Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın milli təhlükəsizlik prioritetləri...

Azərbaycanın milli təhlükəsizlik prioritetləri...

20.10.2026 [09:30]

İdeoloji təhdidlərin qarşısı uğurla alınır

İlham Əliyev: Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq

Qlobal rəqabətin dərinləşdiyi, beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı indiki mərhələdə cəmiyyətlərin düşüncə tərzinə təsir göstərmək “arzuları” genişlənir - xüsusilə, ictimai rəyi istiqamətləndirmək və ya manipulyasiya etmək, milli dəyərlər sisteminə müdaxilə etmək kimi cəhdlər geosiyasi mübarizənin mühüm vasitələrindən birinə çevrilib. Beynəlxalq sistemdə yeni güc mərkəzlərinin meydana çıxması, ənənəvi nüfuz dairələrinin daralması və bəzi regional lider dövlətlərin müstəqil siyasət yürütmək imkanlarının genişlənməsi bir sıra siyasi dairələrin mövcud yanaşmalarını yenidən nəzərdən keçirməyə səbəb olur. Öz mövqelərini əvvəlki səviyyədə saxlamaqda çətinlik çəkən qüvvələr bəzən rəqabət aparan dövlətlərin inkişafını ləngitmək üçün birbaşa qarşıdurmadan daha fərqli vasitələrə üz tuturlar. İctimai narazılıqların məqsədli şəkildə qabardılması, ayrı-ayrı məsələlərin ideoloji müstəviyə keçirilməsi, dini və mədəni fərqlərin siyasi qarşıdurma predmetinə çevrilməsi bu vasitələr sırasındadır. Burada məqsəd təkcə konkret qərarlara təsir göstərmək deyil, həm də cəmiyyətin hadisələri qiymətləndirmə meyarlarını dəyişdirmək, dövlətlə vətəndaş arasında etimadı zəiflətmək və milli maraqlar ətrafında formalaşmış həmrəyliyi sarsıtmaqdır.

Bakı yeni gündəliyin formalaşmasında aparıcı rol oynayır

Azərbaycanın müstəqil xarici siyasəti, artan beynəlxalq nüfuzu və Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqlar ideoloji təhlükəsizlik məsələsini daha da aktuallaşdırır. Ölkəmiz milli maraqlarını müdafiə etməklə yanaşı, regional əməkdaşlığın genişlənməsi, nəqliyyat əlaqələrinin inkişafı və uzunmüddətli sabitliyin təmin olunması üçün təşəbbüslərlə çıxış edir. Bu siyasətin davamlılığı isə yalnız diplomatik uğurlardan və iqtisadi imkanlardan asılı deyil. Cəmiyyətin sağlam informasiya mühitinin qorunması, vətəndaşların hüquqi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin düzgün anlaşılması və hər cür manipulyasiyaya qarşı düşünülmüş münasibətin formalaşdırılması da dövlətin dayanıqlılığını müəyyən edən amillərdir. Buna görə ideoloji təhlükəsizliyə milli təhlükəsizlik sisteminin ayrıca və mühüm istiqaməti kimi yanaşmaq zərurəti yaranır.

Sirr deyil ki, Cənubi Qafqazda son illərdə baş verən dəyişikliklər regionun gələcəyinə dair ənənəvi təsəvvürləri əsaslı şəkildə dəyişib. Uzun müddət münaqişə, qarşılıqlı etimadsızlıq və geosiyasi rəqabətlə səciyyələnən bölgədə indi sülhün möhkəmləndirilməsi, sərhədlərin açılması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ön plana çıxır. Azərbaycan bu yeni gündəliyin formalaşmasında aparıcı rol oynayaraq regional proseslərin yalnız kənar güclərin maraqları əsasında deyil, bölgə dövlətlərinin iradəsi və qarşılıqlı fayda prinsipi ilə inkişaf etməsinin tərəfdarı kimi çıxış edir. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda qüvvələr nisbətini dəyişməklə yanaşı, əvvəlki siyasi yanaşmaların da yenidən qiymətləndirilməsini zəruri edib. Regionda təsir imkanlarını qorumağa çalışan bəzi dairələr üçün yeni əməkdaşlıq modelinin güclənməsi əvvəlki siyasi üstünlüklərin azalması ilə nəticələnə bilər ki, bu da müəyyən təhdidlərin siqnalı kimi effekt yaradır.

Təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır

Belə şəraitdə ideoloji təsir vasitələri ilə siyasi proseslərə müdaxilə cəhdləri xüsusi diqqət tələb edir. Həssas mövzuların birtərəfli təqdim edilməsi, emosional çağırışlarla faktların arxa plana keçirilməsi, müxtəlif sosial qrupların qarşı-qarşıya qoyulması cəhdi ictimai mühitdə süni gərginliyə istiqmətlənən xarici niyyətlərin pryeksiyasıdır. Dini inancların siyasi məqsədlər üçün istifadəsi də bu baxımdan ciddi risk daşıyır. İnsanların mənəvi ehtiyacları ilə manipulyasiya cəhdlərini bir-birindən ayırmaq, dini dəyərlərə hörmətlə siyasi məqsədlərlə onların istismarına münasibəti fərqləndirmək vacibdir.

Azərbaycanın regional təşəbbüslərinin davamlı nəticələr verməsi üçün xarici siyasətdə əldə edilən imkanlarla daxili ictimai sabitlik arasında möhkəm əlaqə qorunur - təhlükəsizlik tədbirləri daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında bildirib ki, bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır: “Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək”.

Hüququn aliliyi ideoloji təhlükəsizliyin təmin olunmasında həlledici əhəmiyyətə malikdir

Azərbaycanın dünyəvi dövlət modeli milli təhlükəsizliyin və ictimai həmrəyliyin əsas dayaqlarından biridir. Konstitusiyada təsbit olunan bu prinsip dövlət idarəçiliyinin dini təsirlərdən müstəqilliyini, vətəndaşların vicdan azadlığını və qanun qarşısında bərabərliyini nəzərdə tutur. Dünyəvilik dini inancların cəmiyyət həyatından kənarlaşdırılması deyil. Əksinə, bu model müxtəlif inanclara və dünyagörüşlərinə malik insanların hüquqlarının bərabər qorunmasını, dini mənsubiyyətin vətəndaşın hüquqi statusunu müəyyən etməməsini təmin etməyə xidmət edir. Dövlətin əsas vəzifəsi hər kəsin qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını qorumaq, ictimai münasibətlərdə vahid hüquqi meyarların tətbiqinə nail olmaqdır.

Hüququn aliliyi ideoloji təhlükəsizliyin təmin olunmasında da həlledici əhəmiyyətə malikdir. İctimai münasibətlərdə hər hansı dini, siyasi və ya ideoloji baxışın qanundan üstün tutulması hüquqi tarazlığı poza və vətəndaşların bərabərliyinə xələl gətirə bilər. Eyni zamanda, fərqli fikirlərə münasibət də hüquqi prinsiplər əsasında müəyyənləşdirilməlidir. Hər hansı şəxsin və ya qrupun fəaliyyətinə qiymət verilərkən onun dini mənsubiyyəti deyil, konkret davranışı, qanunvericiliyin tələblərinə riayət etməsi və başqalarının hüquqlarına münasibəti əsas götürülməlidir. Bu yanaşma həm dünyəvi dövlətin mahiyyətini qoruyur, həm də ideoloji məsələlərdən sui-istifadə edilməsinin qarşısını almağa kömək edir.

İdeoloji məsələlərə münasibətdə prinsipial, hüquqa əsaslanan yanaşma vacibdir

Beləliklə, güclü təhlükəsizlik sistemi, işlək hüquqi mexanizmlər və səmərəli idarəçilik ideoloji müdaxilə risklərinin azaldılmasına kömək edir. Bununla yanaşı, vətəndaşların hadisələrə müstəqil yanaşması, şübhəli məlumatları yoxlaması və milli maraqlara təsir edə biləcək məsələlərə məsuliyyətlə münasibət bildirməsi də eyni dərəcədə vacibdir. Azərbaycanın qarşısında duran strateji məqsəd əldə etdiyi geosiyasi üstünlükləri davamlı inkişafla möhkəmləndirmək, regional əməkdaşlıq imkanlarını genişləndirmək və milli təhlükəsizliyin bütün istiqamətlərində dayanıqlığı artırmaqdır. Bu məqsədə çatmaq üçün ideoloji məsələlərə münasibətdə həm prinsipial, həm də hüquqa əsaslanan yanaşma vacibdir. Dini dəyərlərin siyasi manipulyasiyalardan qorunması, dünyəvi dövlət prinsiplərinin möhkəmləndirilməsi, təhsilin və informasiya savadlılığının inkişafı, milli-mənəvi irsə hörmət və vətəndaşların hüquqlarının təmin olunması vahid təhlükəsizlik siyasətinin bir-birini tamamlayan istiqamətləridir. Nəticə etibarilə, dövlətin ideoloji dayanıqlığının ən möhkəm təminatı düşünməyi bacaran, öz hüquqlarını bilən, milli maraqları anlayan və baş verən proseslərə tənqidi yanaşan cəmiyyətin formalaşmasıdır.

P. İSMAYILOV 

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31