Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvanın dinamik inkişafı reallıqdır

Naxçıvanın dinamik inkişafı reallıqdır

13.08.2026 [10:25]

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan özünəməxsus ənənələri ilə fərqlənən qədim və tarixi bir diyardır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində burada çox çətin vəziyyət yaranmışdı - Ermənistanın başladığı işğalçılıq siyasətinə görə bölgə blokada vəziyyətinə düşmüşdü, ərzaq təminatı çətinləşmişdi, iş yerləri bağlanmışdı, işıq, qaz yox idi. Belə bir vəziyyətdə Naxçıvana gələn böyük siyasətçi Heydər Əliyev xalqın istəyi ilə muxtar respublikaya rəhbərliyin məsuliyyətini öz üzərinə götürdü. O, gecə-gündüz çalışaraq, dünyadakı böyük  nüfuzundan istifadə etməklə Türkiyə və İranla sıx əlaqələr quraraq Naxçıvanı aclıqdan və fəlakətdən qorudu, yeni inteqrasiya əlaqələri yaratdı və beləliklə də, bölgəni sabitliyə, inkişafa istiqamətləndirdi.

Sonrakı mərhələdə isə Naxçıvana qayğı siyasətini Ulu Öndərin layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev eyni ardıcıllıqla davam etdirir.  Onun respublikamıza rəhbərlik etdiyi dönəmdə muxtar respublikaya 17 dəfə səfər etməsi, Naxçıvanın social-iqtisadi inkişafı ilə bağlı çoxsaylı Fərman və sərəncamlar imzalaması bu qayğının əyani təsdiqidir. Prezident İlham Əliyev bu günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində məmnunluq hissi ilə bildirib ki,  Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir.

Böyük uğurla icra olunan önəmli layihələr

Son 22 ildə Naxçıvanın inkişafı bölgənin potensialı, reallıqları və əmək ənənələri nəzərə alınmaqla hazırlanan proqramlar əsasında məqsədyönlü şəkildə təmin edilib.  Prezident İlham Əliyev bəhs olunan müsahibəsində bu illər ərzində bir çox önəmli layihələr icra olunduğunu və  Naxçıvanın ümumi inkişafının  təmin edildiyini xüsusi vurğulayıb. Uğurla icra edilən və son nəticədə Naxçıvanın simasını əhəmiyyətli dərəcədə dəyişən, onun iqtisadi potensialını artıran, yüksək vətəndaş məmnunluğu yaradan layihələrin miqyası həqiqətən çox böyükdür. Məqsədyönlü şəkildə görülən işlər Naxçıvan Muxtar Respublikasında infrastruktur təminatının, enerji təchizatının yaxşılaşması, müasir yolların inşası, sosial təyinatlı obyektlərin tikintisi, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması ilə nəticələnib. Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, sənayenin davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanı ilə Şərur Sənaye Məhəlləsi yaradılıb, investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, iqtisadiyyata sərmayə qoyuluşunun stimullaşdırılması üçün  sahibkarlıq subyeklərtinə  investisiya təşviqi sənədləri təqdim edilib. İxracın stimullaşdırılması məqsədilə müxtəlif ölkələrdə keçirilmiş tədbirlərdə yerli sahibkarlıq subyektinin dövlət dəstəyi ilə iştirakı təmin edilib.  Ötən dövrdə torpaqların suvarma və meliorasiya təminatının yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarı istifadəyə verilib. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində 169,8 meqavat gücündə 10 elektrik stansiyası istifadəyə verilib.  Naxçıvan şəhərinin və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrinin əhalisini içməli su və kanalizasiya xidməti ilə təmin etmək üçün gün ərzində 40 min kubmetr sutəmizləmə və 32 min kubmetr tullantı sutəmizləmə gücünə malik olan qurğular və ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilib. Muxtar Respublikanın qaz təminatının bütünlüklə həllini tapması böyük uğurdur. Müsahibədə vurğulandığı kimi, bu məqsədlər üçün zamanında dövlətimizin başçısının  təşəbbüsü ilə İran İslam Respublikası ilə qaz mübadiləsi sazişi imzalanıb. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilib və eyni zamanda, Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilib. Beləliklə, mübadilə yolu ilə Naxçıvanın qaz təminatı 100 faiz həllini tapıb. “Bununla paralel olaraq, qazlaşmanı apardıq. Artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir. Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Yeni strateji mərhələdə inkişafın yol xəritəsi

Əvvəlki dövrdə görülmüş işlər Naxçıvanın yeni strateji mərhələdə uğurlarını möhkəmlətmək və muxtar respublikanın daha dinamik inkişafını təmin etmək üçün möhkəm baza rolunu oynayır. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib. Bunlar aşağıdakılardır:

- Əlverişli biznes mühitinin yaradılması,

- Ticarətin inkişafı,

- İxracyönlü sənayenin inkişafı

- Kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı,

- Turizmin inkişafı,

- Elektrik enerjisi istehsalının və ixracının artırılması,

- İnfrastruktur təminatının inkişafı,

- Sosial sektorun inkişafı,

- İnsan kapitalının inkişafı ,

- İnstitusional inkişaf,

- Ətraf mühitin mühafizəsinin gücləndirilməsi.

Eyni zamanda, müəyyənləşdirilən inkişaf xəttinin möhkəm maliyyə bazası da ardıcıl dövlət qərarları ilə təmin edilib. 2023-cü il 22 iyun tarixində imzalanmış Sərəncamla dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üzrə nəzərdə tutulan vəsaitin bölgüsünə əsasən Naxçıvan Muxtar Respublikasında infrastruktur və sosial layihələrin həyata keçirilməsi üçün 50,0 milyon manat vəsait ayrılıb.

Son üç ildə muxtar respublikada yeni Dövlət Proqramı ilə qarşıya qoyulan məqsədlərə çatmaq üçün sosial-iqtisadi inkişaf  üzrə genişmiqyaslı işlər görülür. Dövlət maliyyə dəstəyi, Sahibkarlığın İnkişafı Fondunun kredit vəsaiti və özəl investisiya qoyuluşu hesabına 2023-cü ildən 2026-cı ilin 1 iyul tarixinədək muxtar respublikada ümumilikdə 359 istehsal və xidmət sahəsinin yaradılması başa çatdırılıb. İqtisadi potensialın daha da gücləndirilməsi məqsədilə 2024-cü il 5 dekabr tarixində imzalanmış Fərmanla Naxçıvan Sənaye Parkı yaradılıb.

Özəl təşəbbüsün təşviqi, sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması Naxçıvanda yeni iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindəndir. 2023-cü ildən 2026-cı ilin ilk altı ayı da daxil olmaqla Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 342 sahibkarlıq layihəsinin maliyyələşdirilməsi təmin edilib, bu məqsədlə səlahiyyətli bank və kredit təşkilatları vasitəsilə ümumilikdə 27,2 milyon manat güzəştli kredit verilib. Dövr ərzində maliyyələşdirilmiş layihələrin 77 faizi 2025-ci il və 2026-cı ilin birinci yarımilinin payına düşür. Həyata keçirilən bu və digər tədbirlərin nəticəsi olaraq Naxçıvanın iqtisadi imkanları genişlənib. 2026-cı ilin birinci yarısında muxtar respublikasında ÜDM istehsalı 835,4 milyon manat təşkil edərək 2,5 faiz artıb. Büdcə gəlirləri 218,4 milyon manat, sənaye məhsulu istehsalı isə 275,9 milyon manat olub. “Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31