Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cəbrayıl – Zəfərin möhtəşəm səhifəsi, Böyük Qayıdışın yeni ünvanı

Cəbrayıl – Zəfərin möhtəşəm səhifəsi, Böyük Qayıdışın yeni ünvanı

01.10.2026 [17:02]

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan dövlətçiliyinin müasir tarixində mühüm yer tutan hadisənin ildönümüdür. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində Azərbaycanın hərbi-siyasi üstünlüyünü daha da möhkəmləndirən mühüm mərhələlərdən biri oldu. Bu qələbə yalnız bir şəhərin azad edilməsi ilə məhdudlaşmadı, sonrakı hərbi əməliyyatların istiqamətinə və Zəfərin əldə olunması prosesinə ciddi təsir göstərdi.

Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsə ağır zərər vurulmuş, on minlərlə sakin doğma torpaqlarından didərgin salınmışdı. Cəbrayılın işğalı bütövlükdə Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş işğal siyasətinin nəticəsi idi. Lakin 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi bu vəziyyəti kökündən dəyişdirdi.

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları çərçivəsində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsindən sonra əməliyyatlar daha geniş vüsət aldı. Oktyabrın 3-də bir sıra kəndlər, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun digər yaşayış məntəqələri azad edildi. Cəbrayıl istiqamətində yaradılmış möhkəmləndirilmiş müdafiə xətlərinin yarılması Azərbaycan Ordusunun yüksək hazırlığını, hərbi peşəkarlığını və şəxsi heyətin qəhrəmanlığını nümayiş etdirdi.

Cəbrayılın azad olunmasının strateji əhəmiyyəti sonrakı hadisələr fonunda daha aydın göründü. Bu qələbə Azərbaycan Ordusunun digər istiqamətlərdə irəliləməsi üçün yeni imkanlar yaratdı və Xocavənd, Hadrut, Zəngilan, Qubadlı istiqamətlərində uğurlu əməliyyatların aparılmasına mühüm şərait formalaşdırdı. Beləliklə, Cəbrayıl Zəfər yolunun mühüm strateji həlqələrindən birinə çevrildi.

Cəbrayılın azadlığının xüsusi tarixi-siyasi rəmzi isə Xudafərin körpülərində Azərbaycan bayrağının dalğalanması oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl şəhərində və Xudafərin ərazisində Dövlət Bayrağını ucaltdığı həmin günlər Azərbaycan dövlətinin öz suveren ərazilərində siyasi iradəsinin və dövlətçilik atributlarının bərpasının parlaq ifadəsinə çevrildi.

Zəfərdən sonra Cəbrayılın qarşısında tamamilə yeni inkişaf mərhələsi açıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq siyasəti nəticəsində şəhərin və kəndlərin yeni Baş planları hazırlanır, yol, enerji, sosial və istehsal infrastrukturu yaradılır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Cəbrayılın gələcək iqtisadi potensialının reallaşdırılması baxımından mühüm layihələrdəndir. Eyni zamanda enerji və nəqliyyat layihələri rayonun Qarabağ və Şərqi Zəngəzurun ümumi iqtisadi məkanına inteqrasiyasını sürətləndirir.

Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi də yeni şəhərsalma siyasətinin sistemli xarakterini göstərir. Müasir yaşayış məhəllələrinin, sosial obyektlərin, məktəb və digər infrastrukturun yaradılması ilə yanaşı, əsas məqsəd doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və layiqli şəraitdə öz torpaqlarına qayıdışını təmin etməkdir.

Böyük Qayıdış artıq Cəbrayılda real prosesə çevrilib. Cəbrayıl şəhərinə, eləcə də Horovlu və Şükürbəyli kəndlərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıtması Zəfərin insan həyatında əks olunan ən mühüm nəticələrindəndir. Dağıdılmış yaşayış məntəqələrinin yerində yeni evlərin, məktəblərin, sosial obyektlərin və müasir infrastrukturların yaradılması işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə dövlət səviyyəsində kompleks yanaşmanın göstəricisidir.

Prezident İlham Əliyevin Cəbrayıla ardıcıl səfərləri zamanı müxtəlif infrastruktur, enerji, nəqliyyat, sosial və iqtisadi layihələrin təməlinin qoyulması və istifadəyə verilməsi bu rayonun inkişafına xüsusi diqqətin göstəricisidir. Cəbrayıl artıq yalnız işğaldan azad edilmiş ərazi kimi deyil, Azərbaycanın yeni iqtisadi və sosial inkişaf məkanlarından biri kimi formalaşır.

4 Oktyabrın Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlətçilik yaddaşında əbədiləşdirilməsinin hüquqi ifadəsidir. Bu tarix Azərbaycan xalqının yaddaşında həm qəhrəmanlıq nümunəsi, həm də Zəfərdən quruculuğa keçidin simvolu kimi yaşayır.

Cəbrayılın bugünkü mənzərəsi bir həqiqəti aydın şəkildə ortaya qoyur: Azərbaycanın hərbi Zəfəri siyasi iradə və genişmiqyaslı quruculuq siyasəti ilə tamamlanır. Vaxtilə dağıdılmış şəhər və kəndlərdə həyat yenidən canlanır, insanlar doğma torpaqlarına qayıdır, yeni Cəbrayıl qurulur. Bu baxımdan 4 Oktyabr yalnız keçmiş qələbənin xatırlandığı tarix deyil, həm də Azərbaycanın suveren ərazilərində yeni həyatın, yeni inkişaf mərhələsinin və Böyük Qayıdışın təcəssüm etdiyi əlamətdar gündür.

Anar Məmmədov

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31