Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın yeni reallığı: Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkan

Azərbaycanın yeni reallığı: Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkan

13.08.2026 [09:50]

Post-müharibə dövründə Azərbaycanın həyata keçirdiyi siyasi xətt Cənubi Qafqazın geosiyasi və geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu fakt regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına da mühüm təsir göstərdi. Bakı qarşısında duran əsas vəzifələrdən birini təhlükəsizliyin möhkəmləndirilməsi, region ölkələri arasında kommunikasiyaların bərpası və Cənubi Qafqazın beynəlxalq iqtisadi əlaqələr sisteminə daha sıx inteqrasiyası kimi müəyyənləşdirib. Formalaşdırılan müasir və rentabelli infrastruktur layihələri isə bu mənzərəni daha da işıqlandırır. Çindən, eləcə də Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhliz, Rusiyanı İran və Hindistanla birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və azad edilmiş ərazilərdə yaradılan yeni yol və dəmir yolu şəbəkəsi Azərbaycanın regional tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Beləliklə, Uzaq Şərqdən, Mərkəzi Asiyadan, Cənubi Asiyadan, Körfəz ölkələrindən, Rusiyadan və Avropadan gələn müxtəlif iqtisadi marşrutlar Azərbaycan coğrafiyasında bir-biri ilə əlaqələnir. Bu, ölkənin tranzit imkanlarını artırmaqla yanaşı, Azərbaycanı qlobal təchizat zəncirlərinin mühüm halqalarından birinə çevirir.

Məhz bu baxımdan Azərbaycanın əsas üstünlüklərindən biri yalnız enerji resursları ilə deyil, coğrafiyanı infrastruktura, infrastrukturu isə geoiqtisadi gücə çevirmək bacarığı ilə bağlıdır.

Naxçıvan: Şərq-Qərb, Şimal-Cənub marşrutlarının strateji kəsişmə nöqtəsi

Bu mənada Azərbaycanın Naxçıvan Muxtar Respublikası xüsusilə seçilir. Naxçıvanın Türkiyə və İranla sərhədə malik olması ona Cənubi Qafqazın digər ərazilərindən fərqli geoiqtisadi imkanlar qazandırır. Coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı yerləşən Naxçıvan regional kommunikasiyaların bərpası və yeni nəqliyyat bağlantılarının yaradılması fonunda getdikcə daha böyük strateji əhəmiyyət qazanır.

Naxçıvanı fərqləndirən əsas xüsusiyyətlərdən biri onun Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin potensial kəsişmə nöqtəsində yerləşməsidir. Azərbaycan-Naxçıvan bağlantısının bərpası, Türkiyə ilə nəqliyyat əlaqələrinin gücləndirilməsi və İran üzərindən cənub istiqamətli beynəlxalq marşrutlara çıxışın genişləndirilməsi bu coğrafiyanın regional tranzit sistemində çəkisini artırır. Azərbaycanın rəsmi nəqliyyat konsepsiyasında da Zəngəzur bağlantısının Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini əlaqələndirə biləcək strateji xətt olduğu qeyd olunur.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Cənub ölkələrindən, xüsusilə Körfəz ölkələrindən gələn yüklərin İran və Azərbaycan üzərindən Rusiyaya, Şimali və Qərbi Avropaya daşınmasını nəzərdə tutur. Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 kilometrdir və Rusiya-Azərbaycan sərhədindən İran sərhədinədək olan əsas xətt artıq fəaliyyət göstərir. Rəsmi məlumatlara görə, ənənəvi dəniz marşrutu ilə 45-60 gün çəkə bilən yük daşımaları Şimal-Cənub dəhlizi vasitəsilə təxminən 20-25 günə qədər azala bilər.

Dəhlizin inkişafında Astara istiqaməti mühüm rol oynayır. 2026-cı ilin iyununda Azərbaycan və İran dəmir yolları Astara terminalının tikintisinin son mərhələyə yaxınlaşdığını açıqlayıb. Bu terminal Şimal-Cənub dəhlizinin Azərbaycan-İran bağlantısında mühüm logistika mərkəzi kimi nəzərdə tutulur. Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi Azərbaycan ərazisində hazırdır: “Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır”.

Qlobal Şimal ilə Qlobal Cənubu birləşdirən geoiqtisadi platforma

Qlobal Şimal ilə Qlobal Cənub arasında yerləşən Azərbaycan yaratdığı geosiyasi və geoiqtisadi imkanlarla bütövlükdə Avrasiya məkanına yeni nəfəs verir. Bakı öz coğrafi mövqeyini passiv üstünlük kimi deyil, konkret nəqliyyat, logistika və enerji infrastrukturu ilə tamamlanan aktiv geoiqtisadi resursa çevirib. Bu gün Azərbaycanın nəqliyyat siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif istiqamətləri bir-birinə alternativ deyil, bir-birini tamamlayan marşrutlar kimi nəzərdən keçirməsidir. Orta Dəhliz Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa xəttində mühüm rol oynayır. Şimal-Cənub dəhlizi isə İran və Azərbaycan üzərindən cənubun əlaqələndirilməsinə hədəflənib. Beləliklə, Azərbaycan eyni vaxtda həm Şərq-Qərb, həm də Şimal-Cənub iqtisadi axınlarının iştirakçısına çevrilir.

Bu proses Azərbaycanın geosiyasi çəkisini də artırır. Çünki müasir dünyada nəqliyyat marşrutlarına nəzarət yalnız yük daşınması və tranzit gəlirləri demək deyil. Marşrutların təhlükəsizliyi, logistika mərkəzlərinin fəaliyyəti, limanların, dəmir yollarının və avtomobil yollarının inteqrasiyası dövlətlərə yeni iqtisadi və siyasi imkanlar yaradır. Azərbaycan məhz bu reallığı nəzərə alaraq genişmiqyaslı infrastruktur layihələrini həyata keçirir. Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur: “Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək”.

Ən mühüm məqamlardan biri isə, Bakının siyasətində təhlükəsizlik və əməkdaşlığın paralel aparılmasıdır. Azərbaycan regional kommunikasiyaların açılmasını yalnız öz iqtisadi maraqları baxımından deyil, qonşu ölkələrin də iqtisadi inkişafına xidmət edən proses kimi təqdim edir. Bu baxımdan Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi ilə nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi arasında birbaşa bağlılıq yaranır. Nəticədə Bakı Avrasiyanın nəqliyyat xəritəsində sadəcə tranzit ölkə deyil, müxtəlif dəhlizlərin birləşdiyi, istiqamətləndiyi və bir-birini tamamladığı geoiqtisadi platforma kimi çıxış edir. Bu isə region ölkələri üçün yeni bazarlara çıxış, tranzit gəlirləri, investisiya və istehsal imkanlarının artması deməkdir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31