumlarına karşı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında informasiya cəbhəsinin ön sırasına keçmiş, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan hərbi Zəfəri informasiya müstəvisində də təsbit etmişdir.

Beləliklə, 1875-ci ildən başlayan və "Əkinçi"nin alovlandırdığı şərəfli yol bu gün müasir, modern, strateji və milli ideallara sadiq olan Azərbaycan mətbuatı şəklində öz tarixi missiyasını ləyaqətlə davam etdirir, dövlətimizin iqtisadi-siyasi gücünün, cəmiyyətimizin intellektual potensialının və informasiya suverenliyinin parlaq təzahürünə çevrilir.

Ülkər Əliyeva

Naxçıvan MR Turist Diyarşünaslıq Mərkəzinin əməkdaşı,

YAP Naxçıvan şəhər təşkilatının fəalı

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31