Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Demokratiya maskası altında: Paris başqalarına dərs keçərkən öz güzgüsündən niyə qaçır?

Demokratiya maskası altında: Paris başqalarına dərs keçərkən öz güzgüsündən niyə qaçır?

17.10.2026 [09:50]

Fransada məktəbli etirazları, polis gücünün tətbiqi və beynəlxalq insan hüquqları öhdəlikləri kontekstində hüquqi-siyasi təhlil

Respublika dəyərləri və dövlət məsuliyyətinin universal meyarları

Fransa Respublikasının siyasi-fəlsəfi özünütəsvirində Liberte, Egalite, Fraternite - azadlıq, bərabərlik və qardaşlıq prinsipləri xüsusi yer tutur. Bu ideallar Fransa dövlətçiliyinin tarixi irsinin mühüm hissəsi olmaqla yanaşı, ölkənin beynəlxalq münasibətlərdə demokratiya, hüququn aliliyi və insan hüquqlarının müdafiəsi məsələlərində tutduğu mövqenin də əsaslandırılmasında istifadə olunur. Paris uzun illərdir müxtəlif dövlətlərdə baş verən ictimai-siyasi proseslərə münasibət bildirir, demokratik institutların fəaliyyətini qiymətləndirir və insan hüquqlarının qorunmasını beynəlxalq siyasətin prioritetlərindən biri kimi təqdim edir. Lakin dövlətin demokratik nüfuzu yalnız bəyan etdiyi prinsiplərlə ölçülmür, onun həqiqi göstəricisi həmin prinsiplərin öz ərazisində, xüsusilə də siyasi narazılıq, kütləvi etiraz və ictimai gərginlik şəraitində necə qorunmasıdır. İnsan hüquqlarına münasibətdə universal meyar tətbiq edilirsə, bu meyarın dövlətin beynəlxalq nüfuzundan, siyasi çəkisindən və ya başqa ölkələrlə münasibətlərindən asılı olaraq dəyişməsi hüquqi bərabərlik ideyasını zəiflədir.

2026-cı il sentyabr ayının sonlarından etibarən Fransada məktəblilərin, müəllimlərin və digər vətəndaşların iştirakı ilə genişlənən etirazlar məhz bu baxımdan ciddi təhlil tələb edir. Təhsil müəssisələrinin vəziyyəti, müəllim çatışmazlığı, təhsilin maliyyələşdirilməsi və imkanların sosial baxımdan qeyri-bərabər bölüşdürülməsi ilə bağlı narazılıqlar polis müdaxilələri və yeniyetmələrin xəsarət alması barədə məlumatlarla müşayiət olunub. Belə bir şəraitdə müzakirə yalnız etirazların miqyası və ya ictimai asayişin qorunması ilə məhdudlaşa bilməz, dövlətin güc tətbiqinin hüquqi əsasları, uşaqların xüsusi müdafiəsi, dinc toplaşmaq azadlığı və mümkün pozuntuların araşdırılmasının effektivliyi də qiymətləndirilməlidir.

Təhsil xərcləri, sosial bərabərlik və dövlət idarəçiliyinin nəticələri

Fransada təhsil sahəsindəki narazılıqları araşdırarkən problemi yalnız maliyyə çatışmazlığı ilə izah etmək düzgün olmaz. Milli təhsil sisteminə ayrılan ümumi vəsait, onun ayrı-ayrı məktəblər və regionlar üzrə bölüşdürülməsi, müəllimlərin təminatı, infrastrukturun vəziyyəti və sosial bərabərsizlik arasında mürəkkəb əlaqə mövcuddur. Fransanın Milli Təhsil Nazirliyinin təhsil statistikası üzrə qurumu DEPP-nin 23 sentyabr 2025-ci ildə dərc etdiyi məlumatlara əsasən, 2024-cü ildə ölkənin təhsil sisteminə 197,1 milyard avro xərclənib. İlk baxışdan bu rəqəm çox böyük görsənə bilər. Bəs bu məbləğ necə hesablanır?

Əvvəla, xərclənən maliyyə vəsaiti yalnız mərkəzi hökumətin büdcəsindən ayrılan pul deyil. Buraya dövlətin bütün müvafiq qurumlarının, yerli hakimiyyət orqanlarının, müəssisələrin və ev təsərrüfatlarının təhsillə bağlı xərcləri də daxildir. DEPP-in bölgüsünə əsasən, ilkin maliyyələşdirmənin təxminən 55 faizi dövlətin, 23 faizi yerli hakimiyyət orqanlarının, 10 faizi müəssisələrin, 8 faizi ev təsərrüfatlarının, qalan 4 faizi isə digər dövlət qurumlarının payına düşür. Başqa sözlə, Fransada 2024-cü ildə bütün maliyyə mənbələri üzrə təhsil sisteminə çəkilən ümumi xərclər 197,1 milyard avro təşkil edib. Bu, 2023-cü illə müqayisədə nominal ifadədə 3,6 faiz artım deməkdir. Təhsil xərclərinin həcmi həmin il ümumi daxili məhsulun 6,8 faizinə bərabər olub, bir şagird və ya tələbə üzrə orta illik xərc isə 10 920 avro təşkil edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Education at a Glance 2025 hesabatında göstərilən müqayisələr də maliyyələşdirmə məsələsinə daha diferensial yanaşma tələb edir. Hesabata əsasən, Fransada 2022-ci ildə ibtidai təhsil üzrə bir şagirdə düşən xərc 11 135 ABŞ dolları, OECD üzrə orta göstərici isə 12 730 dollar olub. Aşağı orta təhsil pilləsində bu rəqəmlər müvafiq olaraq 13 622 və 14 315 dollar təşkil edib. Orta təhsilin yuxarı pilləsində isə Fransa üzrə göstərici 18 127 dollar, OECD ortalaması 14 562 dollar olub. Beləliklə, ayrı-ayrı təhsil pillələrində fərqli mənzərə yaranır. Bu rəqəmlərdən çıxan nəticə Fransada təhsilin bütövlükdə uğursuz olması deyil, əsas nəticə maliyyələşdirmənin səmərəliliyinin yalnız ümumi büdcəylə ölçülə bilməməsidir. Dövlətin idarəçilik keyfiyyəti ayrılan vəsaitin təhsilalanların hüquq və ehtiyaclarına nə dərəcədə çevrilməsi ilə də qiymətləndirilməlidir.

Burada hüquqi ölçü də mövcuddur. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 13-cü maddəsi təhsil hüququnu tanıyır və təhsilin insan şəxsiyyətinin, ləyaqət hissinin və fundamental azadlıqlara hörmətin inkişafına yönəlməsini nəzərdə tutur. Bu norma hər bir təhsil müəssisəsində bütün problemlərin dərhal aradan qaldırılmasına dair sadələşdirilmiş nəticə yaratmasa da, dövlətin təhsilin əlçatanlığını və inkişafını təmin etmək üzrə öhdəliklərini hüquqi müstəviyə çıxarır. Deməli, Fransada məktəblilərin narazılığını yalnız siyasi mübarizə və ya ictimai asayiş problemi kimi qiymətləndirmək yetərli deyil, etirazların arxasında duran sosial səbəblər də araşdırılmalıdır. Bununla yanaşı, təhsil siyasətinə dair tələblərin mövcudluğu hər bir konkret etirazın avtomatik olaraq qanuni olması demək deyil, eyni qaydada ictimai narazılığın mövcudluğu da dövlətə hüquqi məhdudiyyətlərdən kənar güc tətbiq etmək səlahiyyəti vermir.

Fransada etirazlar: faktlar, xəsarətlər və hüquqi məsuliyyət məsələsi

2026-cı il sentyabr ayının sonlarından başlayaraq Fransada məktəblilərin və digər iştirakçıların etirazları polis müdaxilələri, saxlanmalar və yeniyetmələrin xəsarət alması barədə məlumatlarla müşayiət olunub. “Associated Press”in 8 oktyabr 2026-cı il tarixli məlumatına əsasən, Fransa Daxili İşlər Nazirliyinin rəqəmləri etirazların başlanmasından bəri 6 600-dən çox şəxsin saxlandığını, oktyabrın 8-də isə 375 məktəbin tam və ya qismən bağlandığını göstərib. Baş nazir Sebastien Lekornu məktəblərə, müəllimlərə və polis əməkdaşlarına qarşı zorakılığı pisləyib. Bununla belə, ictimai asayişin qorunmasıyla bağlı dövlətin məsuliyyəti etirazların sosial səbəblərinin araşdırılması və polis müdaxilələrinin qanuniliyinin yoxlanması zərurətini aradan qaldırmır.

“Reuters”in 10 oktyabr 2026-cı il tarixli araşdırması polis fəaliyyətinin hüquqi qiymətləndirilməsi baxımından əlavə məlumatlar təqdim edib. Agentliyin məlumatına görə, Fransanın Milli Polis Baş Müfəttişliyi (Inspection generale de la Police nationale - IGPN) etirazların idarə olunmasıyla əlaqəli 24 işi araşdırırdı. “Reuters” jurnalistlərinin müsahibələr və hüquqi sənədlər əsasında müəyyənləşdirdiyi 28 xəsarət hadisəsindən 15-i həmin araşdırmaların əhatəsində idi. Daxili işlər naziri Laurent Nunez təxminən 200 şagirdin və 700 polis əməkdaşının yaralandığını bildirib. Materiallarda rezin güllələr, gözyaşardıcı qaz, səs və işıq təsirli qumbaralar və dəyənəklərdən istifadə ilə bağlı hadisələr təsvir olunub. Bu göstəricilər müxtəlif mənbələrə və müəyyən tarixdəki məlumatlara əsaslanır. Onları yekun, müstəqil şəkildə təsdiqlənmiş hüquqi nəticələr kimi təqdim etmək olmaz. Xüsusilə iki yeniyetmənin xəsarət alması barədə məlumatlar ciddi narahatlıq doğurur. “Reuters”in yazdığına görə, 14 yaşlı Eden Saint-Ouen-l’Aumone ərazisində baş verən insident zamanı gözyaşardıcı qaz qumbarası ilə üz nahiyəsindən zərbə alıb, nəticədə onun çənəsi sınıb və bir neçə dişi zədələnib. Hadisə ilə bağlı polis əməkdaşı oktyabrın 6-da ağır xəsarət yetirmə şübhəsi üzrə rəsmi istintaqa cəlb olunub. Digər hadisədə Lens şəhərində 15 yaşlı şagirdin əlini itirdiyi bildirilib. Daxili işlər naziri Laurent Nunez araşdırma müddətində səs və işıq təsirli qumbaralardan istifadənin dayandırıldığını açıqlayıb.

Polis gücünün tətbiqi: Avropa İnsan Hüquqları Konvensiyasının tələbləri

Fransada polis müdaxilələrinin beynəlxalq hüquqa uyğunluğunun qiymətləndirilməsi ilk növbədə Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) çərçivəsində aparıla bilər. Konvensiyanın 3-cü maddəsi işgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı qadağan edir. 10-cu maddə ifadə azadlığını, 11-ci maddə isə dinc toplaşmaq azadlığını qoruyur. Bu hüquqlar demokratik cəmiyyətin fəaliyyətində bir-birini tamamlayan təminatlardır. Konvensiyanın 3-cü maddəsi mütləq qadağa müəyyən edir, lakin konkret hadisənin bu maddənin tətbiq dairəsinə düşməsi xəsarətin xarakteri, rəftarın ağırlığı, hadisənin başvermə şəraiti və mövcud sübutlar əsasında müəyyən olunur. Buna görə yeniyetmənin ağır xəsarət alması özlüyündə hüquq pozuntusu barədə yekun hökm vermək üçün kifayət etməsə də, dövlətin hadisəni səmərəli araşdırmaq və mümkün məsuliyyəti müəyyənləşdirmək öhdəliyini aktuallaşdıra bilər. Konvensiyanın 10-11-ci maddələri ifadə və dinc toplaşmaq azadlıqlarına müdaxiləni yalnız müəyyən hüquqi şərtlərlə mümkün sayır. Müdaxilə qanunla nəzərdə tutulmalı, legitim məqsəd daşımalı və demokratik cəmiyyətdə zəruri olmalıdır. İctimai asayişin qorunması legitim məqsəd ola bilər, lakin bu məqsəd polisə qeyri-məhdud səlahiyyət vermir. İstifadə olunan güc real təhlükə ilə əlaqəli olmalı, müdaxilənin intensivliyi vəziyyətin xüsusiyyətlərinə uyğun gəlməli və mümkün qədər az zərərli vasitələr nəzərdən keçirilməlidir. Fransa Konvensiyanın iştirakçısı olduğuna görə onun dövlət orqanlarının fəaliyyəti bu öhdəliklər əsasında qiymətləndirilə bilər.

Uşaqların hüquqları: xüsusi müdafiə və dövlətin pozitiv öhdəlikləri

Etirazlarda məktəblilərin iştirak etməsi məsələyə əlavə hüquqi ölçü verir. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası uşaqların haqlarını qorumaqla yanaşı, dövlətlərdən onların yaşını, inkişaf səviyyəsini və müdafiəyə olan ehtiyaclarını nəzərə almağı tələb edir. Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlarla bağlı bütün tədbirlərdə onların ən yaxşı maraqları əsas mülahizələrdən biri olmalıdır. 12-ci maddə uşağın özünə aid məsələlərdə fikrini ifadə etmək hüququnu, 13-cü maddə ifadə azadlığını, 15-ci maddə isə dinc toplaşmaq və birləşmək hüququnu tanıyır. Məktəblilərin iştirak etdiyi kütləvi tədbirlərdə polis əməliyyatlarının planlaşdırılması da bu baxımdan əhəmiyyət daşıyır. Dövlət təhlükənin xarakterini və iştirakçıların yaş xüsusiyyətlərini nəzərə almalı, riskləri azaltmaq üçün mümkün alternativləri qiymətləndirməli və zərurət yarandıqda təcili tibbi yardımın əlçatanlığını təmin etməlidir. Bu tələblərin konkret hadisələrə necə tətbiq olunması mövcud sübutlardan asılıdır. Uşaq hüquqlarının müdafiəsi onların şikayət vermək və başlarına gələnləri qorxmadan bildirmək imkanlarını da əhatə edir. Yeniyetmələrin xəsarət almasıyla bağlı iddialar araşdırılarkən onların hüquqi və psixoloji baxımdan həssas vəziyyəti nəzərə alınmalı, şahidlərin təhlükəsizliyi və şəxsi məlumatların qorunması təmin edilməlidir.

Fransada polis fəaliyyətinə dair narahatlıqlar yalnız 2026-cı ildə ortaya çıxmayıb. BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt üzrə altıncı dövri hesabatına dair yekun müşahidələrini 7 noyabr 2024-cü ildə qəbul edib. Komitə nümayişlər zamanı həddindən artıq güc tətbiqi, dinc toplaşmaq hüququna müdaxilə və təhlükəli polis vasitələrinin istifadəsi barədə məlumatlardan narahatlığını bildirib, güc tətbiqini tənzimləyən hüquqi çərçivənin və əməliyyat qaydalarının nəzərdən keçirilməsini, mümkün pozuntularla bağlı sürətli, hərtərəfli və qərəzsiz araşdırmalar aparılmasını tövsiyə edib. Bu sənədin əhəmiyyəti ondadır ki, 2026-cı il hadisələrinin qiymətləndirilməsi yalnız cari insidentlərin araşdırılmasıyla məhdudlaşmamalı, əvvəlki tövsiyələrin hansı səviyyədə icra edildiyi, polis əməliyyatlarının qaydalarında dəyişikliyin olub-olmadığı və nəzarət mexanizmlərinin səmərəliliyi də təhlil edilməlidir.

Beynəlxalq hüquqi qiymətləndirmə üçün hansı mexanizmlər var?

Fransadakı hadisələrə beynəlxalq hüquqi qiymət verilməsi tələbi konkret səlahiyyətlərə və prosedurlara əsaslanmalıdır. Beynəlxalq qiymətləndirmə siyasi narazılığın ifadəsi kimi qala bilər, lakin hüquqi nəticə doğurması üçün araşdırmanın mandatı, sübut toplama üsulları və hesabatlılıq mexanizmləri müəyyənləşdirilməlidir. İlk növbədə Fransanın Milli Polis Baş Müfəttişliyi - IGPN tərəfindən aparılan araşdırmaların nəticələri diqqətlə izlənməlidir. İctimai maraq doğuran hallarda qanunla mümkün olan həddə istintaqın gedişi, istifadə olunan vasitələrin hüquqi əsasları və nəticələr barədə şəffaf məlumat verilməsi etimada xidmət edə bilər. Bununla yanaşı, Fransanın hüquq müdafiəçisi funksiyasını yerinə yetirən Defenseur des droits qurumunun, eləcə də Milli İnsan Hüquqları üzrə Məşvərət Komissiyasının (CNCDH) müvafiq araşdırmaları və tövsiyələri nəzərə alınmalıdır. BMT səviyyəsində İnsan Hüquqları Komitəsinin 2024-cü il tövsiyələrinin icrasının təhlili, habelə dinc toplaşmaq və birləşmək azadlığı üzrə xüsusi məruzəçinin öz mandatı çərçivəsində məsələni nəzərdən keçirməsi mümkün istiqamətlərdəndir.

Avropa Şurasının insan hüquqları mexanizmləri də müvafiq səlahiyyətləri daxilində vəziyyətə diqqət yetirə bilər. Əgər beynəlxalq ekspert missiyası yaradılması təklif olunarsa, onun mandatı və hüquqi əsası əvvəlcədən aydın müəyyən edilməlidir. Missiyanın məlumatlara çıxışı, şahidlərlə işləmə qaydası, müstəqillik təminatları, hesabatın dərc olunması və milli qurumlarla əməkdaşlıq çərçivəsi hüquqi cəhətdən əsaslandırılmalıdır. Fransa ərazisində araşdırma aparılması üçün seçilmiş beynəlxalq mexanizmin səlahiyyəti və tətbiq olunan prosedurlar, o cümlədən tələb olunduğu hallarda dövlətin razılığı nəzərə alınmalıdır. Belə missiyanın məqsədi əvvəlcədən siyasi hökm vermək ola bilməz; o, sənədləri və video görüntülərini araşdırmalı, zərərçəkənlərin, şahidlərin və hüquq-mühafizə orqanlarının mövqelərini dinləməli, güc tətbiqinin hüquqi əsaslarını və milli araşdırmaların effektivliyini qiymətləndirməli, nəticələrini yoxlana bilən sübutlara söykənən hesabatda təqdim etməlidir. Beynəlxalq qiymətləndirmə milli istintaqın və məhkəmələrin səlahiyyətlərini əvəz etməməlidir. Eyni zamanda, milli araşdırmanın mövcudluğu beynəlxalq insan hüquqları öhdəlikləri çərçivəsində hesabatlılıq məsələsini öz-özlüyündə aradan qaldırmır. Əsas məqsəd hüquq pozuntusu iddialarını sübutlar əsasında aydınlaşdırmaq, zərərçəkənlərin müdafiəsini təmin etmək və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaqdır.

İkili standartlar problemi: insan hüquqları siyasi alətə çevrilməməlidir

Fransada baş verən hadisələr daha geniş siyasi-hüquqi sual doğurur: insan hüquqları prinsipləri beynəlxalq münasibətlərdə bütün dövlətlərə eyni qaydada tətbiq olunurmu? Ayrı-ayrı ölkələrdə etirazların dağıdılması, polis zorakılığı və ifadə azadlığına müdaxilə məsələləri müzakirə edilərkən sərt mövqe nümayiş etdirən dövlət öz ərazisindəki oxşar iddialara da eyni dərəcədə açıq yanaşmalıdır. Bu, Fransanın bütün xarici siyasət mövqelərinin əsassız olduğu və ya ölkədə hər hansı demokratik institutun fəaliyyət göstərmədiyi barədə nəticə çıxarmaq üçün əsas vermir. Daha düzgün nəticə ondan ibarətdir ki, demokratik institutların mövcudluğu konkret hüquq pozuntusu iddialarını avtomatik təkzib etmir. Eyni zamanda, ayrı-ayrı insidentlər bütün dövlət sisteminə dair ümumiləşdirilmiş hökm çıxarmağa da imkan vermir. İnsan hüquqları sahəsində ikili standartların qarşısını almağın ən etibarlı yolu hüquqi meyarların universallığını qorumaqdır. Dövlətlərə münasibət onların siyasi yaxınlığına və ya beynəlxalq rəqabətdə tutduğu mövqeyə görə dəyişməməlidir. Dinc toplaşmaq azadlığı, uşaqların müdafiəsi, polis gücünün mütənasibliyi və effektiv araşdırma öhdəliyi bütün müvafiq hallarda eyni hüquqi prinsiplərlə qiymətləndirilməlidir.

Fransanın beynəlxalq insan hüquqları siyasətinin inandırıcılığı da bu nöqtədə sınağa çəkilir. Başqa dövlətlərdən şəffaflıq, hüquqi hesabatlılıq və müstəqil araşdırma tələb edən ölkənin özündə belə iddialar ortaya çıxanda həmin tələblərin tətbiqinə açıq olması beynəlxalq nüfuzun zəifləməsi yox, hüquqi dövlət prinsipinə sadiqliyin göstəricisi ola bilər. Əksinə, iddiaların siyasi motivlərlə rədd edilməsi və ya onların araşdırılmasına maneələr yaradılması universal öhdəliklərə inamı zədələyə bilər.

Nəticə: hüquqi qiymət siyasi hökm deyil, sübutlara əsaslanan məsuliyyətdir

Fransada məktəbli etirazları ətrafında yaranmış vəziyyət təhsil siyasəti, sosial bərabərlik, ictimai asayiş və insan hüquqları arasında mürəkkəb münasibətləri üzə çıxarır. Təhsilə ayrılan böyük maliyyə resursları təhsil imkanlarının bütün məktəblərdə eyni səviyyədə təmin olunduğunu sübut etmir. Kütləvi etirazlar dövlətin üzərinə düşən sosial problemləri araşdırmaq və həll etmək məsuliyyətini aktuallaşdırır. Polis əməkdaşlarının yaralanması və ictimai asayişə təhdidlər isə dövlətin hüquq çərçivəsində müdaxilə etmək vəzifəsini aradan qaldırmır. Lakin ictimai asayişin qorunması da hüquqi sərhədlərdən kənar güc tətbiqinə əsas verə bilməz. “Reuters”-in açıqladığı 24 IGPN araşdırması, sənədləşdirdiyi 28 xəsarət hadisəsi və yeniyetmələrin ağır xəsarət alması barədə məlumatlar müstəqil, hərtərəfli və şəffaf araşdırmanın vacibliyini göstərir. Bunlar dövlət orqanlarından əsaslandırılmış cavab tələb edən ciddi hallardır.

Bu baxımdan Fransada baş verənlərə beynəlxalq hüquqi qiymət verilməsi tələbi siyasi ritorikadan çıxarılaraq konkret prosedurlara söykənməlidir. Milli araşdırmaların effektivliyi, beynəlxalq tövsiyələrin icrası, polis gücünün tətbiqinə dair qaydalar və uşaqların müdafiəsi mexanizmləri yoxlanmalıdır. Nəticələr siyasi simpatiya və ya antipatiyaya yox, sənədlərə, ifadələrə, tibbi sübutlara və tətbiq olunan hüquq normalarına əsaslanmalıdır. Fransa kimi beynəlxalq səviyyədə demokratiya və insan hüquqları məsələlərində fəal mövqe tutan dövlət üçün bu proses xüsusi əhəmiyyət daşıyır. Çünki hüquqi dövlət olmaq özünü tənqiddən qorumaq yox, hakimiyyətin hərəkətlərinin hüquqi yoxlamadan keçməsini təmin etmək deməkdir. İnsan hüquqları universal öhdəlikdirsə, heç bir dövlət bu öhdəliklərin yoxlanmasından kənarda qalmamalıdır. Fransadan gözlənən də məhz budur: siyasi bəyanatlardan daha çox şəffaf istintaq, hüquqi hesabatlılıq və sübutlara əsaslanan məsuliyyət.

Kəramət Qənbərov,

Beynəlxalq hüquq üzrə ekspert

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31