Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələr genişlənir

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələr genişlənir

01.10.2026 [12:55]

Bu gün çoxvektorlu xarici siyasət kursu həyata keçirən Azərbaycanla Vatikan arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir və getdikcə daha da genişlənir. Hər iki tərəfin güclü siyasi iradəsinə əsaslanan bu münasibətlər həyatın ən müxtəlif sahələrini əhatə edir.

Əlamətdar haldır ki, həm Azərbaycanda, həm də Müqəddəs Taxt-Tacda cəmiyyətlər də bir-birinə qarşılıqlı rəğbət bəsləyir və əlaqələrin genişlənməsinə davamlı töhfələr verir. Elə bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti dəfə Vatikana səfərə gələrək burada Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad,  Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani, Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə səmərəli görüşlər keçirib.

Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda həmçinin “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Üst-üstə düşən siyasət və dəyərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Müqəddəs Taxt-Tacda arzu edilən, gözlənilən qonaq kimi qarşılanması və burada mədəniyyətimizin təbliğinə göstərilən yüksək diqqət Azərbaycanın dünyada artan nüfuzunun daha bir təsdiqidir. O cümlədən ikitərəfli əlaqələrin belə yüksək səviyəyə qalxmasını şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür ki, bunların sırasında da həm Azərbaycanın, həm də Vatikanın ənənənələrin, milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunmasına həssas yanaşma sərgiləmələri xüsusi diqqət çəkir.

Eyni zamanda, hər iki tərəf dünyada multikulturalizmin təşviq edilməsində və müxtəlif etiqadlar arasında həmrəyliyin həyat normasına çevrilməsində maraqlıdır. Respublikamızda tolerantlıq tarixdən gələn ənənədir və hazırda da güclü şəkildə qorunur. Qürurverici haldır ki, bu gün Azərbaycan narahat dünyada barışıq, humanizm missiyası həyata keçirir, milli-dini-irqi ayrı-seçkiçiliyin bütün təzahürlərinə qarşı çıxır. Bu xətt həmçinin Vatikanın siyasətinin əsas fərqləndirici istiqamətidir. Müqəddəs Taxt-Tac hər zaman dinlərarası dialoqa çağırış edir. Aparılan siyasətin və dəyərlərin üst-üstə düşməsi Azərbaycan-Vatikan əlaqələrinə güclü impuls verməklə münasibətlərin getdikcə daha da dərinləşməsinə zəmin formalaşdırır.

Siyasi dialoqun yüksək səviyyəsi - qarşılıqlı səfərlərin böyük önəmi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti arasında baş tutan görüşdə kardinal Corc Ceykob Kuvakad  Azərbaycana səfərini və ona göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini bildirib, səfər zamanı keçirdiyi görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan-Vatikan münasibətlərindən bəhs edərkən, əlbəttə ki, siyasi dialoqun yüksək səviyyəsini ayrıca qeyd etmək lazımdır. Əlamətdar haldır ki, hər iki tərəf qarşılıqlı əlaqələrin belə yüksək səviyyəsindən və çoxvektorlu səciyyə daşımasından məmnundur. Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulub. Azərbaycanın Vatikanla münasibətlərində mühüm mərhələlərdən biri səfirliyin yaradılması olub. 2021-ci ilin noyabrında Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin təsis edilməsi ilə bağlı qərar qəbul edilib. Səfirlik 2022-ci ildə fəaliyyətə başlayıb və İlqar Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacdakı ilk rezident səfiri təyin edilib. 2023-cü ilin yanvarında o, etimadnaməsini Roma Papası Fransiskə təqdim edib. Ötən ilin oktyabrında isə səfirliyin inzibati ofisinin rəsmi açılışı keçirilib. Bu mərhələ 1992-ci ildə qurulan diplomatik münasibətlərin daha möhkəm və daimi institusional əsas üzərində inkişaf etdiyini göstərir. 2012-ci ildə isə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Qeyd edək ki, bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi.

Azərbaycanla Vatikan arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. Münasibətlərin siyasi, humanitar və mənəvi məzmununun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub. Onun 1997-ci il sentyabrın 24-27-də Vatikana rəsmi səfəri münasibətlərin inkişafında mühüm mərhələ təşkil edib. Səfər zamanı Roma Papası II İohann Pavel ilə görüşdə Azərbaycanda dini etiqad azadlığı, müxtəlif konfessiyaların fəaliyyəti və tolerantlıq mühiti ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın ərazi bütövlüyü məsələsi də müzakirə olunub.

Bu xəttin mühüm davamı 2002-ci il mayın 22-23-də II İohann Pavelin Azərbaycana tarixi səfəri oldu. Prezident Heydər Əliyevin dəvəti ilə baş tutan səfər diplomatik münasibətlərin 10-cu ildönümünə təsadüf edib. Papa Prezident Heydər Əliyevlə, siyasət, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də dini icmaların rəhbərləri ilə görüşüb. Heydər Əliyev dövründə formalaşan siyasi dialoq dövlətlərarası münasibətlərlə yanaşı, dini müxtəliflik, qarşılıqlı hörmət və tolerantlıq sahəsində əməkdaşlığın inkişafına da zəmin yaradıb.

Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri daha sistemli və institusional xarakter alıb. Prezident İlham Əliyev 2005-ci il fevralın 26-da, 2015-ci il martın 6-da və 2020-ci il fevralın 22-də Müqəddəs Taxt-Taca səfərlər edib. 2015-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüblər. 2020-ci ildə Prezident İlham Əliyev Roma Papası Fransisk və Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolinlə görüşüb.

Müqəddəs Taxt-Tacın yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri də siyasi və dini dialoqun davamlılığını təmin edib. Dövlət katibi kardinal Tarsisio Bertonenin 2008-ci ildə Azərbaycana səfəri, eləcə də sonrakı illərdə yüksəksəviyyəli nümayəndələrin qarşılıqlı təmasları bu münasibətlərin institusional əsaslarını möhkəmləndirib. Xatırladaq ki, Papa Fransisk 2 oktyabr 2016-cı il tarixlərində respublikamıza  rəsmi səfərlərə gəlib və mühüm görüşlərə qatılıb. İndiyədək Azərbaycanla Müqəddəs Taxt-Tac arasında 9 sənəd imzalanıb.

Yumşaq diplomatiyanın böyük gücü

Leyla Əliyevanın dünyada böyük nüfuza malik Müqəddəs Taxt-Tacın rəsmiləri ilə çoxsaylı görüşlər keçirməsi, Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbirə qatılması yumşaq diplomatiyanın böyük gücünü ifadə edir. Uğurlu inkişaf modelinə malik olan Azərbaycanda gözəl ənənə yaranıb. Belə ki, Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun, qurumun rəhbəri Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər dövlət səviyyəsində dəstəklənir və icrası təmin olunur. Eyni zamanda, Fond dövlət xətti ilə həyata keçirilən layihələrə güclü dəstək verir. Azərbaycan təcrübəsində təsdiqlənir ki, yumşaq diplomatiya həmçinin xarici siyasət kursunun səmərəliliyinin artmasında da böyük gücə malikdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həmçinin Vatikanla əlaqələrin inkişafında mühüm rola malikdir. Qurumun, şəxsən Mehriban xanım Əliyevanın ikitərəfli münasibətlərin dərinləşməsinə verdiyi töhfələr Vatikanda yüksək dəyərləndirilir. Leyla Əliyeva ilə görüşdə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani birgə tərəfdaşlığın simvolu kimi ərsəyə gələn “Mədəniyyətlər körpüsü” (“Pontes Culturae”) kitabı barədə danışaraq deyib ki, bu əməkdaşlığın təməli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və kardinal Canfranko Ravazi tərəfindən qoyulub. Bu dostluq münasibətlərinin gələcəkdə də davam edəcəyinə ümidvarlığını bildirən Raffaella Culiani Birinci vitse-prezident Mehriban Əliyevanın işlərlə həmişə yaxından maraqlandığını xatırladıb.

Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2025-ci il oktyabrın 16-17-də Vatikanda rəsmi səfərdə olub. Bəhs olunan rəsmi səfəri zamanı Azərbaycanın Birinci vitse-prezidenti Roma Papası XIV Leo, Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin və digər yüksəksəviyyəli rəsmilərlə görüşüb. Görüşlərdə Fondun bərpa layihələri, elmi araşdırmalar, mədəni mübadilə, Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti və Bakıda ikinci Katolik Kilsəsinin tikintisi ilə bağlı hazırlıq işləri müzakirə olunub. Roma Papası XIV Leo Azərbaycanın bu əməkdaşlığının dinlərarası və sivilizasiyalararası dialoqa töhfəsini xüsusi vurğulayıb.

Həmin səfər zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı da keçirilib. Bununla diplomatik təmsilçilik daha da möhkəmləndirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb. “Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”, - deyə Birinci vitse-prezident qeyd edib.

Heydər Əliyev Fondunun Vatikanda reallaşdırdığı çoxsaylı layihələr

Leyla Əliyevanın Müqəddəs Taxt-Tacın rəsmiləri ilə keçirdiyi görüşlərdə Heydər Əliyev Fondunun Vatikanda reallaşdırdığı layihələrdən məmnunluq ifadə olunub. Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşdə  rahibə Raffaella Petrini  Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə təşəkkür ifadə edib, göstərilən uzunmüddətli dəstəyi yüksək qiymətləndirib. Görüşdə xüsusilə uşaq pediatriyası sahəsində Müqəddəs Taxt-Tacın “Bambino Gesu” xəstəxanası ilə qurulan əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Heydər Əliyev Fondu tərəfindən Vatikanda müxtəlif layihələrin reallaşdırılması  artıq davamlı hal alıb. Xatırladaq ki, Birinci vitse-prezident Vatikana rəsmi səfəri çərçivəsində daha bir neçə layihənin icra vəziyyəti ilə tanış olub və tövsiyələrini bildirib. Fondun Vatikanda reallaşdırdığı layihələrdən biri Müqəddəs Kommodilla katakombalarının bərpasını əhatə edir. Səfər çərçivəsində Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. Paskuale Yakobone Kommodilla katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu vurğulayan Komissiyanın prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Kommodilla katakombalarının açılışı olub.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Fondun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan hissəsini uçmaq təhlükəsindən qoruyub.

Səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi, kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.

Keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.

Beləliklə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanda reallaşdırılan çoxsaylı layihələrlə Azərbaycanın bütün dünyada rəğbətlə qarşılanan humanitar diplomatiyasının yeni bir mərhələsi başlayıb.

Mehriban xanım Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və bu səfər çərçivəsində baş tutan tədbirlər çox doğru olaraq mədəniyyətlərarası anlaşmanın və humanitar əməkdaşlığın parlaq simvolu kimi dəyərləndirilir. İtaliyanın Avropa Xəbər Agentliyinin nümayəndəsi Karlo Marino vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri təkcə mərasim xarakteri daşımayıb, həm də dərin humanitar-siyasi məzmun kəsb edib.

Onu da vurğulayaq ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Genişlənən humanitar-mədəni əməkdaşlıq

Azərbaycanla Vatikan həmçinin humanitar-mədəni sahədə də yaxşı əməkdaşlıq təcrübəsinə malikdirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyevanın iştirakı ilə   Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasiminin keçirlməsi humanitar-mədəni sahədə əməkdaşlığın növbəti bir səhifəsini təşkil edir. Açılış mərasimində çıxış edən Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini mədəniyyətin və yaddaşın sülhün əsas sütunları olduğunu bildirərək deyib: “Sərgi müxtəlif dinlər, xalqlar, mədəniyyətlər, dillər və ənənələr arasında dialoq üçün imkan yaratmaq məqsədi daşıyır. Bu, həm də xalçaçılıq sənətinin köklərinin ölkənin ənənələrinə dərindən bağlı olduğu Azərbaycana bir ehtiramdır. Bu gün burada sərgilənən xalçalar çox bacarıqlı sənətkarlar tərəfindən yaradılmış dəyərli nümunələr olmaqla yanaşı, həm də kimliyin və bəşəriliyin təcəssümüdür”.

Raffaella Petrini eksponatların həm də dinlərarası dialoq dəyərinin səfirləri olduğunu diqqətə çatdıraraq, sərginin bu cür danışıqlar üçün konkret imkan yaratmaqla yanaşı, Azərbaycan ilə Vatikan arasındakı əlaqələrin mükəmməl ikitərəfli xarakterinin növbəti təsdiqi olduğunu bildirib.

Sərgidə təqdim olunan üç xalçanın bəşəri dəyərlərə həsr olunmuş unikal bədii triptix olduğunu deyən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov  qeyd edib: “Səkkizillik iş prosesində hər üç dinin ənənələrinə tam hörmətlə yanaşılmaqla inanc, dialoq və dözümlülük arasında bədii sintezə nail olunub. Ölkəmizdə Azərbaycan xalqının azad ruhu yalnız dözümlülükdə deyil, həm də ibadət evlərinə və müqəddəs irsə həqiqi hörmətdə özünü göstərir. Bu ruh Azərbaycanda bütün dünyada nümayiş etdirilən dinclik şəraitində birgəyaşayışın özünəməxsus nümunəsini formalaşdırıb. Bu mənada bu gün təqdim olunan xalçalar son dərəcə dəyərli sənət əsərləridir”.

Qeyd edək ki, sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini - sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31